Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışlanmış ömür (2-ci hissə)

Mahmudun evdə olmasından üç gün ötmüşdü. Həmidə xanım Mahmudun beynində xərçəng olduğunu, ömrünün son günlərini yaşadığı xəbərini saxlaya bilməmiş, bütün qohum – qonşuya demişdi. O, sanki bu pis xəbəri başqalarına deməklə yüngülləşir, dərdin bölməyə adam axtarırdı. Hər gün evlərinə qohum – qardaş axını var idi. Mahmud elə zənn edirdi ki, xəstəxanadan yenicə çıxdığına görə hamı ona baş çəkməyə, “həmişə ayaq üstə!..” - deməyə gəlir. Əslində isə Mahmud özü də bilmədən hamı onunla vidalaşmaq, halallaşmaq üçün bu evə baş çəkirdi.

Həmidə xanım hər gün vaxtlı – vaxtında onun dəva – dərmanına nəzarət edirdi ki, ağrıları şiddətlənməsin. Bu üzdən də Mahmud xəstəliyinin ciddi, müalicəsi olmayan bir mərəz olduğundan xəbərsizdi. Amma buna baxmayaraq, evdə hamının ona qarşı olan qeyri – adi davranışlarını, baxışlarını görüb, şübhələnsə də, şübhələri özündən qovmağa çalışır: - Yəqin namaz qılır, ibadət edirəm deyənə, hamı mənə məəttəl qalıb, – deyərək, əvvəlki günlərindən də daha çox Yaradanına şükürlər edirdi.

Beləcə, Mahmud gün – gündən özünü daha rahat, ağrısız hiss edirdi. Gündə beş vaxt namaz qılıb, cümə günləri isə camaat namazına gedərək, ibadət etməklə kifayətlənməyib, şəxsi dükanlarından gələn gəlirin də çox hissəsini kasıblara paylayır, hamıya yaxşılıq etməyə çalışırdı. Bu günə qədər bir nəfərin əlindən tutmayan Mahmud ətrafındakı insanları da çox təəccübləndirmişdi. Amma buna baxmayaraq, hamı ürəkdən ona dualar edir, Allahdan bağışlanmasını istəyirdilər.

Yenə də həmin məkandaydılar. Adamla dolu, can bazarı olan xəstəxanada...

Həmidə xanım ürəyindəki təlaşla, həkimin müayinə kağızlarını oxuyub, danışmasını gözləyirdi. Sanki bu bir neçə dəqiqə onun üçün illər idi. Nəhayət ki, həkim dilləndi:

- Bu ola bilməz! Görünməmiş hadisədir. İki aparatın ikisi də tər – təmiz rəy verib. O boyda şişdən əsər - əlamət qalmayıb. Elə bil, əməliyyat olunub, şişi yerli - dibli kəsib, götürüblər. Mən iyirmi illik peşə fəaliyyətimdə ilk dəfədir ki, belə bir möcüzə ilə qarşılaşıram.

Həmidə xanım həkimin inanılmaz sözlərini dinlədikcə, göz yaşlarına hakim kəsilə bilmirdi. O, sakitcə:

- Əkbər doktor, doğrumu deyirsiniz? Axı bu necə ola bilər? Düz, ay yarım bundan qabaq, elə bu otaqda siz hər şeyin gec olduğunu mənə deyib, xəstəni evə aparmağı, barı, son günlərini evdə keçirməyi bildirmişdiniz. Bəlkə yazdığın iynə - dərmanların təsirindəndir, hə?.. – Deyərək, həkimin gözlərinə baxdı.

- Həmidə xanım, mənim özüm üçün də bu çox təəccüblüdür. Həqiqətən də Mahmudun başında heç bir şiş – filan yoxdu, heç elə bil, olmayıb da. İynə - dərmana gəldikdə isə o zibil elə xəstəlikdir ki, onun nə müalicəsi, nə də ki, dərmanı yoxdur. Mən həmin dərmanları ömrünün son günlərini ağrısız keçirsin deyənə, yazmışdım.

Həmidə xanım bu sözləri eşitdikcə, sevincindən hönkürdü o, tələsik həkimlə xudahifzləşib, dəhlizdə onu gözləyən, Mahmudun yanına tələsdi. Mahmud yoldaşının hıçqıra – hıçqıra ağladığını görüb: “Nə olub, niyə ağlayırsan?” – deyə, soruşmaq istədi, lakin Həmidə xanım dəhlizdəki xəstələrə baxmayaraq, həyat yoldaşının boynuna sarılıb, daha da bərkdən hönkürməyə başladı. Mahmud vəziyyətinin yaxşı olmadığını düşünüb, yoldaşı ilə baş – başa verib, ağlamağa başladı. Həmidə xanım, onun ağlamağına fikir vermədi. Elə zənn etdi ki, bu xoş xəbərdən xəbəri olduğu üçün o, da ağlayır. Mahmudun ağlaması artıq hamı üçün adiləşmişdi. O, hər namaz qılanda, Allaha dua edərkən də ağlayıb, ondan bağışlanmasını istəyirdi.

Onlar xəstəxanadan çıxıb, evə gəlincəyə qədər yolda bir kəlmə də olsa danışmadılar. Aralarına ətürpədici sükut çökmüşdü. Mahmuda elə gəlirdi ki, həkim onun səhhətində ciddi bir xəstəlik olduğunu Həmidə xanıma deyib deyənə, o ağlayır. Məhz bu üzdən də Mahmud həyat yoldaşından bir kəlmə də olsun söz soruşmurdu və bu “pis xəbəri” almağa tələsmirdi. Həmidə xanım isə bu şad xəbəri Mahmuda necə açıqlayacağı barədə düşünürdü. Axı, Mahmud beynində xərçəng xəstəliyinin olmasından xəbərsizdi.

Mahmud evə daxil olan kimi hamama keçib, dəstəmaz alaraq, namaz qılmaq üçün öz otağına çəkilmiş, Həmidə xanım isə susub, ondan həkimin cavabını gözləyən övladları İlqar və Təhməzlə eyni otaqda qalmışdı. O, özünü birtəhər toparlayıb, oğlanlarına bir kəlmə də söz deməyib, o da namaz qılmaq üçün öz otağına getdi.

Bir neçə dəqiqədən sonra öz otağından çölə çıxan Həmidə xanım, Mahmudun qoltuqda oturaraq, saqqalına tumar çəkdiyini (Mahmud əvvəllər saqqal saxlamazdı. Saqqal saxlayanlara da pis baxardı. Lakin Allahın kişiyə saqqal saxlamağı buyurduğunu biləndən sonra xətt saqqal saxlamağa başlamışdı.) görüb, gəlib, onunla üz – üzə əyləşdi. Həmidə xanım artıq qərara almışdı ki, hər şeyi açıb, ona danışsın: Bundan öncə Mahmudun necə olduğunu, indi necə olduğunu, bir sözlə hər şeyi danışacaqdı. Çünki artıq qorxusu yox idi. Mahmud təhlükəni dəf etmişdi. Elə Həmidə xanım ağzını açıb, danışmaq istəyirdi ki, Mahmud ondan qabaq dilləndi:

- Həmidə, əzizim, mən bilirəm ki, həkim səhətim haqqında yaxşı söz deməyib. Bunu məndən gizləməyin mənasızdır. Mən ölümdən qorxmuram. Onsuzda hamı öz vaxtı çatanda öləcək. Sadəcə...

O, sözünü tamamlaya bilməyərək, gözləri doldu. Həmidə xanım, Mahmudun səhv düşündüyünü görüb, gülümsünərək, onun əllərindən tutub, sakitləşdirməyə çalışdı və nəhayət ki, bütün olub – bitənləri ərinə açıb, danışdı. Analarının sözlərindən İlqarla Təhməz donub, yerlərində qalmış, bir kəlmə də olsa dillənmirdilər. Amma Mahmud Həmidə xanımın danışdıqlarını çox sakit qarşılayıb, sonacan dinləyəndən sonra dedi:

- Əzizlərim, sizə bir şey danışacam, bəlkə də, inanmayacaqsınız. Amma bu həqiqətdir.

Mahmud iki gün bundan öncə səhər yuxudan oyanıb, sübh namazını qılandan sonra yerinə uzanıb, yatmaq üçün gözlərini yumduqda, elə bil, havaya qaldırıldığını, birdən başının üstündə üzlərini görə bilmədiyi, ağ geyimli, üzərlərindən işıq saçan insanların ona: - “İndi biz səni əməliyyat edəcəyik, bir şeyin qalmayacaq!” - deyərək, əllərini onun başına sürtdüklərini, həmin an başının içində həqiqətən də nəsə əllər gəzdiyini, başından nəyisə çıxartdıqdan sonra qeyb olduqlarını, gözlərini açdıqdan sonra bədənin tər – suyun içində, saçlarının qarışıq, beynində isə yüngüllük hiss etdiyini danışdı.

Mahmud olanları danışa – danışa övladlarının və yoldaşının gözlərindən yaş axırdı.

Onların evində namaz qılmayanlar İlqarla Təhməz də bu möcüzədən sonra haqqın yolunu – Allahın yolunu tutdular. Namaz qılıb, xeyirli işlər görərək, qazanclarının əksəriyyətini də Allah yolunda sədəqə verdilər.

İndi Mahmudun bir arzusu vardı. On nəfər mömünə köməklik göstərib, onları Hacc ziyarətinə yola salsın, daha sonra isə Allahın izni ilə ailəsiylə birgə Kəbə evini ziyarət etsinlər...


Tarix: 07.06.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Maraqlı melumatlar
loading...