Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklərə İman

Mələklərə iman hər hansı bir şübhə və tərəddüddən uzaq olaraq var olduqlarına inanmaq deməkdir. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (onların) Hamısı Allaha, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirmişlər…». (əl-Bəqərə 285).

Mələklər aləmi bir qeyb aləmidir. Allah tərəfindən yaradılmış və Allaha ibadət edən varlıqlardır. Allah onları nurdan yaratmış, əmrlərinə tam uymağı və əmrlərini yerinə yetirmək gücünü vermişdir. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən (yaratdı)». «Möhtərəm qullardır. Onlar Allahdan qabaq söz danışmışlar və yalnız onun əmri ilə iş görərlər». (əl-Ənbiya 26-27). «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).
Mələk – ƏLƏKƏ sözündən götürülüb, göndərilən deməkdir. Mələklərin varlıqlarını inkar edənə hər hansı bir şəxs kafir olur. «Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.
Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə yaradacağam» dedikdə, mələklər: «Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» söylədilər. Allah (onlara) : «Mən bildiyim şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).
Mələklərin sayı çoxdur. Sayını Allahdan başqa heç kimsə bilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Meraca gedərkən ona səmadakı Beytul-Məmur göstərilmiş və orada hər gün yetmiş min mələyin ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirlimişdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə buyurur: « Səmada olan səsləri eşidirsinizmi?» Səhabələr: «Yox, ya Rəsulullah». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən eşidirəm. Göydə bir qarış yer yoxdur ki, orada Qiyamda, rukuda və səcdədə olan mələk olmasın».
Mələklərə iman özündə bir neşə xüsusiyyətləri birləşdirir ki, bunları da hər bir müsəlmanın bilib iman gətirməsi vacibdir.
1. Onların varlıqlarına iman gətirmək.
2. Cəbrail, Mikail, İsrafil – əleyhissəlam – kimi adlarını bildiyimiz mələklərə iman, adları-
nı bilmədiyimiz mələklərə isə icma ilə iman gətirmək.
3. Cəbrail – əleyhissəlam – kimi sifətlərini bildiyimiz mələklərin o, sifətlərinə iman gətirmək. Məs: Allah bizim onları görməməyimizi əngəlləşdirmişdi. Buna görə də biz onları yaradılmış şəkildə görə bilmərik. Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi. «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü». (Məryəm 17).
Həmçinin İbrahim və Lut – əleyhissəlam – ın yanına insan qiyafəsində gəlmişlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman…». (Hud 77).
Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı öz qiyafəsində görmüşdü. «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul – muntəhanın yanında». (ən-Nəcm 6-14). Cəbrail – əleyhissəlam – ın insan qiyafəsində saçları olduqca qara, düm ağ paltarda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına, onların dinlərini onlara öyrətməyə gəlmişdi. Cəbrail – əleyhissəlam – əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətli əl-Kəlbi – radıyallahu anhu – nun qiyafəsində gələrdi.
Mələklərin çox qanadlı olmaları. «Göyləri və yerləri yoxdan yaradan, iki qanadlı, üç qanadlı, dörd qanadlı mələkləri elçi edən Allaha həmd olsun. (Fatir 1).
Mələklər Allahın ordularıdır. «Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir». (əl-Muddəssir 31).
Allahın izni ilə insanları qoruyurlar. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Əbu Cəhl: «Məhəmməd sizin aranızda üzünü torpağa sürtürmü?» Ona: «Bəli, sürtür»- dedilər. O, dedi: «Lat və Uzzaya and olsun ki, əgər onun belə etdiyini görsəm boynundan tutub torpağa sürtəcəyəm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – namaz qılmağa başladığı vaxt Əbu Cəhl gəldi və onun boynunu basmaq istədi. Bu vaxt sanki əlləri ilə özünü qoruyaraq geri çəkildi. Ona: «Sənə nə oldu?» deyə soruşduqda o dedi: «Mənimlə onun arasında içi odla dolu xəndək var idi və mənim ona yaxınlaşmağıma mane olurdu». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər o, mənə yaxınlaşmış olsaydı mələklər onu parça-parça edərdilər».
Mələklər Allaha yaxınlaşdırılmış varlıqlardır. Kişi və qadın vəsfləri yoxdur. «Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar mələklərin yaradılışına sahibmi olmuşlar. Onları bu şəhadəti yazılacaq və sorğu-sual olunacaq». (əz-Zuxruf 19). «Kafirlər Rahmən övlad götürdü dedilər. O, pak və müqəddəsdir. Xeyr mələklər möhtərəm qullardır». (əl-Ənbiya 26).
Yeməzlər, içməzlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər. İbrahim də «Salam!» deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi. İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü». (Hud 69-70).
Onların qidaları Allahı zikr etməkdir. Bundan da əsla usanmaz və buna ara verməzlər, yorulmazlar. «Onlar Allaha ibadət etməkdə təkəbbürlülük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaz, yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20). «Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq ona səcdəyə qapanarlar». (əl-Əraf 206).
Həya və utanmaq kimi sifətlərə sahibdirlər. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayaqları baldıra qədər açıq vəziyyətdə uzanmışdı. Əbu Bəkr, Ömər – radıyallahu anhu – onun yanına içəri girdikdə o, ayaqlarının üstünü örtmədi. Lakin Osman – radıyallahu anhu – onun yanına girən kimi ayaqlarının üstünü örtdü. Niyə belə etdiyini soruşduqda: «Ondan mələklər həya edir mən necə həya etməyim».
Allaha itaət və ona üsyan etməmək fitrəti ilə yaradılıblar. «Xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6).
4. Mələkləri Allahın əmrlərini yerinə yetirdiklərinə və hər birinin müəyyən vəzifəsi olduğuna iman gətirməliyik.
Cəbrail – əleyhissəlam – Allahın vəhyinin əminidir. Allah vəhy ilə onu Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail – əleyhissəlam – yağış və bitkilərlə, İsrafil – əleyhissəlam – Qiyamətin qopacağı və insanların diriləcəyi vaxt sura üfürəcək, Ölüm mələyi ölüm anında ruhları almaqla əmr olunur. De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır». (əs-Səcdə 11). O, yaradılmış olaraq mələklərin ən əzəmətlisidir. Onun haqqında Quran və Sünnədə bəlli bir ad yoxdur. Bəziləri Əzrail deyə adlandırırlar. Lakin bu haqda heç bir yerdə məlumat yoxdur.
Həmçinin kimilərinə Ərşi daşımaq: «Həmin gün sənin Rəbbinin ərşini onların başı üstündə səkkiz mələk daşıyacaqdır». (əl-Həqq 17). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə Ərşi daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun qulağının ucu ilə boynunun arasındakı məsafə yeddi yüz ilə bərabərdir. Quş bu məsafəni qət etməkdə acizdir».
Kimisinə Cəhənnəmin atəşini qorumaq Məlik və Cəhənnəmin mələkləri Zəbanilər: «Onlar müraciət edib deyəcəklər: Ey Məlik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq). O, isə (min ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız». (əz-Zumər 77). «Biz də Zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq». (əl-Ələq 18).
Kimiləri möminlərin ruhlarını rahatlıqla alırlar: «And olsun (möminlərin canını) rahatlıqla alanlara». (ən-Nəziat 2). Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!». (Fussilət 30).
Kimiləri kafirlərin ruhlarını zorla alırlar: And olsun (kafirlərin canını) zorla alanlara». (ən-Nəziat 1). «Kaş ki, sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb: «Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbürlük göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız» dediyini görəydin. (əl-Ənam 93).
Kimiləri insanın ana bətnində olduğu müddətdə qədərini yazmaq ilə: Əbu Abdurrahmən Abdulla b. Məsud – radıyallahu anhu – rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət ərzində alaka şəklində olur. Sonra yenə bu müddər ərzində mudaka şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki, ona ruh üflədikdən sonra dörd xüsusiyyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını».
Onlardan möminlərə məğfirət diləyən, onlara dua edən, möminləri sevən kimsələr olduğu kimi elm məclislərinə gələrək onları əhatəyə alan, onların etdiklərini Allaha çatdıran, elm öyrənən və öyrədən üçün dua edən mələklər də var. «Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər…». (əl-Əhzab 56). Əbu Uməmə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən Allah mələkləri, göydə və yerdə olanlar … elm öyrədənə dua edirlər». Əbu Dərda – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını oxuyar və öz aralarında onu müzakirə edərlərsə onlara Allah tərəfindən sakitlik enər, Allahın rəhməti onları örtər, mələklər onları əhatəyə alarlar, Allah onları öz dərgahında olanların yanında yad edər. Hər kim bu əməlləri gecikdirərsə, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)».
Mələklərin möminlərin dostlərı və onları sevmələri. Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada və axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfslərinizin çəkdiyi, istədiyiniz hər şey vardır». (Fussilət 30-31).
Əbu Hureyrə – radıyallahu anhu- rəvayət edir ki, Peyğəmbər – sallallahu aləyhi və səlləm – buyurdu: «Əgər Allah bir qulu sevərsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevər, sən də onu sev!» deyə nida edər. Cəbrail də onu sevər. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə məqbul (qəbul) sayılar».
Mələklərin kafirləri, müşrikləri, münafiqləri sevməmələri və onlara nifrət etmələri. Əbu Hureyrə – radıyallahu anhu- ravəyət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər Allah bir qulu sevməzsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən də onu sevmə!» deyə nida edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevmir, siz də onu sevməyin!». Səmadakılar da onu sevməzlər. Sonra da yer üzündə olan insanların qəlbində (Allah tərəfindən) o kimsə haqqında nifrət və kin qoyular».
Həmçinin mələklər birinci səfdə olanlar, namazı gözləyənlər üçün dua edirlər. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Namazın girmə vaxtını gözləyən insanlar üçün mələklər Allaha dua edərək, Ya Rəbbimiz onu bağışla, ona rəhm et». Bəra b. Azib – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən Allah və mələkləri birinci səff üçün dua edərlər». Aişə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz Allah və Mələkləri səflərini sağında olanlara rəhmət və istiğfar diləyərlər».
Həmçinin mələklərin Cümə günü insanları qeyd etmələri. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cümə günü oldu mi məscidin hər bir qapısı üzərində mələklər durub sıra ilə tez gələnləri qeyd edərlər. İmam xütbə vermək üçün oturdu mu onlar da səhifələri bağlayıb xütbəni dinləməyə gedərlər».
Həmçinin mələklərin xəstəni ziyarət edən üçün dua etmələri. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kəs öz müsəlman qardaşını səhər ziyarət etməyə getsə axşamadək yetmiş min mələk onun üçün bağışlanma diləyər, axşam getsə səhərədək yetmiş min mələk onun üçün bağışlanma diləyər».
Əhli Sünnə vəl Cəmaat həmçinin Kiramə və Kətibin mələklərinə də inanırlar. Allah onları üzərimizə əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib. Bizi ancaq ayaq yoluna girdiyimiz və cima halında tək buraxarlar. «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar». (Yunis 21). «Yoxsa onlar elə güman edirlər ki, biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr, yanlarında olan elçilərimiz yazırlar». (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa sizdən ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara ikramınız (hörmətiniz) olsun».
Mələklərin möminlər üçün bağışlanma diləmələri. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib sənin yolunda gedənləri bağışla, onları cəhənnəm əzabından qoru». (əl-Mumin 7). «Mələklər də (ondan) bağışlanmağınızı dilərlər. Allah möminlərə rəhm edəndir». (əl-Əhzab 43).
Mələklərin möminləri salamlamaları. «Rəbbindən qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam olsun) xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 73).
Həmçinin mələklərin sadəcə verənlər üçün dua etmələri. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər səhər Allahın izni ilə yer üzünə iki mələk enir və Allaha dua edərək deyirlər: «Ey Rəbbimiz! Allah yolunda xərcləyənin ruzisini artır, xəsislik edənin ruzisini isə azalt».
Həmçinin mələklərin İbrahim – əleyhissəlam – ı oğlu İshaqın olması ilə, Məryəmi İsa – əleyhissəlam – ın olması ilə, Xədicə – radıyallahu anhə – ni Cənnətdə onun üçün hazırlanmış daş-qaşlı saray və Allahın salamı ilə, Aişə – radıyallahu anhə – ni Cəbrail – əleyhissəlam – ın salamı ilə müjdələmişlər.
Həmçinin mələklər Məsih Dəccəlin Məkkə və Mədinəyə girməsinin qarşısını alacaqlar. Qiyamətə yaxın vaxtlarda İsa – əleyhissəlam – ın Şamın şərq tərəfində ağ minarəli (məscidin) üstünə iki mələyin qanadında enməsi.
Həmçinin mələklərin döyüşlərində müsəlmanlara kömək etməsi, xüsusi ilə Bədr döyüşündə. «Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi. Bəli əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər». (Ali-İmran 124-125). (əl-Ənfal 9). Rifa b. Rafi əz-Zurani – radıyallahu anhu – rəvayət edir ki, Cəbrail – əleyhissəlam – Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Bədr döyüşündə iştirak edənləri nə sayırsınız». (Peyğəmbər) buyurdu: «Müsəlmanların ən xeyirliləri». Cəbrail – əleyhissəlam – dedi: «Mələklərdən də Bədr mələkləri belədir».
Əhli Sünnə vəl Cəmaat qəbr əzabının olduğuna da inanırlar. Qəbr əzabı deyildikdə, bildiyimiz qəbr çuxurunda görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə verilən əzabdır. Əzabı qəbirdə də olsa, yerin dibində də olsa, dəniz dibində də və ya balığın qarnında da olsa bərzəxda əzab görəcəkdir. Munkər və Nəkir mələkləridir ki, bərzəx aləmində insana: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?» - deyə suallar verirlər.
Həmçinin mələklər heykəl, surət və it olan heç bir evə girməzlər. Əbu Təlhə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Mələklər it və şəkil olan evə girməzlər». Adəm oğullarına əziyyət verən şey onlara da əziyyət verir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Soğan və sarımsaq yeyən hər bir kəs bizim məscidə yaxın durmasın. Adəm oğullarına əziyyət verən şey mələklərə də əziyyət verir».
Bütün bunlara iman gətirmək vacibdir. Buna görə də mələklərə iman etmək, imanın əsaslarını təşkil edən altı əsasdan biridir.


Tarix: 08.05.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 544 Bölmə: Maraqlı melumatlar
loading...