Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHI YADA SALIB PEŞMAN OLMAQ,ALLAHIN LUTFUDU

«Ey Əbuzər! Əgər Allah-təala bəndələrindən birinə xeyir əta etmək istəsə, günahlarını onun nəzərində böyük göstərər və günahı onun üçün çətinləşdirər. Əgər birinin bədbəxtliyini istəsə, günahlarını ona unutdurar».

Allah-təala bütün insanlara lütf və məhəbbət göstərir. Əgər bir nəfərə məhəbbəti olmasaydı, onu yaratmazdı. Lakin Allahın övliyalara xüsusi inayəti vardır. Əgər bu dəstə qəflət üzündən günaha mürtəkib olarsa, onları məsələdən xəbərdar etmək üçün günahı nəzərlərində mücəssəm etdirər (yəni günahın sonrakı aqibətini onların gözündə canlandırar). Çünki günaha batıb bədbəxtlik çalasına düşməyin ilk addımı, günahı yaddan çıxarmaqla başlayır. Allahın bəzi bəndələrinə xüsusi inayəti olduğunu və onları heç vaxt özbaşına buraxmadığını, eyni zamanda bəzilərinə qarşı etinasız olub onları öz hallarına buraxdığını nəzərə alaraq, hər kəs öz üzərində yoxlama aparıb müəyyən edə bilər ki, Allahın ona lütf və inayəti vardır, ya yox. Əgər keçmiş günahlarını unutmayıb və günah ona ağır və çətin gəlirsə, bilsin ki, Allahın inayəti onunladır. Lakin əgər günahını yaddan çıxarır və onu yüngül hesab edirsə, Allahın ona inayəti olmadığını bilməlidir.

Aydındır ki, günahı yada salmaq günahın davamına mane olacağı təqdirdə faydalıdır. Əgər bir nəfər günahını yada salıb, onu çiyinlərində ağır yük olaraq hiss etməzsə, məlumdur ki, ikinci dəfə günaha əl atmaqdan çəkinməyəcəkdir.

Əbu Həmzə Somali duasında deyilir: «Mən o adamam ki, günahdan dönmək və tövbə etmək üçün mənə möhlət vermişdin, (amma) mən günahdan əl çəkmədim. Günahlarımı (gizli saxlayıb) üzərini örtdün, (amma) mən həya etmədim. İkinci dəfə günaha əl atdım və həddimi aşdım. (bu səbəbdən) Sən də məni Öz gözündən saldın».

Məlum olur ki, Allah-təala bir nəfərin xeyirini istəyəndə, günahlarını onun gözündə mücəssəm etdirir və bu günahları ona böyük bir dağ kimi görünür. Əksinə olaraq, Allah inayətini kəsdiyi şəxsin əzaba düçar olmasını istəyirsə, onu öz başına buraxır və bundan sonra günah ona asan görünür və ona əhəmiyyət vermir.

Əlbəttə, ilk növbədə Allah inayətini heç kimdən əsirgəmir və heç kimin bədbəxtliyini istəmir. Lakin günahkar tərəf özünü alçaq işlərə bulaşdırandan və günahına israr edəndən sonra Allah da onu belə müsibətə giriftar edir.

Allah üçün bəndəlik göstərib Ona yaxınlaşmaq istəyən kəs əzizdir. O insan, Allah yanında alçaq hesab olunur ki, Allahdan uzaqlaşıb Onu unutmuş olsun. Elə ki, Allahı unutdu, Allah da onu öz halına buraxır. Bu barədə Quranda oxuyuruq:

«Siz möminlər o kəslərdən olmayın ki, Allahı unutdular, Allah da onları Özündən qafil etdi…»[1].


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...