Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünnəni necə başa düşməli?

Sünnə həm də tamamlayıcı metoddur; bu metoda görə, iman biliklə, vəhy də ağılla tamamlanır ki, Allah təalanın da dediyi kimi "Nur üzərində nur" olsunlar. Bu metoda görə, qanunvericilik təlim-tərbiyə ilə tamamlanır. Təlim-tərbiyə yaradır, təsis edir, istiqamətləndirir. Qanunvericilik isə qoruyur, təhkim edir, islah edir, cəzalandırır. Qanunvericilik tərbiyə, tərbiyə də qanunvericilik olmadan bir iş görə bilməz. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) tərbiyəyə və qanunvericiliyə eyni gözlə baxmışdır.
Bu metoda görə, güc hüquqla, hakimiyyət Quranla, dövlət dəvətlə tamamlanır. Allah Quranla çağırmadığını hakimiyyətlə çağırır. Kimi ki, hüquq qorumur, ona güc arxa çıxır. Dəvətə mane olanları dövlət tərbiyə edir. Hər məqamın öz hökmü var, - səhvə yol vermək olmaz.

Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) həm Quran, həm də hökmdar idi; həm dəvətçi, həm də dövlət idi; o, insanlara həm namaz qıldırır, həm də onlara döyüşlərdə sərkərdəlik edirdi; o, küsülü və düşmən tərəfləri barışdıran hakim idi; müharibədə də, dinc zamanlarda da insanlara rəhbərlik edirdi; israiloğullarından bu məsələdə fərqlənirdi. Məlumdur ki,tarixin müxtəlif mərhələlərində israiloğullarını dəvətlə məşğul olan peyğəmbər, dövləti əlində tutan hökmdar idarə etmişdir. Quranda buyurulur ki, israiloğullarının peyğəmbəri onlara deyir: "Allah Talutu sizə padşah göndərdi..." (əl-Bəqərə, 247). Peyğəmbərimiz İsa peyğəmbərə istinadən xristianların iddia etdikləri kimi, "Din Allahın, dövlət isə qeysərindir" - zehniyyətində deyildi. Allah ona öyrədirdi ki, belə desin: "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!" (əl-Ənam, 162-163).

Beləliklə, o, ümməti idarə edir, həyatın bütün sahələrinə nizam verirdi. Özü də Kitaba və Tərəziyə əsaslanaraq! Kim Kitaba və Tərəziyə qarşı çıxsaydı, sərt dəmirlə tərbiyə kötəyi yeyərdi. Allah bu haqda buyurur: "And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin..." (əl-Hədid, 25). İbn Teymiyyə deyib: "İnsanlara yol göstərən bir kitab, mədədkar dəmir mütləq və mütləq lazımdır. Allah təala da buyurur: "Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!" (əl-Furqan, 31). Bu metoda görə, rəhbərlik və xalq bir-birini tamamlayır. Rəhbər mələk deyil ki, səmada yaşasın; o, adi insandır, yer üzündə yaşayır. Rəhbər rahiblər kimi monastıra çəkilib xalqdan uzaq olmamalı, pis günündə də, yaxşı günündə də onun yanında olmalıdır. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) məhz belə edərdi! O, böhran zamanlarında ac qalanların ilki, tox olanların sonuncusu idi; savaş meydanlarında qoşunun başında, namazlarda səflərin əvvəlində durardı. Əxlaqda müsəlmanlara nümunə idi.

Peyğəmbəri görmək istəyənlər onun məscidinə gələr, ancaq onu səhabələrindən fərqləndirə bilməz və daima soruşardılar ki: "Hansınız Məhəmmədsiniz?" Allahın rəsulu məscid inşasında iştirak edər, hamı kimi o da daş daşıyar, palçıq qatardı. Hətta bəzi səhabələr demişdilər: Peyğəmbər işlədiyi halda biz otursaq, Bu, bizim zəlalətimiz olmazmı?! Bu metoda görə, möminlər bir-birini tamamlayırlar. Tamamlayırlar ki, arzu olunan cəmiyyətlərini qurub ideal ümməti formalaşdırsınlar. Tamamlayırlar ki, islamı dünyaya tanıtsınlar. Onlar hamılıqda bu vəzifədən məsuldurlar. Bunun üçün bir-birini tamamlamalı, həmrəy olmalıdır. Hər bir kəs bacardığı qədər öz ixtisasına uyğun olaraq bu missiyanı yerinə yetirməlidir; Alim elmindən, varlı malından, hakim hökmündən istifadə edərək Allahın dinini yer üzündə ucaltmalıdır. Təbii ki, kimin nəyə imkanı çatır, onu da etməlidir. Allah bir insanı bacardığından artıq yükləməz. Möminlər başqa insanların hamisi olmaqla yanaşı, qadınlı, kişili bir-birlərinə də dostyana davranmalıdırlar. Allah təala bu haqda buyurur: "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (ət-Tövbə, 71).

Sünnə real metoddur Sünnə, həm də real metod olub insanlara qeyri-adi məxluq kimi baxmır. Bu metoda görə, insanlar qanadları olan mələklər deyillər. Onlar yeyən, bazarlarda gəzən, instinkt və şəhvət hissləri olan varlıqlardır. İnsanların mənəvi ehtiyac və tələbatları da var; onlar mənəvi rahatlıq, yüksək əxlaq axtarışındadırlar. İnsanın təbiətində həm torpağa, həm də Allaha çəkən xüsusiyyətlər var. Axı o, torpaqdan yaradılıb, Allahın nəfəsi də ona üfürülüb. Təbiidir ki, insan həm ucala, həm enə, həm irəliləyə, həm büdrəyə, həm doğru yolu tuta, həm yolundan aza, həm asi, həm də tövbəkar ola bilər. Bəzi səhabələr özlərini münafiq sayardılar. Çünki evdə başqa cür olurdular, Peyğəmbərin yanında bir başqa.

Bir gün bu səhabələrdən biri - Hənzələ evindən çıxır Peyğəmbərin yanına tələsir ki, düşdüyü bu haləti ona danışsın. Yol boyu hey deyirdi: "Hənzələ münafiqdir, Hənzələ münafiqdir". Peyğəmbərin yanına çatır başına gələnləri ona danışaraq deyir ki: "Ey Allahın rəsulu, sənin yanında olarkən qəlbim riqqətə gəlir, gözlərim yaşarır, rəbbimi xatırlayıram, axirəti gözüm önünə gətirirəm. Elə ki, evə getdim, hər şey tərsinə olur; uşaqlarımla oynaşıram, zövcəmlə də həmçinin. Hər şeyi unuduram". Peyğəmbər ona cavabında deyir: "Ey Hənzələ, əgər siz mənim yanımda ikən olduğunuz halətdə daima olsaydınız, mələklər sizlərə əllə salam verərdilər. Ancaq, ey Hənzələ, bu halət yanı-sıra olur"[1]. Bununla da Peyğəmbər təsdiqləmiş olurdu ki, insan həm təmiz və saf, həm də qafil ola bilir. Bir insanın öz həyatını həm rəbbinə, həm də özünə, həm dünyasına, həm də axirətinə ayırmağında bir qəbahət yoxdur. Belə bir deyim var ki: "Bir saatını qəlbinə, bir saatını da Rəbbinə ayır!" Peyğəmbərin sünnəsi insanın zəifliyini nəzərə alaraq, mübahların sayını çoxaltmış, haramların dairəsini isə daraltmışdır. Əbu Dərda rəvayət edir ki, bir dəfə Allahın rəsulu (Allahın xeyir-duası və salamı olsun!): "Allahın öz kitabında halal bildiyi şey halal, haram saydığı şey də haramdır. Danışmadığı şeylər isə bir lütfkarlıqdır. Allahın lütfünü qəbul edin və (bilin ki,) O, heç nəyi yaddan çıxartmayıb"[2], - dedi və bu ayəni oxudu: "...Rəbbin unudan deyildir..."[3] Peyğəmbərin sünnəsi insanın zəifliyini nəzərə almış, qadağalarda zərurəti qabağa çəkmişdir. Həmçinin, bu Sünnə insanın ehtiyaclarına laqeydliklə baxmamış, zəruri və ehtiyac anında bəzi haram əməlləri mübah qılmışdır. Məgər Peyğəmbər qotur xəstəliyindən şikayətlənən iki nəfərə ipək paltar geyinməyi icazə verməmişdi?! Sünnə insan reallığından çıxış edərək, günah etdiyi zaman onun zəifliyini nəzərə alır. Bu səbəbdən tövbə qapılarını qapamamış, əksinə, onları günahkarların üzünə taybatay açmışdır. Açmışdır ki, tövbə edib ondan bağışlanma diləsin.

Hədislərin birində oxuyuruq: "Allah gecələr əlini açar ki, gündüzlər günah işləyənin tövbəsini qəbul etsin. Gündüzlər də əlini açar ki, gecələr günah işləyənin tövbəsini qəbul etsin. Bu, günəş qərbdən çıxanadək davam edəcəkdir"[4]. Digər bir hədisdə isə deyilir: "Məhəmmədin canı Əlində olana and olsun ki, əgər günah işləməsəniz, bağışlanma diləməsəniz, Allah sizi (dünyadan) aparar, yerinizə başqalarını gətirər. Onlar günah edib bağışlanma diləyərlər, O da onları bağışlayar"[5]. Sünnədə insanların fərqli xüsusiyyətləri, müxtəlif halətləri nəzərə alınıb. Bu baxımdan Peyğəmbər bir neçə şəxs tərəfindən verilmiş eyni sualı müxtəlif şəkillərdə cavablandırardı. O bilirdi ki, insanlar psixoloji, fiziki, zehni, maddi baxımdan eyni deyillər. Odur ki, qocalarla qoca, uşaqlarla uşaq, gənclərlə gənc... kimi davranardı. İnsanlara çıxılmaz hallarda bir çox imtiyaz tanıyardı, onların vəziyyətlərini diqqətlə qiymətləndirərdi. Peyğəmbərimiz xalqların adətlərini, onların arasındakı fərqləri nəzərə alardı. Məsələn, həbəşlərə icazə vermişdi ki, bayram günü məscidində çalıb oynasınlar. Həmçinin, yaşının azlığını nəzərə alaraq Həzrəti Aişəyə özünün arxasında durub onlara tamaşa etmək icazəsi vermişdi. Eləcə, Allahın rəsulu istirahətə və əyləncəyə olan ehtiyacı nəzərə alaraq toylarda əylənməni və kənar şəxslərin iştirakını dini baxımdan məqbul saymışdı


Tarix: 27.11.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar
loading...