Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə məscidi (Dərbənd)

Cümə məscidi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən məscid. Bu, azərbaycanlıların ibadəti üçün tikilmiş ən qədim məscid olmaqla yanaşı, həm də İslam aləmində ən qədim məscidlərdəndir.

Sasani İmperiyası tərəfindən möhkəmləndirilmiş Dərbənd Yaxın Şərqdə qədim şəhərlərdən biri sayılırdı. VIII əsrdə Müslüm bin Abdul Məliyin başçılığı ilə ərəblərin Qafqaza birinci yürüşləri zamanı şəhər işğal olundu. Ərəblər Dərbəndə xüsusi diqqət yetirmiş, hətta onu Fət-əl əbvat – yəni "Qapılar qapısı" adlandırmışlar. Ərəb sərkərdəsi Məsləmə Suriyadan Dərbəndə 24000 əsgər köçürərək şəhəri 4 hissəyə və ya məhəllələrə ayırdı. Hər məhəllənin öz məscidi inşa olunmaqla yanaşı eyni zamanda hicri tarixi ilə 115-ci ildə (miladi 733-734-cü il) ümumşəhər Cümə məscidi inşa olundu.

Məscidin planı və kəsiyi

Geniş bir meydanda Şərqdən Qərbə doğru istiqamətlənərək düzbucaqlı daş hasarla (67x17m) əhatə olunmuş Cümə məscidinin plan strukturu sütun düzülüşü ilə kvadrat formalı 3 nefə ayrılıb. Məscid şimaldan cənuba doğru istiqamətlənmiş mərkəz xəttin oxvarı daş günbəzlə örtülmüş kvadrat formalı zalla tamamlanır. Plan strukturu baxımından məscidin birbaşa analoqu olmayan daxili hissəsi eni istiqamətində çoxsaylı hissələrə bölünərək nəhəng memarlıq orqanizminə dinamik xarakter verir. Burada interyer boyunca meşəsayağı düzülmüş daş sütunlar və onların sonluğunu tamamlayan oxvari taxtabanlar dini tikilinin monumental obrazını bir az da artırır. Məscidin daxili fəza həllinin çoxsaylı neflərə bölünməsi və mərkəzdəkinin geniş formada olub hakim mövqeyə durması interyer kompozisiyasının memarlıq qanunauyğunluğunu qabardır. Simmetrik sistemə malik olan ibadət zalı fasadı və portalı boyunca ornament və Quran ayələri ilə bəzədilmiş təbəqəli mərkəzi zal ilə tamamlanır. Zal ikinci təbəqədən kvadrat formalı əsas üzərinə oturdulan və incə xətli stalaktitli haşiyələrlə əhatələnmiş 14 tilli oxvarı tactavanla tamamlanır. İkitəbəqəli zalın möhkəm, üfüqi dayaqları üzərindən yuxarıya doğru istiqamətlənmiş oxvari taxtabanlar sakitlik və möhtəşəmlik yaradır. Cümə məscidinin fasadı sadə divar fonunda iki təbəqəli giriş həllinə malik olan və oxvarı taxtabanla tamamlanan gərilmiş proporsiyalı portalla ciddi və monumental görünür. Bütün məscid günbəzlərinin üzəri gözəl rəsmlərlə bəzədilmişdir. Təbii zəlzələ nəticəsində ciddi zədələnmiş məscid hicri tarixi ilə 770-ci ildə (1368-1369) bakılı memar Tacəddin Musa oğlu tərəfindən hakim Afriburzun zamanında əsaslı təmir olunmuşdur.

Maraqlıdır ki, ilk ərəb məscidlərini nəzərə almasaq, Dərbənd Cümə məscidi müsəlman dünyasının ən qədim məscidlərindən biridir:İlk məscid 608-ci ildə Məkkədə, Kəbədə; 707-ci ildə Məhəmməd peyğəmbərin evinin yerində; 632-ci ildə Canadiyada; VII əsrin 70-ci illərində Sapedə Əl-Cami, Əl-Kəbir adlı məscidi, 687-691-ci illərdə Qüds ətrafında Kubbat əz Səhra, yenə Qüdsdə VIII əsrin əvvəllərində inşa edilmiş əl-Əksa məscidi, 708-ci il Dəməşqdə Validə məscidini və 641-ci ildə Qahirədəki Əmir məscidini qeyd etmək olar. İranda birinci məscid 775-ci ildə Damqanda, Orta Asiyada isə X əsrdə inşa edilib.


Tarix: 26.02.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 399 Bölmə: Məscidlər
loading...