Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yol......
Yol......

vcundakı xırda pulların sayını bilə-bilə yenə saydı. Onsuz da yolboyu bir neçə dəfə saymışdı, hələ dükana çatana kimi bir neçə dəfə də sayacaqdı. Hər dəfə ovuclarını açanda xırda pulların ovcunun içini tərlətdiyini görürdü. Tərli ovucları gicişirdi. Elçin pulu necə böluşdürəcəyinin çətinliyini çəkirdi. Əlindəki bu pula həm çox sevdiyi şirniyyatı - qoz halvası almalı, həm özündən kiçik bacısına söz verdiyi şəkilli kitabı alıb aparmalı, həm də qəbiristanlığa gedib atasının məzarını ziyarət etmək üçün çiçək almalı idi. Yol pulunu düşünmürdü. Onsuz da avtobusla gedəsi deyildi. Axırıncı dəfə avtobusa nə vaxt mindiyini soruşan olsa bəlkə də cavab verə bilməzdi. Ona elə gəlirdi ki, bu uzaq zamanlarda qalmışdı. Ayaqları səhərdən – axşama kimi onu istədiyi yerə həvəslə aparırdı, ancaq axşamlar yorulduğunu hiss etdirirdi. Tozlu, burnu cırılmış yay ayaqqabılarında olan ayaqlarına baxdı. Ayaq barmaqları ayaqqabısının cırılmış burnundan çıxıb, torpağa dəyirdi. Dünən çox gəzdiyindən ayaqları yenə şişmişdi, arxasınca guclə sürünürdü…
Şirniyyat şöbəsinin qarşısında dayandı. Satıcı qız ona baxaraq mehribanlıqla gülümsünürdü. Qızın gülümsəyən baxışlarından utandı, sifətinə qızartı çökdü. Elçinin baxışları dükan boyu vitrindəki növbənöv şirniyyatların üzərində dolanıb, sonda satıcı qızın gözlərində dayandı. Təbəssümə, təbəssümlə cavab verdi. Qız heç nə soruşmadı. Elçin dükanın daimi müştərisi olduğundan, onun nə aldığı və nə qədər aldığı da qıza bəlli idi. Qoz halvasından bir az kəsib tərəziyə qoydu:
- 50 qəpik.
Əlindəki xırda pulların içərisindən əlli qəpik ayırdı. O da əvvəlcədən elə belə planlaşdırmışdı. Pulu verib, satıcı qızın səliqə ilə bükdüyü qoz halvasını götürdü, tələsik dükandan çıxdı. Dükandan çıxarkən gözucu divardakı şüşə saata baxdı. Bu gün görmək istədiyi işlər, getmək istədiyi yerlər çox idi. Onun bu darmadağın, qarışıq “iş” ləri bütün gününü alırdı. Dərsləri ikinci növbə başlayırdı. Dərs başlayana kimi qəbiristanlığa gedib atasının qəbrini ziyarət etməli idi. Son günlər atası yuxusundan çıxmırdı. Bu gecə də səhərə kimi yuxusunda atası ilə birgə olmuşdu. “Atası bacısının əlindən tutub Elçinin yanına gəlmişdi”. Elçin yuxusuna görə çox narahat idi. Sonra məktəbə qayıtmalı, yolüstü evlərinə gedib kiçik bacısını da görməli idi. Keçən dəfə ona şəkilli kitab gətirəcəyinə söz vermişdi. Əlbəttə anası onu evə buraxardısa...
- Elçin…
Qarşısında dayanan maşının səsinə başını qaldırdı. Cabbar müəllim idi, məktəbin idman müəllimi. Cabbar müəllim başını maşının pəncərəsindən çölə çıxarmışdı.
- Gəl, maşını yu.
Sevindi, bu çox yaxşı oldu. Xərclədiyi pulu itirilmiş pul hesab edirdi. İndi yerinə gələcəkdi. Qazancı ancaq maşın yumaqdan olurdu. Məktəbin müəllimləri maşınlarını ona və dostlarına yudurdurdular. Əvəzində isə qəpik-quruş verirdilər. Əvvəllər müəllimlərin bu hərəkəti onların xoşuna gəlmirdi. Sonradan vəziyyətə alışdılar. Əksinə, maşın yumaq onların qazanc mənbəyinə çevrildi. Hətta düşünürdülər ki, “nə yaxşı maşınlarını bizə yuduzdururlar, axı bu da qazanc mənbəyidi. Əks halda qazancımız hardan gələsidi ki?”
Cabbar müəllim maşını məktəbin arxa həyətinə sürdü. Elçin maşının arxasınca qaçaraq həyətə gəldi. Əlindəki bükülünü həyətdəki yeganə qovaq ağacının koğuşuna qoydu. Qovaq ağacının koğuşundan isə köhnə vedrəni və içindəki parça qırıntılarını ğötürdü. Bura onların saxlanc yeri idi. Vedrəni götürüb həyətdəki su kranına yaxınlaşdı, su ilə doldurub maşına yaxınlaşdı. Əsgi parçasını vedrənin içinə salmışdı ki, ikinci bir əlin də vedrəyə girdiyini gördü. Başını qaldırdı. Otaq yoldaşı Eldar idi. Onlar məktəbin ikinci mərtəbəsində, gözdən-könüldən uzaq bir küncdə yaşayırdılar. Yaşadıqları otağın pəncərəsi həyətə baxırdı. Yəqin ki, Eldar pəncərədən onu görüb kömək etməyə gəlmişdi. Eldarın gəlişinə sevindi. Çox keçmədi ki, maşını yuyub qurtardılar. İşlərini qurtardıqdan sonra dostlar qovaq ağacının koğuşuna söykənərək beton döşəmənin üzərində oturdular. Eldar cibindən siqaret çıxardı. Siqaretin qutusunu əlində firlatdı, sonra Elçinə tərəf uzatdı.
- Çəkirsən?- deyə soruşdu.
Elçin fikirli-fikirli:
- Hə, birini ver - dedi.
Dönüb məktəbə tərəf baxdılar. Dərs vaxtı olduğundan sakitlik idi. Məktəbin həyətində də bir kimsə görünmürdü. Hərəsi bir siqaret yandırıb çəkməyə başladılar. Elə bu zaman Cabbar müəllimin məktəbin binasından çıxıb onlara tərəf gəldiyini gördülər. Siqareti qovaq ağacının kötüyünə basıb söndürdülər. Sönmüş siqaret qırıntılarını ağacın koğuşunun içinə atıb ayağa qalxdılar…
Cabbar müəllim maşının ətrafında fırlandı, diqqətlə nəzərdən keçirdi, əyilib altına, təkərlərinə baxdı. Uşaqların işindən razı qaldığı sifətindən hiss olunurdu. Əlini cibinə salıb, bir dəstə pul çıxardı. Pulları səliqə ilə ayırmağa başladı. Əllilik, iyirmilik, onluq, beşlik… Saydığı pulları cibinə qoydu. Növbə bir manatlıqlara çatdı. Bir manatlıqları ayırıb o biri cibinə yığdı. Sonra isə tələsik addımlarla maşına doğru addımladı. Qapını açıb:
- Uşaqlar, xırda pulum yoxdu sizə verməyə. Sağ olun, qalsın gələn dəfəyə. Mən sizə borclu - deyib maşına əyləşdi. Maşın fırlanaraq həyətdən çıxdı.
Dostlar bir-birinə baxdılar. Elçin hirslə ayağa qalxıb ağacın koğuşuna təpik ilişdirdi. Elə bu zaman gözü ağacın koğuşundakı bükülüyə sataşdı. Əlini uzadıb bükülünü çıxardı, qozhalvasını tən yarı bölüb bir hissəsini Eldara uzatdı. Dostlar qoz halvasını yedilər, sonra da krantı açıb su içdilər. Bu onların səhər yeməyi idi. Düzdü, indi yəqin bufetçi Xalidə xala səhər yeməyi yemədikləri üçün narahatdır, onları axtarır, paylarını saxlayıb, amma qoy narahat olsun. Eybi yoxdur, Xalidə xala yaxşı arvaddır, o narahat olanda, uşaqların biri səhər və ya günorta az yeyəndə, axşam hökmən onun payını artıq verərdi. Uşaqlar da yemək payları çox verilsin deyə bəzən belə hallardan istifadə edərdilər. Öz hesablarına yemək tapan zaman onlara ayrılan yemək süfrəsinə gecikərdilər…

***

Atasının qəbrini çətinliklə tapdı. “Oy, nə qədər adam ölüb” Qəbiristanlıq dəyişilmişdi, yeni qəbirlər, yeni görkəm. Atasının başdaşındakı şəkil ona yad göründü. Şəkilin gözlərinə baxmaqdan qorxurdu. Sanki atası ona deyirdi: ”Sən böyümüsən, kişisən”. Səs eşitdi. Qəbiristanlıqdakı mollalardan biri idi. Onun yanında dayanıb atasının ruhuna dua oxuyurdu. Ağ əmmaməli molla duanı bitirib əlini Elçinin çiyninə qoydu:
- Allah, səbr versin oğlum.
Qəbiristanlıqdan çıxdıqdan sonra addımlarını sürətləndirdi. O, evlərinə gedirdi...
- Yox, bu dəfə anamla ciddi danışacağam.
Atası vəfat edəndə Elçin birinci sinifdə oxuyurdu. O, məktəbə gedən gün ən çox fərəhlənən, sevinən atası olmuşdu. Həmin gün atasının sevinci yerə-göyə sığmamışdı. Hamı sevinirdi, bütün qohum-əqrəba təbrikə gəlmişdi. Elçin məktəbə getməyi ilə dəyişilib evin sevimlisi olmuşdu. Hər gün atası öz maşını ilə Elçini məktəbə aparır, dərs qurtaranda evə gətirirdi. Bir gün isə…
Bir gün, soyuq bir qış günündə… Həmin gün onu, məktəbdən evə aparmağa atası gəlmədi, xalası gəldi. Və xalası onu evlərinə deyil, öz evinə apardı. Bir neçə gün xalasıgildə qaldı. Sonra isə zaman-zaman eşitdiyi xəbərə, atasının yoxluğuna alışdı. Atası maşın qəzasına uğrayıb həlak olmuşdu. O zaman Elçinin kiçik qəlbi həyatın ilk yarasını daddı. Ata qayğısını itirdikdən sonra anasına daha çox sığındı…
***
Elçin artıq üçüncü sinifdə oxuyurdu. Atasının ölümündən iki il ötmüşdü. Evlərində yenə sevincli, səsli-küylü günlər başlanmışdı. Bu dəfə başqa formada…Anasının yeni qohumları, yeni dostları, yeni əmilər, dayılar, xalalar peyda olmuşdular.Və bu əmilər, dayılar, xalalar Elçini sevməyə başlamışdılar. Onlar hər gələndə onun başını tumarlayar, “igid oglan” deyərdilər. Ancaq nədənsə o vaxtlar ata nənəsi onlara tez-tez gəlib anası ilə dalaşardı. Davanın səbəbini balaca Elçin başa düşmürdü. Ona görə də nənəsini sevmirdi.Anası nənə ilə mübahisə edəndə, Elçini və bacısını o biri otağa salıb qapını arxadan bağlayırdı. Uşaqlar bir onu bilirdilər ki, nənəsi onları özü ilə kəndə aparmaq istəyir. Nənə gəlini ilə olan mübahisəli söhbətindən sonra uşaqlar olan otağa keçər, nəvələrini bağrına basıb öpər, için-için ağlayar, əlindəki pulu Elçinin ovcuna qoyar, sonra isə göz yaşları içində çıxıb gedərdi.
Nənəsi gedən kimi, anası pulu Elçinin əlindən alardı. Hər dəfə də söz verərdi ki, sənə velosiped alacam. Ancaq velosiped almazdı, bu növbəti dəfəyə, nənə bir də gələn vaxta saxlanardı. Çox keçmədi ki, nənə dünyasını dəyişdi. Həmin gün, bu xəbəri alan gün Elçinin ilk dəfə çox sevdiyi anasından acığı gəldi. Nənəsinin ölümünə anası sevinirdi. Daha onları narahat edən olmayacaqdı…
Elçinin isə…Çox keçmədi ki, Elçin təzə əmilərin, dayıların,xalalarin xoşuna gəlmədi, elə bil həminki adamlar deyildilər, hamısı ondan üz döndərmişdilər. Sevimli Elçin indi onlara mane olurdu. Ən acınacaqlısı isə uşaqlarına qarşı analarının da sevgisinin dəyişməsi idi. Elçinə elə gəlirdi ki, anası nə onu nə də bacısını daha əvvəlki kimi sevmir. Ona və bacısına yerli-yersiz acıqlanır, daha dərsləri ilə maraqlanmır, geyimlərinə fikir vermir, məktəbə səliqəsiz yola salırdı. Bütün bunlar isə o gombul, bığlı əminin evlərinə ayaq açmasından sonra daha da çoxalmışdı. Bir gün isə…
Həmin gün... Həmin gün elə o gombul, bığlı əminin məsləhətilə Elçinin uşaq evinə verilməsi məsləhət görüldü. Elçin bütün bu söhbətləri mətbəxdən eşidirdi. Bacısı Fəridəni xalası Çimnaz aparıb saxlayırdı. Elçin anası ilə yaşayırdı. Anası Elçinə mətbəxdən kənara çıxmamağı tapşırmışdı, o isə adının çəkildiyini eşidib mətbəxin qapısına yaxın gəlmiş, başını qapıdan çıxararaq qonaq otağına tərəf boylanmışdı, özü haqqında gedən söhbətə qulaq asmışdı. Uşaq evi haqqında təsəvvürü yox idi. Başa düşürdü ki, orda uşaqlar çoxdur, yəqin onlar bütün günü bir yerdə oynayırlar, yəqin ki, onların velosipedi də var. Onları oyunlarını yarımçıq dayandırıb evlərinə getməyə də məcbur etmirlər. Ancaq anasından, evlərindən ayrılmaq istəmirdi. Yəqin ki, uşaqlarla oynamaq üçün aparacaqlar. Bəs məktəb necə olacaq?!.. Sinif yoldaşları? Söhbətin sonunda isə ona hər şey aydın olmuşdu. Deməli o, orda, uşaq evində qalacaqdı. Gombul, bığlı əmi anasına tez-tez gedib Elçinə baş çəkəcəklərinə söz verirdi. Elçin başını mətbəx masasının üstünə qoyub hönkür-hönkür ağlamışdı və elə oradaca yuxuya getmişdi...

***
Yuxudan ayılanda özünü çarpayısında gördü. Anası yanında uzanmışdı, onu son zamanlar ilk dəfə idi ki, belə mehriban görürdü. Anası Elçinin yuxudan oyandığını görüb əlindəki mobil telefonu yatağın kənarına atdı. Elçini qucaqlayaraq sinəsinə basdı, saçını tumarladı:
- Bacınla danışırdım - dedi.
Bacısı ilə gec-gec görüşürdülər...
O gecə anası onu inandırmağa çalışdı ki, onun üçün uşaq evi daha yaxşıdır, orda daha maraqlı uşaqlar var. Orda darıxmayacaq, anası da gəlib ona tez-tez baş çəkəcək.
- Əgər xoşuna gəlməsə, səni orda qoymaram - Anası elə danışırdı ki, Elçinin ağlamağı yadından çıxmış, o möcüzəli yerə getmək üçün sabahı gözləməyə səbri çatmamışdı. Səhərə kimi bir neçə dəfə uşaq röyasından ayılmış, səhəri səbirsizliklə gözləmişdi. Səhərisi gün anası onun əlindən tutaraq uşaq evinə aparmış, Elçini kobud səsli müdürə xanımın otağında qoyub geri qayıtmışdı. Anası gedəndən sonra müdürə xanım kişi əli kimi kobud əlləri ilə Elçinin başını sığallamış, sonra isə əlindən tutaraq böyük bir otağa gətirmiş, burda olan uşaqlarla tanış etmiş və yeni müəlliməsinə tapşırmışdı. Amma uşaq evi anası dediyi kimi maraqlı olmamışdı. Burada uşaqlar çox qəmli idilər. Onların hamısı atasız-anasız idilər. Səbəbini isə özləri də bilmirdilər, niyə? Axı, niyə o biri məktəblərdə uşaqların ata-anası olur, burda yox? Köhnə dostlarını, sinif yoldaşlarını xatırlamış, onları yadına salmışdı. İlk günlər pəncərə önündə dayanıb saatlarla ağlamışdı. Bu anlarında uşaq evinin uşaqları onun ətrafına yığışardılar. Hamısı onun başına yığışar, onlarda pəncərədən çölə boylanardılar... Sanki, möcüzə baş verəcək, ata-anaları gələcək, onları burdan aparacaqdılar...
Bir neçə müddətdən sonra Elçin uşaq evinə alışmış, anası isə ona qarşı yadlaşmışdı. Artıq anası onun arxasınca gec-gec gəlməyə başlamışdı. Anası gələn günə kimi Elçinin gözləri yollarda qalar, anasını görəndə bir anlıq gözləri sevinər, onu evə aparacağını gözləyərdi. Anası isə hər dəfə bir bəhanə gətirərək, Elçini aparmırdı...
Beləcə illər ötüşdü. Elçin artıq yetimxana həyatına alışmağa başladı. Gözləri yollardan yığışdı. Tək alışa bilmədiyi bir şey oldu. Taleyinin qərarını vermiş o bığlı, gombul əmini unuda bilmədi.

***
Uşaq evinin rəhbərliyi bir qadınla sinif otağına girdi. Yetimxana uşaqları gözlənilməz qonaqların gəlişinə alışmışdılar. Bu dəfəki qonaq isə peşə litseyinin müdürəsi Aynurə xanım idi. Aynurə xanım həmin gün yetimxananın on şağirdini litseyin himayəsinə götürməyə gəlmişdi. Seçdiyi uşaqların arasında Elçin də vardı. Onları uşaq evindən peşə litseyinə gətirib litseyin ikinci mərtəbəsində otaq ayırdılar və orta təhsil almaqla yanaşı sənət də öyrətməyə başladılar. Litsey həyatı uşaq evindən tamam fərqlənirdi. Burada müstəqil yaşamağa alışmalı idilər. Bu isə əlbəttə onlar üçün ilk əvvəl çətin, həm də maraqlı idi. Litseydə təhsil alan tələbələr onlara yetimxana uşaqları deyirdilər, yetimxana uşaqları litseyin tələbələrindən fərqlənirdilər. Baxımsız olduqlarından geyimləri həmişə səliqəsiz olurdu. Litseyin tələbələri ilə bir o qədər ünsiyyət qura bilmirdilər. Aynurə xanım da sanki öz vəzifəsini onları uşaq evindən gətirib litseydə yerləşdirməklə, bitmiş hesab edirdi.Yaxşı ki, bayramlar vardı.Yetimxana uşaqları bayramlarda müəllim və şagirdlərin yadına düşürdülər. Onlar bayramları, bayramın səhərisi günü qeyd edərdilər.
Bayramın səhərisi günü litseyin müəllimləri, şagirdləri yetimxana uşaqlarına pay gətirərdilər...

***
Evlərinin qarşısındakı futbol meydançasında usaqlar futbol oynayırdılar. Elçin onlara yaxınlaşdı, fikrindən futbol oynamaq istəyi keçdi. Elə bu zaman futbol oynayan uşaqlardan biri onu gördü.
- Uşaqlar, Elçin gəlib. Elçin - deyərək onu səslədi:
- Elçin, bura gəl.
Elçin balaca hasarın üstündən hoppanaraq meydançaya qaçdı.Yolüstü kitab mağazasından aldığı şəkilli kitabı meydançanın kənarında, daş döşəmənin üzərinə qoydu. Uşaqlara qoşuldu, futbol oynamağa başladı...
Qapıya doğru top qovurdu. Meydança onun sevincinə dar gəlirdi. Bu topu vurmalıydı. Meydançanın qapısına çata-çatda başını qaldırdı. Ayaqları topa təpik vurmadı. Topu qapının qarşısında buraxıb üzbəüz binaya doğru qaçdı...
Anası idi, bir də o... Bığlı, gombul əmi... Maşından düşdülər. Elçin onlara çatana kimi bloka girdilər. Blokun qarşısında dayandı. Dərindən nəfəs aldı. Blokun qarşısında dayanmış maşına yumruq ilişdirdi. Pillələri qaça-qaça evə qalxmağa başladı. Qonşuları Sara xala pillələri enirdi. Elçinin üzündəki təşvişi görüb əlindəki zənbili yerə qoydu.
- Elçin, oğlum nə olub sənə?
Cavab verməyərək, Sara xalanın yanından ötüb keçdi. Sara xala təccüblə Elçinin arxasınca baxdı.
Mənzilə çatıb aramsız olaraq qapının zəngini basdı. Asif adlı gombul, bığlı əmi qapının astanasında göründü. Sərxoş olduğu sifətindən bilinirdi. Elçin Asifi itələyib içəri keçdi. Qonaq otağından anasının səsi gəldi:
- Asif gələn kimdi?
Otağa doğru cumdu. Qapı ağzında anası ilə rastlaşdı. Anası təccüblə Elçinə baxırdı:
- Sən hardan gəldin? - deyə əsəbi halda soruşdu.
- Ana...
Anasının rəngi qaraldı. Aralığa pərtlik çökdü.
- Gəl bura – deyə, anası Elçinin qolundan tutub hirslə mətbəxə doğru çəkdi. Elçin anasının əlindən çıxaraq divara söykəndi. Mətbəx masasının üstü şirniyyatla dolu idi. Ac idi, mədəsi sulandı. Gözlərini masanın üzərindən çəkdi. Anasına baxdı. Anası ona meydan oxuyurmuş kimi qarşısında dayanmışdı.
- Ana....
..... Anası susurdu.
- Bacım hanı?- deyə soruşdı.
- Xalangildədi. Bunu bilirsən ki... - anasının səsi çox yad idi.
Hiss etdi ki, qaz peçinə yaxın dayanıb, dəmir boru bel sümüyünə toxunub onu incidir. Baxışları tozlu döşəmədə gəzdi, sonra divar boyu dolanıb soyuducunun arxasından bir ucu kənara çıxmış şəkil çərçivəsini gördü. Yaxınlaşıb soyuducunun arxasından şəkil çərçivəsini götürdü. Atasının yas mərasimində böyüdülmüş şəkil idi. Zərli çərçivəli şəkili toz basmışdı. Əlləri ilə şəkilin tozunu sildi, təmizlənmədi. Şəkili sinəsinə, köynəyinin qollarına sürtdü. Atası mehribanlıqla şəkildən ona baxırdı. Şəkildəki baxışlar bu gün qəbiristanlıqda, baş daşındakı kimi ona yad görünmürdü. Sinəsinə basdı, asmaq üçün divarda yer axtardı. Mətbəxdə olduğunun fərqini indi hiss etdi. Masanın üzərində içində çörək olan selafon torba diqqətini çəkdi. Çörəyi çıxarıb masanın üzərinə, torbaya isə şəkli qoydu. Anası Elçinin hərəkətlərini izləyirdi, kövrək-kövrək dilləndi:
- Onu neynirsən?
Sellofan torbanı sinəsinə basdı. Sanki anasının şəkli əlindən alacağından qorxurdu. İstədi desin ki, aparacam, demədi. Ağlına gəldi ki, axı atasının şəklini aparmağa gəlməyib. Atasının şəkli atasının evində qalmalıdır. Axı, şəkili hara aparacaqdı ki? O gəlmişdi desin ki, ana mən evə qayıdıram. Daha böyümüşəm. Oğul borcumu yerinə yetirmək istəyirəm. İşləyib, pul qazanaram. Bunu bacararam. Demədi, deyə bilmədi... Anasının nə üçün onu evə qoymamağının səbəbini hiss etdiyi üçün demədi... Baxışları anasının baxışarı ilə toqquşdu, anası gözlərini tavanda dolandırıb Elçinin ust-başında gəzdirdi. O biri otağa keçib, əlində pul geri qayıtdı.
- Al, özünə ust-baş alarsan - deyə pulu oğluna uzatdı.
Elçin əli ilə pulu geri itələdi:
- Ana, evə qayıtmaq istəyirəm. - dedi.
Ülkər əlini dodaqlarına yaxınlaşdırdı:
- Sus, sus... Hələ olmaz, hələ yox. - deyə baxışlarını yayındırdı.
Məsələ aydın idi.
- O, qoymur eləmi?-deyə soruşdu.
Artıq suala ehtiyac yox idi. Anasının yanaqlarından süzülən göz yaşları çox şey deyirdi.
- Axı niyə, ana, niyə? Öldürəcəm, söz verirəm, indi görəcəksən, onu oldürəcəm... - yumruqlarını düyünlədi.
- Sakit ol, sakit ol... Çıx get – deyərək, anası qəddini düzəltdi. Yenə sərt görkəm aldı. Elə bil bir an bundan qabaqkı qadın deyildi.
“Yox, mənim anam bir az əvvəlki qadındı. Bir az bundan əvvəlki qadındı mənim anam. Mən anamı tapdım. O məni sevir, o atamı sevir, həmişəki kimi. Bu qadın mənim anam deyil, bax bu qadın mənim anam deyil, mənim anam o qadındı, bir az bundan əvvəlki qadın.Anam qorxudan dönüb bu qadın olub, qorxudan... O, əclafdan qorxur anam”...
- Ülkər... - Asif idi. Anasını çağırırdı.
Anası getdi, tez də geri döndü. Fincanı götürüb çay süzməyə başladı. Anasının süzdüyü çaya həsrətlə baxdı. Çoxdan anasının dəmlədiyi çayı içməmişdi. Anasının gözəl çay dəmləməyi vardı. Atasının sözləri yadına düşdü. Həmişə evə gələn kimi anasına deyərdi:
- Ülkər, mənə çay gətir. Hara getsəm də, harda çay içsəm də sənin çayının yerini vermir.
- Ülkər... Asifin qonşu otaqdan gələn qışqırtısından Ülkər səksəndi. Əlindən fincanı yerə saldı. Fincan döçəməyə düşüb çilik-çilik oldu.
Elə bu zaman fincanın cingiltisinə Asif ley kimi mətbəxə şığııdı. Yerdəki şüşə qırıntılarına baxıb Ülkərə acıqlandı:
- Şikəstsən?
Geri qayıtmaq istəyirdi ki, mətbəxin qapısı ağzında dayandı. Acıqlı-acıqlı Elçinə baxdı. Elçinin nifrət dolu baxışlarını gördü. Əl atıb
Elçinin qulağindan yapışdı. Mətbəxin ortasında fırlatmağa başladı. Elçinin qulağından tutub fırlatmaqla yanaşı Asif qışqırırdı:
- Sən nə istəyirsən, hə, axı nə istəyirsən?
Elçin Asifin əlində firlandıqca gözləri qaralırdı. Qulağı az qalırdı yerindən çıxsın. Anası gözlərinə göründü. Mətbəxin pəncərəsinin qarşısında büzüşüb qalmışdı, qorxudan gözləri böyümüşdü. Asif deyəsən yorulmuşdu. Elçinin qulağını axırıncı dəfə var- gücü ilə əlində fırladadıb buraxdı...
Elə bu zaman Ülkərin tükürpədici səsi ərşə qalxdı.
- Elçin...
Asif kökündən qırılmış ağac kimi döşəməyə sərildi... Elçin Asifin əlindən çıxan kimi bir an içində mətbəx masasının üzərindən bıçağı götürüb, onu vurmağa macal tapmışdı...


Tarix: 08.06.2015 / 18:15 Müəllif: Aziza Baxılıb: 427 Bölmə: Mənsurə Qaçayqızı
loading...