Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beynimizin 10%-indən yararlanırıq?

Uşaqlığımızda bəzi böyüklərin söhbətlərində Allahın qüdrətinə misallar verilərkən beynimizin üstünlüyündən danışılırdı. Bu mükəmməl orqanın möcüzəvi xüsusiyyətlərini sayarkən imkanlarının genişliyini anlatmaq üçün "bütün həyatımız boyunca beynimizin ən çox 5%-ini istifadə edirik, hətta Eynşteyn kimi dahilər ancaq 10%-ini işlədirlər" kimi ifadələri heyranlıqla dinlərdik. Bu sahədə son illərdə aparılan tədqiqatlar isə bizə daha fərqli görüşləri çatdırır.
"Beynimizin 10%-ini istifadə edirik" ifadəsi Washington Universitetində anesteziologiya mütəxəssisi olan Dr. E. Çadlerə görə səhv bir düşüncədir, bir ifadədir və həqiqətlə heç bir əlaqəsi yoxdur. Yaxşı bəs, bu ifadə haradan çıxdı? Bunu heç kəs bilmir. Dr. Cey, indiyə qədər bu şəkildə düşünən heç bir nevrologiya mütəxəssisinə rast gəlmədiyini və bu sözün dünyada məşhur ifadəyə çevrilməsini heyrətlə qarşıladığını bildirir.
Bununla əlaqəli olaraq bir neçə fərziyyələr var.
Fərziyyə 1: Elm adamlarının sözlərinin və tədqiqatlarının səhv yerə yozulmasıdır. Belə bir ifadə ilk dəfə 19-cu əsrdə Eynşteynin və P. Florinsin sözlərinin fərqli dəyərləndirilməsi nəticəsində meydana çıxa bilər. Uilyam Ceyms "İnsanın enerjisi" adlı əsərində (1908), "insan fiziki və zehni gücünün çox az bir qismini istifadə etməkdədir" qeyd edir. Bu sözü bir çox şəkildə başa düşmək olar. Kimiləri buradakı "çox az" sözünü 10% şəklində anlayarkən, kimiləri də çalışmayaraq, tənbəllik edərək, oxumayaraq qabiliyyətlərindən az istifadə edənləri demək istəmişlər.
K. Leşli 1920-ci illərdə siçanların beyninin böyük bir qismini çıxararaq bir sıra təcrübələr aparmışdır. Təcrübə nəticələrini tədqiq edərkən "beyinləri çıxarıldığı halda siçanlar bəzi işləri görə bilirdilər" deyərək, insanda da beynin bazı hissələri çıxarılarsa vacib dəyişikliklərin olmayacağını ifadə etmişdir. Ancaq bu gün bilirik ki, beyindəki hətta çox kiçik bir sahənin zədələnməsi, insan həyatını məhv edə bilər. Buna görə epilepsiya və ya beyin şişi əməliyyatlarında sinir cərrahları beyin toxumasına ən kiçik bir zərəri verməmək üçün çox həssas və diqqətli hərəkət etməkdədirlər. Ən kiçik bir xəta xəstənin həyatına son qoya və ya əlillik dərəcəsinə gətirib çıxara bilər.
Fərziyyə 2: Mətbuatın xəbərləri düzgün əks etdirməməsi və ya səhv yerə yozmasıdır. İnsanın beyninin 10%-ini istifadə etdiyinə dair heç bir elmi tədqiqat olmamasına baxmayaraq, buna inananlar belə düşünməkdədirlər: "əgər beynimin daha çox hissəsini istifadə edə bilsəm super yaddaşa sahib ola bilərəm, fövqəladə zehni qabiliyyətlərə malik ola bilərəm. Məsələn, düşüncə gücümlə cisimləri hərəkət etdirə bilərəm.”
Bu düşüncələri dəstəkləyən və təsdiqləyən heç bir elmi araşdırma yoxdur. Bir reklamda belə deyilirdi: "Potensial beyin gücünüzün 11%-ini istifadə edirsiniz. İndi bir seçiminiz var. Bizim malla artıq bu nisbəti artıra bilərsiniz." Yenə də bir hava yolu şirkəti öz reklamında bu cümlələri istifadə edir: "İnsanların, beyinlərinin 10%-ini istifadə etdiyini deyirlər, bizim hava yolumuz ilə səyahət edirsinizsə, deməli siz daha çoxunu istifadə edirsiniz.
Fərziyyə 3: İnsanların acizliyidir. Elm aləmi bütün tərəqqilərinə baxmayaraq beynin sirlərini hələ də aça bilməmişdir və açmağı da gözlənilməməkdədir. Buna görə də tədqiqatçılar hər dəfə "beyin kainatdakı ən kompleks, ən qarmaqarışıq üzvi quruluşdur; bu mükəmməl quruluşun açılmadığı hələ çox sirləri var" deyərək acizliklərini etiraf etməkdədirlər. Hələ bu gün üçün beynin daha 10%-i başa düşülüb, 90% kimi böyük bir qismi isə kəşf olunmağı gözləməkdədir. Ədəbiyyatçı Emili Dikinson, "beyin səmalardan daha geniş, okeanlardan daha dərindir" deyərkən, əsrlər əvvəl Hz. Əli (r.a): "Ey İnsan, sən özünü kiçik bir cisim olduğunu hesab edirsən, halbuki ən böyük aləm sənin içində gizlədilib". demişdir.
ABŞ Prezidentlərindən George Bush; 1990-cı ildə xalqa verdiyi bir bəyanda beyindən söz açmış, tədqiqatçıları bu mövzuya istiqamətləndirmiş və beyin daha yaxşı başa düşülsün deyə konferanslar, seminarlar qurulmasını istəmişdir. Buna görə də 1990-2000-ci illər "decade of the brain" (beynin 10 ili) adlı bir kampaniyaya çevrilmişdir.
Beynin 10%-ini İstifadə Etmək Nə Deməkdir?
Buradan belə bir qənaətə gələ bilərik ki, əgər 10%-ini istifadə ediriksə, axı niyə də yararlana bilmədiyimiz yerdə qalan 90%-i çıxarıb, artıq yükü daşıyaq?. İnsan beyni orta hesabla 1400-1500 qramdır. Bunun 10%-i 140 qram olub, bu da bir qoyun beyninin böyüklüyü qədərdir. Bu günün tibb biliklərinə görə beynin 1%-lik bir qismini belə çıxarıb ata bilmərik. Beyindəki çox kiçik bir sahənin xəsarəti ifliclərə səbəb ola bilər. Parkinson xəstəliyi kimi beynin çox az bir qismini zədələyən xəstəliklər çox ağır nəticələrə yol açmaqdadır.
Yuxu-oyanıqlıq saatlarında, gündəlik və mövsümlük ritmlərin yaranmasında və bu işlər üçün melatonin hormonunun ifrazında rol alan, görmə sinirlərimizin yolu üzərindəki supraxiazmatik nüvənin tutduğu sahə 0,3 mm kubdur. Aclıq və susuzluğumuzu nizamlayan, bədən hərarətini tənzimləyərək termostat vəzifəsini görən və limbik sistemin mərkəzində yerləşən hipotalamusun ağırlığı 50 qramdır. Ləzzət, sevinc, üzüntü və qürurlarımızı, qısacası duyğularımızın mərkəzi olan limbik sistem isə bütün beynin 1%-ini tutan orta beyində yerləşir. İndi bunların hansını çıxarıb ata bilərik? Bunlar bir yana qalsın, millimetrin mində biri uzunluğunda olan bir neçə neyronu məhv etmək belə sinir sistemimizin fövqəladə müvazinətini poza bilər.
Meteoroloji hadisələr kimi xaotik sistemlərdən bildiyimiz "kəpənək təsirində" olduğu kimi; beyincikdəki bir xəsarət öz-özündən uzaqdakı başqa bir sahənin sistem və nizamını alt üst edə bilir.
Beyin qabiliyyətini ölçən vahid nədir? Hansı ölçüyə əsasən danışılmaqdadır? Bu an üçün belə bir ölçü və bir məlumat yoxdur.
Sinir hüceyrələri heç fəaliyyətdə olmasalar da, ətrafdakı sinir hüceyrələrindən onlara siqnallar gəlir. Bir sinir hüceyrəsinə saniyədə 2500 mesaj gəlir, qiymətləndirilir və cavab verilir. İnsandakı 100 trilyon hüceyrənin 100 milyardı beyində yerləşibdir və iki sinir hüceyrəsi arasında da 3000-ə yaxın sinaps (əlaqə) var. Yüz milyard hüceyrənin hər birinin qonşuları ilə olan əlaqələr bizi necə də kompleks bir sinir toru şəbəkəsi ilə qarşı-qarşıya qaldığımızı göstərir.
Beynimiz tam olaraq heç bir zaman bütövlükdə dincəlməz. Hətta yuxuda ikən işləməyə davam edər. Çünki biz yatarkən eyni zamanda nəfəs alırıq, ürəyimiz döyünür, daxili orqanlarımız işləyir, bədən hərarəti azalır, qaraciyər o 500 fərqli vəzifəsini görməyə davam edir, qanımız böyrəklərdən süzülür, beynimizə gedən siqnal bizi səhər tezdən oyandırır. Qısacası, biz hətta yatarkən beynimiz dayanmadan bədənimizin funksiyalarını axsatmaması üçün Rəbbimizin yaratdığı fitrətə görə işləyir.

Mütəxəssislərin Mövzu ilə Əlaqəli Sözləri
- Prof. Dr. R. Sabbatini: Bu tamamən səhv bir ifadədir. İnsanlar beyinlərindəki bütün neyronları istifadə edirlər. Cüzi bir xəsarətdə, misal üçün, görmə sinirləri tutan bir genetik xəstəlikdə, insanlar kor olub qısa müddətdə ölməkdədirlər.
- S. Strejileviç, (Argentina): Elmi istinadı olmayan yanlış bir fikirdir. İnsanlar fərziyyələrə asanlıqla inandığı üçün bu qədər yayılmışdır.
- J. Strout, (ABŞ): Boş və mənasız bir fikirdir. Belə bir şey demək üçün əvvəlcə beyin imkanlarının təqdim olunması lazımdır. Bu da günümüzdə oluna bilinmədiyinə görə...
- Jeff Hollerman: Başdan-ayağa fərziyyədir.

Beyinlə Əlaqəli Bəzi Həqiqətlər
* Təqribən 1400 qram ağırlığındakı insan beyninin 90%-i sudur.
* Beyin qişaları arasında dövr edən qoruyucu onurğa-beyin mayesi gündəlik olaraq yenilənir (400-500 ml/gün).
* Görmə sinirlərimizdəki optik liflərin sayı 1 200 000-dir.
* 100 milyard hüceyrə arasındakı əlaqələrin (sinaps) sayı 60 trilyondur. Hər bir hüceyrədə bir milyarda yaxın zülal, hər zülalda isə 40000 atom mövcuddur. Amin turşuların səhv bir düzülüşü zəhər kimi təsir edə bilər.
* Hər gözdə 130 milyon işıq qəbuledici hüceyrə vardır. Buraya gələn qıcıqlar 5 santimetrlik görmə siniri ilə beyinə ötürülür.
* Göz, bir anda beyinə 1,5 milyon məlumat siqnalı göndərir.
* Bütün hüceyrələr kimi beyin hüceyrələri də atomlardan ibarətdir. Bir hüceyrədə 10 kvadrilyon atom vardır.
Kərtənkələ beyni 0,08 q, filin 6 kq, timsahın 80 q, itin 92 q, dovşanın 10 q, dəvənin 760 q, atın 500 q, şimpanzenin 400 q, qoyunun 140 q, siçanın 2 q, ağ ayının 500 q, zürafənin 680 q, pişiyin 30 g, bayquşun 3 q, balinanın 8 kq, tısbağanın 0,3 g, aslanın 240 g, begemotun 580 q, kirpinin 25 q beyni vardır.
Bütün orqanlarımız kimi beynimiz də ən fövqəladə şəkildə yaradılmış və qulluğumuza verilmişdir. Allah əbəs iş görmədiyinə görə hər hüceyrənin, hətta hər zərrənin özünə xas vəzifələri vardır. İnsan sadə və sabit bir maddə deyil.
Vücudumuzun hüceyrələri daima yenilənir. Ancaq fərqli toxumalara aid hüceyrələrin ölüm və təzələnmə müddətləri fərqlidir. Saniyədə 200 milyon qırmızı qan hüceyrəsi yaranır, 200 milyonu ölür. Bir qırmızı qan hüceyrəsinin orta ömrü 120 gündür. Dəri və qaraciyər hüceyrələrimiz çox sürətlə yeniləndiyi halda əzələ hüceyrələrimiz çox yavaş yenilənir. Beyin hüceyrələrimiz isə ümumiyyətlə yenilənməzlər.
Yeni doğulan bir uşaqda 380 qram ağırlığında olan beyin ilk üç il içində çox sürətlə inkişaf edərək, yeddi yaşında demək olar ki, yaşlı insandakı böyüklüyə yaxınlaşır. Bundan sonrakı böyümə sürəti isə azalır. 20 yaşlarından sonra hər il bir qram azalaraq 75 yaşlarında, yetkinlik vaxtındakı çatdığı zirvə nöqtəsinin onda biri qədər azalır. 20-70 yaşlar arasında beynimizdə hər gün təqribən 50000 sinir hüceyrəsinin iş görə bilməyəcək hala gələrək və ya ölərək yox olduğu ehtimal olunur. 50 yaşlarda da bu hüceyrələrin demək olar ki, 10%-i iş görə bilməyəcək vəziyyətdə olurlar.
İnsan vücudu başda beyin olmaqla müntəzəm bir mexanizm və möcüzəvi tərzdə dəyişən bir saraya bənzəyir. Vücudda hər hüceyrə işləməkdə və bir-birinə kömək etməkdədirlər. Min günbəzli və hər günbəzdə daşları sütunsuz duran bir saraya bənzəyən hətta görmə sistemimiz üçün nəhəng bir tibb fakültəsi qədər sistem qurmaq lazımdır.
Nyuton, “Principia” adlı əsərində "Bu günəş, planetlər və quyruqlu ulduzların ahəngli və gözəl sistemi ancaq və ancaq gücü hər şeyə yetən bir Yaradıcının iradə və qüdrətindən qaynaqlanır" dediyi kimi, qalaktikalardan daha dolaşıq bir quruluşa sahib olan beynimiz və milyardlarca hüceyrəsinin ahəngli işləməsi da ancaq və ancaq Allahın qüdrətindən başqa bir şeylə izah oluna bilməz.


Tarix: 22.08.2012 / 03:47 Müəllif: [Ram] Baxılıb: 2226 Bölmə: Maraqlı Məlumatlar
loading...