Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Oxumaq Qaydasi

Qurani-kərimi oxumaq dinimizdə ən böyük savablardan və ibadətlərdən biri sayılır. Bir gün Peyğəmbər buyurdu: “Ürəklər də dəmir kimi paslanır”. Səhabələr soruşdular: “Bəs qəlbin pasını nə ilə təmizləmək olar?” Peyğəmbər buyurdu: “Quran oxumaqla”.



Yenə Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, gözünüzün haqqını verin. Soruşdular ki, gözün haqqı nədir? Buyurdu: “Quran oxumaq”. Quran oxuyan insanın əxlaqı gözəlləşər (əgər oxuduqlarını həyata tətbiq edərsə), sağlamlığı möhkəmlənər, gözü itiləşər, həm Allahın, həm də insanların yanında hörmət-izzət qazanar. Quran oxunan evin ruzi-bərəkəti bol olar. Peyğəmbər buyururdu ki, evinizi Quran qiraəti ilə nurlandırın; içində Quran oxunan evin bərəkəti çoxalar, ev əhlinin nemətləri aşıb-daşar.

Qurani-kərimi oxumağa başlamazdan əvvəl bəzi şərtlərə riayət etmək lazımdır. Əvvəla, Quran oxuyan adamın cənabətdən pak olması məsləhətdir; boynunda qüsl olan şəxsin Quran oxuması məkruhdur (bəyənilməzdir). Amma Quranda vacib səcdə edilməsi lazım olan ayələrin yer aldığı dörd surəni oxumaq cənabətli şəxsə qəti surətdə haramdır. Bunlar Səcdə (32-ci), Fussilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələridir; bu surələrin istənilən ayəsini oxumaq günahdır. Amma Quranın bunlardan savayı ayələrinin 7-dən çoxunu oxumaq cünüb şəxsə məkruhdur.

Qurani-kərimin yazısına qüslsüz və dəstəmazsız toxunmaq günahdır. Ümumilikdə Qurani-kərimin cildinə, vərəqlərinə, sətirlər arasındakı yerə qüslsüz və dəstəmazsız əl vurmaq məkruh (bəyənilməz) sayılır.

Quran tilavətindən qabaq ağzı yumaq və dişləri misvakla təmizləmək də bəyənilir. Peyğəmbər tövsiyə edirdi ki, Quranın yollarını pak edin. Soruşdular: “Quranın yolları nədir?” Həzrət cavab verdi: “Ağız”. Yenə soruşdular: “Ağzımızı nə ilə təmizləyək?” Peyğəmbər buyurdu: “Misvakla”.

Qurani-kərimi oxuyarkən sakit bir yerə, diqqətin yayınmadığı bir mühitə çəkilmək, yerdə üzü qibləyə oturmaq, Qurani-kərimi dizdən yuxarı müstəvidə qoymaq məsləhətdir. Müqəddəs Kitabı rəhilin üzərinə qoyub oxumaq daha yaxşıdır. Yeri gəlmişkən qeyd edək ki, Quranı gəzdirərkən də beldən yuxarı səviyyədə tutmaq müstəhəb sayılıb.

Quranın qiraətinə salavatla başlamaq, sonra şeytanın şərindən Allaha sığınmaq, yəni bu sözləri söyləmək müstəhəbdir: “Əuzü billahi minəş-şeytanir-rəcim”. (Qovulmuş şeytandan Allaha sığınıram). Bundan sonra da “Bismillahir-Rəhmanir-Rəhim” deyib tilavətə başlamaq lazımdır. Hər surəni oxuyub qurtarandan sonra, eləcə də Quran oxunuşunu bitirəndən sonra “Sədəqallahül-Əliyyül-Əzim” deyilir (Uca və əzəmətli Allah doğru buyurub). Quranı xətm edəndən (tam oxuyub bitirəndən) sonra oxunması müstəhəb olan dualar var ki, bunları ya müvafiq dua kitablarından, ya da Quranın ərəbcə bəzi nəşrlərinin son səhifəsindən əldə edə bilərsiniz.

Quranı gözəl səslə oxumaq çox bəyənilir. Hədisdə buyurulduğu kimi, hər şeyin bəzəyi var, Quranın bəzəyi də gözəl səsdir. Bu zaman hərfləri düzgün tələffüz etməyə çalışmaq, harada durub nəfəs almağı bilmək, sətirlərin yuxarı qismindəki təcvid işarələrinə riayət etmək lazımdır. Quranı məlum və məşhur qiraət avazlarından biri ilə oxumaq müstəhəbdir. Quran qiraətini musiqiyə çevirmək, yersiz zəngulələr vurmaq günahdır. Quranı düzgün oxuya bilmək üçün təcvid elmindən xəbərdar olmaq lazımdır. Qurani-kərimin vacib səcdə ayələrinə çatanda səcdə etmək lazımdır.

Qurani-kərimi oxuyarkən tələsmək bəyənilmir. Hətta Peyğəmbər zamanında bəzi səhabələr çox qısa müddət ərzində Quranı oxuyub bitirdiklərini söyləyəndə, o həzrət etiraz edir və həmin adamları tələsməməyə, oxuduqları barədə düşünməyə çağırırdı. Ayələri tilavət edərkən mənalarını düşünmək, Quranı “yaşamaq” böyük savaba malikdir. İnsan Quran oxuyarkən ruhunu buna uyğun kökləməyi bacarmalıdır. Yəni Allahın mükafatlarından bəhs edən ayələri oxuyanda gərək bunlara görə şükr etsin və onları Allahdan istəsin. Cəhənnəm və əzab ayələrini oxuyanda öz günahlarını yada salsın, Allahın mərhəmətinə sığınsın, tövbə etsin. Keçmiş peyğəmbərlərin əhvalatını oxuyanda onlardan ibrət götürsün. Əxlaqi gözəlliklər barədə tövsiyləri əhatə edən ayələrlə qarşılaşanda, onları yadda saxlasın və gələcək həyatında bunlara riayət etməyə çalışsın və s.

Qurani-kərimi evdə oxumadan saxlamaq bəyənilməz işdir. Adam ərəb hərflərini bilirsə, mütəmadi olaraq Quranı açıb oxumalıdır. Əgər ailə üzvləri içində bunu bacaran yoxdursa, onda heç olmazsa Quranı hərdən-bir oxuya bilən adamlara verib oxutdurmaq lazımdır. Hədislərdə deyilir ki, evin bir küncündə istifadəsiz qalıb toz basmış Quran qiyamətdə öz sahibindən Allaha şikayət edəcək.

Burada yazılan şərtləri Qurani-kərimin tərcümə nüsxələrinə də tətbiq etmək müstəhəbdir. Ərəb əlifbasını bilməyən və Quranı orijinaldan oxumağı bacarmayan adam bunu öyrənməyə çalışmalıdır. Amma imkan yoxdursa, heç olmazsa, Quranın azərbaycan dilinə tərcüməsini oxuyub mənasını anlasa da savab qazanar.

Qurani-kərimin oxunuşunu dinləyən adam sakitliyə riayət etməli, Müqəddəs Kəlamın ehtiramını saxlamalı, ayələrin mənasını anlamağa çalışmalıdır.

Müəllif: İslam.az


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 286 Bölmə: Maraqlı melumatlar
loading...