Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Test, Braziliya, Jurnal

Test

KəlməbazLatın dilində “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi. Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi. Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər. Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.

Braziliya

Portuqaliyalı səyyah Pedru Kabral XVI əsrdə Braziliyanı kəşf edərkən oranı Həqiqi Xaç Torpağı (portuqalca Terra da Vera Cruz) adlandırmışdı. Sonradan bu ərazilər Müqəddəs Xaç Torpağı (port. Terra da Santa Cruz) kimi tanındı. Amma tarixdə ərazinin adı Brazil Torpağı (port. Terra do Brasil) kimi əbədiləşdi.

“Brazil” (port. Brasil) Braziliya sahillərində bitən və bir vaxtlar kütləvi şəkildə Avropaya ixrac edilən ağacın adıdır. Portuqaliyalılar iddia edirdilər ki, onlar ərəblərin XII əsrdən Avropaya satdıqları, boya, mebel və musiqi alətlərinin hazırlanmasında istifadə edilən qiymətli ağacı tapıblar. Əslində isə ərəblər bu ağacı Cənub-Şərqi Asiyadan gətirirdilər. Həmin ağacdan tünd qırmızı rəngli boya alınırdı və Avropada geniş istifadə olunurdu. Portuqaliyalılar kəşf edilmiş ərazilərdə bitən ağaca “brasa”, yəni portuqalca “zəif közərən kömür” sözünün əsasında yaranmış “brazil” deyirdilər. Bu səbəbdən Pedru Kabralın xaça həsr elədiyi diyarlar sonradan “Brazil torpağı” adlanmağa başlandı.

Jurnal

Bu söz qədim fransız dilində “günlük”, “gündəlik” demək idi və orta əsrlərdə kilsənin gündəlik xidmətlərinin qeydiyyatının yer aldığı kitab belə adlanırdı. Sonradan “jurnal” sözü fərqli mənalarda işlənməyə başladı. Gündəlik ticari sövdələşmələrin və hesablamaların qeydə alındığı sənədlər və insanların yazdıqları şəxsi gündəliklər də belə adlandırıldı. Hazırda bizim “qəzet” adlandırdığımız gündəlik mətbuat vasitələri nəşr edilməyə başlananda onları gündə bir dəfə çıxmalarına və günlük xəbərləri işıqlandırmalarına görə “jurnal” adlandırırlar.


Tarix: 26.11.2014 / 13:02 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqlı Melumatlar
loading...