Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə məscidi (Urmiya)

Urmiya Cümə Məscidi – Güney Azərbaycanın Urmiya şəhərində yerləşən məscid. Urmiya Cümə məscidi Azərbaycan memarlığının Səlcuqlu və Elxani mərhələlərini öyrənmək baxımından mühüm abidədir.

Məscidin planı və kəsiyi

Urmiya şəhərinin ən mühüm abidələrindən olan cümə məscidi geniş ərazini tutur. İç həyəti güneydən qapayan uzunsov tikili (uzunluğu 80 metrə yaxın) məscidin əski hissəsidir. Bu hissə də birbaşa tikilməmişdir. Onun kompozisiya mərkəzi tikintisi XII yüzilə aid edilən səlcuq məqsurəsidir. Plan məkan quruluşuna görə Mərənd məqsurəsinə oxşayan Urmiya cümə məscidinin məqsurəsinə sonradan şərq tərəfdən kiçik, qərb tərəfdən isə uzunsov üç nefli iri salon artırılmışdır. İndi məqsurənin kubvari gövdəsi ona bitişik salonların alçaq tutumundan xeyli yüksəyə qalxır.

Urmiya cümə məscidinin özəyi ilkin halında güney tərəfi bütöv,üç tərəfinin hər birində iki uca sivri tağ açırımı olan və günbəzlə (diametri 11,5) örtülən səciyyəvi səlcuq məqsurəsi olmuşdur. Günbəzə keçid bölümü səkkizüzlü tutum şəklindədir.

Urmiya Cümə məscidinin mehrabı Elxanilərin hakimiyyəti zamanında - hicri 676 – cı ildə (miladi 1277) yenidən işlənmişdir. İri ölçüləri (7,82 m X 5,48 m) və yüksək bədii – texniki səviyyəsi ilə dəyərli gəctəraşlıq əsəri olan bu mehrabın müəllifi Nəqqaş Əbdülmömin Şərəfşah oğlu Təbrizidir. Uzunsov, üçnefli salon görünür həmin çağda tikilmişdir. Cümə məscidinin düzbucaqlı əyətinin qərb, şərq və şimal tərəflərini qapayan hücrələr, yerləşgələr və digər yardımçı binalar sonrakı dövrlərdə inşa edilmişdir.


Tarix: 25.02.2013 / 22:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Məscidlər
loading...