Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətirdən vərəmə doğru: ciyərlərimiz həyəcan təbili

Ətirlərin orijinalı da, saxtası da həm insana, həm də təbiətə ciddi zərər verir.
Beş min il yaşı olan ətir

"Parfüm" (ətir) sözü latıncadan tərcümədə "yaxşı qoxulu tüstü" mənasını verən "perfumum" sözündən yaranıb. Ətirin yaranma tarixi olduqca qədim dövrlərə gedib çıxır. Hələ beş min il əvvəl misirlilər Günəş tanrısı Ra üçün xüsusi mərasimlər təşkil ediblər. Eyni vaxtlarda Hindistanda da ətirli çubuqlardan və gül-çiçəkdən düzəldilən ətirli yağlardan istifadə olunub. Hər iki qədim sivilizasiyanın mərasimlərində gözəl rayihəsi olan güllər və xüsusi qoxusu olan ağaclar yandırılaraq Tanrıya təklif edilirdi.

Eynilə ölmüş yaxınları üçün də bu ətirli ağaclardan və otlardan istifadə edirdilər. Ölən insanın bədəni bu güllərdən hazırlanmış yağlarla yuyular və məzarlarına qoxulu ağaclar və otlar qoyulardı. Qədim misirlilərin ən çox sevdikləri ətrin adı isə "kyphi" olub, bu ətir bal, şərab, düyü, mersin çiçəyi, zəfəran, qatırdırnağı və ardıcdan hazırlanırdı.

Müasir ətirlərin "əcdadı" bu gül yağları hesab edilsə də indiki ətirlərlə onların arasında, demək olar ki, heç bir bağ yoxdur. Öncəliklə, qədim insanlar bu ətirləri təbii yollarla - müxtəlif güllərin, çiçəklərin yağından, ətirli ağacların kömüründən, yeyilən bitkilərin meyvəsindən əldə edirdilər. Müasir ətirlər isə demək olar ki, yüzdə faiz süni kimyəvi qarışıqlardır.

Üfunəti ört-basdır edən ətirlər

Müasir ətirlərin istehsalına ilk dəfə XIV əsrdə, 1370-ci ildə başlandı. İlk ətrin sahibi isə gözəlliyi ilə dillərə dastan olmuş Macarıstan kraliçası oldu. İlk ətrin adı da "macar suyu" adlandırıldı. XVI əsrdə ətirlərin istehsalı sürətləndi, o illərdə ən çox ətir istehsal və istehlak edən ölkə də Fransa idi. Amma ətirdən sadəcə insanların gözəl qoxuması üçün istifadə etmirdilər. Çünki onlar bədənə vurulan ətrin xəstəlik yaradacağından qorxurdular və buna görə ətri yalnız üfunət qoxuyan yerlərə çiləyirdilər. Yeni istehsaldan çıxmış paltarlar, dəri geyimlər və ayaqqabıların qəribə iyini də məhz bu vasitə ilə yox edirdilər.

Şərq mədəniyyətində ətirlər xüsusi önəmə malik olub. Amma bu ətirlər tamamilə təbii yağlardan ibarət olmaqla yanaşı, tərkibində spirtli maddələr olmayıb. Misir, Hindistan kimi ölkələrin istehsal etdiyi ətirlər müşk, ənbər, kəhraba kimi qoxular verirdi. Qərbdə ətir hazırlanmağa başlandığı zaman isə heyvanlara zərər verdilər. Belə ki, bəzi ətirlərin hazırlanmasında heyvanların iç piyindən istifadə edirdilər.

Ətirlərin saxtası da, orijinalı da təhlükəlidir

Son əsrdə texnologiya olduqca çox inkişaf etdi, indi insanlar istədikləri hər şeyə onun vasitəsi ilə nail ola bilirlər. Ətirlərin hazırlanmasında yeni tətbiqetmələr hazırlandı, böyük laboratoriyalarda gizli halda reseptlər yaradıldı, o reseptlərin köməyi ilə tərkibi məlum olmayan ətirlər istehsal edildi. Hər gün yeni bir marka adı yaradıldı, o marka adının altında olduqca çox çeşidli ətirlər təqdim edildi.

Christian Dior, Clarins, Drakkar Noir, Fahrenheit, Lancome, Lavendar Harvest, Polo, Raiph Lauren, L`Oreal, Biotherm, Maybelline, Vichy, Decleor, Bourjois kimi "fransız" ətirləri indi hamının dilində əzbərdir. Metro çıxışlarında, özəlliklə də 8-ci kilometr yarmarkasında bu ətirlər qramla təklif edilir. Bir qramının qiyməti 1 manatdan 4 manata qədər dəyişən bu ətirlər insandan uzun müddət "uzaqlaşmır". Hətta paltar yuyulduqdan sonra belə ətrin qoxusu gəlir. Təsəvvür edin, bu qədər üstümüzdə qala bilən qoxular ciyərlərimizdə nə qədər qalır və hansı fəsadları yaradır.

Mütəxəssislər, özəlliklə də zirzəmilərdə qablaşdırılan, "orijinal"ından heç nə ilə fərqlənməyən ətir qutularını və şüşələrini birmənalı şəkildə boykot etməyə çağırırlar. Ətirlərin orijinalı belə, zərərli olduğu halda, qeyri-steril şəraitdə, laborator analizlər olmadan hazırlanan saxta ətirlərin olduqca təhlükəli olduğunu deyən ekspertlər onların qarşısıalınmaz xəstəliklər yarada biləcəyini deyirlər.

Orijinalına nisbətən, ucuz olduğu üçün daha çox üstünlük verilən saxta ətirlərin içərisindəki kimyəvi qatqıların nələrdən əmələ gəldiyi bilinmir, ətirlərin üzərində bu barədə heç bir məlumat yazılmır (yazılsa belə, nə dərəcədə doğru yazıldığını bilmirik), bir çoxumuzun dərisində bu ətirlərlə təmasdan sonra qızartı, qaşınma və şiş əmələ gəlir.

"Paraben"dən uzaq olun

Türkiyənin Adnan Menderes Universiteti ötən ay çox maraqlı bir araşdırmasının nəticəsini açıqlamışdı, alimlər araşdırmanı bir cümə ilə ifadə etdilər: "Ətirlər ağciyər xəstəliklərinə zəmin hazırlayır və təkan verir".

Həkimlər yeni doğulan körpə ilə təmasda olanlara ətirdən istifadə etməyi qadağan edirlər, çünki qoxu körpənin ciyərlərinə pis təsir edir. İnsan ciyəri həssas orqandır, adi toza belə reaksiya verir. Tərkibində yüzlərlə kimyəvi komponentin qarışığı olan ətirlər isə daha zərərlidir. Ətirlərin bir çoxu dəriyə vurulduqdan sonra yerində qəhvəyi ləkələr yaranır. Bu, ani reaksiyadır. Əsl fəsad orqanizmin daxilində gedəndir.

Tərkibində "paraben" olan bütün növ kosmetoloji vasitələr zərərlidir, bu maddə daha çox ətirlərin hazırlanmasında istifadə edilir. Kanserogen maddə olduğu üçün ətirlərin daha çox istehsalı ilə məşğul olan Fransada böyük mübahisələrə səbəb oldu. Məlumat üçün qeyd edim ki, bəzi Avropa ölkələrində tərkibində "paraben" olan kosmetik vasitələr qadağan edildi. Tərkibində "paraben"in olduğu məhsullar arasında körpələr üçün istifadə edilən kremlər də var.

Ətirlərin 97%-i neftdən alınan maddələrdən hazırlanır, hazırlanma prosesində bu maddələrlə birlikdə benzin və aldehidlər yaranır ki, onlar da ətirlərin tərkibində olur. Ətirlər yalnız ondan istifadə edənlər üçün deyil, ətrafda həm sağlam, həm də miqrendən əziyyət çəkənlər üçün zərərlidir.

Ətirlər ozon təbəqəsinə də zərər vurur

Ekoloji cəhətdən baxsaq, daha düşündürücü bir problemlə qarşı-qarşıya olduğumuzu görərik. Ətrin insan orqanizmindən daha çox ozon təbəqəsinə zərər verdiyini bilirdinizmi? Bütün növ ətirlərdə istifadə edilən "koloroflorokarbon" qazları ozon təbəqəsinə böyük zərər verir. Təsəvvür edin ki, avtomobillərin qazının verdiyi zərər qədər ətirlər də təbiətə zərər verir. Bircə fərqi var: avtomobillərdən çıxan qazın qoxusu pis, ətirlərin qoxusu isə xoşagələndir, amma ikisinin də vurduğu zərər eynidir.

Bioloji baxımdan da vəziyyət ürəkaçan deyil, həm saxta, həm orijinal adlandırılan ətirlərin ciyərlərə vurduğu zərər çoxdur. Ətirlərdən olduqca çox istifadə edən insanlarda nəfəs darlığına, tövşümələrə daha çox rast gəlinir. Bu əlamətlərin kökündə ağciyərlərin fəaliyyətinin normal olmaması dayanır. Kimyəvi maddələrin təsirindən funksiyası ləngiyən ciyərlər normal tənəffüs edə bilmir, bunun da nəticəsində nəfəs alış-verişi ləngiyir.

Amerikada ötən il aparılan bir araşdırma nəticəsində məlum oldu ki, parfümeriyada istifadə edilən "benzolin" adlı maddə insan orqanizmini "darmadağın" edir. Araşdırma zamanı siçanlardan istifadə edildi. Onların nəfəs aldıqları oksigeni ətirlədilər. Nəticə açıqlananda məlum oldu ki, ətirlər siçanların limfa düyünlərinin genişlənməsinə, dalaqlarının böyüməsinə və eyni zamanda qaraciyərlərinin böyük zərər görməsinə səbəb olub.

Rusiyada aparılan başqa bir araşdrıma nəticəsində isə aydın oldu ki, ətirlərin hazırlanmasında istifadə edilən maddələr bunlara səbəb olur: göz yaşarması, bəbəklərin quruması, ikili görmə, asqırma və öskürək, burnun tutulması, qulaqlarda küy, cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq, limfa toxumalarında şişlik.

Azərbaycanda bu sahədə elmi araşdırmalara ehtiyac var

Dünyadakı araşdırmalar konkret olaraq vərəm xəstəliyinin yaranması səbəblərindən birinin ətir olduğunu söyləsə də, bizim ölkədə bu sahədə hər hansı bir araşdırma aparılmayıb. Cəmiyyətdə bu barədə çox söz-söhbət gəzsə də, hər hansı rəsmi bir xəbərdarlıq edilmədiyindən insanlar eşitdiklərini qulaqardına vururlar. Düzdür, ayrı-ayrı QHT və ictimai birliklər bu sahədə kiçik araşdırmalar edib, amma Səhiyyə Nazirliyinin bu səhədə məlum araşdırma etməsinə və açıqlama yaymasına gerçəkdən ehtiyac var.

Həkim Arif Nuri bildirir ki, ayrı-ayrılıqda ətirlərin zərərləri və vərəm haqqında geniş bilgisi var, amma konkret olaraq ətrin vərəm xəstəliyi yaratması faktını doğru hesab etmir: "Tam sağlam adam heç vaxt ətir istifadə etməklə vərəm xəstəliyinə tutula bilməz".

Fizioterapevt Xatirə Səlimova isə deyir ki, ətirlərin tərkibindəki kimyəvi maddələr ağciyər xəstəliklərinə həssas olan insanlar üçün təhlükəlidir: "Biz sübut etməmişik hələ, ətirlərin zərəri barədə konkret bilgimiz yoxdur. Bu barədə xarici mətbuatdan oxuyuruq, onların həyata keçirdikləri analizlər belə nəticə ortaya qoyur. İnkar etmirik, bu mümkündür. Yaxşı olar ki, ətirdən istifadə edəndə onu bədənə yox, paltarın bədənə dəyməyən yerlərinə çiləyək. Mümkün qədər bədənimizin aşağı hissəsində istifadə edək ki, nəfəs alışı zamanı qoxunu udmayaq".

4 saylı vərəm dispanserindən adının açıqlanmasını istəməyən həkim bildirdi ki, bu barədə əllərində hər hansı bir fakt yoxdur: "Biz buna yalnız laborator analizlər aparılandan sonra əmin ola bilərik. Öncədən, araşdırmadan, analiz etmədən konkret fikir bildirmək istəməzdim. Amma mümkündür, çünki o ətirlərin tərkibində o qədər kimyəvi maddələrdən istifadə edilir ki, xəstəliyə takan verə bilər. Mövcud ətirlərin astma yaratdığına isə əminik".

Hər bir halda ətirlərdən istifadə etmək məcburiyyətindəyiksə, çalışıb daha sadə tərkibli, yüngül iyi olan ətirlərə üstünlük vermək lazımdır. Sovet vaxtı məşhur ətir və odekolon markaları var idi ki, onların istehsalı indi də Rusiyada davam etdirilir. Bunlar olduqca sadə tərkibə malikdir və ətirləri də tünd deyil. Hazırda da həmin odekolon və ətirlərdən istifadə edənlər çoxdur. Təbii ki, onların qiymətləri də ucuzdur - 100 qramlıq şüşəsi təxminən 2 manatdan başlayır.

Hindistanda da tərkibi tam təbii olan ətirlər hazırlanır. Lakin bunların qiyməti o qədər ucuz deyil, təxminən 100 qramı 20 manatdan başlayır. Bu ətirlərin hazırlanmasında yalnız ətirli gül və çiçəklərdən istifadə olunur ki, belə məhsulların da sağlamlığa heç bir zərəri yoxdur. Təəssüf ki, ölkəmizdə belə məhsullara nadir hallarda rast gəlinir.

Ümumiyyətlə, ciddi ehtiyac olmadıqca suni ətirlərdən uzaq durmaq ən yaxşısıdır. Bunların tərkibində insan sağlamlığına zərərli olan çoxsaylı kimyəvi komponentlər var. Ciyərlərimiz yalnız oksigen tələb edir, onların təhlükəli kimyəvi qoxulara ehtiyacı yoxdur. Biz ciyərlərimizi belə ətirlərə qonaq etdikcə qorxulu xəstəliklər qonağımıza çevrilir. Arzuolunmayan qonaq isə bizə lazım deyil.


Tarix: 22.08.2012 / 03:43 Müəllif: [Ram] Baxılıb: 2036 Bölmə: Maraqlı Məlumatlar
loading...