Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurban bayramının əməlləri. Qurban bayramı namazı. Qurbanlığın şərtləri

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Qurban bayramında yerinə yetirilməli bir neçə əməl vardır ki, yerinə yetirmək müstəhəbdir və böyük əcri vardır bu əməllərin.

Həmin əməllər aşağıdakılardan ibarətdir:

1. Qüsl etmək.

2. Bayram namazını qılmaq.
Bu namaz- eyniylə, Şəvval ayının biri- Ramazan bayramında qılınan Fitr namazı kimi, qılınır. Bir fərqlə ki, Fitr bayramında gün qalxana qədər oruclu olmaq, Fitr namazını isə, gün qalxandan sonra, iftar edib fitrə zəkatını verəndən sonra, qılmaq müstəhəbdir, amma, Qurban bayramında isə, bayram namazından sonra, qurban əti ilə, iftar etmək müstəhəbdir.

3. Bayram dualarını, xüsusilə də, “Allahummə həzə yəumin mubərakun...” zikriylə başlayan Səhifeyi-kamilənin 48- ci duasını oxumaq.

4. Nüdbə duasını oxumaq.

5. Qurban kəsmək.
Bu bayramın ən gözəl əməlləri qurban kəsmək və bayram namazını qılmaqdır.

6. Təkbirləri oxumaq.

Bayram namazı
Qeyd etdiyimiz kimi, bu bayramın əməllərindən biri də, bayram namazını qılmaqdır. Bu namaz, Fitr namazı kimi, qılınır. Şiə alimlərinin mötəbər rəyinə əsasən, Qurban bayramının, eləcə də, Fitr bayramının namazı - Sonuncu İmam Höccət ibnil-Həsən (ə.f) qeybdə olduğu müddət ərzində, eləcə də, bizim zəmanəmizdə qılmaq müstəhəbdir, tək halda da, qılına bilər, camaatla birlikdə də. Lakin, İmamın (ə.f) qeybdə olmadığı dövrlərdə isə, bu namazları qılmaq vacibdir və camaatla qılınmalıdır. Bu namazın vaxtı gün çıxandan zöhrə qədərdir. Bu namaz 2 rəkətdir. 1-ci rəkətdə “Həmd” və “İxlas” surəsi oxunduqdan sonra, 5 təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra da, 1 qunut tutulur. 5-ci qunutdan sonra, bir daha təkbir deyib, ruku və səcdə edilir. 2-ci rəkətdə 4 təkbir deyilir və hər təkbirdən sonra, 1 qunut tutulur. 4-cü qunutdan sonra, bir daha təkbir deyilir və ruku və səcdə edilir. Namazın sonunda isə, təşəhhud və salamlar deyilir və bununla da, namaz sona yetir.

Qurbanlıq heyvanın keyfiyyətləri və kəsilməsindəki bəzi şərtlər
Qurban bayramının əməllərindən biri də, hamımızın bildiyi və hər il şahidi olduğumuz qurban kəsmə əməlidir. Hər il Zilhiccə ayının 10-u, Allah yolunda qurban kəsilir və qurbanlıq heyvanın ətindən ehtiyacı olanlara paylanılır. Qurban ibadəti təkcə İslamda deyil, Quranın buyurduğu kimi, “hər bir şəriət əhli üçün, məxsus qurban ibadəti” olmuşdur. “Həcc” surəsinin 34-cü ayəsində buyurulur: “Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə mücdə ver.” İnsan gərək, Allah rizası üçün, qurban kəssin. Necə ki, Quran buyurur: “De: Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür).” (Ənam 162)

Bəs görəsən qurbanlıq heyvan hansı şərtlərə və keyfiyyətlərə malik olmalıdır? Öncəliklə qeyd etmək lazımdır ki, mübarək Təməttö Həccində qurban kəsmək vacibdir. Bir kəs Təməttö Həccini yerinə yetirirsə, onun Zilhiccə ayının 10-da, Minada qurban kəsməsi vacibdir. Amma, həmin gün Həcc ziyarətində olmayanlara isə, qurban kəsmək vacib deyil, amma, imkanlı şəxslər yaxşı olar ki, bu bayramda qurban kəssinlər. Toyuq, xoruz, ceyran kimi heyvanların qurban adına kəsilməsi düzgün deyil, qurbanlıq heyvan- dəvə, inək, qoyun, qoç heyvanı olmalıdır.

Bunların içində dəvə kəsmək daha çox fəzilətlidir, ondan sonra, inək kəsmək fəzilətlidir. Qurbanlıq dəvənin yaşı, gərək, 5 ildən az olmasın, 6 yaşının içində olsun. İnəyin yaşı isə, 2-dən az olmamalıdır. Qoyunun yaşı isə, 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam olmalıdır, qüsurlu olmamalıdır, əzaları yerində olmalıdır, hətta, ehtiyata görə, heyvanda keçəllik də, olmamalıdır. Qurbanlıq heyvan, həmçinin, kor, axsaq, qulağı, quyruğu və ya, buynuzu kə olmamalıdır. Bundan əlavə, heyvan gərək, arıq və çox qoca olmasın. Həcc ziyarətində qurban ibadəti, şeytan daşlandıqdan sonra, həyata keçir və təxirə salınmamalıdır. Əgər, təxirə salınarsa, gərək bayram günündən sonrakı 3 gün ərzində (buna “təşriq günləri” də, deyilir) yerinə yetirilsin. Müstəhəbdir ki, qurban kəsən şəxs, qurbanlıq heyvanın ətini 3 hissəyə bölsün. 1 hissəsini özünə götürsün, 1 hissəsini ehtiyaclı kimsələrə ehsan etsin və 1 hissəsini də, hədiyyə etsin.


Tarix: 06.06.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Maraqlı melumatlar
loading...