Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAMDA SİĞƏ VARMI, YOXMU?

Resdaksiyadan: bu gündən saytımızda yeni rubrika – MÖVQE rubrikası fəaliyyətə başlayır. Bu rubrikada cəmiyyətdə müxtəlif yanaşmalar üzündən mübahisəli olan məsələlər barədə müəllif mövqeləri ya məqalə, ya da müsahibə şəklində əks olunacaqdır.

İslam vəhdət dinidir. Bu din insanları parçalamaq üçün yox, birləşdirmək üçün gəlib. Lakin çox təəssüf ki, bu gün də bəzi qüvvələr müsəlmanları birləşdirən prinsipləri təbliğ etməkdənsə, parçalanma və qarşıdurma yaradan məqamları şişirtməyə daha çox üstünlük verirlər. Belə məqamlardan biri də mütə-müvəqqəti əqd məsələsidir(el arasında bu, siğə adə ilə yayılıb). Etiraf edək ki, İslam tarixi boyunca mütəni müdafiə edən şiələrlə mütəni inkar edən sünnilərin arasında kifayət qədər ciddi mübahisələr və hətta düşmənçiliklər yaşanmışdır. Bu mübahisələrdə ədalətə riayət edənlər də olub, bütün qaydaları kənara atıb qarşı tərəfə iftira edənlər də.
Təəssüf ki, mübahisələr bu gün də davam edir. Və bu mübahisələrin növbəti halqası yaxın günlərdə www.mediaforum.az saytının səhifələrində, ajiotaj xarakterli çıxışları ilə oxuculara tanış olan ilahiyyatçı Elşad Miri tərəfindən gündəmə gətirilib. Müəllifin mövqeyinə hörmətlə yanaşmağa çalışaraq bunu demək istərdik ki, hər hansı dini problem (o cümlədən, mütə) barədə elmi mübahisələrin aparılmasını səhv saymamaq da olardı (hərçənd ki, bu barədə mübahisələri meydana gətirmək bu günkü dünyada müsəlmanların mənafeyinə qətiyyən uyğun deyil). Amma hər bir elmi mübahisə ədalət qanunları çərçivəsində baş verməlidir. Tərəflərdən biri özünün haqlı saydığı sübutlar əsasında öz mövqeyinin doğruluğunu durmadan təkid edirsə və hələ üstəlik, qarşı tərəfin baxışlarını təhrif edib ona iftira atırsa, artıq burada heç bir peşəkarlıqdan və səmimiyyətdən söhbət gedə bilməz. Haqqında danışılan məqalə isə bu cür xoşagəlməz məqamlarla zəngindir.

Özünüz qərar verin: İslamda mütə yoxdurmu?

Əvvəla, biz mütə ətrafında tarix boyunca getmiş mübahisələri təkrarlamaq və xırdalıqlara varmaq niyyətində deyilik. Əslində bu mövzuda indiyə kimi həm sünnilərin, həm də şiələrin görkəmli alimlərindən daha tutarlı söz deyə biləcəyimizə də inanmırıq. Məqsədimiz yalnız haqqında danışılan “İslamda siğə varmı?” məqaləsindəki bəzi mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Müəllif məqalənin əvvəlində müvəqqəti nikahı (mütəni) daimi evlilikdən fərqləndirən cəhətlərə toxunaraq, ilk növbədə qeyd edir ki, “siğədə islam hüququndakı adi kəbin kəsdirmək üçün şərt qoşulan şahid və elan yoxdur”. İslam hüququ deyərkən, müəllifin yalnız əhli-sünnə fiqhini nəzərdə tutması çox qəribə görünür. Çünki şiə (cəfəri) məzhəbinə görə, talaqdan fərqli olaraq, nikah zamanı (daimi nikah nəzərdə tutulur) şahid tutmaq və bunu elan etmək vacib şərt deyil. Əlbəttə, bunların olması müstəhəbdir, amma kəbin evlənən kişi ilə qadının özləri tərəfindən də kəsilə bilər. Görünür, müəllif ya bu məsələni bilmir, ya da şiə fiqhini İslam hüququndan hesab etmir.
Daha sonra müəllif yazır: “Təyin edilən vaxt qurtarandan sonra adi boşanmadan fərqli olaraq qadın iddət müddətinin yarısını gözləyir”. Bu məlumatın mənbəyinin haradan gəlməsini bilmək də maraqlı olardı. Çünki şiə alimlərinin (bu gün diri olan müctəhidlər də daxil olmaqla) risalələrində bildirilir ki, cəfəri məzhəbinə görə, daimi evlilikdə qadının talaq zamanı pak olması şərtdir (yəni heyz - menstruasiya halında olmamalıdır). Şərtlərə uyğun olaraq talaq verildikdən sonra qadın 2 dəfə heyz dövrünü yaşamalıdır. Üçüncü heyz dövrü başlayanda iddə qurtarmış olur və qadın istədiyi adamla kəbin kəsdirə bilər. Əri ölmüş qadının iddəsi isə 4 ay 10 gündür. Mütə olunmuş qadın da mütə müddəti bitdikdən və ya kişi qalan müddəti ona bağışladıqdan sonra iki dəfə heyz oluncaya kimi iddə gözləməlidir. İstisna olaraq, qeyri-normal orqanizmə malik olan qadınlar, yəni heyz dövrünü keçirməyən (aybaşı olmayan) qadınlar 45 gün iddə gözləsələr kifayət edər. Göründüyü kimi, daimi nikaha nisbətən müvəqqəti nikahın iddəsi iki dəfə azdır demək düzgün deyil, çünki aradakı fərq talağın heyz yoxsa paklıq dövründə verilməsindən asılı olaraq dəyişir və ən çox halda üçdən-iki nisbətində olur. Yəni mütənin iddəsi daimi nikahın iddəsinin üçdən-iki hissəsindən az olmur.
Maraqlıdır ki, müəllif əslində həqiqətə uyğun olmayan yuxarıdakı cəhətləri, həmçinin, mütədə “kişidən qadının maddi ehtiyaclarını təmin etmək üçün də heç nə istənilməməsini” və mirasın olmamasını əsas tutaraq fikrini belə yekunlaşdırır: “Bütün bunlar da siğənin islamda haram olduğunu göstərir”. Qəribədir, elə deyilmi? Və nəzərə alaq ki, müasir müctəhidlərin bəziləri mütə zamanı tərəflərin hər ikisinin və ya birinin o birindən irs aparması şərt qoyularsa, bu şərtin etibarlı olduğuna fətva vermişlər.
Daha sonra müəllif yazır: “İslamda qadınla kişi arasında yeganə yaxınlıq əlaqəsi ancaq kəbinlə, ailə həyatı qurmaqla mümkündür”. Bu iddianın birinci hissəsi ilə razılaşırıq və əlavə edirik ki, mütə zamanı da kəbin kəsilir. Mütənin də öz kəbini var və kəbinsiz siğə zina sayılır. Ailənin əsas məqsədlərindən birinin nəsil törətmək və tərbiyə etmək olduğunu da heç kim inkar etmir. Ona görə də mütədən doğulan uşaqlar atanın və ananın qanuni övladları sayılır, övlad öz atasının da, anasının da varisi olur və ata onu öz övladı kimi qəbul etməli, atalıq vəzifələrini yerinə yetirməlidir.

Dolaşıq hədislərə istinad edəndə vəziyyət daha da dolaşığa düşür

Müəllif daha sonra mütənin halal ya haram olması barədə rəvayətləri incələyir, amma təəssüf ki, burada da birtərəfli mövqe tutur. Əvvəla, mütənin haram olduğu barədə gətirilən sübutların hamısı sünni mənbələrindəndir. Mübahisəli məsələlərdə qarşı tərəfin də mənbələrindən onun öz əleyhinə sübut gətirmək daha effektivdir. Maraqlıdır ki, şiə mənbələrində mütənin halal olduğu barədə verilən sübutların əksəriyyəti məhz əhli-sünnə mənbələrinə əsaslanır.
Müəllif mütənin haram olduğunu ciddi-cəhdlə sübut etməyə çalışır. Gah yazır ki, mütənin Peyğəmbər zamanında halal olduğu, daha sonra o həzrət tərəfindən qadağan edildiyi barədə məlumatlar var. Özü də bu zaman qadağan əmrinin nə vaxt gəlməsi barədə araşdırma aparmağa çalışır, amma özünü daha da dolaşdırır. Məsələyə aydınlıq gətirmək üçün deyək ki, əhli-sünnə mənbələrində mütənin hökmünün bir müddət halal olduqdan sonra nə zaman qadağan edildiyi barədə 15 fərqli nəzəriyyə vardır; Əllamə Əmini bunları təfsilatı ilə qeyd etmişdir (Əmini. Əl-Ğədir, VI, 225). Belə ki, bəzi rəvayətlərə görə, mütə hökmü Xeybərin fəthində Peyğəmbərin əmri ilə haram edilib (Səhihül-Buxari, Nikah kitabı, XXXII bab, 5115-ci hədis; Səhihü Müslim, Nikah kitabı, III bab, 3431-ci və 3433-35-ci hədislər; Sünənü Ibn Macə, Nikah kitabı, XLIV bab, 1961-ci hədis; Sünənüd-Darimi, 2252-ci hədis və s. mənbələr). Bəzi rəvayətlərə görə, Hüneyn qəzvəsi zamanı Ovtas döyüşündən sonra qadağan olunub (Səhihü Müslim, Nikah kitabı, III bab, 3418-ci hədis və s. mənbələr). Başqa bir nəzəriyyəyə görə, siğə Məkkənin fəthində Peyğəmbər tərəfindən nəsx edilib (Səhihü Müslim, Nikah kitabı, III bab, 3424-cü, 3427-ci və 3428-ci hədislər; Sünənüd-Darimi, 2251-ci hədis və s. mənbələr). Daha bir fikrə görə vida həccində qadağan olunub (Sünənü İbn Macə, Nikah kitabı, XLIV bab, 1962-ci hədis; Sünənü Əbu Davud, Nikah kitabı, XIII bab, 2072-ci hədis; Sünənüd-Darimi, 2250-ci hədis və s. mənbələr). Bir qisim rəvayətlərə görə isə, mütə hər dəfədən sonra icazə verilmək şərti ilə 3 və ya 7 dəfə qadağan olub (Səhihü Müslim, Nikah kitabı, III bab, 3418-ci hədis; Sünənü İbn Macə, Nikah kitabı, XLIV bab, 1963-cü hədis) və s. və i.a.
Göründüyü kimi, Peyğəmbərin sağlığında mütənin qadağan edilməsi barədə məlumatlar çox ziddiyyətli və dolaşıqdır. Elə rəvayətlər arasındakı bu ciddi uyğunsuzluqlar onları səhih qəbul etməyə mane olur.
Üstəlik, şiə və sünni mənbələrinə görə, mütə Peyğəmbərin və Əbu Bəkrin zamanlarında qüvvədə olmuş, istifadə edilmişdir. Lakin Ömər ibn Xəttab camaatın zinaya düşəcəyindən qorxub onu qadağan etmiş və bu qadağana məhəl qoymayanları ağır cəza ilə qorxutmuşdur. Cabir ibn Abdullah Ənsaridən rəvayət olunmuş çoxsaylı hədislərdə mütəni qadağan edən şəxsin məhz Ömər olduğu bəyan edilir (Səhihü Müslim, Nikah kitabı, III bab, 3415-ci, 3416-cı və 3417-ci hədislər və s.). İmam Əli ibn Əbu Talib (ə) də Ömərin bu qadağanını mənfi qiymətləndirirdi: ”Əgər Ömər mütəni qadağan etməsəydi, ən pis insanları çıxmaq şərti ilə heç kim zina etməzdi” (Təfsirüt-Təbəri, VI, 588, Nisa surəsinin 24-cü ayəsinin təfsiri; Əbdürrəzzaq Sənani. Əl-Müsənnəf, 14029-cu hədis; Müttəqi Hindi. Müntəxəbü Kənzil-ümmal (Müsnədü Əhməd ibn Hənbəlin haşi¬yəsində nəşr olunub, VI, 405) və s. mənbələr).
Bir daha qeyd edək ki, yuxarıda göstərilən mənbələrin hamısı əhli-sünnəyə məxsusdur. Ümumiləşdirilmiş nəticə budur ki, mütə Peyğəmbərin zamanında mövcud olmuşdur. Amma sünni mənbələri bir-birinə zidd olan hədislər vasitəsilə mütənin sonralar Peyğəmbər tərəfindən qadağan edildiyini və ya Ömərin zamanına kimi qüvvədə qalandan sonra onun təzyiqləri ilə qadağana mindiyini iddia edir. Şiə məzhəbində isə mütə hökmünün Peyğəmbər tərəfindən qadağan edilməsi barədə hər hansı mötəbər məlumat yoxdur, ona görə də bu hökm öz qüvvəsində sayılır.

Mütənin haram olmasından İbn Abbasın xəbəri yox imiş?

Müəllifin Abdullah ibn Abbasla bağlı qeydləri də maraq doğurur. İbn Abbas kimi məşhur bir səhabənin mütənin qadağan olunması barədə eşitməməsi, bunu başqasından öyrənməsi ən azından təəccüblüdür. Bu, həmin İbn Abbasdır ki, Səhihül-Buxaridəki rəvayətə görə, Peyğəmbər onun barəsində belə dua etmişdi: ”Allahım, bunu dini elmlərdə dərin bilik sahiblərindən (fəqihlərdən) et” (Səhihül-Buxari, Kitabül-vüzu, X bab, 143-cü hədis; Səhihü Müslim, Fəzailüs-səhabə kita¬bı, LXXVI töhfə, 6368-ci hədis). Və bu həmin İbn Abbasdır ki, onu ”hibrül-ümmə”, yəni ümmətin alimi çağırırdılar. Və yenə bu həmin İbn Abbasdır ki, eşitmədiyi bir hədisi öz ravisinin di¬lindən dinləmək üçün məsafənin uzaqlığını nəzərə almadan səfərə çıxır, həmin ravinin qapısında oturub saatlarla gözləyir, o adam evdən çıxdığı zaman həmin hədisi rəvayət etməsini ondan xahiş edirdi (İbn Həcər Əsqəlani. Əl-Isabə fi təmyizis-səhabə, IV, 91). Şiə və sünni mənbələrində Abdullah ibn Abbas Quran təfsiri, fiqh sahələrində ən üstün səhabələrdən sayılır. Sünni məzhəbində Peyğəmbərdən ən çox hədis rəvayət edən səhabələrin (müksirun) sırasında 5-ci yeri Abdullah ibn Abbas tutur. Belə bir məqamın sahibi olan şəxsin mütə hökmü barədə Peyğəmbərin son qərarından xəbərsiz olması və bunu çox sonralar başqalarından eşidib öyrənməsi həqiqətən gülünc görünür. Bir halda ki, elə hər iki məzhəbdə mütənin halallığı barədə rəvayətlərin böyük bir qisminin sənəd zənciri Abdullah ibn Abbasa gedib-çıxır.
Nəhayət, məqalənin sonunda müəllif yenə mütə ilə daimi nikahın fərqlərini xatırlatmağı lazım bilir və bu fərqləri 7 maddədə cəmləşdirir. Qeyd edək ki, müəllifin buradakı bir neçə maddəni hansı mənbələrdən götürməsi qaranlıqdır. Məsələn, siğədəki iddənin daimi evlilikdəki iddədən iki dəfə az olması barədə iddiaya yuxarıda aydınlıq gətirdik. Müəllif fərqlərdən danışarkən yazır ki, siğədə “hər iki tərəf də sərbəstdir. Bir-birilərinə demədən istədikləri yerə gedə bilərlər”. Doğrudur, daimi nikahdan fərqli olaraq, mütədə qadının kişidən icazə almadan evdən çıxması və haraya isə getməsi icazəlidir. Amma burada da şərt qoyulur ki, bu hərəkət kişinin haqqının aradan getməsinə, yəni məsələn, namusunun tapdanmasına, yaxud kişinin mütə şərtlərində nəzərdə tutulmuş hər hansı rahatlığının pozulmasına səbəb olarsa, qadın kişidən icazə almadan evdən kənara çıxa bilməz.

Mütə (müvəqqəti kəbin) əxlaqsızlıq deyil

Oxucular bizim heç də mütəni təbliğ etdiyimizi və hal-hazırda kəsilən siğə kəbinlərinin şəriətə uyğun olduğunu iddia etdiyimizi düşünməsinlər. Çox təəssüf ki, bəzi şiələrin heç bir qaydanı gözləmədən mütə etmələri, əslində isə naməhrəm qadınla zinaya bərabər olan bir yaxınlıqda bulunmaları mütəyə qarşı bu qədər nifrətin və anlaşılmazlığın yaranmasına səbəb olub. Mütə– şəhvət hissini ağına-bozuna baxmadan təmin etmək vasitəsi deyil. Şiə məzhəbinə görə, mütə evliliyin bir növüdür və mütləq şəriət qaydaları çərçivəsində icra edilməlidir. Məsələn, əxlaqsızlıqla məşğul olan və bununla tanınan qadını mütə etmək haramdır. Bakirə qız siğə kəbini kəsdirərkən, eynilə daimi nikahda olduğu kimi atasından və ya babasından icazə almalıdır, əks halda mütə batil hökmündədir. Şəriət qaydası ilə talağı verilməmiş qadınla siğə etmək günahdır. Talağı verilmiş qadın isə mütləq iddəsini gözləyəndən sonra siğə edilə bilər. Evli qadınlarla mütə edilməsindən isə söhbət gedə bilməz. Bu, ən böyük günah olan zinanın aşkar formasıdır.
Mütə ilə daimi nikahın arasındakı əsas fərqlər bundadır ki, daimi nikahda müddət təyin edilmir, mütədə isə edilir. Daimi nikahda ərlə arvad bir-birinin varisi olurlar, mütədə isə bu yoxdur (bəzi müasir müctəhidlər hətta qarşılıqlı şərtləşmə ilə mütədə də bunun mümkünlüyünü söyləyirlər). Daimi nikahın sona çatması üçün talaq verilməlidir; mütə evliliyi isə ya müddətin sona çatması ilə, ya da kişinin qalan müddəti qadına bağışlaması ilə qurtarır. Daimi evlilikdə kişinin qadını zəruri həyat şəraiti ilə təmin etməsi vacibdir, mütədə isə qadının bunu tələb etməyə haqqı yoxdur. Daimi evlilikdə qadın ərindən icazəsiz evdən kənara çıxa bilməz. Mütədə isə kişinin haqqının itirilməməsi şərti ilə buna icazə verilir. Daimi nikahla mütənin iddəsi arasındakı fərqi də yuxarıda izah etdik.
Ortaq cəhətlərə gəlincə, hər iki evlilik kəbin kəsdirməklə (yəni kəbin duasını oxumaqla) gerçəkləşir. Hər iki evlilikdə kişinin qadına müəyyən məbləğdə mehriyyə verməsi şərt qoyulur. Özü də mütədə mehriyyənin dəqiq məbləğinin təyin olunması daha ciddi təkid edilir. Qadın hər iki halda mehriyyəni kişiyə bağışlaya bilər. Hər iki halda uşaq doğulsa, ataya mənsub edilir və övladlıq hüquqları ona şamil olur. Övlad öz bioloji atasının və anasının, ikitərəfli və birtərəfli bacı-qardaşlarının varisi olur. Hər iki halda qadının ev işlərini görmək məcburiyyəti yoxdur. Hər iki nikahda qadınla kişinin arasında məhrəmlik yaranır. Yəni qadının bəzi qohumları kişiyə, kişinin bəzi qohumları da qadına məhrəm olur. Hətta daimi nikahda olduğu kimi, mütədə də iki bacı ilə eyni zamanda evlənmək haramdır və s.
Mütə cəmiyyətdəki bəzi sosial-əxlaqi problemləri aradan qaldırmağa kömək edir. Müəyyən səbəblər (istər mad¬di, istər sosial, istərsə də psixoloji amillər) üzündən daimi ailə qurub bir yerdə yaşaya bilməyən, buna hazırlığı və imkanı olmayan şəxslərin harama düşməsinə mane olur. Həzrət Mü¬həmməd Peyğəmbərin (s) zamanında uzun sürən hərbi yürüşlər zamanı bu təcrübədən istifadə edilirdi. Müasir cəmiyyətdə təhsil, maddi tə¬minat, yaşayış məskəni kimi problemlər üzündən insanlar erkən yaş həddində evlənə bilmir və nəticədə yaşlarını ötürürlər. Bu zaman mütə onlar üçün müvəqqəti olaraq daimi evlilik həyatını əvəz edə bilər. Eyni zamanda ərindən boşanan çox sayda qadın olur ki, hansısa səbəbdən ikinci dəfə daimi kəbin bağlaya bilmir və ya istəmir (uşaqlara görə, yaşayış yeri, ənənələrə və s. görə). Bu zaman da müvəqqəti kəbin harama getməyin qarşısını alan amil ola bilər.
Nəhayət, müvəqqəti əqd, icrası vacib olan dini göstəriş deyil. Bu, insandan asılı olmayan hansısa səbəblər üzündən yaranmış çətinliklər zamanı, daimi kəbinin şərtlərini icra edə bilməyənlər üçün icazədir.

Əhli sünnə fiqhində də müvəqqəti nikahlar mövcuddur!

Bunu da qeyd edək ki, bütün müsəlman dünyasında, hətta sünni aləmində belə, qeyri-ənənəvi nikah növündən istifadə edilir. Əhli-sünnənin bəzi təəssübkeş ideoloqları bir yandan şiələri mütə etməklə zinakarlıqda təqsirləndirir, bir yandan isə demək olar ki, mütə ilə eyni olan misyar nikahına icazə verirlər. Misyar – əsasən, ərəb ölkələrində gənclər arasında get-gedə intişar tapmaqda olan nikah növüdür. Onun ənənəvi daimi nikahdan fərqi budur ki, kəbin zamanı tərəflər vaxt məhdudiyyətini şərt kimi qoymurlar. Amma müəyyən zaman çərçivəsində birgə yaşamağı niyyət edirlər; yəni niyyət edirlər ki, müəyyən vaxtdan sonra ayrılsınlar. Misyar nikahın mütədən əsas fərqi budur ki, burada tərəflər mütləq talaqla ayrılırlar. Misyar nikahından əvvəl tərəflər şərtləşə bilərlər ki, kişi qadına yaşayış xərci verməyəcək, onun cinsi tələbatını ödəmək vəzifəsini daşımayacq və tərəflər bir-birindən irs aparmayacaqlar. Misyar evliliyi zamanı qadın öz evində (hətta atasının evində) yaşaya və istədiyi zaman əri ilə görüşə bilər. Göründüyü kimi, bütün bu şərtlər mütədəki ilə eynidir. Bundan əlavə, ərəb dünyasında uzaq səfərə çıxan kişinin həmin diyarda evlənməsi (buna misfar, yəni səfər nikahı deyilir), yaz mövsümündə yaylağa köçən kişinin oradakı qadınla evlənməsi (buna misyaf, yəni yaz evliliyi deyilir) kimi müvəqqəti nikah növləri də yayılıb.
Deyilənləri yekunlaşdıraraq bunu söyləməyi lazım bilirik ki, dini mövzular arasında vəhdətə, fikir birliyinə, sayğı və hörmətə, əməkdaşlığa təkan verən kifayət qədər məsələlər olduğu halda, mütə problemni qabartmaq, özü də tam qərəzli və birtərəfli şəkildə qabartmaq qətiyyən yolverilməz haldır. Mütənin bugünkü cəmiyyətin tələblərinə nə qədər cavab verib-verməməsi, yaxud cəmiyyətdəki mütə hallarının şəriətə uyğun olub-olmaması müzakirəyə çıxarıla bilər və bu, normal haldır. Amma bu məsələyə dini don geyindirərək, əsassız şəkildə üzərinə qadağan damğası vurmaq əslində heç bir məntiqə uyğun deyil. Bunu da qeyd edək ki, bu cür mübahisəli mövzuları işıqlandırmaq istəyən müəlliflər ya təəsübkeşliyi kənara atıb obyektiv mövqe tutmalı, ya da ən azından hər iki tərəfin arqumentlərini öyrənməli, savadlı və diqqətli olmalı, bir tərəfin mövqeyini təhrif edib, bunun hesabına qarşı tərəfə haqq qazandırmamalıdırlar. Çünki hər şeydə olduğu kimi, elmi mübahisədə də bəzi normalara və ən əsası, ədalətə riayət etmək zəruridir.


Tarix: 21.11.2012 / 23:28 Müəllif: [Ram] Baxılıb: 1911 Bölmə: Maraqlı melumatlar
loading...