Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrət İmam Əlinin (ə) Yetimlərlə Rəftarı...

Fatimə binti Əsəd nəql edir: “O zaman ki, İmam Əli (ə) dünyaya gəlir, Peyğəmbərin (s) 30 yaşı var idi. Əlini (ə) çox sevərdi. Peyğəmbər (s) mənə buyurmuşdu ki, Əlinin (ə) beşiyini yatağının yanına qoyam və o, hamıdan çox Əlinin (ə) tərbiyəsində səy göstərirdi. ... Onu qucaqlayıb deyərdi: “Bu qardaş, mənim canişinim, yardım edənim, əmanətdarım və kürəkənim olacaqdır”. Peyğəmbər (s) Əlini (ə) özü ilə Məkkənin dağlarına və dərələrinə aparardı”.

İmam Əli (ə) evə gəlir və Peyğəmbər (s) və Həzrət Xədicə (s.ə) namaz qılırdılar. Dayanıb onların rüku və səcdəsinə tamaşa edir. Həzrət Peyğəmbər (s) Quran ayəsini tilavət edirdi. Onların namazı bitən zaman Əli (ə) nə etdiklərini soruşdu. Peyğəmbər (s) cavab verdi: “Biz məni peyğəmbərliyə məbus edən Allaha namaz qılırıq”. İmam Əlini (ə) İslam dininə dəvət edir.

İmam Əli (ə) İslam dinini qəbul edən zaman on yaşı var idi. O, Peyğəmbərlə (s) camaat namazı qılan ilk insan idi. Əfif Kəndi deyir: “Cahiliyyət dövründə paltar və ətir almaq üçün Məkkəyə getmişdim. Peyğəmbərin (s) əmisi Abbasla görüşdüm. Kəbəyə baxırdım, qəflətən gördüm ki, bir cavan gəldi və səmaya baxıb, üzü Kəbəyə namaz qılmağa başladı. Bir qədər keçəndən sonra bir yeniyetmə gəldi və onun sağ tərəfində dayandı. Sonra da o, ikisinin arxasında bir xanım dayandı. Abbasdan bunları soruşdum və dedi: “O cavan - Muhəmmədir (s). O, yeniyetmə əmisi oğlu Əlidir (ə) və o qadın da Xədicədir (s.ə), Muhəmmədin (s) həyat yoldaşıdır”. Əfif deyir: “Ey kaş, mən onların dördüncüsü olaydım”.
İmam Əli (ə) “Nəhcul-bəlağə”də yazır: “Allahım! Mən haqqa çatan ilk insanam və onu eşidib, qəbul etmişəm. Heç kim Muhəmməddən (s) başqa namazda məni qabaqlamamışdır”.

Həmçinin İmam Əli (ə) buyurur: “Besətdən qabaq Allahın Rəsulu (ə) Hirə dağına gedir və mən onu görürdüm. O zaman İslam evə gəlməmişdi. Peyğəmbərin (s) və Xədicənin (s.ə) evindən başqa və mən onların üçüncüsü idim”.
Bir gün İmam Əli (ə) yoxsul bir qadınla rastlaşır. Onun bir neçə yetim uşağı var idi və aclıqdan ağlayırdılar. O qadın uşaqlarla oynayırdı ki, yatsınlar. Atəş yandırıb, üzərinə bir qab qoymuşdu və içərisinə də su tökmüşdü ki, uşaqlar yemək bişdiyini düşünsünlər.

Həzrət (ə) mənzilə getdi və bir qədər xurma, un, yağ, çörək və düyü götürüb çiyninə aldı və o qadının evinə yollandı. Qənbər xahiş etdi ki, bu yükü ona versin. Ancaq Həzrət (ə) razı olmadı. O qadının evinə çatan zaman icazə istəyib, içəri girdi. Bir qədər düyü və yağ götürüb, odun üzərində olan qazana atır və düyü bişəndən sonra uşaqlara yedizdirir və onları doyuzdurur. Sonra isə əllərini yerə qoyub, “biğ-biğ” deməyə başlayır və uşaqları güldürür. Sonra evdən xaric olur. Qənbər deyir: “Bu gün qəribə bir şeyi müşahidə etdim, siz əl və ayaqlarınızı yerə qoymuşdunuz. “Biğ-biğ” edirdiniz”. Buyurdu: “O zaman ki, evə daxil oldum, uşaqları ac və ağlar gördüm. İstədim ki, çıxan zaman onları gülər görəm”.

Bir uşaq evin damına qalxmışdı və anasının xəbəri yox idi. Damın yerə qədər olan məsafəsi 20 metr idi. Anası fəryad çəkirdi ki, indi uşağım düşüb, öləcəkdir. Uşaq da heç kimin sözünə qulaq asmırdı. Bir şey edə bilmirdilər. İmam Əli (ə) oradan keçirdi. Bu mənzərəni görüb, buyurdu: “Onunla eyni yaşda olan bir uşaq gətirin və yolun ortasına qoyun”. Bu işi gördülər. O ikisi oynamağa başladılar. Anası da yavaşca gedib, uşağı damdan götürdü.

Həbib ibni Əbi Sabit nəql edir: “Bir gün balı betul-mal adı ilə gətirmişdilər. İmam Əli (ə) buyrur ki, yetimləri gətirsinlər. Balı ehtiyacı olanların arasında bölüşdürür və özü balı yetimlərin ağzına qoyurdu. Bəziləri deyirdi: “Ey Əli! Bunu niyə edirsən?” Buyurdu: “İmam, yetimlərin atasıdır. Onların ağzına bal qoyub, dünyadan getmiş atalarının yerinə onlara sevgi göstərirəm”.

Bir gün İmam Əli (ə) evdə əyləşmişdi. Onun kiçik yaşlı iki övladı Abbas (ə) və Zeynəb (s.ə) biri sağ və o biri isə sol tərəfində əyləşdi. Əli (ə) Abbasa (ə) buyurdu: “De 1. Buyurdu: 1. Sonra dedi: De 2. Dedi: Mən həya edirəm ki, 1 dediyim dilimlə 2 deyim”. İmam (ə) Abbasın (ə) gözündən öpdü. Sonra Zeynəbə (s.ə) dedi: “Atacan, məni çox istəyirsən?” Buyurdu: “Bəli, övladlarımız ciyərimizin bir parçasıdır”.

Dedi: “İmanlı kişilərin qəlbinə iki məhəbbət sığışmaz. Allahın və övladın sevgisi. Çarəsiz gərək deyəsən ki, bizə qarşı mehribansan. Ancaq xalis məhəbbət Allah üçündür. İmam (ə) bu sözlərdən xoşhal oldu və hər ikisini təşviq etdi”


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar
loading...