beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Zahidlik (Tərki-dünyalyalıq) və (qəlbi) incəliklər)-Sınaq zamanı dində səbir etmək və

On doqquzuncu fəsil: Sınaq zamanı dində səbir etmək və xəndək sahiblərinin hekayəsi.

Suheyb 9r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Sizdən əvvəlki tayfaların birində bir şah yaşayırdı. O şahın bir sehirbazı var idi. Sehirbaz yaşa dolduğu zaman şaha belə dedi: “Mən artıq yaşa dolmuşam, mənə bir oğlan uşağı ver ki, ona sehri öyrədim!” Şah da sehirbazın yanına bir oğlan uşağı göndərdi ki, ona sehir öyrətsin. Uşağın getdiyi yolda bir rahib yaşayırdı. Bir dəfə uşaq rahibin yanına gəlib oturdu və onun sözlərini eşitdi. Rahibin sözlərindən uşağın xoşu gəldi. Beləcə, uşaq sehirbazın yanına gələrkən, rahibin yanında oturardı. Sehirbazın yanına gələndə sehirbaz onu (gecikdiyi üçün) döyərdi . Uşaq bu hadisə ilə bağlı rahibə şikayət etdi. Rahib də ona (məsləhət verərək) dedi: “Əgər sehirbazın səni döyməyindən qorxsan, de ki: “Ailəm məni gecikdirdi.” Səni ailənin döyməyindən qorxsan, de ki: “Sehirbaz məni gecikdirdi.” Uşaq bu şəkildə davam edərkən bir gün nəhəng bir heyvanın insanların qarşısını kəsdiyini gördü. Bunu görən uşaq dedi: “Bu gün mən rahibin, yoxsa sehirbazın Allaha daha yaxın olduğunu biləcəyəm. O, əlinə bir daş götürüb dedi: “Ey Allahım, əgər rahibin işi, sehirbazın işindən Sənə daha sevimlidirsə, on da həmin heyvanı öldür ki, insanlar keçib getsinlər!” O, bunları deyib əlindəki daşı atdı və heyvanı öldürdü. İnsanlar da keçib getdilər. Uşaq rahibin yanına gəlib ona bunu xəbər verdi. Rahib uşağa dedi: “Ey uşaq, bu gün sən məndən üstünsən, sənin işin (halın) gördüyüm həddə çatmışdır. Sən imtahana çəkiləcəksən. Əgər sən imtahan olunsan, məni ələ vermə!” Uşaq anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları və insanları başqa xəstəliklərdən müalicə edirdi. Həmişə şahın məclisində iştirak edən və yaxınlarından olan kor birisi uşaq barəsində eşitdi və onun yanına çoxlu hədiyyələrlə gedib belə dedi: “Mənə şəfa ver, burada olanların hamısı sənin olsun!” Uşaq dedi: “Mən heç kəsə şəfa vermirəm! Şəfa verən Allahdır. Əgər Allaha iman gətirsən, mən də Ona dua edərəm və sənə şəfa verər!” O, Allaha iman gətirdi. (Uşaq Allaha dua etdi) Allah da ona şəfa verdi. Sonra həmin adam əvvəllər olduğu kimi gəlib şahın yanında oturdu. Şah ondan soruşdu: “Sənə gözlərini kim qaytardı?” O: “Rəbbim!” deyə cavab verdi. Şah ona: “Sənin məndən başqa Rəbbinmi var?” deyə soruşdu. O: “Bəli!” Mənim və sənin Rəbbin olan Allah!” dedi. Bundan sonra şah ona o qədər işgəncə verdi ki, axırda məcbur olub uşağın adını şaha söylədi. Şah uşağın yanına adam göndərib onu gətirtdi və ona dedi: “Oğlum, sehrin elə bir mərtəbəyə çatıb ki, anadangəlmə korları, cüzam xəstəliyinə tutulanlara şəfa verirsən!” Uşaq dedi: “Mən heç kimə şəfa vermirəm! Şəfa verən ancaq izzət və cəlal sahibi olan Allahdır!” Şah ona da işgəncə verməyə başladı. Nəhayət uşaq məcbur olub rahibin adını söylədi. Şah rahibin yanına adam göndərib onu gətirtdi. Ondan dinindən dönmək tələb edildi. Rahib onun bu tələbini yerinə yetirmədikdə, şah mişarla Rahibin başından ayağına kimi kəsib onu iki yerə parçaladı. Sonra da əvvəlcə kor olmuş yaxınını gətirtdi. Ondan dinindən dönmək tələb edildi. O da onun tələbini yerinə yetirmədi. Şah tələbinin yerinə yetirilmədiyini görüb onu da mişarla başından ayağına kimi kəsib iki yerə böldü. Sonra uşağı gətirtdi. Ona da dinindən dönməsi tələb edildi. Uşaq da onun bu tələbinə qarşı çıxdı. Şah uşağı öz adamlarına verib onlara dedi: “Uşağı fılan dağa aparın! Dağa qalxıb zirvəyə çatdıqda ondan dinindən dönməsini tələb edin! Yox əgər o, yenə də öz dinindən dönməsə, onda onu dağın başından aşağı atın!” Onlar uşağı apardılar və onunla dağa qalxdılar. Uşaq dedi: “Ey Allahım, Sən istədiyin şəkildə onlara qarşı məni qoru!” Bu zaman dağ sirkələndi və onların hamısı dağdan aşağı yumbalandılar. Uşaq şahın yanına gəldi. Şah ondan soruşdu: “Səninlə gedənlərə nə oldu?” Uşaq dedi: “Allah-Təala məni onlara qarşı qorudu!” Bundan sonra şah uşağı bir neçə nəfər adama tapşırıb dedi: “Aparın onu qayığa mindirin. Dənizin ortasına çatdıqda, ondan öz dinindən dönməsini tələb edin! Yox, əgər dinindən dönməsə, onu dənizə atın!” Onlar uşağı apardılar. (Dənizin ortasına çatdıqda) uşaq dedi: “Ey Allahım, Sən istədiyin şəkildə onlara qarşı məni qoru!” Qayıq çevrildi, bu zaman hamısı dənizə düşüb boğuldular. Uşaq yenə şahın yanına gəldi. Şah ondan soruşdu: “Səninlə gedənlərə nə oldu?” Uşaq: “Allah-Təala məni onlara qarşı qorudu!” deyə cavab verdi. Sonra uşaq (daha sonra üzünü şaha tutub) belə dedi: “Sən mənim dediyimi etmədikcə, məni öldürə bilməyəcəksən.” Şah soruşdu: “O nədir elə?” Uşaq dedi: “İnsanları bir yerə topla və məni bir kötüyə bağla, sonra da kamanından bir ox çıxart, oxu yayına qoy və “Uşağın Rəbbi olan Allahın adı ilə!” de və at! Əgər dediyim kimi etsən, məni öldürəcəksən. Şah belə də etdi. İnsanları bir yerə topladı sonra uşağı bir kötüyə bağladı, sonra da kamanından bir ox çıxartdı, “Uşağın Rəbbi olan Allahın adı ilə!” dedi və oxu atdı. Ox uşağın gözü ilə qulağının arasına sancıldı. Uşaq əlini oxun sancıldığı yerə qoyub öldü. Bunu görən insanlar dedilər: “Biz uşağın Rəbbinə iman gətirdik! Biz uşağın Rəbbinə iman gətirdik! Biz uşağın Rəbbinə iman gətirdik!” Bu zaman şaha belə dedilər: “Gördün, qorxduğun şey başına gəldi. İnsanların hamısı iman gətirdi.” Şah küçələrin ağzında xəndəklərin qazılmasını əmr etdi. Sonra da xəndəklərdə od qalatdırdı. Şah belə dedi: “Kim dinindən dönməsə onu xəndəyin içinə atın!” Onlar da belə etdilər. Hətta növbə körpəsi ilə olan bir qadına çatdı. O qadın oda düşüb-düşməməkdə tərəddüd etdi. Lakin körpə (dil açıb ) anasına: “Ey anam, səbir et! Sən, həqiqətən də haqq üzərindəsən!” deyə söylədi.”


Tarix: 24.04.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar