Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (İmanın əsasları baxımından İslamın gözəllikləri) - I hissə

Peyğəmbərimiz (sav) imanın altı əsası (ərkanı) olduğunu qeyd etmişdir, onlar: Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinə iman gətirməkdir(Bu Cəbrailin uzun hədisində qeyd edilmişdir. Müslim 1\36-38\ ?8.)

Bu altı əsas İslam əqidəsinin prinsipləridir. Sözlər, əməllər, əxlaq və gözəl işlər bu ərkanlar üzərində qurulur. İmanın əsaslarında olan gözəlliklər İslamın beş prinsipinin (İslamın beş prinsipi aşağıdakılardır: Lə iləhə illəllah Muhəmmədən rəsuləllah kəlməsini demək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq, imkan olduqda həcc etmək. ) təməlidir. Bu baxımdan İslam əqidəsinin insan həyatında əhəmiyyəti və zəruriliyi üzə çıxır.
İndi isə imanın hər bir əsasının mühüm gözəllikləri ilə tanış olaq:
Birinci əsas; Allaha iman:
Bu əsas dini prinsiplərin ən əhəmiyyətli vacibatıdır. Bu iman özündə Allahın rübubiyyətinə, uluhiyyətinə, ad və sifətlərinə imanı əhatə etdirir.

Birinci: Allahın rübubiyyətinə iman: yəni, Allah xəlq etməkdə, mülkündə, kainatı idarə etməkdə təkdir və bu işlərdə Onun heç bir şəriki yoxdur. Allah təala buyurur:
"Həmd (şükür və tərif) olsun Allaha! Aləmlərin Rəbbinə!" (əl-Fatihə: 1).
Digər bir ayədə Allah təala buyurur:
"Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq etdikdən sonra ərşə yüksəldi, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!" (əl-Əraf: 54).
Allahın rübubiyyətində, imanın çox gözəllikləri vardır. Bunlardan:
1.İslam fitrət dinidir və o heç bir halda fitrətə zidd deyildir. Fitrət: insanın əsli xilqəti deməkdir. Allah təala buyurur:
"(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan İslamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar)." (ər-Rum: 30).
Allah Öz bəndələrini yaradarkən Onu və Onun rübubiyyətini tanımalarını onların fitrətinə məxsus etmişdir. İslam dini bu fitrəti, Allahın varlığını, rübubiyyətini, uluhiyyətində, gözəl ad və yüksək sifətlərində təkliyini dəstəkləmək, daha da möhkəmlətmək üçün gəlmişdir.
Bəndə iman gətirməlidir ki, Allah onu yaradıb, həyatın üsullarını və yer üzündə yaşamağı onun üçün rahatlaşdırıb, bu kainatı insanın yaradılışına uyğun, orada yaşamasını rahat, ehtiyacı olan hər şeyi müyəssər etmişdir. Allah taala buyurur:
"(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? ..." (Loğman: 20).
Bu nemətlər Allahın bəndəyə olan böyük lütfünü ona dərk etdirməyə əsas verir. Nəticədə bəndə Allahın onun üzərindəki minnətini etiraf edir. Bunu bilməklə bəndə, ona nemət verən Allaha şükür etməyə və asilikdən çəkinməyə həvəslənir. Allahın rübubiyyəti haqda fikirləşmək insanı Allahın varlığı haqda düşünməyə, Onu tam kamillik ilə tanımağa aparır. Bəndə Allahdan başqa rəbb olmadığını bildiyi kimi, Ondan qeyrisinin ibadətə layiq haqq məbud olmadığını da dərk edir. Allahın yaratdığı məxluqat, çoxluğu və müxtəlifliyi ilə açıq-aydın Allahın əzəmətini bildirir və Onun tövhidinə (təkliyinə) çağırır. Allah təala buyurur:
"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" (Ali İmran: 190-191).

2. İnsan Allahın rübubiyyətinə iman bəsləməsi nəticəsində Allahın hər bir şeyin rəbbi və sahibi olduğunu dərk etməlidir. Bilməlidir ki, Allah Öz məxluqatına möhtac deyil, O qüdrətli və varlıdır. Ondan başqa bütün məxluqlar, Rəbbinə və Xaliqinə möhtacdırlar. Bu əqidə insana öz nəfsini tanıtdırır və insan dərk edir ki, o, zəif və möhtac olandır. Belə olduqda insan həddini aşmaqdan, tüğyandan və yer üzündə təkəbbürlükdən uzaq durmalıdır.
Allahın rübubiyyətinə iman nəticəsində Ona qarşı xalis və sidq ürəklə məhəbbət yaranır. Çünki Allah insanı xəlq etmiş, onun tərbiyələndirmiş, islah etmiş, ruzi və sağlamlıq vermiş, ümumiyyətlə din və dünyasını islah edən hər bir xeyri ona bəxş etmişdir.
Allahın rübubiyyət tövhidini iqrar etmək, anlamaq və haqqında düşünmək insanı öz Rəbbini ucaltmağa, sevməyə və Ondan qorxmağa yönəldir. Nəticədə bəndə Allahın ona etdiyi əmrləri yerinə yetirir və Onun Hənif (İslam) dininə əməl edənlərdən olur. Bəndə, rübubiyyət tövhidi vasitəsi ilə Allaha itaətin və Ona asi olmamağın vacibliyini dərk edir və bunun Allah haqqı olduğunu bilir. O, Allaha boyun əyməli, Ona ibadət və itaətdə təkəbbürlük etməməlidir. Hətta insan bilməlidir ki, onun səadəti və qələbəsi yalnız Allaha itaət etməkdə və Onun dininə bağlanmaqdadır. İnsanın hər bir işini və onun həyatını ona müyəssər edən Allahdır, bütün bunlar Onun əlindədir.
Rübubiyyət tövhidinə iman gətirən insan Allahdan başqasından xeyir və imdad istəməz. Çünki bütün mənfəət və zərər Onun əlindədir. Onun əta etdiyinə heç kəs mane ola bilməz, Onun qadağan etdiyini isə heç kəs bağışlaya bilməz. Allah təala buyurur:
"(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi də alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Ali İmran: 26).
3.Kainat və onun sirləri haqda verilən suallara qaneedici cavablar vermək; Çox vaxt insan kainatda baş verən hadisələri izah etməkdə acizlik göstərir. Əksər hallarda kainatda baş verənlərin önündə heyrət içərisində dayanır. O, Allahın rübubiyyət tövhidinə iman gətirdikdə isə hər şey onun üçün rahat olur və Allahın, hər şeyi əhatə edən qüdrətinə iman qapısı açılır. Allah təala buyurur:
"(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!" (əl-İsra: 85).
İkinci: Allahın ad və sifətlərinə iman: Bu, Allahın və Onun Elçisinin təsdiq etdiyi ən gözəl adların və yüksək sifətlərin Allaha məxsus olduğuna iman gətirməkdir. Allahın sifətlərində və işlərində şəriki ola bilməz. Allahın ad və sifətlərinə iman, Ona imanın ən mühüm hissəsidir. Ona görə də bu ad və sifətləri yalnız Quran və Peyğəmbərin Sünnəsində verilmiş tərzdə qəbul etməliyik. Bu məsələdə təvil (Təvil: sözü yozmaqla mənasını dəyişmək.) edərək ad və sifətləri olduğu gözəllikdən, kamillikdən çıxararaq zahiri mənasından digər mənaya dəyişmək olmaz. Çünki Allah Özünü bu ad və sifətləri vasitəsilə bəndələrinə tanıtmış, ad və sifətlərə iman gətirməyin ibadət olduğunu bildirmiş və bunlarla Ona həmdi-səna və dua edilməsini buyurmuşdur. Allah təala buyurur:
"Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!" (əl-Əraf: 180).
Allahın ad və sifətlərinin sayı-hesabı olmadığından, ona iman gətirmək gözəlliklərinin də sayı-hesabı yoxdur. Burada, bu gözəlliklərin təkcə bəzilərinə işarə edəcəyik, onlar:
1. Allahla həqiqi tanışlıq. Allah təala qeybdir. Onun sifətlərinin təfsilatını təkcə ağılla bilmək mümkün deyildir. Ona görə də Allah bu sifətləri Quran və Sünnədə bizə çatdırmışdır ki, bəndələri Onu düzgün, cəlalətinə və müqəddəsliyinə uyğun olaraq tanısınlar.
Ad və sifətlərinə iman gətirməklə Allahla doğru tanışlığı əldə etmək üçün bu iman Peyğəmbərin , onun səhabələrinin (Allah onlardan razı olsun!) və Sünnə alimlərinin imanı kimi olmalıdır. Bu iman - ad və sifətləri digər məxluqatın ad və sifətlərinə bənzətmədən və necəliyini araşdırmadan təsdiqləmək; təvil və inkar etmədən onları təsdiqləməkdən ibarətdir. Kim bu doğru yolla Allahın ad və sifətlərini təsdiq edərək iman gətirərsə, Allahı daha doğru və daha yaxşı tanıyar.
2. Bu iman nəticəsində mömin bəndənin qəlbində Allaha olan sevgi, ehtiram, qorxu, ümid və istək bərqərar olur. Bu, Allaha imanın ən gözəl və ən əhəmiyyətli nöqtəsidir. Bu xüsusiyyətlər başqalarına deyil, yalnız Allaha məxsusdur. Çünki Allah başqalarının malik olmadıqları sifətlərə malikdir, məsələn: rəhmət, əzəmət, hakim, qalib, yaxşılıq, lütfkarlıq və hər şeyi əhatə edən və s. olması. Kim Allaha, Onun buyurduğu ad və sifətlərə uyğun olaraq iman gətirərsə deyilən mənalar onun qəlbində imanının dərəcəsinə uyğun yer tapar. O, Allahdan qorxar, çəkinər, Onu sevər, hər şeydən uca tutar, Ona rəğbət və ümid bəsləyər və etdiyi bu əməlləri yalnız Allah üçün edər.
3. Allahı alçaltmaqdan və nalayiq vasitələrlə təsvir etməkdən uzaq olmaq: Allahın gözəl ad və ali sifətləri Onun hərtərəfli tam kamilliklə vəsf olunduğunu əks etdirir. O, bütün naqislik və eyiblərdən təmamilə uzaqdır. Kim ad və sifətlərə Allah təaləyə layiq qaydada iman gətirərsə, Ona nalayiq şəkildə vəsf verməkdən uzaq olar. Kim ad və sifətlərdə boşluğa yol verərsə, bu boşluğun əvəzi qədər Allahı naqis ad və sifətlərlə vəsf etmiş olar.
Ona görə də digər dinlərdə gördüyümüz Allaha verilən nalayiq vəsflərdən: məsələn, Allahın Özünə oğul götürməsi, Allahın ağlaması, kədərlənməsi, kasıb olması və s.- Allahı uca, pak tutmalıyıq. Hətta müsəlmanların bəzi zəlalətə düşmüş firqələrində də Allahın Ona layiq olmayan sifətlərlə vəsf edildiyini görürük. Allah, belə sifətlərdən pak və ucadır. Məsələn, Allahı bəndələrinə bənzətmək, dolayı yollarla ad və sifətləri inkar etmək, şirk və s. Bütün bunlar, Allahın Özünü Quranda və Peyğəmbərinin dili ilə vəsf etdiyinə ziddir.
4. Gizlidə və aşkarda Allahın buyurduqlarına diqqətli olmaq, söz və əməldə ixlaslı olmaq (yalnız Allah üçün etmək) və etdiyi əmrlər, qadağalar, qəza-qədərdə Ona qarşı yaxşı rəydə olmaq. Mənfəətə nail olmaq və müsibəti dəf etmək üçün sidq ürəklə Ona təvəkkül etmək. Ad və sifətlərin mənasında olan qəlbi, əməli və sözlü ibadətlərlə Allaha doğru ibadət etmək.
5. Allahın Özünü vəsf etdiyi və sevdiyi gözəl sifətlərə: rəhmət, sadiqlik, adillik, mülayimlik, şəfqət, səbr, yaxşılıq və s. - əsasən, bəndənin özünə layiq tərzdə bu sifətlərə yiyələnməsi: Bilmək lazımdır ki, Allahın bu sifətlərə malik olması ilə, bəndənin bu sifətlərə yiyələnməsi arasında fərq vardır. Allahın ad, sifət, fel və zatında Onun tayı-bərabəri yoxdur. Bir hədisdə Peyğəmbər (sav) buyurur:
"Allah gözəldir və gözəlliyi sevir"(Müslim: 1\93\ ? 91.)
Həmçinin Peyğəmbər (sav) buyurmuşdur:
"Allah mülayimdir və mülayimliyi sevir"(Müslim: ? 2593.)
Bu sifətlərə yiyələnməyin əvəzində bəzi sifətlər vardır ki, bəndənin o sifətlərə yiyələnməsi ona yaraşmaz. Bu sifətlərə sahib olmaq Allaha mütilik etməyə (ubudiyyətə) ziddir. Məs, təkəbbürlük, yüksəklik, nəfsini müqəddəs görmək və s. Bu kimi sifətlər yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur və bəndənin bu sifətlərə nail olmağa haqqı yoxdur. Çünki Ondan başqa ibadətə layiq haqq məbud yoxdur, cəlalət, kamillik və kibriya (təkəbbürlük) sifətləri yalnız Ona məxsusdur.
6. Allaha, Onun bütün gözəl ad və ali sifətləri ilə ibadət etmək: Bilmək lazımdır ki, Allahın hər bir ad və sifətinin özünə məxsus mənası vardır. Bəndənin də bu mənalara bağlılığı və asılılığı mövcuddur. Buna misal olaraq:
a) Əs-Səmii, əl-Bəsir (eşidən və görən). Bəndə bu iki ad və sifətə iman gətirir. O bilir ki, Allah eşidir və görür. Bəndənin, Allahın onu gizlidə və aşkarda görüb eşitməsini bilməsi, dediyi sözlərə və etdiyi əməllərə, hər vaxt və hər yerdə diqqətlə yanaşmasına səbəb olur.
b) Ər-Rəhman və ər-Rəhim (Mərhəmətli və rəhimli). Bəndə bu iki ada və bir sifətə (rəhmət sifəti) iman gətirir. O, bilir ki, Allahın rəhməti genişdir. Allah Öz bəndələrinə rəhm edəndir. Bunu bilən bəndə, Allaha böyük ümid bəsləyir. Naümid yaşamır və Allahın rəhmətindən əlini üzmür.
c) Əl-Əlim (Hər şeyi bilən). Bəndə bu ad və sifətə iman gətirir. O, dərk edir ki, Allah hər şeyi biləndir. Elm Allahın əzəmətli zatı ilə bağlı sifətlərindəndir. Onun nəyisə bilməməyi mümkün deyildir. Ümumiyyətlə Allah hər cür cahillikdən (bilməməzlikdən) pakdır, müqəddəsdir. Elm (bilmək) sifətinə iman gətirən adam bütün əməllərini xalis Allah üçün etməli, hər bir vəziyyətində ondan qorxmalı və təqvalı olmalıdır. Çünki Allah, onun gizlində və aşkarda, zahirdə və batində etdiklərinin hamısını bilir və bəndənin heç bir əməli Allahdan gizli qala bilməz.
Üçüncü: Allahın uluhiyyətinə iman: "O, yalnız Allahın ibadətə layiq haqq məbud olduğunu, Onun bu ibadətdə heç bir şəriki və ortağı olmadığına etiqad etməkdir". Bütün ibadətlərin yalnız Allaha məxsusluğunu bilmək və heç bir ibadəti, kimliyindən asılı olmayaraq, Allahdan başqasına etmək olmaz. Allah taala buyurur:
"Bu (deyilənlər) ona görədir ki, Allah – haqq, (müşriklərin) Ondan qeyrisinə ibadət etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!" (Loğman: 30).
Elə "Lə iləhə illəllah" kəlməsinin mənası budur. Allah bütün peyğəmbərləri və kitabları bu kəlmə ilə göndərmiş, insanları və cinləri yaratmışdır. Allah taala buyurur:
"(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa ibadətə layiq heç bir haqq tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək." (əl-Ənbiya: 25).
" Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zəriyat: 56).


Tarix: 08.05.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 368 Bölmə: Maraqlı melumatlar
loading...