Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçmiş Namazların Qəzası

Müsəlmana keçmişdə qılınmadığı namazların qəzasını qılmaq vacibdirmi? Ümumiyyətlə qəza namazı hansı dəlillərə əsasən qılınması vacib buyrulub və hansı hallarda qazalar qılınmalıdır?

Qeyd edək ki, son dövrlərdə saytımızın sual-cavab bölümünə bununla bağlı bir neçə dəfə suallar daxil olub. Mövzunun aktuallığını nəzərə alaraq qəza namazı və onun qılınması qaydaları haqda yazı hazırlamağa qərar verdik.

Əvvəla onu qeyd edək ki, namzaların qəzasının, yəni daha əvvəl müəyyən səbəblərlə qılınmayan namazın vaxtı keçdikdən sonar qılınması qaydası şiə-Cəfəri məzhəbinə görə, vacibdir. Ümumi qaydaya əsasən vacib namazı vaxtında qılmamış şəxs onun qəzasını yerinə yetirməlidir. Yəni, namazın əvvəl vaxtından son vaxtınadək yuxuda olmağın, xəstəliyin, məstliyin bu hökmə təsiri yoxdur.
Burada bir neçə xüsusi istisnalar var. Namazın əvvəl vaxtından son vaxtınadək, yəni vacib əda dönəmində huşunu itirmiş şəxsə həmin namazın qəzası vacib deyil. Eləcə də, İslamı qəbul etmiş kafirə, heyz və nifas halında olan qadına qəza namazı vacib deyil.
Şəriət hökmlərində qeyd olunur ki, insan öləndən sonra üzərində qılmadığı namazlar, yəni qəzaları qalıbsa, onun qəzaları böyük oğluna vacib olur. Yəni, böyük oğul atasının, (bəzi alimlərin rəyinə əsasən ehtiyata görə, anasının da) qılmadığı namazların qəzasını qılmalı və ya bunu qılacaq bir insan tapıb ücrət müqabilində qəzaları qıldırmalıdır. Ancaq həyatda olan adam qılmadığı namazların qəzasını ücrətlə qıldıra bilməz.

Qeyd edək ki, müsəlmanın vaxtında (əda) qıla bimədiyi namazlarını sonradan qəzasını qılması ilə bağlı İslam şəriətinin əsas qaynağı olan Qurani Kərimdə məlumat yoxdur. Yeri gəlmişkən Qurani Kərim namazların neçə rikətli olduğu haqda da bilgi vermir. Bu barədə bilgilər digər şəriət mənbələri hədis, icma və əql vasitəsilə əldə olunur.

Əlavə edək ki, əqli dəlillərlə (yəni şəriətin daha bir hökm qaynağı) də namazların qəzasının olması ilə bağlı göstəriş əldə edə bilmərik. Ancaq bunun əvəzinə şəriətin daha iki qaynağı - hədis və icma - əsasında müsəlman fəqihləri vacib namazların qəzasının qılınması ilə bağlı hökm veriblər.

Vacib namazların qəzasının qılınması ilə bağlı fəqih, məşhur şiə hədis kitabı "Əl-Kafi"nin müəllifi Əllamə Kuleyni Zürarədən bir neçə hədis nəql edib. Hədislərin birində bu cür qeyd olunur:
"Zürarə deyir ki, İmam Sadiqdən (Şiə-Cəfəri məzhəbinin yaradıcısı, 6-cı İmam Cəfər Sadiq (ə)) soruşdum:

- Bir nəfərin səfərdə namazı qəzaya gedir. Vətəninə qayıdandan sonra yadına düşür.
- Imam (ə) cavabında buyurdu:
Qəzaya getmiş namazını qəzaya getdiyi kimi qılmalıdır. Əgər səfər zamanı qəzaya gedən namazını evində qılırsa, səfərdəki kimi (yəni iki rikət) qılmalıdır. Eləcə də evində qıldığı namazı səfər zamanı qəza etmək istəsə gərək evindəki kimi (yəni 4 rikət) qılsın. (Əl-Kafi. 3-cü cild. Səhifə 435)

Bu hədisdə müsafir (səfərə gedənin) namazı barədə danışılsa da, təfsirçilərə görə, bu hədis müsafirdən daha çox ümumi namaz qılanlara aid olub.

Bu barədə daha bir hədisi də, yenə Əllamə Kuleyni qələmə alıb. Yenə Zurarə (İmam Cəfər Sadiqin (ə) və atası İmam Baqirin səhabələrindən olub) nəql edir ki, onların iştirak etdiyi bir məclisdə bir nəfər 5-ci İmam Baqirdən (ə) soruşur:

- bir nəfər təharətsiz (qusulsuz, dəstəmazsız və təyəmmümsüz) namaz qılır, yaxud yadından çıxır ümumiyyətlə namaz qılmır və ya yuxuya gedir, ayılanda görür ki, namazın vacib vaxtı keçib, nə etsin?
Imam (ə) cavab verir:

Hər zaman yadına düşdü, istər gecə, istər gündüz, qəza etsin. (Əl-Kafi. 3-cü cild, səhifə 292).

Vacib ibadətlər həmçinin insanın Yaradan qarşısında borcu kimi qiymətləndirildiyindən ödənilməyən borcların ödənilməsi kimi ümumi bir qayda kimi qəbul olunur. Bu sahədə güzəştlər var, ancaq bu güzəştlər adət halında qadınlar, dəlilik halında olanlar, daha əvvəl kafir olanlar və sairə aiddir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar
loading...