Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN SÜNNƏTİ VƏ ÜMMƏTƏ XİDMƏTİ

Tarixdə elə bir şəxsiyyət yoxdur ki, onun əməlləri, etdikləri, dedikləri və bütün həyatının anları bir-bir qeyd olunsun və yüz illərlə, nəsillərdən nəsillərə ötürülsün. O, yalnız Rəsulullah Muhamməddir (s.a.s). Onun (s.a.s) yanında yaşayanlar və ətrafında olanlar, Onun (s.a.s) hər etdiyini və dediyini yadda saxlamağa və bir yerə qeyd etməyə səy göstərir və hətta bu məsələdə yarışırdılar.
Sünnət nədir? İslam alimləri, Peyğəmbərimizin (s.a.s) həyat tərzini, dediyini, etdiyini, təsdiqlədiyini (razılıq verdiyini), sifətlərini sünnət adlandırmışlar.

Peyğəmbərimizin (s.a.s) sünnətini və həyatını dərk (fiqh) etmək üçün bir əsas məqamı daim nəzərə almaq lazımdır. Onun (s.a.s) bir ailə başçısı kimi söylədiyi, bir ümmət lideri kimi söylədiyindən, yaxud müsəlmanların imamı kimi söylədiyi bir məhkəmə qazisi kimi söylədiyindən fərqlənməlidir. Çünki hər məqamın öz tərzi, öz hökmü və öz məqsədi vardır. Bir də unutmayaq ki, Allah təalanın kitabıyla (Quranla) ziddiyət yaradan hər hansı bir hədis qəbul olunmamalıdır. Çünki Peyğəmbərimizin (s.a.s) söylədikləri Quranla ziddiyyət yarada bilməz.

Qurandan sonra Sünnət
Hökmlər, buyuruqlar, əmrlər və tərbiyə kimi önəmli məsələlərdə Qurani-Kərimdən sonra sırada Peyğəmbərimizin (s.a.s) sünnəti gəlir. Çünki O (s.a.s), həm də Qurani-Kərimin ayələrini ümmətinə bəyan etmə kimi bir məsuliyyət daşıyırdı: “Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə onlar da düşünüb dərk edələr!” (Nəhl, 44).
Rəsulullahın (s.a.s) sünnətinin əhəmiyyətini isə biz bu ayələrdən anlaya bilərik;
“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin...” (Nisa, 59)
“Allaha itaət edin, Onun Elçisinə itaət edin...” (Maidə, 92)
“De: "Allaha və Peyğəmbərə itaət edin".....Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız.” (Nur, 54)
“...Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin.” (Nur, 56)
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!” (Muhamməd, 33).
“Allaha və Onun Elçisinə itaət edin!” (Təğabun, 12)

Peyğəmbərimizin (s.a.s) sünnətinin fiqhi (anlamı, dərk edilməsi)
Tarix boyunca islam alimləri və xüsusilə də hədis mütəxəssisləri Rəsulullahın (s.a.s) hədislərinə böyük diqqət yetirərək, onu aydınlaşdırmağa, müəyyən bölmələrə, hadisələrə və mövzulara ayırmağa çalışsalar da, hələ də hədislərin çoxunu tam anlamaqda, yerinə yetirməkdə, əməl etməkdə müsəlmanlar çətinlik çəkirlər.
Hədisləri dərk etməkdə və anlamaqda ən birinci yadda saxlamağımız gərək olan məsələ, hədislərin düzgünlüyü (bu cür hədisləri səhih adlandırırlar) olmalıdır. Zəif, əsassız, uydurma hədislərdən ehtiyatlanmalıyıq. Səhih (düzgün) hədisləri də çalışıb Qurani-Kərimin işığında anlamalıyıq. Allah-Təala Qurani-Kərimi nazil etməklə, onu Peyğəmbərinə (s.a.s) vəhy etməklə, Peyğəmbərini də (s.a.s) Quranı izah etmə məsuliyyətilə vəzifələndirməklə, bizdən anlamağı, dərk etməyi, qəbul edib əməl etməyi istəmişdir. Biz bütün bunları araşdırıb, dərk etməklə, Allahın buyuruqlarını və çəkindirdiklərini, sevib sevmədiklərini, razı salıb və ya qəzəbləndirən amilləri anlamalıyıq. İslam kor-koranə imana, mücərrəd bir təslimiyyətə çağırmır, anlaşılan və aydın olan bir tabeçiliyə çağırır. “De: “Bu mənim yolumdur. Mən və mənə tabe olanlar açıq-aşkar (mötəbər) bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən də müşriklərdən deyiləm!”” (Yusuf, 108).

Hədisləri, yəni Peyğəmbərimizin (s.a.s) yolunu düzgün anlamaq çox əhəmiyyətli, düzgün anlamadan hərəkət etmək isə çox təhlükəlidir. Çünki baş verən problemlər, əziyyətlər, çaxnaşmalar və sair, yalnız pis əxlaqdan, mədəniyyətsizlik və ya tərbiyəsizlikdən deyil, hətta sünnəti düzgün anlamamaqdan da olur. Beləki, sünnəti sevdiklərini iddia edən müsəlmanların elə özləri çox vaxtı sünnətə əməl etdiklərini düşünərək sünnətə böyük zərbə vurur, onu alçaldır və səhv qələmə verirlər. Çox təəssüf ki, indiki zamanda Peyğəmbərimizi (s.a.s) çox sevdiyini, Onun (s.a.s) sünnətinə tam əməl etdiyini düşünən böyük sayda müsəlmanlar vardır ki, onlar yalnız sünnətin insanda zahiri dəyişikliklərin apardığı amillərə önəm verir, daxili və batini dəyişikliyi isə önəmsəmirlər. Çoxlarında nə əxlaq, nə mədəniyyət, nə insanlarla düzgün rəftar, nə də cəmiyyətə xeyir verən bir xüsusiyyət qalmışdır. Sünnətə riayət edərkən, böyük məsələni kiçiltmək, kiçiyi böyütmək, öncə ediləcəkləri gecikdirmək, fərdi mənfəəti cəmiyyət mənfəətindən üstün tutmaq olmaz.
Necə ki, Qurani-Kərimin ayələrini izah etməkdə başqa ayələrə də baxmalıyıq, eləcə də bir hədisi anlamaq üçün başqa hədislərə də baxmaq gərəkdir. Məsələn, geyimin uzun olması məsələsində bir hədisdən yapışıb duranlar var; “Üç cür (tip) insan var ki, Qiyamət günü Allah təala onların üzünə baxmaz, onları tərif etməz və onlara çox ağrılı bir əzab vardır. Onlardan biri paltarını (ərəblərin beldən aşağı geydikləri, büründükləri örtük, paltar) uzadandır.” Qardaşlarımızın çoxu bu hədisi götürüb elə yayırlar ki, sanki dinin əsaslarından biridir. Axı bu, bir şəkil, bir forma, bir zahiri bir dəyişiklikdir. Daxildə, mənəviyyatda bir rol oynamırsa nə mənası var?!

Dinimiz qəlblərimiz və mənəviyyatımızla bağlı əməllərə önəm verir. Ona görə də ola bilməz ki, paltarın uzun olmasıyla Rəbbimiz bizi belə bir əzabla hədələyir. O paltarın uzun olması hansı nəticəyə gətirib çıxarırsa, bax, o təhlükədən qorunmaq lazımdır. Ona görə də həmin bölmədə və mövzuda gələn hədislərin digərinə də baxsaq görərik ki, paltarın uzun olması məsələsi təkəbbürlüklə əlaqəli idi. Deyənlər olacaq ki, uzun paltar özüylə nəcasət və çirkinlik daşıyır. Amma araşdırsaq görərik ki, Rəsulullah (s.a.s) qadınlara uzun (yerlə sürünən) paltar geyməyə icazə vermişdir. Natəmizlik məsələsinə də - torpaq həmin paltarın nəcasətini sürtünməklə aparır – kimi aydınlıq gətirmişdir. Bəyəm eyni torpaq qadının uzun, yerə dəyən paltarını təmizləyirsə, kişinin paltarını təmizləmir? Torpaqda qadınlarla kişiləri ayıran hansı xüsusiyyət var ki?! Amma bütün bunları qeyd etməkdə məqsəd, kişiləri uzun paltar geyməyə çağırmaq deyil, Rəsulullahın (s.a.s) sünnətinin zahiri formaya deyil, qəlblərə və mənəviyyata önəm verməsini xatırlatmaqdır.

Hədislər Qurani-Kərimin ayətləri ilə ziddiyyət yaratmadığı kimi, öz aralarında da ziddiyyət olmamalıdır. Əslində, ziddiyyət yarada biləcək və ya bir-birinə zidd olduğunu düşündüyümüz hədisləri diqqətlə araşdırmalıyıq. Çünki zəif hədis səhih hədislə ziddiyyət yaratmaq mərtəbəsində deyil, səhih hədisə qarşı zəif hədis qəbul olunmamalıdır. Amma bəzən iki səhih hədisin bir-birinə zidd olduğunu ortaya çıxaranlar olur. Belə hallarda iki səhihdən ən səhih olanını, səhihliyinə heç bir şübhə olmayanı, ikisinin də rəvayət olunma tarixini, məkanını, zamanını, məqamını və sairə amilləri araşdırmaq və aydınlaşdırmaq gərəkdir. Məsələn; Peyğəmbərimizdən (s.a.s) belə bir hədis rəvayət olunur; “Sizi, qəbrləri ziyarət etməkdən çəkindirmişdim, indi isə ziyarət edin (qəbirstanlığa gedin). Çünki bu, sizə axirəti xatırladır və dünyaya bağlanmaqdan çəkindirir.” Başqa hədislər var ki, Rəsulullahın (s.a.s), qəbirstanlığa gedən qadınların lənət olunmasını bildirir. Amma bu hədislər, yuxarıda qeyd olunan hədisin səhihliyi qədər mötəbər deyil. Həm də bir düşünün, Rəsulullah (s.a.s) sonradan qəbirstanlığa getməyə icazə verərkən necə yalnız kişiləri nəzərdə tutub? Bəyəm qadınların da axirəti xatırlamağa, bir insan kimi qəbrləri görüb eyni hissləri keçirtməyə, dünya və axirətini düşünməyə ehtiyacı yoxdurmu?!

Hədislərin zamanını, məqamını, səbəbini araşdırmağa və ya bilməyə nə ehtiyac var?! Niyə də olmasın. Necə ki, Qurani-Kərimin bir çox ayələrinin nazil olma səbəbi olduğu kimi, hədislərinin də səbəbləri vardır. Hətta belə deyək, hədislərin səbəbini bilmək və araşdırmaq Quranın ayələrinin səbəblərini araşdırmaqdan daha önəmlidir. Məsələn, Peyğəmbərimizdən (s.a.s) belə bir hədis rəvayət olunub; “Siz, dünya işlərinizi daha yaxşı bilirsiniz.” Bu hədisi götürüb, Peyğəmbərimizin (s.a.s) sünnətinin dünya işlərinə aidiyyatı və ya əlaqəsi olmadığını, sünnəti dünya məsələlərinə müdaxilə etməməyi iddia edənlər var. Bu hədisin səbəbini, niyə deyildiyini, nə zaman və harda buyurulduğunu araşdırsaydılar, belə yalançı iddialar da etməzdilər. Dinin dünya ilə əlaqəsi olmadığını necə demək olar?! Qurani-Kərimin ən uzun ayəsi elə dünya işi və dünya məsələsi ilə bağlıdır (əl-Bəqərə, 282). İslam şəriəti iki böyük əsasa ibadətlər və əlaqələrə (rəftar, insanların bir-biriylə işləri) bölünmüşdür. Yuxarıdakı hədisdə rəvayət olunan sözləri isə Rəsulullah (s.a.s) səhabələrin xurma ağacları ilə etdikləri iş barədə demişdir. Bu o deməkdir ki, əkinçilik, istehsal, tibb və sairə kimi dünyaya aid olan işləri ixtisas sahiblərinə həvalə etmək gərəkdir. Bu cür məsələlərdə müvəffəqiyyətli olmağı onlar daha yaxşı bilirlər.

Başqa bir hədisdə də Rəsulullah (s.a.s) buymuşdur ki; “Misvak ağzı təmizləyər və Rəbbi razı salar.” Bu hədisin məqsədi ağzımızın həmişə təmiz və qoxusuz saxlanılmasıdır. Ümumən isə bu hədis İslamın bizi çağırdığı təmizlik və pak olmaq məsələsinə aiddir. Necə ki, Rəsulullah buyurub ki; “Təmizlik İmanın bir sütunudur.” Deməli müsəlman şəxs bədənini, evini, yolunu, miniyini və sairə təmizləməlidir, pak saxlamalıdır. Misvak hədisinə hərfi riayət etməklə bütün yer kürəsindəki müsəlmanlar Ərəb Yarımadasında bitən Sivak ağacından istifadə etmək məcburiyyətindədilərmi?!

Hədislərin səbəbi olduğu kimi məcazi mənaları da vardır. Düzdür, məcazi mənaları inkar edənlər alimlər olmuşdur. Amma bəzi hədislər vardır ki, araşdırarkən, məcazi olaraq deyildiyi anlaşılır. Məsələn, Peyğəmbərimiz (s.a.s) bir dəfə möminlərin analarına, öz həyat yoldaşlarına belə demişdi; “(Mən öləndən sonra) mənim ardımca ən tez gələn (ən birinci olan) sizdən əli ən uzun olanınızdır”. Bunu eşidəndə, Onun (s.a.s) zövcələrindən bəziləri deyiləni olduğu kimi, hərfi olaraq anlamışdılar və öz aralarında əllərini ölçməyə başlamışdılar. Ən birinci vəfat edən isə Zeynəb (r.a) olmuşdu. O zaman anlamışdılar ki, uzun əl deməkdə məqsəd çoxlu sədəqə vermək, əl tutmaq deməkdir.
Lakin məcazi mənanın olduğunu aydınlaşdırmaqla bir də qeyd etmək lazımdır ki, həqiqi mənalar vardır ki, onu da məcazlaşdıranlar vardır. Məsələn; Rəsulullahın (s.a.s) qiyamət günü olmamışdan İsa peyğəmbərin nazil olması xəbərini verməsi, bir çoxları sülhün bərqərar olması ilə əvəz etmişlər. Bunun kimi dəccal məsələsi və sairə. Bunu da istənilən kimi, əsassız və səbəbsiz məcazi mənaya çevirmək olmaz.
Sonunda isə qeyd etmək lazımdır ki, istər Quranı, istərsə də sünnəti dərk (fiqh) etmək, doğru anlamaq lazımdır. Amma bununla belə məntiqi və ya ağlı şəriətdən yuxarı, vəhydən üstün tutmaq gərək deyil. Allah-Təala buyurubsa, onu etməməkdə bəhanə axtarmaq, ağıl və məntiqlə yorumlar gətirmək olmaz. Allah və Rəsulu buyurana əməl etmək, həyata keçirmək və əsl xoşbəxtliyə çatmaq gərəkdir. “Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.” (Əhzab, 36)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 212 Bölmə: Maraqlı melumatlar
loading...