Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ESAS QADIN CINSINDEN OLANLAR OXUSUN

Ailə zahiri cəhətdən cəmiyyətin ən kiçik qurumudur, lakin əhəmiyyət baxımından cəmiyyətin əsas sütunlarından birini təşkil edir. Təsadüfi deyil ki, belə bir deyim mövcuddur: «Ailə də bir dövlətdir». Çünki, hər bir dövlətdə olduğu kimi, hər bir ailənin də öz strukturu, öz konstitusiyası, özünəməxsus idarəetmə sistemi və tərəflər arasında vəzifə bölgüləri vardır.
Hər bir millətdə, xalqda, ideoloji-fəlsəfi cərəyanlarda olduğu kimi, ilahi dinlərdə də ailəyə xüsusi önəm verilir. Biz bu gün konkret olaraq son ilahi din olan İslam dininin ailəyə münasibəti, ailə planlaşdırılması, reproduktiv sağlamlıq və s. məsələlərə münasibətini araşdırmağa çalışacağıq.
İslamda ailə barəsində Qurani-Kərimdə çoxlu ayələr və Peyğəmbərimiz və İmamlarımızdan çoxsaylı hədislər mövcuddur. Bundan əlavə, İslamın müxtəlif hüquq kitablarına nəzər saldıqda orada ailə hüququ, ailədə kişi və qadının hüquq və vəzifələri, övlad tərbiyəsi, övladın ata-ana üzərində olan hüququ və s. kimi çoxsaylı hökmlərə rast gəlmək olar. Çünki, bayaq qeyd etdiyimiz kimi, cəmiyyət müxtəlif ailələrin birləşməsindən yaranır və bu iki qurumun - yəni cəmiyyət və ailənin - hər birinin səadəti digərindən birbaşa aslıdır. İslamda ailə - bu ilahi və təbii proses bir çox problemləri asanlaşdıran, cavanların paklığını davam etdirən, onları müxtəlif fiziki və psixoloji xəstəliklərdən qoruyan başlıca amildir.
Qurani-Kərimin Rum surəsi, 21-ci ayəsində buyurulur:
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsindən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət və nişanələrindəndir. Həqiqətən, bunda düşünən qövm üçün ibrətlər vardır». Gördüyümüz kimi, Uca Rəbbimiz insanı yaratdığı gündən onu tək qoymamış, onun varlığını həyat yoldaşı ilə tamamlamış və onların arasında mehr-məhəbbət yaratmışdır. Məhəbbət, qadın və kişinin bir-birinə qarşı duyduqları ülvi hisslərdəndir. Allah-Təala bu müqəddəs duyğunu hər iki fərdin fitrətində yerləşdirmişdir. Bu müqəddəs hissin sayəsində kişi və qadın bir-birinə qarşı maraq duyur, bir-birini sevir və nəhayət ailə həyatı qurmaqla bir-birilərinə qovuşurlar.Hər hansı bir üzrlü səbəb olmadan subay qalmaq müqəddəs dinimizdə ciddi surətdə məzəmmət olunmuşdur. Subay qalmağın ictimai, fərdi, ruhi və psixoloji zərərləri çoxdur. Belə şəxslər özlərində daha az məsuliyyət hiss edir və çətinliklər müqabilində daha dözümsüz olurlar. İndi isə gəlin İslam dininə görə evlənməyə olan münasibəti sxematik şəkildə açıqlayaq. İslama görə:
1. Evlənmək ibadətdir. İmam Sadiq (ə) buyurmuşdur: «Evli şəxsin qıldığı 2 rəkət namaz subay şəxsin qıldığı 70 rəkət namazdan üstündür».
2. Evlənmək insanın ehtiras hissini tənzimləyir. Hədislərdə qeyd edilir ki, evlənmiş gənc dininin yarısını qorumuş olur.
3. Evlənmək insan nəslini qoruyur. Təsəvvür edək ki, hər kəs evliliyin məsuliyyətindən qaçaraq evlənməkdən imtina edir. Bunun nəticəsində qısa müddət ərzində insan nəsli yer üzərindən silinər.
4. Evlənmək axirət sərmayəsidir. Dinimizə görə, özündən sonra cəmiyyət üçün faydalı bir övlad yetişdirmiş valideyn həm bu dünya, həm də axirət xoşbəxtliyini əldə etmiş olur.
5. Evlənmək və psixoloji rahatlıq. Ailə quran gənc artıq həyatda tək olmur. Həm sevincini, həm kədərini paylaşacaq bir ailəsi olur. Beləcə, müştərək həyat başlanır, məsuliyyətlər bölüşdürülür. Gənc artıq hiss edir ki, evə gələrkən onu gözləyən biri var. Ailə qurmuş gənc daha çox qayğı, sevgi və mərhəmət hissi ilə əhatə olunur və bu da gənclərin psixoloji cəhətdən rahatlıq əldə etməsinə səbəb olur.
6. Evlənmək və əxlaqi tərbiyə. İnsan ailə qurarkən daha da məsuliyyətli olmağı öyrənir. Əvvəllər hər işə düşünmədən atılan gənc indi hər hansı bir addımı atmazdan qabaq düşünür, ölçüb-biçir, əməllərinin sonunu fikirləşir. Çünki artıq o təkcə özünün deyil, həyat yoldaşının və övladlarının da məsuliyyətini daşıyır. Və gənclər adətən ailə qurarkən həyat yoldaşının etimadını, inamını doğrultmağa çalışır.

İslamda Evlənmə və Ərəgetmə
İslam dininə görə valideynlər yetginlik yaşına çatmış övladlarının ailə qurmasına yardımçı olmalıdırlar. Amma humanizm prinsipləri üzərində qurulmuş dinimizə əsasən ailə qurarkən ilk növbədə tərəflərin razılığı əsas şərtdir. Bu məsələdə hətta valideynlər belə gənclərə təzyiq göstərə bilməzlər. İslam dininə görə ata-ana sadəcə övladlarına məsləhət verə bilərlər, son qərar isə evlənmək istəyən tərəflərin olmalıdır.
Hətta sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) öz sevimli Fatimeyi-Zəhranı ərə verərkən, onun fikrini soruşmuşdur. Bununla da, Peyğəmbərimiz istər qız, istərsə də oğlanların evləndirilməsində tərəflərin iradəsinin əksinə getməməyi öyrətmişdir.
Bu barədə dinimizdə çoxsaylı hədislər mövcuddur. Burada onlardan birini qeyd etmək yerinə düşərdi.
İmam Sadiq (ə) buyurmuşdur: «Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər ərə getməyə razı olmasa atası onu məcbur edə bilməz. Əgər qızı «mən nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm» deyərsə, onun istəyi ilə razılaşmalıdır».
Gördüyümüz kimi, qızın razılığı evlənmənin əsas şərtlərindən biri kimi hesab edilir və onun razılığı olmadan oxunan kəbin batil hesab edilir. Buna əsasən, valideynlərin borcudur ki, öz övladlarını bu cür həssas məsələdə azad qoysunlar, onların fikirlərini məhdudlaşdırmasınlar.
Burada bir nüansı da qeyd etmək istərdik ki, İslam dininə görə ailə təkcə ehtiras hissinin qarşısını almaq üçün vasitə deyil. Bu cür yalnış düşüncə qadını kişinin şəhvət alətinə çevrilməsinə səbəb olardı. İslam dininə görə isə, qadın ehtiras, şəhvət aləti deyil. Əksinə, kişinin həyatda şəriki, insan nəslinin davamlılığının başlıca amili və həyatın yarısını təşkil edən bir varlıqdır. Onunla düzgün və pak niyyətlə ailə qurmaq ibadət və lazımi qaydada davranmaq axirət həyatının azuqəsidir.
İslama görə qadınla ailə qurmaq dinin yarısını xilas etmək, onun hüquqlarına riayət etmək ibadət, ondan saleh övlad əldə etmək axirət azuqəsi, qadına xidmət göstərmək haqqın razılığını qazanmaqdır. Müqəddəs dinimizə görə qadınlar kişilərə, daha dəqiq desək qadınlar öz həyat yoldaşlarına tapşırılan bir əmanətdirlər. Allah Qiyamət günü mütləq ailədə qadınlarla necə davranıldıqları haqda kişiləri sorğu-sual edəcəkdir.
İslamda Ailə Planlaşdırılması
İzdivacın ilk mərhələsi sona yetdikdən sonra gənc ər və arvad son dərəcə eşq və məhəbbət sayəsində öz birgə yaşayışlarına başladıqda, həyatın təməlini təşkil edən bir neçə məsələyə diqqət yetirməlidirlər. Belə məsələlərdən biri və ən əsası həyatın bütün mərhələlərində təmizliyi və sağlamlığı qorumaqdır.
İslami ailədə gündəlik həyatla bağlı olan hər bir şeyə səhiyyə və təmizlik baxımından olduqca diqqət yetirilməlidir. Bir çox gənc ailə başçıları ailə həyatının ilk günlərində təmizlik və sağlamlıq bağlı məsələlərə əhəmiyyət verməyərək, yalnız zahiri ləzzətlərlə kifayətlənirlər. Onların həyatında nizam-intizamdan, təmizlikdən əsər-əlamət yoxdur. Bu etinasızlığı sağlam fitrət, ağıl və ilahi din heç bir formada qəbul etmir. Əksinə, ona böyük nifrət bəsləyir. Bundan əlavə, mümkündür ki, bu etinasızlıq uzun zaman onların həyatına hakim olsun və ailə üzvlərini sağlamlıq baxımından təhlükə ilə qarşılaşdırsın. Belə məsələlər, xüsusilə uşaqlara xoşagəlməz təsirlər göstərir və onları etinasız, xəstə, zəif və cəmiyyət üçün bir yükə çevirir.
Allah-Təala Quranda təmizliyi, daxili və zahiri paklığı qoruyan şəxslərə dair buyurur: «Allah tövbə edənləri, təmiz və pak olanları sevir». (Bəqərə surəsi, ayə 222)
İslamda ailə planlaşdırılması hələ ailə qurulmamışdan öncə baş verir. Tərəflər özlərinin maddi, fiziki və mənəvi durumlarını nəzərə alaraq, ailədə neçə övlad böyüdəcəklərini qərarlaşdırırlar. Dinimiz ailədə uşaqların əvvəlcədən planlaşdırılmasını və hamiləliyin qarşısının əvvəlcədən alınması üçün tibbin nailiyyətlərindən - müxtəlif kontraseptiv vasitələrdən istifadə olunmasına təşviq edir. İslam bu məsələdə də ata və ananın birgə qərar verməsini, əvvəlcədən ailədə uşaqların sayının neçə olmasını planlaşdırmaq fikrini dəstəkləyir.
Hətta mentalitetimizdə mövcud olan ailə quruldusa həmin vaxtdan artıq birinci övladın dünyaya gəlməsini planlaşdırmaq məsələsinə də İslam dininin mövqeyi fərqdilir. Qadın və kişi özlərini valideyn olmağa hazır hiss etdikləri zaman, yəni özləri istədikləri vaxt hamiləliyi planlaşdıra bilərlər.
Bəzən səhv olaraq belə bir fikir yaranır ki, İslam dini hamiləliyin planlaşdırılması, kontraseptiv vasitələrdən istifadə olunmasına qarşı çıxır. Bir də qeyd etmək istərdim ki, bu yanlış bir təsəvvürdür. Doğrudur, İslam dinində övladın çoxluğuna işarə edən bir neçə ayə və hədislər mövcuddur. Lakin bu kimi misallar gənc nəslin evlənməyə olan həvəsini artırmaq, onları uşaq sahibi olmağa və nəsil artırmağa stimullaşdırmaq üçündür.
Müqəddəs dinimiz cəmiyyətə formalaşmış şəxsiyyətin çıxarılmasını diktə edir. Normal ehtiyyacları ödənilməmiş, düzgün təlim-tərbiyə almamış şəxslərin, övladların deyil.
İslama görə sadəcə nəsil artsın deyə planlaşdırılmamış övladın dünyaya gətirilməsi bəyənilmir. Planlaşdırılmamış uşağın dünyaya gətirilməsi səbəbindən bir neçə sosial-iqtisadi və psixoloji fəsadlar yarana bilər ki, bu da özü-özlüyündə sağlam ailə, sağlam cəmiyyət anlayışına zərbə ola bilər. Fikirlərimi islamın böyük şəxsiyyətlərindən olan həzrət Əlinin (ə) qiymətli kəlamlarına müraciətimlə təsdiqləmək istəyərdim.
O, böyük şəxsiyyət buyurur: «Ailənin və övladın az olması iki əldən biri, yaxud iki asan işdən biridir ». (Yəni, ailə üzvləri nə qədər az olsa çəkilən əziyyət və xərclər də az olacaq).
Həzrəti Əli (ə) digər bir yerdə buyurur: «Üç şey ən böyük bəladır: övladların çoxluğu, borcun çoxluğu və xəstəliin uzun sürməsi ».
Övladın çox olması cəmiyyətdə demoqrafik vəziyyətə təsir edir.Ancaq ailə planlaşdırılması bu demoqrafik vəziyyətin pisləşməsi demək deyil, əksinə cəmiyyətdə anaların və övladların sağlamlığına, ümumlikdə sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Məhz bu səbəbdən İslam anlayışında ailə planlaşdırılması - cəmiyyətin sağlamlaşdırılmasıdır. Elə islamın bu anlayışının özü müasir səhiyyə elmindəki reproduktiv sağlamlıq anlayışı ilə uyğunluq təşkil edir.
İslamın Hamiləlikdən Qorunmaya Münasibəti
İslam arzuolunmaz hamiləliyin qarşısını almaqda tam olaraq bu günkü tibbin əldə etdiyi naliyyətlərinə söykənir. Dinimiz anaya, eləcə də körpəyə zərər verməyəcək hamiləliyin qarşısını öncədən alan kontraseptiv vastəlardən istifadəyə icazə verir. Bəs belə bir sual meydana çıxa bilər ki, yüz illər öncə tibbin bu qədər inkişaf etmədiyi dövürdə hansı üsul və vasitələrdən istifadə olunmuşdur?
Sualın cavabında qeyd etmək istərdim ki, doğrudur əsrlər öncə bu günkü tibbin əldə etdiyi naliyyətlərdən istifadə olunmurdu. Ancaq bu o demək deyildir ki, belə bir üsul, vasitə yoxdur. O, zaman sadə , primitiv qorunma üsul və vasitələrdən istifadə olunurdu. Bu ya intim münasibət zamanı prosesin yarımçıq kəsilməsi üsuli ilə, ya da spermanın ana bətninə daxil etməmək vasitəsi ilə mümkün olurdu.
Dini qaynaqlarda da bu iki təbii qorunma usuluna rast gəlmək olar. Nəql olunan hədislərin birində buyrulur:
Bir gün bir nəfər imam Baqirdən (ə) soruşur: «Kişi öz xanımının hamilə qalmasının qarşısını ala bilərmi? Cavabında imam buyurur: bu onun ixtiyarındadır istər hamilə etsin, istərsə də çölə töksün.”
Digər bir hədisdə buyrulur: “Bu iş kişinin öz ixtiyarındadır. Onu hər yerdə istəsə məsrəf edə bilər”.
Bəzi hallarda isə doğuşdan sonra 5-6 ay ərzində körpəsini ana südü ilə qidalandıran qadınlar növbəti hamiləlikdən bu təbii yolla qoruna bilirdilər. Bu üsulla hamiləlikdən qorunma vasitəsi çağdaş tibb elmində Laktasion Amenoreya Metodu (LAM) adlandırılır.
İslam və Abort
Bəşəriyyətin son ilahi dini - İslam ailə planlaşdırılmasını ona görə önə çəkir ki, abort və digər vasitələrlə hələ ana bətnindəki, doğulmamış günahsız körpəni tələf, öldürmək kimi rəzil, insanlığı alçaldacaq əməllərin qarşısını alsın. Hər şeyin yaradıcısı olan Allah Qurani - Kərimdə buyurur: “…Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” (“Maidə” surəsi, ayə 32)
Ayədən də göründüyü kimi Rəbbimiz abort və buna bənzər əməlləri bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət, qətl hadisəsi kimi qiymətləndirir. Yalnız istisna halda Allah - Təala körpənin ana bətnində tələf edilməsinə yol verir. Bu o zaman baş verə bilər ki,əgər uşağı dünyaya gətirmək ananın ölümünə səbəb ola bilərsə, anaya böyük ziyan yetirərsə, belə olan halda abort etdirmək olar. Ancaq bu halda da ana bətnində olan uşağın ruhu gəlincəyədək bunu etmək lazımdır. Uşağın ruhu gələndən sonra abort etdirmək olmaz. Yalnız o halda bunu etmək olar ki, abort edilməsə ana ölə bilər və onun ölümüylə bətnindəki uşaq da tələf ola bilər. Bu zaman çıxılmaz vəziyyətdə aborta yol verilir ki, ən azından, ananı xilas etmək mümkün olsun. Qeyd edək ki, İslam şəriətinə görə, qadın o halda abort etdirə bilər ki, onun ölə biləcəyini və ya çox böyük ziyan alacağını 1 həkim deyil, ən azı 2 həkim təsdiqləmiş olsun.
İslam dini 1400 il bundan öncə abort edilməsini haram buyurmuşdur. Lakin bildiyimiz kimi artıq tibb elmi inkişaf etdikcə abortun sonradan qadın üçün hansı təhlükələrə yol açacağını, hansı xəstəliklərə gətirib çıxaracağını müəyyənləşdirmişdir. Dinimiz isə insanın hər hansı bir səbəbdən özünü və canını təhlükəyə atmasını qadağan edir.
Selektiv Abort
Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə Milli mentalitetdən irəli gələn oğlan uşaqlarının qızlardan üstün olması, ailədə oğlan uşağının dünyaya gəlməsinə sevinən, qız uşaqlarını istəməmək kimi faktorların da abortların artmasına səbəb olur. Bu məsələyə - selektiv abortlara dinimizin münasibəti birmənalıdır. İslam dininə görə qız övladları oğlan övladlarından heç də aşağı deyil. Dinimizdə bu barədə çoxsaylı hədis və ayələr mövcuddur:
Həzrət Məhəmməd peyğəmbər (s) buyurur: «Övladlarınızın ən yaxşısı qızlarınızdır».
Başqa bir hədisdə peyğəmbərimiz (s) buyurur: «Üç qız övladını layiqincə tərbiyə edib, ər evinə köçürən valideynlər cənnətlikdirlər ».
İmam Sadiq (ə) buyurur: «Qız övladları rəhmət, oğlan övladları isə nemətdir».
Bildiyimiz kimi, İslamdan öncə cahiliyyət dövründə ərəblər qız uşaqları olduqda onları diri-diri basdırırdılar. Lakin İslam dini bu cəfəngiyyat və vəhşiliyin puç ömrünü sonna çatdırıb valideynlərə tövsiyyə etdi qızlarına ehtiram qoymaqda çalışsınlar, oğlanları qızlardan üstün hesab etməsinlər, hıtta qızlara oğlanlardan daha artıq məhəbbət göstərsinlər. Çünki qızların ülvi hissləri, duyğuları yüksək səviyyədə olduğu üçün oğlanlardan daha çox nəvazişə, məhəbbətə ehtiyac duyulur. Bəzi hallarda isə çox tez inciyir, həssas olurlar. Bu cəhətdən də İslam dini onlara məhəbbət və nəvaziş etməyi tövsiyyə edir.
Qeyd edək ki, bəşər tarixində ilk dəfə olaraq qadınların hüquqları ən yüksək müstəvidə - ilahi vəhy ilə təsbit edilmişdir. Allah-Təala Quranda buyurmuşdur:
«...Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar kişilər üzərində hüquqları vardır...» (“Bəqərə” surəsi, ayə 228)
Bir daha xatırladaq ki, bu ayədə ortaya qoyulan «qadın hüququ» anlayışı tarixdə ilk dəfə səslənən, ilkin olaraq irəli sürülən və kişilərin hüququ olduğu kimi, qadınların da belə bir haqqa malik olmalarını ilk dəfə açıq şəkildə bəyan edən bir prinsipdir.
Sonda bir daha hamınızı övladlarımıza sahib çıxmağa, sözün həqiqi mənasında onları sevən, onların əziz valideynləri olmağa və bu şərəfli adı müqqəddəs tutmağa səsləyirəm.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 430 Bölmə: Maraqlı melumatlar
loading...