beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (İslam şəriətinin xeyri (məsləhəti) cəlb və zərəri (məfsədəni) dəf etməyin üzər

İslam, Rəbbani, ümumbəşəri və dünyanın son günlərinə qədər davam edəcək şəriət olduğu üçün, həm şəxsiyyətin və həm də cəmiyyətin dünya və axirətini islah edəcək bütün ehtiyaclarını özündə əhatə etmişdir. Ona görə bu sonuncu şəriət külli əsaslarla, həmişə və hər yerdə diqqət edilən böyük məqsədlər üçün varid olmuşdur. Bu səbəbdən həmin əsasların və məqsədlərin dövrəsində ictihad qapısını açmışdır ki, bəşər övladı onun hökmlərinə əməl etsin, itaət, ibadət və bunları şəriət edənin hakimliyini etiraf edərək savab qazansın.

Bu haqda bəzi alimlər deyiblər: "Şəriətin əsası və binası hikmətlər, bəndələrin yaşayışı və Allaha qayıdışı üçün xeyir, hər şeyi adillik, rəhmət, mənafelər üzərindədir. Ədalətdən zülmə, rəhmətdən onun əksinə, xeyirdən şərə, hikmətdən əbəsə çıxan və çevrilən hər bir iş şəriətdən deyildir. Əgər bir şeyin forması, zahiri görünüşü dəyişdirilib bu şəriətə aid edilərsə həmin əməl gec-tez özünün batilliyini biruzə verəcəkdir. Çünki İslam şəriəti Allahın bəndələri arasında ədaləti, mərhəməti, yerdəki kölgəsi və Onun varlığına dəlalət edən hikmətidir. İslam şəriəti Allahın, Onun Rəsulunun  sadiqliyinə tam və doğru sübutu, bəsirət sahiblərinin gördükləri nuru və hidayət olunanların hidayətidir. O, hər xəstəliyin dərmanı və ona riayət edənlərin doğru və düz yoludur. O, gözlərin işığı, qəlblərin canı, ruhların ləzzətidir. Həyat, qidalanma, dərman, nur, şəfa, sağlamlıq və hər bir xeyir onunla hasil olmuş, ondan götürülmüşdür. Mövcud olan bütün naqisliklərin səbəbi onun tərk edilməsidir. Əgər İslam şəriətinin əsasları qalmasaydı bütün dünya və onun təfərrüatları xarab olardı. O, insanların qorunmasına və dünyanın qalmasına səbəbdir. Allah, göyləri və yeri düşməsin deyə onunla saxlayır. Allah dünyanın və onun incəliklərinin xarab olmasını istədiyi zaman şəriətin orada qalmış əsaslarını götürər. Allahın peyğəmbərlərinə verdiyi şəriət dünyanın dirəyi, dünyadakı və axirətdəki nicat, xoşbəxtlik qütbüdür".
Digər alim belə deyir: "İslam şəriətini və onun kamil bir şəriət olduğunu dərk edən şəxs, ədalətli siyasətin İslamın bir hissəsi və şöbəsi olduğunu anlayar. Kim bu şəriətin məqsədlərini, halını və yerini layiqincə dərk edərək bacarıqlı düşüncə sahibi olarsa, heç vaxt başqa siyasətə ehtiyac duymaz. Çünki bu şəriət bəndələrin dünya və axirəti üçün xeyirli olan bir şəriətdir. O, insanlar arasında hakim olacaq tam ədalətli şəkildə formalaşdırılmışdır. Onun ədalətindən başqa üstün bir ədalət, onun özündə cəm etdiyi xeyirxahlıqdan başqa üstün xeyirxahlıq yoxdur.
İslam alimləri şəriət hökmlərini dərindən öyrəndikdən sonra bu həqiqət barədə yekdil qərara gəlmişlər. Onlardan biri belə deyir: "İslam şəriəti xeyirli olanları toplayıb təkmilləşdirmək, pozğunluqları yox etmək və azaltmaq üçün gəlmişdir".
Başqa bir alim isə buyurur: "İslam şəriəti bütünlükdə xeyir deməkdir. O, ya pozğunluğun qarşısını alır ya da xeyirli olanları özünə cəlb edir. Sən Allah təalanın: "Ey iman gətirənlər!" - sözünü eşitsən diqqətli ol! Çünki bu, ayədə ya səni xeyirə sövq etdirir, ya da şərdən çəkindirir. Ola bilsin ki, bir ayə həm xeyrə sövq etdirsin və həm də şərdən çəkindirsin.
Alimlər ümmətin həyatını möhkəmlətməkdə təsiri olan məsləhətləri (qanunları) üç qismə bölmüşlər: Zəruri, lazımlı, yaxşılaşdırıcı.
Zəruri məsləhətlər: Bu, insanların həyatı üçün mühüm və zəruri sayılan məsləhətlərdir. Bu isə o deməkdir ki, həmin məsləhətlər mövcud olmadıqda pis və qüsurlu qayda-qanun yaranar, özbaşınalıq hökm sürər. Bəzi alimlər zəruri məsləhətlərə belə tərif veriblər: "Zərurət: Din və dünya mənfəətlərini və məqsədlərini həyata keçirmək üçün onun mövcudluğu mütləqdir - deməkdir. Əgər o olmazsa, dünya mənfəət və məqsədləri öz axını ilə deyil, əksinə fitnə-fəsad və özbaşınalıq üzərində cərəyan edər. Beləliklə, axirət xoşbəxtliyi və nemətləri də əldən çıxar".
Şəriətin qorunmasını nəzərdə tutduğu zəruri məsləhətlər beşdir: Din, nəfs, ağıl, mal və nəsəb. Şəriətin bu zərurətləri qoruması iki əsas amillə həyata keçirilir:
Birinci: Onun rüknlərini və əsaslarını möhkəmlətmək və həyata keçirmək. Bu əsaslar, bəndələrdən tələb olunan şəriət hökmlərində vardır. Həmin hökmlər iman və İslamın əsasları və bu əsasları pozan hər bir küfr və mürtədliklə bağlı hökmlər sırasındadır.
İkinci: Nəfsi, yemək, içmək, paltar və məskən ilə baş verə biləcək hər bir çatışmazlıqdan qorumaq; ona zərər verəcək və onu məhv edəcək hər bir təhlükədən: düşmənçilik, qətl və s. pisliklərdən çəkindirməkdir.
Ağılın qorunmasını, onu məcrasından çıxaran sərxoşedici və uyuşdurucu maddələrin haram edilməsi ilə həyata keçirir. Beləcə, İslam şəriətinin bu beş zəruriyyəti iki yöndən: onun mövcudluğu və onu məhv edən amilləri qadağan etməklə - qoruduğunu görürük.
Lazımlı məsləhətlər:
Bu məsələlərin tətbiq olunmaması insanların həyatını tam korlamır, lakin bir sıra çətinliklər yaradır. Buna görə alimlərdən biri belə buyurub: "Lazımlı məsləhətlərin mənası, mətləbə mane olan çətinlikləri aradan qaldırmaq üçündür. Bu məsləhətlər qorunmadıqda insan cəmiyyətində müəyyən çətinliklər meydana çıxır. Lakin buna baxmayaraq bu məsləhətə olan laqeydlikdən irəli gələn korlanma, digər ümumi məsləhətə olan laqeydlikdən nəticələnən fəsad dərəcəsinə yetişmir". Ehtiyaci məsləhət ibadətlər, adətlər, əlaqələr və cinayətlərdə olur və məsələn:
Ibadətlərdə: məşəqqətə görə xəstəyə verilən rüxsət.
Adətlərdə: ovun halal olması, yeyilən, içilən, geyilən, minilən və yaşanılan və s. bu kimi halal nemətlərdən ləzzət almaq.
Əlaqələrdə: Borc vermək, nisyə mal satmaq və s.
Cinayətlərdə isə: zərər verənlərin (cinayətkarların) boynuna düşən cərimələr (diyətlər, qanbahaları).
Yaxşılaşdırıcı məsləhətlər:
Bu haqda alimlərdən biri buyurur: "Bu cür məsləhətlər - gözəl adətlərdən layiqlisini götürmək, sağlam ağılların inkar etdiyi pis işlərdən isə uzaq olmaqdır". Bu bölüm gözəl əxlaq mövzusuna aiddir.
Bu cür məsləhətlər ibadətlər, adətlər, əlaqələr və cinayətlərdə olur.
Ibadətlərdə: Təharətin bütün növləri, övrət yerlərinin örtülməsi, zinətlərdən (qızıl-gümüş və s.) istifadə, könüllü xeyirxahlıq və sədəqə ilə Allaha yaxınlaşmaq və bunlara bənzəyən digər məsələlərdə olur.
Adətlərdə: Yemək və içməyin ədəbləri, pis yeməklərdən və israfçılıqdan uzaq olmaq və s.
Əlaqələrdə: Qüsurlu, nöqsanlı şeyləri satmağın qadağan olması.
Cinayətlərdə: Azad insanın, qulu öldürdüyünə görə, ölüm cəzasından azad olunması. Yaxud cihad zamanı qadınları, uşaqları və qocaları öldürməyin yasaq olması. Çəkdiyimiz bu misallar, bunlara bənzəyən misalları əvəz edir. Bu dediklərimiz zəruri və ehtiyac üzündən doğan məsləhətlərin əsasına əlavə edilən gözəlliklərdir. Bunların olmaması zəruri və ya ehtiyacdan doğan bir məsləhətə xələl gətirmir. Bu cür məsləhətlər yalnız gözəllik rolu oynayır".

Çətinliyin dəf edilməsi və şəriət hökmlərinin yüngülləşdirilməsi:

İslam dini, çətinlikləri dəf etmək və şəriət hökmlərini yüngülləşdirməklə digər şəriətlərdən fərqlənir. Bu dinin hökmləri insanın dəyişən əhvalını, zəifliyini və qüvvətini, səfərdə və qeyri səfərdə olmasını nəzərə almışdır. Xüsusən də bu şəriət ümumiyyətlə və həmişə bütün dinlərin sonuncusudur. Bu şəriət göndərilən elçi: peyğəmbərlərin sonuncusu, Peyğəmbərimiz Məhəmməddir . Həmçinin onun şəriətinin gəlməsi dövrü qiyamətin lap yaxınlaşması deməkdir. Belə ki, Peyğəmbər (sav)buyurub:
"Mənim gəlməyim ilə qiyamətin qopması belədir! (deyib, şəhadət barmağı ilə orta barmağını birləşdirərək göstərdi)".
Xitab olunan ümmət bəşəriyyətin son sülaləsi olması, qiyamətdən öncə baş verəcək fitnələr, ömrün qısalığı və s. bu kimi şeylərin olması bu şəriətin hökmlərinin mülayimlik, bağışlanma və lütf üzərində qurulmasına səbəb olmuşdur. Çünki şəriətləri göndərməkdə və ibadətləri əmr etməkdə məqsəd; Allaha olan itaəti yaymaq və bu işi davam etdirməkdir. İbadət tövhidin təsdiqi və onun verdiyi əmrlərin qəbul edilməsidir. Belə ki, tövhid; göylərin və yerin əsası, bəşəriyyətin ondan ötrü yaradıldığı bir haqdır. Şəriət Allahdan bir rəhmətdir və həqiqətən Allah Rəhman və Rəhimdir. Allah təala buyurur:
"(Ey Məhəmməd!)Biz səni aləmlərə rəhmət olaraq göndərdik". (əl-Ənbiya: 107)
Allah öz kəramətli Peyğəmbərinə müraciət edərək buyurur:
"Səni rahatlığa müyəssər edəcəyik". (əl-Ələ: 8).
Yəni səni ən rahat şəriətə müvəffəq edəcəyik. Bu da səmavi şəriətlərin sonuncusu olan İslam şəriətidir. Peyğəmbərin  ümməti ən sonuncu ümmətdir. Ona görə də bu şəriətin hökmləri rahatlıq, yüngüllük və insanın daşıya biləcəyi təqdirlə gəlmişdir.
Rahatlıq çətinliyin tam əksidir. Çətinlik isə məşəqqət və narahatlıqdır.
Məşəqqət iki qismə bölünür:
1. Adət edilən məşəqqət. Bu cür məşəqqətlərdə: dini və ya dünyəvi olmasından asılı olmayaraq - çətinlik olur.
2. Adət edilməyən məşəqqət. Bu cür məşəqqətlər alimlərdən birinin dediyi kimidir: "Adət edilməyən məşəqqət: müəyyən bir müddət əməl etdikdən sonra hamısı və ya bəzisi tərk edilən məşəqqətlərdir. Bu da həmin əməlin sahibində naqisliyin baş verməsi ilə nəticələnir". Bu cür məşəqqətlər adətdən xaricdir.
Şəriətdə çətinliyin aradan qaldırılması ikinci məşəqqətlə bağlıdır. Bunu təkid edərək alimlərdən biri deyir: "Çətinlik mükəlləfdən (həddi-buluğa yetişmiş adamdan) iki səbəbə görə götürülür:
Birinci: yarı yolda dayanmaq və ibadətə nifrət etmək qorxusu.
İkinci: bir kəsin boynuna düşən vəzifənin müxtəlifliyi və çoxluğu. Buna misal olaraq: ailəyə və uşaqlara nəzarət, üzləşəcək hər bir çətinlik və s. demək olar. Ola bilər ki, bir insan bəzi işlərlə dərindən məşğul olsun və digər tərəfdən ibadətdən tamamilə yayınsın. Yaxud bir insan iki çətin işi öz öhdəsinə götürüb onu layiqincə yerinə yetirmək istədikdə, bu çətinliyin qarşısında aciz qalıb hər ikisindən əl çəkər".
İslam şəriətinin asan və məşəqqətsiz olması haqda Quran və Sünnədə (hədislərdə) bir çox dəlillər gəlmişdir.
Qurandan dəlillər: Allah təala buyurur:
"Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər" (əl-Bəqərə: 185).
"Allah sizi çətinliyə salmaq istəməz" (əl-Maidə: 6)
"O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı " (əl-Həcc: 78).
Bu və digər ayələrdən görünür ki, Allah təala Öz şəriətini rahat və asan etmişdir. Bu, Allahın bizə olan rəhməti və ümmətinə göstərdiyi lütfüdür. O, hər şeyi biləndir. O, insanların müxtəlifliyini, güclü və zəif, sağlam və xəstə, varlı və kasıb olduqlarını biləndir.
Allah təala buyurur:
"Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır! " (əl-Mulk: 14).
Allah, şəriət qanunlarını endirmiş, bütün əmrlərin və qadağaların təməlini qayğıkeşlik, mərhəmət, asanlıq və mülayimlik prinsipləri ilə qurmuşdur.

Sünnədən dəlillər:
1.Peyğəmbər (sav) buyurub:
"Həqiqətən din asanlıqdır. Kim onu çətinləşdirmək istəyərsə din ona qalib gələr. (İnsanları) Müjdələyin, (onları dinə) yaxınlaşdırın, (şəriət hökmlərini) qoruyun"(Buxari: 1\ 93\ ?39.)
"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, ürkütməyin"(Buxari: 10\ 524\ ?5124.)
3.Peyğəmbər (sav) buyurub:
"Ümmətimə etdikləri xətaya, unutduqları və məcbur edildikləri işlərə görə günah yoxdur"(İbn Macə: 1\ 659\?2043. Albani Əl-İrva kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir (?82).
4.Peyğəmbər (sav) buyurub:
"Allah Onun əzimətlərinə (qətiyyətli əmrlərinə) itaət edilməsini sevdiyi kimi, Onun rüxsətlərinə (insana ixtiyar verilmiş əmrlərinə) də əməl etməyi sevir"(Əhməd: Müsnəd kitabı\ 2\?108. Albani Əl-İrva kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir (?564). )
Bu və digər hədislərə baxdıqda görürük ki, şəriətin insana əmr etdiyi əməllərdə heç bir məşəqqət və çətinlik yoxdur. İslam şəriətinin əsası rahatlıq üzərində qurulmuşdur. İmkanı olduqda çətin ibadət və itaətlərə baş əyən adam bir vaxt bu əməlləri yerinə yetirməkdə aciz ola bilər. Ona görə də Peyğəmbər (sav) öz əshabələrinə bacardıqları işi etmələrini tövsiyə edib deyərdi: "Allah az, lakin davamlı olan işləri daha çox sevər". İbrət, Allaha ibadətdə, Onun razı qaldığı əməllərdə və bizə rəhmət və şəfqət olaraq verilmiş Peyğəmbərin sünnəsindədir. Allah təala də Öz Peyğəmbərini belə vəsf etmiş və buyurmuşdur:
"(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! " (ət-Tövbə: 128).
Alimlərdən biri "Həqiqətən din asanlıqdır" hədisinin şərhində buyurur: "Bu necə də gözəl və əzəmətli bir hədisdir. O, özündə xeyirli və faydalı nəsihətləri cəm etmişdir. Peyğəmbər  hədisin əvvəlində bu əzəmətli əsasın təməlini qoymuş və buyurmuşdur: "Həqiqətən din asanlıqdır" yəni, din öz əqidə, əxlaq və qaydalarında rahatdır. Onun buyurduğu əməl və əxlaq, ən yaxşı əməl və ən kamil əxlaqdır. Bu deyilənlər həyata keçirilərsə, din, dünya və axirət səadəti gerçəkləşər, əks halda isə itirilər. Bu din –Allaha şükürlər olsun- rahat və asandır. Hər bir insan bu dinə riayət etməyin rahat olduğunun şahididir. Bu dinin əqidəsi doğru və sadə olduğundan sağlam ağıl və saf fitrət onu qəbul edir. Onun buyurduğu fərzlər çox asan, digər əmrləri isə ondan da rahatdır... Kim məxluqatın rəhbəri, ən kamil insan Məhəmmədi  özünə nümunə götürmək istəyirsə bu heç də çətin deyil. Belə etmək onun dünya işlərinə maneçilik etmir. Əksinə, o belə etdikdə bütün haqları, Allahın, öz nəfsinin, ailəsinin və dostlarının haqqını, ümumiyyətlə hər bir adamın haqqını rahat və mülayimliklə ödəyə bilər".
İslam şəriətində böyük və mühüm yer tutan bu qaydaya əsaslanaraq alimlər "Asanlaşdırmaq və çətinliyi aradan qaldırmaq" haqda ümumi qaydalar qoymuşlar.
1. Qayda: Məşəqqət rahatlığı cəlb edir (insana baş verə biləcək hər hansı çətinliyə qarşı asanlaşdırıcı hökmlər, çıxış yolları verilir).
2. Qayda: Bir məsələ genişləndikdə daralır, daraldıqda isə genişlənir.
3. Qayda: Zərər aparılmalıdır (Hər hansı işdə zərər olarsa şəriət onu qadağa edir).
4. Qayda: Zərər özü mislində bir zərər ilə aparılmamalıdır.
5. Qayda: Zərəri çox olan bir iş, zərəri az olan işlə aparılır.
6. Qayda: Ümumi və ya xüsusi ehtiyac zərurət mərtəbəsinə endirilir.
7. Qayda: Zərurət, qadağaları mübah edir.
8. Qayda: Zərurət öz miqdarında ölçülür.
9. Qayda: Rahat əməlin hökmü çətin əməl ilə qüvvədən düşmür.
Şəriətdə olan rahatlıq məqamlarını belə bir kitabda sayıb qurtarmaq mümkün deyil.


Tarix: 08.05.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 522 Bölmə: Maraqlı melumatlar