Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AİLƏ HƏYATINDA QADINA VERİLƏN DƏYƏR

İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün heç bir səbəb tapa bilməyəcək.

Sevgini, hörməti və sədaqəti daimi edən, iman, Allah qorxusu və gözəl əxlaqdır. Bir insanı, imanı və əxlaqı üçün sevən adam, ailə həyatında da qarşısındakı adama qarşı hörmət bəsləyən, sadiq və gözəl əxlaqlı olacaq. Nə gəncliyini, sağlamlığını gözəlliyini itirməsi, nə də zənginlik kimi xüsusiyyətlərini itirməsi, həmin insanın sevgisinə və qarşı tərəfə verdiyi dəyərə təsir edə bilməyəcək. İmanı və Allah qorxusu olduğundan heç vaxt qarşı tərəfi narahat edən, çətinliyə salan hərəkətlər etməyəcək. Quran əxlaqına uyğun olaraq həmişə şəfqətli, mərhəmətli, ədalətli və xoşniyyətli olacaq, Allah qarşısında məsuliyyət daşıdığını unutmayacaq. Allah Quranda ailədə qadın və kişinin bir-birlərinə qarşı olan məsuliyyətlərini “… Onlar sizin, siz də onların libasısınız …” (Bəqərə Surəsi, 187) ayəsində bildirir. Allah bu ayədə insanlara qadın və kişinin ailə həyatında bir-birlərinə qarşı bərabərhüquqlu olduqlarını da xatırladır. Allahın ayədə bildirdiyi “libas” ifadəsi, tərəflərin bir-birləri üzərindəki qoruma xüsusiyyətlərini göstərir. Bu ayədə, həmçinin qadın və kişinin bir-birlərini tamamlayan xüsusiyyətlərinə də diqqət yetirilir.

Allah başqa bir ayədə də
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum Surəsi, 21)

ifadəsiylə, ailədə “sevgi və mərhəmət” anlayışlarının əhəmiyyətinə diqqət cəlb edilir. İman edənlər ailədə qarşılıqlı olaraq, bir-birlərini Allahın onlara olan bir neməti və əmanəti qəbul edir, bundan ötrü də bir-birlərinə böyük dəyər verirlər. Hər cür çətinlik, ya da səhv qarşısında sevgini və mərhəməti əsas götürərək hərəkət edirlər. Qurana uyğun davranışın hər çətinliyin öhdəsindən gələcəyini və qarşılaşdıqları problemləri həll edəcəyini bilirlər. Bu da Allahın ayədə ifadə etdiyi kimi evliliyin mömin qadın və mömin kişi üçün bir-birlərində “dinclik və rahatlıq tapmalarını” təmin edən bir nemətə çevrilməsinə səbəb olur.

Allah Quranın “… bir-birinizlə yaxınlıq etmişdiniz…” (Nisa Surəsi, 21) ayəsiylə, evliliyin təmin etdiyi səmimiyyətə və yaxınlığa da diqqət yetirmişdir. İman edənlərin evlilikdəki bu səmimiyyətlərini, yaxınlıqlarını və bir-birlərini qiymətləndirməsinin səbəbi, bu şəxslərin axirətdə də sonsuza qədər davam edəcək bərabərliyi qarşılarına məqsəd qoymalarıdır. Əsl sədaqət bu düşüncəni tələb edir. Aralarında mənfəətlərə əsaslanan müvəqqəti sevgi olmadığı üçün və qarşılarına axirətdə sonsuza qədər birlikdə olmağı məqsəd qoyduqları üçün bir-birlərinə qarşı çox sadiq, yaxın və səmimi olurlar.

Göründüyü kimi Quran əxlaqı əsas götürüldüyündən, hər iki tərəf Allahdan qorxduqları, vicdanlı olduqları üçün daim gözəl bərabərlik şəraitində yaşayırlar. Bu cür sədaqət, vəfa, hörmət, sevgi, səmimiyyət, xoşniyyət kimi vacib əxlaq xüsusiyyətlərinin nəticəsində ailə davamlı və sabit olur. Bu xüsusiyyətlərdən məhrum olan insanların evlilikləri isə qısa müddətli olur.

Buna görə də İslam əxlaqında ailəli olmaq qadın üçün böyük rahatlıqdır. Sevgini, hörməti, sədaqət və vəfa hislərini ən gözəl şəkildə yaşadığı bərabərlikdir. Qarşısındakı insandan həmişə hörmət, sevgi və qayğı görür. Mübahisə, mənfəət mübarizəsi, üstünlük axtarışı, qürur, yalan kimi pis əxlaq xüsusiyyətlərinin olmaması, qadının ailədə Allahın ayədə bildirdiyi kimi, “dinclik və rahatlıq tapmasını” təmin edir.

Peyğəmbərimiz (s.ə.v.) öz həyatıyla bu mövzuda bütün möminlər üçün nümunə olmuşdur. Allah
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab Surəsi, 21)

ayəsiylə buna diqqət yetirmişdir. Peyğəmbərimiz bir çox sözündə mömin qadınların nə qədər dəyərli varlıqlar olduqlarını ifadə etmişdir. Bu sözlərindən birində

“Dünya müvəqqəti bərbəzəkdir. Dünya bərbəzəyinin ən xeyirlisi isə salehə qadındır” şəklində buyurmuşdur.

Bir başqa hədisdə isə ailədə qadına göstərilməli olan qayğını və verilməli olan dəyəri
“Ən yetkin imana sahib mömin, xasiyyəti ən gözəl və ailəsinə qarşı ən nəzakətli, lütfkar olandır” sözləriylə ifadə etmişdir. Bundan başqa Peyğəmbərimizin (s.ə.v.) göstərdiyi gözəl əxlaq bu sahədə bütün müsəlmanlar üçün gözəl nümunə olmuşdur. Bir hədisdə evlilikdə qadınlara qarşı göstəriləcək gözəl əxlaqın əhəmiyyətini belə xatırlatmışdır:
“Ən xeyirliniz, xanımlarına qarşı ən xeyirli olanınızdır. Mən xanımlarına qarşı sizdən ən yaxşı olanıyam.”

Bundan başqa Peyğəmbərimiz (s.ə.v.) Vida Xütbəsində:
“Qadınlar sizə Allahın bir əmanətidir. “
şəklində buyuraraq, qadınlara qarşı necə münasibət göstərmək lazım olduğunu bir daha vurğulamışdır.

Bütün həyatında olduğu kimi ailə həyatında da iman edənlər üçün gözəl nümunə olan Peyğəmbərimiz (s.ə.v.) xanımlarına qarşı daima şəfqət, mərhəmət və gözəlliklə davranmışdır. Hz. Aişə (r.ə)-dan rəvayət edildiyinə görə Peyğəmbərimiz
“Xanımlarına qarşı insanların ən mülayimi, ən gülərüzlü olanı idi. “


Tarix: 24.11.2014 / 12:31 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar
loading...