Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yemək-içməyin Müstəhəb Qaydaları

Diqqətinizə çatdırırıq ki, aşağıda yazılanların hamısı müstəhəb qisminə aiddir. Yəni deyiləcək göstərişlərə əməl etmək vacib yox, bəyəniləndir. Yemək zamanı vacib olan isə budur ki, insan ağzına qoyduğu hər bir tikənin halal olmasına diqqət yetirsin.



Yəni əvvəla, haram üsulla qazanılmış və ya haram yolla əlinə keçmiş yeməyə toxunmasın. İkincisi, şəriətdə icazə verilməyən və qadağan olan yeməkləri yeməsin, içkiləri içməsin. Bəzi insanlar yeməyin müstəhəbbatına aludə olub, bu iki vacibatı diqqətdən kənarda qoyurlar. Unudurlar ki, əgər yedikləri haramdırsa, hər nə qədər müstəhəbbata əməl etsələr də, faydası yoxdur.

Yemək zamanı müstəhəb olan qaydalar bunlardır:

1. Yeməkdən əvvəl və sonra əlləri yumaq. Islam Peyğəmbəri buyururdu ki, yeməkdən əvvəl əlləri yumaq kasıblığı aradan qaldırar; yeməkdən sonra əlləri yumaq isə qəm-qüssəni uzaqlaşdırar və gözə sağlamlıq bəxş edər. Yenə Peyğəmbərin hədislərinin birində buyurulur ki, hər kim əlləri yağa bulaşmış halda (yəni yağlı xörək yeyəndən sonra əllərini yumadan) yatsa və başına pis hadisə gəlsə, özündən küssün. Hədislərdə deyilir ki, yeməkdən əvvəl və sonra əlləri yumaq bədənə sağlamlıq, ruziyə bərəkət gətirər, ömrü artırar.

2. Süfrəyə göyərti qoymaq. İmam Cəfər Sadiq (ə) buyururdu ki, hər şeyin bəzəyi var; süfrənin bəzəyi də göyərtidir. Müqəddəslərimiz yeməyə oturanda mütləq süfrədə göyərti olmasına nəzarət edərdilər. Rəvayət edirlər ki, bir gün İmam Əli Nəqinin (ə) süfrəsinə göyərti qoymağı unutdular. O həzrət süfrəyə əlini uzatmadı, göyərti gətirilməsini tapşırdı, göyərti gətiriləndən sonra yeməyə başladı.

3. Yeməyə başlayanda Allahın adını çəkmək, yəni “bismillah” söyləmək. Peyğəmbərimiz buyururdu ki, Allahın adı çəkilmədən yeyilən qidada bərəkət olmaz.

4. Yeməyi sağ əllə yemək. Ümmül-möminin Aişə buyururdu ki, Allahın Rəsulu sağ əllə yemək yeyir və başqa işlərini görürdü. Sol əllə isə (ayaqyolunda) özünü pak edər və çirkinlikləri özündən uzaqlaşdırardı.

5. Yeməyi duzla başlayıb duzla bitirmək. Hədislərdə xəbər verilir ki, bu xüsusiyyət insandan yetmiş iki cür xəstəliyi uzaqlaşdırar; cüzam və bərəs (dəri xəstəliyi) də bu qəbildəndir. İmam Kazim (ə) duz qoyulmamış süfrəni bərəkətsiz sayırdı.

6. Xörəyi qaynar halda yox, bir az soyudaraq yemək. İmam Sadiqin (ə) rəvayətinə görə, bir gün Peyğəmbərimizə qaynar xörək gətirdilər. O həzrət buyurdu: “Allah bizə alovu yedizdirməz. Qabı kənara qoyun ki, soyusun”. Xörək bir az soyuyandan sonra Peyğəmbər onu yedi. Amma yeməyi həddən artıq soyutmaq da bəyənilmir. Peyğəmbər buyururdu ki, xörəyi çox soyutmadan yemək bərəkət gətirər. Xörəyi üfürmək də bəyənilmir. Həzrət Əli (ə) xatırlayırdı ki, Peyğəmbərin Ona buyurduğu qadağanlar sırasında xörəyə üfürmək də var idi.

7. Qidanı kiçik loğmalar şəklində yemək. Ağzı iri loğmalarla doldurmaq həm yeməyin yaxşı çeynənməsinə mane olur, həm də kənardan ədəbsiz görünür.

8. Yeməyi ağızda çox çeynəmək. Bəzi hədislərimizdə məhz bu cəhət nəzərə alınaraq, süfrə arxasından gec durmaq, yəni yeməyi uzatmaq tövsiyə edilib.

9. Süfrəyə çörək gətirilibsə, xörək gətirilənə kimi gözləmək bəyənilmir. Xörək verilənə kimi çörəklə duzdan dadmaq məsləhətdir.

10. Yeməyə yüngül qidalarla başlamaq da yaxşı sayılır. Çünki bu, mədəyə ağırlıq verməz.

11. Acımadan yeməmək. İmam Əli (ə) buyururdu ki, hər kim yeməyin ona ziyan verməsini istəmirsə, yalnız acıyandan və mədəsi əvvəlki yeməkdən boşalandan sonra yesin. İmam Sadiqin (ə) buyurduğuna görə, bəndənin üç hərəkətindən Allahın xoşu gəlməz: yuxusu gəlmədən yatmaq, təəccüblənmədən gülmək və acımadan yemək.

12. Tam doymadan süfrədən əl çəkmək. Az yemək və mədəni qida ilə doldurmamaq hədislərdə dəfələrlə təkid edilib. İslam Peyğəmbəri tövsiyə edirdi ki, acımadan yeməyin və iştahanız küsmədən (doymadan) süfrədən qalxın.

13. Çox yeməmək. Qurani-kərimdə buyurulur: “Yeyin-için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz” (Əraf, 31). Peyğəmbərimiz isə buyururdu ki, dünyada ən ziyanlı qab – yeməklə dolu mədədir. Çox yemək əvvəla, mədəyə ağırlıq gətirər. İkincisi, insanı ağırlaşdırar, cəldliyini əldən alar. Üçüncüçü, insanı tənbəlləşdirər, ibadətdən uzaq qoyar.

14. Yeməkdən dərhal sonra yatmamaq. Peyğəmbərimiz buyurub: “Yeməyinizi Allahı xatırlamaqla və namazla həzm edin. Yeməkdən dərhal sonra yatmayın ki, qəlbiniz daşlaşar”. Amma yeməkdən sonra arxası üstə uzanıb, sağ ayağı sol ayağın üzərinə qoymaq müstəhəb sayılıb və sağlamlığa xeyirdir.

15. Cənabətli halda yemək məkruh sayılıb. Amma məkuhluğu aradan götürmək üçün dəstəmaz almaq kifayət edər. Yəni cənabətli şəxs qüsl almazdan əvvəl yemək istəsə, dəstəmaz alması bəyəniləndir.

16. Başqaları ilə birlikdə süfrə arxasına oturanda bəzi qaydalara riayət etmək məsləhətdir. Məsələn, xörək ümumi qabda qoyulubsa, adam öz qabağındakı hissədən yesin, başqasının tərəfinə əl uzatmasın, yeyəndə ətrafdakıların üzünə və ağzına baxmasın.

17. Meyvəni yeməzdən əvvəl yumaq, qabıqla yeyilən meyvənin qabığını soymamaq daha yaxşıdır.

18. Yeməyi bitirəndən sonra Allaha həmd etmək.

19. Ev sahibi hamıdan əvvəl yeməyə başlayır, hamıdan sonra süfrədən əlini çəkir ki, qonaqlar utanmadan rahat yeyə bilsinlər.

20. Yeməkdən sonra dişləri təmizləmək, xüsusilə, misvakla sürtmək müstəhəb sayılır.

21. Su içərkən də “bismillah”la başlayıb “əlhəmdü lillah”la bitirmək, axırda İmam Hüseynə (ə) və aşura şəhidlərinə salam göndərib, qatillərinə lənət demək müstəhəbdir. Suyu soraraq üç dəfəyə içmək, gündüz vaxtı ayaq üstə, axşam isə oturmuş halda içmək bəyənilib. Qabın ağzı sınmışsa, həmin yerdən və ya dəstək olan hissədən su içmək yaxşı deyil.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar
loading...