Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kliniki ölüm

Kliniki ölüm keçirmiş şəxslərin danışdıqları onları dinləyənləri qorxutmaqla yanaşı, valeh də edir. Tunel, aydın işıq, dünyasını dəyişmiş qohumlarla görüş, görəsən, bütün bunlara inanmaq olarmı? Bəlkə bu, ölüm öncəsi təcrübə və ya ölmüş beyinin qallisunasiyasıdır? Belçika alimləri bu kimi məsələlərə aydınlıq gətirməyə çalışıblar. Onlar komadan ayılan xəstələrin xatirələrinin real olub-olmadığını yoxlamağın yolunu tapıblar.

«Mən nəhəng borunun içərisində harasa uçurdum. Uçuş hissi tanış idi. Bu hissi əvvəllər yuxuda yaşamışdım. Sanki istəyirdim, uçuşu ləngidim, istiqaməti dəyişim. Alınırdı. Qorxum yox idi. Yalnız zövq yaşayırdım. Baş verənləri təhlil etməyə də çalışırdım. Bir andaca nəticəyə gəldim ki, hazırda yaşadığım dünya var. Mən düşünürdüm, eyni zamanda mövcud idim». Bu fikirlər kliniki ölüm keçirməsini ən yaxşı xatırladığı təsdiqlənən xəstələrdən birinə məxsusdur.

Lakin onun dedikləri heç də hər suala aydınlıq gətirmir. Ən böyük sual isə bundan ibarətdir: həyatın başa çatmasından sonra nə isə varmı? Belə hesab edilir ki, ölümün astanasında olan şəxslər daha çox müəmma içərisində olurlar. Tunel, aydın işıq, bədəndə qeyri-adi yüngüllük — bunlar daha çox təsvir olunan səhnələrdir. Bəzən dünyasını dəyişmiş qohumlar və dostlarla görüşmənin təsvirlərinə də rast gəlinir və söz-söhbətlərin yekunu bir məsələ üzərində də cəmləşir: ölümdən sonra həyat var.

Əslində insanların çoxu da bu təsəvvürü yaxına qoymağa meyllidir. Onlar ölümlərindən sonra yoxa çıxmadıqlarına, başqa nələrinsə də olacağına ya inanmaq, ya da özlərini inandırmaq istəyirlər. Həkimlərin kliniki ölümün geniş yayılmış təsəvvürlərinin bölüşülməsi təcrübəsinə əsasən ölmüş insanın düşüncəsi qarışıq olur, baxış bucağı daralır. Tunel görüntüsü, bu sadəcə həmin baxış bucağının daralmasıdır, işığa gəldikdə, o reanimasiya palatasının, yaxud cərrah masasının lampasıdır. Digər fərziyyəyə görə, ölümdən sonrakı həyatın aydın işığının görünməsi qallusinasiyadır. Onu doğuran səbəb beynin orqanik zədələnməsidir. Buna ölüm anında olan insanın psixoloji müdafiəsi kimi yanaşanlar da var.

Əlbəttə, mövcud istiqamətdəki eksperimentlər müəyyən mənada yersizdir. Çünki reanimasiya dəstəsində fəaliyyət göstərən həkimlərin işləri həddən artıq çox olur və əlbəttə, onlar heç də xəstənin beyninə prosesləri incələyən sayğac yerləşdirmirlər. Ancaq Belçikanın Lyej Universitetinin tədqiqatçıları kliniki ölüm keçirmiş insanların sonradan həmin dramatik anın təəssüratlarını bölüşmələri üçün metod tapıblar. İş ondadır ki, insan beyni həm yaşanmış hadisələri, həm də öz fantaziyası olan şeyləri yadda saxlamaq qabiliyyətinə malikdir və bu məlumatlar beynin müxtəlif zonalarında saxlanılmaqla onun iki fərqli iş mexanizmini hərəkətə gətirir. Belə çıxır ki, tomoqramma ilə ölüm öncəsi halların reallıq, yoxsa illüziya olduğunu müəyyənləşdirmək çətinlik törətmir.

Haqqında bəhs etdiyimiz universitetin alimləri koma vəziyyətində olan insanlarla işləyiblər. Onlar həmin insanların adi həyatları barədə real təəssüratlarını soruşublar. Sonra isə bu və ya digər xatirələrin aktivləşdirilməsi müqabilində onların beyinlərinin hansı reaksiya verməsini yoxlayıblar. Nəticələr olduqca maraqlı olsa da, ölümdən sonrakı həyat barədə birmənalı söz açmaq yenə də mümkünsüzdür. Məsələ burasındadır ki, kliniki ölüm haqqında xatirələr sözün həqiqi mənasında reallıqdan da real alınır. Beyin həmin xatirələri adi fantaziya deyil, təsəvvür barədə tamam fərqli yaddaş kimi həkk edir. Real həyat xatirələri ilə ölüm öncəsi vəziyyətin yada salınması da bir-birindən fərqlənir. İkinci birinciyə nisbətən daha dəqiq və aydındır.


Ölməkdə olan və ya ölmüş insanın beyni əslində çox zəif işləməlidir, çünki ölüm anı orqanizmi sıradan çıxarır. Ancaq Lyej Universitetinin alimlərinin apardıqları eksperimentlər göstərir ki, həmin an beyin daha iti işləyir. Hətta normal həyatda olduğundan da yaxşı. Onların qənaətincə, insanın öz bədənindən çıxmasına dair əlamət onun həyatda qarşılaşdığı mənzərələrdən daha yaxşı yadda qalır.

Təbii, praqmatik alimlər qeyd etdiyimiz halın tibbi modelini izah etməyə çalışır və bildirirlər ki, insanın öz bədənini tərk etməsi hissinə dair illüziyanın yaranması hissinin reallıq kimi təsəvvürü beynin müəyyən hissəsindəki neyronların disfunksiyasının nəticəsidir. Ola bilər ki, ölüm zamanı beyin insanlar üçün hansısa məşğuliyyət sujeti hazırlayır və həmin an tam real təcrübə kimi yaşanır. İstənilən halda bu izah da fərziyyədir. Baxmayaraq ki, Lyej Universiteti alimlərinin müəyyənləşdirdikləri olduqca maraqlıdır.


Tarix: 26.11.2014 / 17:53 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Maraqlı Melumatlar
loading...