beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam dininin təşəkkül tapması və Məhəmməd peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə hicrəti (III hissə)

Bu kimi ayələrə dayanaraq hicrətin bütün peyğəmbərlərin həyatında baş verdiyini demək olar. Kafirlərdən görülən əziyyət və hücumlar, haqq dini təbliğ etmə imkanının ortadan qalxmış olması onları köçmək məcburiyyətində qoymuşdur. Necə ki, İbrahim surəsində Məkkəlilərdən əvvəlkilərin, Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların qıssaları rəvayət olunarkən kafirlərin peyğəmbərlərinə hansı münasibətdə olduğunu görürük:

9-Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə (möcüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi dəvət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər.
10 - Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!”
11 - Peyğəmbərləri onlara cavab verərək demişdilər: “(Bəli) biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət (peyğəmbərlik) bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil (möcüzə) gətirə bilmərik (buna qüdrətimiz çatmaz). Möminlər yalnız Allaha təvəkkül etsinlər!
12 - Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!
13 - Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik"(Qurani Kərim, İbrahim surəsi, 9-13-cü ayələr.)
Yuxarıda da işarə etdiyimiz kimi Məhəmməd peyğəmbər (s.ə.s) və ona inananlar da daha əvvəlki peyğəmbərlər və ümmətlərinin aqibətinə məruz qaldılar. Məkkə müşrikləri Allah rəsuluna qarşı islam dinini təbliğ etməyə başladığı gündən etibarən mənfi münasibət bəslədilər. Bu münasibət sadəcə islamı rədd etməkdən ibarət olmadı; Məhəmməd peyğəmbər ələ salındı, ona inananlara təzyiqlər edildi. Bu təzyiqlər islam dininin Məkkədə yayılmağa başlamasından sonra əziyyət və işgəncəyə çevrildi. Hətta Əmmar ibn Yasirin atası Yasir və anası Sümeyyə işgəncə ilə öldürüldü. Əmisi Əbu Talib tərəfindən himayə edildiyi üçün bu cür əziyyətlərə uğramasa da səhabələrinin başına gələnlərə son dərəcədə üzülən və işgəncələri də əngəlləməyə gücü çatmayan peyğəmbər (s.ə.s) aralarında Osman (r.a) və həyat yoldaşı Ruqiyyə (Məhəmməd peyğəmbərin (s.ə.s) qızı), Cəfər ibn əbu Talib və xanımı Ümeysin qızı Əsma, Osman ibn Məzun, Zubeyr ibn Avvam, Xalid ibn Said və xanımı Xalidin qızı Ümeymə, Abdullah ibn Çahş, Abdullah ibn Məsud, Abdurrahman ibn Avf, Əbu Ubeyda b Cərrah, Musab ibn Umeyr kimi məşhur insanların da olduğu bir qrup müsəlmanın Həbəşistana getməsinə icazə verdi. Həbəşistan Nəcaşisi Əshamənin səmavi dinə mənsub ədalətli bir hökmdar olması və ərəb dilini bilməsi hicrət üçün Həbəşistanın seçilməsində əsas səbəb təşkil edirdi. On bir kişi və dörd qadından təşəkkül tapan müsəlman birliyi 615-ci ildə Məkkədən Şueybə limanına, oradan da Həbəşistana getdilər. Bu hicrət Məhəmməd peyğəmbərin (s.ə.s) hələ təbliğinin ilk illərində Afrika ilə təmasa keçməsini təmin etdi. İlk mühacirlərin yaxşı qarşılanmasından sonra ikinci hicrətə (616-cı ildə) yetmişdən çox müsəlman qatıldı. Beləliklə Həbəşistana hicrət edənlərin sayı ibn İshaqın qeydinə görə qadın və uşaqlar xaric səksəni keçir və cəmi 108 nəfərə çatır. Balazurinin tərtib etdiyi cədvələ görə mühacirlərin sayı 109-a çatır. Mühacirlərin sayının artmağından əndişəyə görə qureyşlilər Əshamə ən-Nəcaşiyə bir heyət göndərib müsəlamanların geri qayıtmağını istədilər. Tərəfləri dinləyən Nəcaşi müşriklərin təklifini rədd etdi. Müşriklər heç bir nəticə əldə etmədikdə bunun intiqamını Məkkədə qalan müsəlmanlardan aldılar. Onlar Bədr döyüşündə məğlub olduqdan sonra Əshamə ən-Nəcaşiyə ikinci dəfə elçi göndərdilər, amma yenə də heç bir nəticə əldə etmədilər. Həbəşistanda qalan sonuncu müsəlman birliyi daha sonra yenə öz arzularıyla və Nəcaşinin hazırladığı gəmilərlə əvvəl Car limanına gəldilər, oradan da Mədinəyə hərəkət etdilər. Allahın rəsulu (s.ə.s) Xeybərin fəthi zamanı hüzuruna çıxan mühacirlər arasında Cəfər ibn Əbu Talibi gördükdə çox sevinmişdi.(İslam Ansiklopedisi, TDV, İstanbul 1996)


Tarix: 08.05.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar