beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərdən (s.a.v) sonra xəlifə kimdir? (Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan

«"...Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?!..." hədisi»

Peyğəmbər (s.a.v) Təbuk döyüşünə çıxdığı zaman istisna etdiyi kimsələrdən başqa heç kəsin Mədinədə qalmasına izn vermədi. Döyüşə getməyən insanlar altı dəstə idilər:

Birinci dəstə: Peyğəmbərin (s.a.v) əmri ilə döyüşdən qalanlar.
İkinci dəstə: Qoca, xəstə, əlil, kor, kasıb və onların timsalında olan kimsələr.
Üçüncü dəstə: Qadınlar.
Dördüncü dəstə: Uşaqlar.
Beşinci dəstə: Peyğəmbərin (s.a.v) əmrinə asilik göstərib onunla bu döyüşdə iştirak emtəkdən yayınanlar. Onlar Kəb ibn Malik, Murara ibn ər-Rabii, Hilal ibn Umeyyə və əlavə yeddi nəfər idilər.
Altıncı dəstə: Münafiqlər.
Mədinədə qalanlar yalnız bu altı qrup insanlar idi. Əli (Allah ondan razı olsun) isə birinci dəstədən idi. Onun olduğu dəstə Peyğəmbərin (s.a.v) əmri ilə Mədinədə qalmışdılar. Bunu görən münafiqlər dedilər: Peyğəmbərin (s.a.v) Əlini (r.a) Mədinədə qoyması, onun Əliyə qarşı olan nifrətindən irəli gəlir. ( Müxtəsəri Tarix ibn Əsakir: 17, 147.)

Bu sözləri eşidən Əli (r.a) Mədinə şəhərindən çıxmaqda olan Peyğəmbərin (s.a.v) arxasınca getdi. Bir rəvayətə görə isə həmin vaxt Əli (r.a) göz yaşları axıdırdı. (Müxtəsəri Tarix ibn Əsakir: 17, 245.)
Əli dedi: "Ey Allahın elçisi, sən məni qadın və uşaqlarla qoyub gedirsən?!" Peyğəmbər (s.a.v) onun könlünü alıb dedi: "İstəmirsən ki, Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?! Fəqət məndən sonra peyğəmbər gəlməyəcəkdir." ( Buxari: ? 3706; Muslim: ? 2404.)

Onlar deyirlər ki, Peyğəmbərin (s.a.v) "İstəmirsən ki, Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?! – sözləri, Əlinin (r.a) Peyğəmbərdən (s.a.v) sonra xəlifə olmasına dəlalət edir. Çünki Musa təyin edilmiş anda Rəbbinin hüzuruna getdiyi zaman Harun onun xəlifəsi olmuşdu. Buna görə də Əli, Peyğəmbərdən (s.a.v) sonra xəlifə sayılır.

Amma bu iddia aşağıda deyiləcək bəndlərə əsasən batil sayılır:

Birinci: Harun (aleyhissalam) Musadan (aleyhissalma) sonra xəlifə olmamışdır. Məşhur rəvayətlərə əsasən Harun Musadan bir il öncə vəfat etmişdi.
(Tarix ət-Təbəri: 4, 304. əl-Bidayə vən Nihayə: 1, 297.)

İkinci: Musa Rəbbinin hüzuruna getdikdə Harun şəhərdə qalmışdı. Əsgərlər və qoşun onun tabeçiliyində idi. Musa isə bir qrup insanla Rəbbinin hüzuruna getmişdi. Amma Əli ilə Mədinədə bir nəfər də olsun əsgər qalmamışdı. Orada yalnız Peyğəmbərin əmrinə asilik edib döyüşə getməyənlər və Peyğəmbərin əmri ilə şəhərdə oturan insanlar qalmışdılar. Demək Musanın əhvalatı, deyilən əhvalatdan fərqlidir.

Üçüncü: Peyğəmbər (s.a.v) bu sözlərlə Əlinin könlünü almışdı. Çünki Əli özü gəlib bu haqda şikayət etmişdi. Demək, o gəlib Peyğəmbərə (s.a.v) şikayət etməsəydi onun haqqında bu sözləri deməzdi. Amma Əli bu barədə söz açarkən Peyğəmbər (s.a.v) məsələnin elə olmadığını açıqlayaraq dedi: "Səni şəhərdə saxlamağımın səbəbi, sənə qarşı olan nifrətim deyil. Sən bilirsən ki, Musa Rəbbinin hüzuruna getdiyi zaman Harunu qoyub getdi. Amma bu heç də Harun üçün eyib sayılmırdı. Həmçinin mən də şəhərdən çıxarkən səni orada qoyub getmişəm. Bu da sənin üçün eyib sayılmır". Ona görə də Əli olmayıb, başqa bir nəfər gəlib eyni şikayəti etsəydi, çox güman ki, Peyğəmbər (s.a.v) ona da eyni cavabı verərdi. Başqasının deyil, məhz Əlinin (r.a) belə bir şikayət etməsinə səbəb isə budur ki, Peyğəmbər (s.a.v) özünün əvəzinə təyin etdiyi valilərə yalnız qadın və uşaqları deyil, qoşundan ayrılmış bir dəstə kişiləri də əmanət qoyub gedərdi. Peyğəmbər (s.a.v) heç vaxt bütün qoşunu şəhərdən çıxartmazdı. Əli (r.a) bir tərəfdən özünün qadın və uşaqlar üzərində vali təyin olunmasının eyib olmasını düşünüb, digər tərəfdən münafiqlərin bu haqda danışmasını eşitdikdə Peyğəmbərin (s.a.v) arxasınca gedib şəhərdə qalmasının səbəbini soruşdu. Peyğəmbər (s.a.v) də bunu ona qarşı olan nifrətindən dolayı etmədiyini, məsələnin münafiqlərin iddiasına uyğun olmadığını, ona çatdırdı. Bildirdi ki, Musa Harunu qoyub getdiyi kimi, mən də səni öz ailəmin yanında qoyub gedirəm.

Dördüncü: Peyğəmbər (s.a.v) bu döyüşə gedərkən Əlini Mədinə şəhərinə xəlifə təyin etməmişdi. Onu yalnız əhli beyti (ailəsi) üzərində qoyub getmişdi. İbn Cərir ət-Təbəri,(Tarix ət-Təbəri: 2, 268. Peyğəmbər ,Ona və ailəsinə Allahın salavatı və salamı olsun orada demişdir ki, Mədinənin valisi Siba ibn Ərfatədir.)
İbn Kəsir (əl-Bidayə vən Nihayə: 5, 7.)və başqa tarix alimləri deyirlər ki, həmin döyüşdə Mədinə şəhərinin valiliyi Əli ibn Əbu Talibə deyil, Məhəmməd ibn Məsləməyə tapşırılmışdı.

Beşinci: Əli göz yaşları axıda-axıda Peyğəmbərin arxasınca gəlib onu nə üçün şəhərdə tərk etdiyini anlamamışdırsa, bəs biz bu hadisənin Əli üçün məziyyət və Peyğəmbərin (s.a.v) əvəzinə mütləq xəlifə olmasını necə anlaya bilərik. Necə ola bilər ki, Əli bu hadisədə Peyğəmbərdən (s.a.v) sonra xəlifə olmasını anlamadı, amma biz bunu başa düşdük. Əgər Peyğəmbərin (s.a.v) Əlini şəhərdə tərk edib getməsi onun üçün məziyyət olsaydı (xəlifəliyinə dəlalət etsəydi) Əli onun arxasınca çıxmaz, Peyğəmbərin (s.a.v) yoxluğunda özünün xəlifə olduğunu anlayardı.

Altıncı: Peyğəmbər (s.a.v) bu hadisədən sonra Əlidən başqasını öz yerinə şəhər valisi təyin etmişdi. Belə ki, Təbuk döyüşündən sonra Peyğəmbər (s.a.v) Vida həccinə yola düşdü. Həmin vaxt Əli (r.a) Yəməndə idi və Peyğəmbər (s.a.v) onu Mədinədə saxlamamışdı.
Peyğəmbərin (s.a.v) Əlini Haruna bənzətməsinə gəldikdə deyə bilərik ki, Peyğəmbər (s.a.v) Əbu Bəkr və Öməri Harundan daha əfzəl insanlara bənzətmişdir. Demək Bədr döyüşündə əldə edilmiş əsirlər barəsində Peyğəmbər (s.a.v) məşvərət etdiyi zaman Əbu Bəkrdən bu haqda soruşduqda o, onların bağışlanmasını və bunun əvəzində onların qəbiləsindən fidyə alınmasını məsləhət gördü. Ömər isə onların qətlə yetirilməsi fikrini irəli sürdü. Bu zaman Peyğəmbər (s.a.v) Əbu Bəkrə dedi: "Sən də İbrahim kimisən. Bir vaxt o belə demişdi: "Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!""
(İbrahim: 36.)
Həmçinin sən İsa kimisən. O da bir zamanlar belə demişdi: "Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən"
(əl-Maidə: 118.)

Sonra üzünü Ömərə tərəf çevirib dedi: "Ey Ömər, sən isə Nuh kimisən. Bir vaxt o belə demişdi: "Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!"" (Nuh: 26.)

Həmçinin sən Musa kimisən: Bir zamanlar o demişdi: "Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!"" ( Yunus: 88.)

Beləliklə Peyğəmbər (s.a.v) Əbu Bəkri, İbrahimə və İsaya, Öməri isə Nuha və Musaya bənzətmişdir. Adı çəkilənlər Ulul Əzm (əzm sahibi olan) peyğəmbərlərdir. Peyğəmbərdən (s.a.v) sonra ən xeyirli insanlar həmin peyğəmbərlərdir. Onlar birmənalı olaraq Harundan qat-qat əfzəl sayılırlar. Onların hamısına Allahın salavatı və salamı olsun. Peyğəmbərin (s.a.v) Əlini Haruna bənzətməsi, Əbu Bəkr və Öməri İbrahim, İsa, Musa və Nuha bənzətməsindən üstün deyildir.


Tarix: 03.05.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Maraqlı melumatlar