Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibliyada bəşəriyyətin gələcəyi

Bibliyaya əsasən, ölümə və əzab-əziyyətlərə düçar olan fani bəşərin taleyi çürüməzlik, ölməzlikdir. Bəşərlə birlikdə bütün yaradılış da puçluğa təslim edildi və əziyyətlə doğuş ağrısı çəkir. Lakin yaradılış azad olacağını ümid edir.[23] Bəşəriyyətin və bütün canlı aləmin son düşməni olan ölüm aradan götürüləcək və Allah hər şeydə hər şey olacaqdır. Bibliyada bunlar Həvari Paulun Korinflilərə 1-ci Məktubunda yazılmışdır:

Aradan götürüləcək son düşmən isə ölümdür. Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil. Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.[24]

Gələcək “qiyamət günü”ndən, yəni “ölülərin diriləcəyi gün”dən İsa Məsih dəfələrlə danışdı:

Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır.[25]

Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim.[26]

Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.[27]

Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm.[28]

Həvari Paulun Korinflilərə 1-ci Məktubunda insanların gələcək dirilməsi haqqında daha ətraflı təlim verilir:

Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»
Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz!
Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən.
Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir.
Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır.
Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır.
Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.
Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz;
əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir;
əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.
Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.
Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.
İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.
Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.
Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.
Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik,
amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.
Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir.
Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə
«Ölüm yox edildi, onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək.[29]

Beləliklə, Bibliyada insanların cismən diriləcəkləri və artıq ölümə düçar olmadan, bədəndə əbədi yaşayacaqları təsdiq olunur. Bununla bərabər, insanlara veriləcək yeni bədənlərin bizim indi bildiyimiz təbii insan bədənindən daha üstün, əbədi yaşamağa qabil, çürüməkdən və həyatın “heyvani” cəhətlərindən (məs.: cinsi həvəs, xəstəlik, göz yaşı) azad səmavi və ruhani həyat yaşamağa qabil olan “ruhani” bədənlər olacağına etiqad edilir.


Tarix: 12.03.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Kilseler
loading...