Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani-Kərimin Nəzərində Qeybət

Qeybət ən böyük günahlardan sayılır. Bildiyimiz ki, insanın həyatda ən böyük sərmasyəsi onun heysiyyət və abır-həyasıdır. Bunları təhlükəyə salan hər bir şey elə bil onun canını təhlükəyə salmışdır. Bəzən şəxsiyyətin terroru, şəxsin terrorundan daha ağır hesab edilir. Ona görə də onun günahı bəzən nəfsi qətldən də ağırdır. Qeybət sözü, adından göründüyü kimi, kiminsə yoxluğunda onun haqqında mənfi danışmaqdır.

Qeybət, yəni kiminsə eybini ifşa etməkdir. Bu onun cismi, əxlaqi, əməli eybi ola bilər, bu onun libasına, evinə, həyat yoldaşına, övladına və bunun kimi şeylərə aid ola bilər. Ona görə də əgər kimsə başqasının aşkar sifətini bəyan edərsə, bu qeybət sayılmaz. Ancaq əgər bu həmin insanı məzəmmət etmək və ya eybini axtarmaq mənasında olmamışdırsa. Bu halda haramdır. Məsələn bir insanı məzəmmət edərək, deyəsən ki, o insan kordur və ya boyu alçaqdır.

Qeybətin axirətdəki siması

Əziz Peyğəmbərdən (s) nəql olunur: “Merac gecəsi bir qrup insanları od içində gördüm ki, murdar yeyirdilər. Cəbraildən soruşdum ki, bunlar kimdirlər? Dedi: Bunlar o kəslərdir ki, dünyada murdar əti yeyiblər. Yəni insanların qeybətini ediblər”.

Bu şərif hədisə əsasən, qeybət axirətdə murdar əti yeməklə təcəssüm edəcəkdir. “Hucərat” surəsinin 12-ci ayəsində Allah Təala buyurur: “Bəziniz bəzinizin qeybətini etməsin (bir-birinizin qiyabında pisliyini söyləməyin!). Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Siz buna nifrət edərsiniz”.

Bəzi təfsirçilər bu ayənin altında yazırlar ki, müsəlman qardaşının abır-həyası, onun bədəninin əti kimidir. Bu abır-həyanı qeybətlə tökmək və sirlərini ifşa etmək - onun bədəninin ətini yeməyə bənzəyir. Çünki, qeybət olunan kəs də ölmüş insan kimi özünü müdafiə etməyə qadir deyildir. Başqa sözlə desək, İslam cəmiyyəti müsəlmanlardan təşkil edilmişdir. Bu möminlər də Allahın buyurduğu kimi qardaşdırlar. Bu zaman heç vaxt razı olmazsınız ki, qardaş saydığınız insanın ətini yeyəsiniz. Çünki buna nifrət edərsiniz. Ona görə də gərək qeybətə də nifrət edəsiniz.

Qeybətin haram olmasının fəlsəfəsi

1. Qeybətin haram olmasının fəlsəfələrindən biri budur ki, hər bir insanın ən böyük sərmayəsi olan abır-həyasını aparırsınız və insanların şəxsiyyətlərini ləkələyirsiniz.

2. Başqa bir nöqtə odur ki, qeybət bədbinlik yaradar. İctimai bağları zəiflədər. İnsanlarda inam sərmayəsini aradan aparar. Həmkarlıq bünövrələrini sarsıdar.

3. Qeybət qəlblərə kin və düşmənçilik toxumunu səpər. Bəzən də qanlı döyüşlərə, qətllərə səbəb olar. Öz ardınca ictimai və fərdi naqisliklər qoyar.

Bu qeybətlərin edilməsi haram deyildir:

1. O kəsin qeybətini etmək ki, naqisliyi aşkardadır, gizli deyildir. Məsələn, kimsə şərab stəkanını aşkar halda əlinə alar və içər.

2. Məzlumun ona zülm etmiş zalımdan şikayəti və ona edilmiş zülmü söyləməyinin maneəsi yoxdur.

3. O zaman ki, bir müsəlman hansısa bir müsəlman ilə ticarət etmək istəyir və yaxın bildiyi başqa bir müsəlmandan məsləhət alır. Həmin məsləhət verən şəxs də əgər o biri müsəlmanın eybini bilir və söyləməzsə, həmin bu müsəlman ticarətdə zərər çəkə bilər, onda bu eybi ona söyləmək vacibdir və bu qeybətin maneəsi yoxdur.

4. Nəhy-əz-munkər niyyətilə qeybət etməyin maneəsi yoxdur. Bu mənada ki, əgər bir müsəlmanda pis bir əməl görərsə və əgər bilir ki, onun qeybətini etsə, o, bu əməli tərk edəcəkdir, bu zaman qeybət etməyin maneəsi yoxdur. Ancaq əgər ehtimal versə ki, tərk edib, bu halda qeybət etmək haramdır.

5. İnsanların onun fasiqliyi ilə tanış olması niyyətilə yanlış hədis danışan və ya yalandan şəhadət verənin qeybətini etməyə icazə verilir.

Qeybət kəbirə günahlardan sayılır. Ona görə də onun kəffarəsini vermək və tövbə etmək vacibdir. Bu hərəkətdən dərhal sonra peşiman olmalı, qəlbdə peşman olandan sonra onu dilə də gətirməli və tövbə etməli. İnsan o əzmdə olmalıdır ki, bir daha bu günahı təkrar etməyəcək və bir daha bu günahı işlətməyəcəkdir. Qeybətin qul haqqı olduğundan əgər o insanı görə bilirsə, ondan üzr istəməlidir. Əgər o insanı görə bilmirsə, ya da dünyadan köçübdürsə, yaxşı əməllər yerinə yetirməlidir. Yəqin ki, bu işin bərəkətinə görə Allah Təala onu bağışlayar və qarşı tərəfi də razı salar.

(Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə istinadən)

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar
loading...