Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı Vaxtlarda Kəbin Kəsdirmək Və Toy Etmək Bəyən

Toy hər bir müsəlmanın həyatında ən xoşbəxt günlərdən biridir. Həmin əlamətdar günü necə qeyd etməklə bağlı dini mətnlərimizdə bir sıra faydalı tövsiyələr vardır.

Bunların bir qismi kəbin kəsdirmək qaydalarına, bir qismi toy məclisinin təşkilinə, bir qismi də toy günündə və gecəsində bəylə gəlinin davranışına aiddir. Həmin tövsiyələrdən bəzilərini silsilə yazılar şəklində diqqətinizə təqdim edəcəyik.

Toydan əvvəl bəylə gəlin arasında dini kəbinin kəsilməsi vacib şərtdir. Rəsmi dövlət nikahı nə qədər lazımlıdırsa, dini kəbin də bir o qədər mühümdür. Rəsmi dövlət nikahı (VVAQ qeydiyyatı) tərəflərin ailə hüquqlarını dövlət qanunları çərçivəsində qorumağa xidmət edir. Əgər gələcəkdə boşanma baş verərsə, nikah sənədi əsasında tərəflər dövlət qanunlarında nəzərdə tutulmuş hüquqlarını tələb edə bilərlər. Dini kəbin isə hər şeydən əvvəl ailəyə bir halallıq gətirir. Kəbin sanki Allahın bəylə gəlinə xeyir-duasıdır. Əlbəttə, dini kəbinin hüquqi cəhətləri də var; təəssüf ki, dünyəvi dövlətdə bunları tətbiq etmək mümkün olmur. Amma əgər ailə quran tərəflər dindardırlarsa, bu hüquqlara əməl etmək onların Allah qarşısında borcuna və məsuliyyətinə çevrilir. Hər şeydən əvvəl, kəbində nəzərdə tutulan mehriyyə (kəbin pulu) qadının maddi təminat hüququnun qarantıdır; boşanma zamanı kişi mehriyyəni tam şəkildə qadına ödəməlidir.

Əgər ərəbcə düzgü oxunuş qaydasını bilirlərsə kəbini oğlanla qız özləri də oxuya bilərlər, və ya başqa bir dindara da oxutdura bilərlər. QMİ-nin təyin etdiyi qazıların və axundların yanında kəbin kəsdirmək daha məsləhətdir. Kəbinin forması və şərtləri barədə şəriət kitablarında ətraflı məlumat verildiyi üçün, həmin kitablara müraciət etməyinizi məsləhət görürük.

Kəbinlə bağlı diqqət yetirilməsi arzu olunan bəzi məsələlər vardır. Öncə bunu diqqətinizə çatdırırıq ki, bu tövsiyələr məcburi xarakter daşımır, onlara əməl etməmək də haram deyil. Bu şərtlər qurulan ailənin davamlı, bərəkətli və xoşbəxt olması üçün arzu edilir.

Gənclər kəbin kəsdirərkən vaxtın düzgün seçilməsinə diqqət yetirsələr, yaxşı olar. Kəbin və toy şənliyini dini bayram günlərinə, Peyğəmbərin və imamların mövluduna təyin etmək həm dinimizə hörmət əlaməti kimi Allah tərəfindən qəbul edilər, həm də bayram bayrama qarışaraq gözəl bir əhval-ruhiyyə yaranar. Əksinə, dini matəm günlərində, xüsusilə, mühərrəm və səfər aylarında toy şənliyi keçirmək bəyənilmir. Toy şənliyini Ramazan ayının gündüz vaxtına salmaq da olmaz, çünki bu zaman camaata yemək veriləcək. Hətta toya gələnlər oruc tutan olmasalar da, yenə mübarək aya hörmətsizlik göstəriləcək, bu isə son mənada ailənin xoşəxtliyinə öz mənfi təsirini göstərəcək.

Kəbin və toy mərasimini həftənin cümə axşamı, cümə, şənbə və bazar günlərində keçirmək məsləhətdir; xüsusilə, cümə çox mübarək gündür. Çərşənbə günü bir çox əməllər üçün nəhs sayılır; buna görə həmin gün evlənmək də bəyənilmir. Şəvval ayında toy etməyin savabı böyükdür.
Çalışmaq lazımdır ki, kəbin və toy mərasimi qəməri ayların (müsəlman aylarının) son günlərinə (yəni 28, 29 və 30-cu günlərinə) təsadüf etməsin. İmam Həsən Əsgəri (ə) həmin günlərdə qurulan ailənin uşağının tələf ola biləcəyi (yəni ana bətnindən yarımçıq düşəcəyi) barədə xəbərdarlıq edirdi.

Tövsiyə olunan məsələlərdən biri də budur ki, Ayın Əqrəb bürcündə olduğu günlər kəbin üçün əlverişsiz sayılır. İmam Cəfər Sadiq (ə) bu barədə buyurub: “Ay Əqrəb bürcündə olduğu zaman hər kim səfər etsə və ya evlənsə, yaxşılıq (xeyir-bərəkət) görməz” (Rövzətül-Kafi, səh. 275). Məlumat üçün bildirək ki, Ay 12 bürcün hər birində təxminən 2-3 gün qalır və bir ay ərzində bu bürclərin hamısını “gəzir”. 2013-cü ildə ayın Əqrəb bürcündə olacağı günlərin siyahısı:

3-4 fevral, 6-7 mart, 29-30 mart, 26-27 aprel, 23-24 may, 19-20 iyun, 17-18 iyul, 13-14 avqust, 9-10 sentyabr, 6-7 oktyabr, 3-4 noyabr, 30 noyabr-1 dekabr, 28-29 dekabr. Əgər kimsə məcburiyyət üzündən bu günlərdə toy etməli olsa, əvvəlcədən bir kasıba sədəqə verib günün uqursuzluğundan Allaha pənah aparsın


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar
loading...