Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?” ayəsi

“Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir” ayəsində sözügedən “bir dövrdən” nə qəsd edilir? Adəm əleyhissalam və İsa əleyhissalam ayədə qeyd olunan insan kəliməsinin əhatə dairəsinə daxildir?

Həmd Allaha məxsusdur.
İnsan surəsi nəzakətli ritorik sual ilə başlayır və insana xəlq olunmamışdan əvvəl onun heç bir şey olduğu həqiqətini ona xatırladır. İnsan xəlq olunmamışdan əvvəl heç bir şey idi (yox idi, mövcud deyildi) və sonra Allah onu xəlq etdi və onu zikr olunmaq üçün dəyərli etdi. Dinləyicinin diqqətini cəlb etmək və bunun ardınca gələn kəlamları eşitməsi üçün ayə sual üslubunda başlayır. Allah təala buyurur: “Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?” (əl-İnsan 76:1)
Bu ayədəki insan sözü bütün bəşəriyyəti əhatə edir. Çünki bütün bəşər xəlq olunmuşdur. Mövcud olmamışdan və zikr olunmaya layiq bir şey olmamışdan sonra onlar mövcud oldular. Allah təala necə ki, Zəkəriyyə əleyhissalama deyir:
“(Mələk) dedi: "Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!» (Məryəm 19:9)
Şeyx Abdurrəhman əl-Sadi (Allah ona rəhmət etsin) demişdir:
Bu surədə Allah təala insanın ilk halını xatırladır, həmçinin onun əvvəlini, orta dövrünü və sonunu xatırladır. Allah təala bildirir ki, insan uzun müddət- xəlq olunmamışdan əvvəl- heç bir şey idi, hətta zikr olunmağa belə dəyməzdi. Sitatın sonu.
Təysir əl-Kərim əl-Rəhman fi-Təfsir Kəlam əl-Mənnan (səh.900)
Alləmə əl-Tahir ibn Aşur (Allah ona rəhmət etsin) demişdir:
Qəsd olunan budur: “Mövcud olan hər bir insan dərk edirmi ki, o uzun müddət yox olmuşdur və zikr olunmağa layiq bir şey olmamışdır, yəni onun adı yox idi və onun haqqında söz açılmırdı. İnsan sözü ümumi şəkildə bəşərə nisbət etmək üçün işlədilmişdir. Necə ki, ayədə zikr edilir:
“2 Həqiqətən, insan ziyan içərisindədir.
3 Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.” (Asr 104:2-3)
Yəni, məgər hər bir insanın heç bir şey olmadığı bir zaman müddəti olmamışdırmı? “Dahr” uzun müddət deməkdir. Sitatın sonu.
Əl-Təhrir vəl Tənvir (29/345-346)
Ola bilsin ki, İbn Abbas və İbn Cüreycdən rəvayət olunan bu rəy ayədə keçən “insan sözündən xüsusilə Adəm qəsd olunur” rəyindən daha səhihdir. Məzmun məna etibarilə ümumidir və özündən sonra gələn ayənin ümumi mənasına işarə edir. Allah təala buyurur: “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik (İnsan 75:2). Məlumdur ki, nütfədən (qarışdırılmış məni damcılarından) xəlq olunanlar Adəmin övladlarıdır. Beləliklə, bu göstərir ki, birinci ayədə insan sözündən qəsd olunan bütün bəşəriyyətdir.
İnsan ilk öncə mövcud olmamışdır kəlamı insanın yaradılışı və həqiqəti ilə bağlıdır. Bu mənada bu ifadəyə bütün bəşəriyyət, hətta rəsullar və peyğəmbərlər də daxildir. Onların hamısı əvvəlcə mövcud olmamışdır, sonra Allah onları xəlq etdi.
Allahın elminə gəldikdə isə, bütün bəşəriyyət Allah təalanın əzəli elmi ilə Ona (əvvəlcədən) məlumdur və Lövhi Məhfuzda yazılıb. Lakin rəsullar və peyğəmbərlər yüksək məqamlarla xüsusi olaraq zikr olunurlar. Ona görə də onlar insanların ən yaxşılarıdırlar və Allahın elmində onların zikr olunması Allah təalanın onları nemətləndirdiyi peyğəmbərliyin, risalətin uca mərtəbəsinə münasibdir.
Allah daha yaxşı bilir.


Tarix: 13.04.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar
loading...