Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəməşqli İoann

Dəməşqli İoann- Erkən dövr xristian din xadimi, Kilsə atası

Həyatı

Xristian müqəddəslərindən olan Dəməşqli İoannın həyatı haqqında çox az şey dəqiqliyi ilə bilinir. Onun təxminən 660-675-ci illər arasında, Əməvi xilafətinin paytaxtı Dəməşq şəhərində varlı və nüfuzlu ailədə doğulduğu məlumdur. Ərəb adı Mənsur ibn Sərcun olmuşdur. İohanın atası kimi vergi idarəsində işlədiyi, lakin daha sonra oranı tərk edərək monastıra daxil olduğu barəsində məlumatlar var. Əməvilər dövründə son dərəcə inkişaf etmiş paytaxtında, elm və mədəniyyət mərkəzi olan Dəməşqdə, fərqli millət, din və mədəniyyətlərə məxsus insanların qaynayıb-qarışması nəticəsində təkrarolunmaz, tolerant aura hökm sürürdü. Bu dövrdə müxtəlif elmi, dini, ədəbi əsərlərin ərəb dilinə tərcümə edilməsi prosesinə də başlanmışdı.

İoannın təxminən 736-cı ildə monastıra daxil olması haqqında məlumatlar vardır. Bu dövrdə xristian dünyasında, xüsusilə Bizans İmperiyasında baş vermiş geniş dini mübarizələr ondan da yan keçməmişdir. İkonalara qarşı yönəlmiş hərəkatlar zamanı, İoann onlara sitayiş etməni müdafiə edən bir sıra əsərlər qələmə almışdır. Bunun nəticəsində, 754-cü ildə baş tutmuş Kilsə Şurasında o anafemaya məruz qalmışdır (kilsədən çıxarılmışdır). Lakin bütün bunlara baxmayaraq, 787-ci ildə baş tutmuş İkinci Nikeya Kilsə Şurası onun mövqeyini təsdiq edən qərar qəbul etmişdir. Məşhur xristian aliminin vəfat etmə tarixi mübahisəlidir. Bəzi mənbələr onun 753-cü, digər mənbələr isə 780-ci ildə vəfat etdiyini təsdiqləyir.

Yaradıcılığı

Onun ən əsas əsəri "Bilik mənbəyi" trilogiyasıdır. Bu kitab, "Dialektika", "Bidətlər haqqında" və "Pravolav əqidəsinin dəqiq izahı" adlı hissələrdən ibarətdir. İlk hissədə Qədim yunan filosoflarının düşüncələri qısa şəkildə oxucuların diqqətinə çatdırılmış, onların görüşləri haqqında qısa məlumatlar toplanmışdır. Digər hissədə isə, o, bidətlər haqqında məşhur xristian alimlərinin fikrini təkrarlayaraq, bidətlərı sıra ilə təqdim etmişdir. Həmçinin, öx dövrünün qayda-qanunlarına uyğun şəkildə İslam dinini də bidətlərin sırasında nəql etmişdir. Bu əsərində İoann kilsənin rəsmi mövqeyindən uzaqlaşmamışdır. Bəzi mütəxəssislər onun bu əsərinin sadəcə olaraq toplu olduğunu, İoannın müəllif kimi deyil, toplayıcı kimi çıxış etdiyini, daha məşhur müəlliflərin əsərlərini köçürdüklərini qeyd edirlər.

"Bilik mənbəyi" trilogiyasının üçüncü və son hissəsi olan "Pravolav əqidəsinin dəqiq izahı" 100 fəsildən ibarətdir. Bu kitabda ilk fəsillər Tanrı və Üç Üqnumun izahına, sonrakl fəsillər isə mələklərə, şeytanlara, cənnətə, Tanrı iradəsinə, duanın və Çörək Ayininin hikmətlərinə, ikonalara, müqəddəs cəsədlərin qüdrətinə və digər bir sıra dini məsələlərə dair yaranan sualların cavablandırılmasına həsr edilmişdir. Kitabın son fəsli isə ölülərin dirilməsi məfhumunun araşdırmmasından ibarətdir.

İoannın digər mühüm əsəri "Doqmalara giriş" adlanır. Bu kitabda müxtəlif fəlsəfi məsələlərin xristian əqidəsində inikasından söz açılmışdır. İoannın bundan əlavə "Doğru əqidə haqqında" traktatını qələmə almış, bu əsərində xristologiyanın (İsa Məsih haqqında dini elm) müxtəlif aspektlərindən bəhs etmişdir. Burada İsa Məsihin ilahi və insani təbiəti haqqında mülahizələr yürüdülmüş, onun mövcudluğunun dəlilləri oxucuların diqqətinə çatdırılmışdır. İoann həmçinin nestorian təriqətinin əqidəsinə qarşı yazılmış bir sıra traktatların da müəllifidir. Bə əsərlərdə həmin təriqətin xristianlıqdan sapdıqları, əqidələrində yanlış fikirlərə yer verdikləri bildirilmişdir. Digər bidətçi xristian məzhəblərini də tənqid edən İoann rəsmi kilsənin mövqeyinin bütün xristianlar üçün vacib olduğunu qeyd etmişdir.


Tarix: 07.03.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Kilseler
loading...