Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Payız uşaqları"nda bu xəstəlik daha çox olur

Körpələr o qədər zərif olur ki, daim düzgün qulluğa, qayğıya və sevgiyə ehtiyac duyurlar. Hətta hamiləlik zamanı ananın düzgün qidalanmaması, əsəb keçirməsi körpəyə də təsir edir. Uşaq dünyaya gələndən sonra da vaxtaşırı pediatra aparmamaq, təcrübəsizliyə görə düzgün qulluq etməmək raxit xəstəliyinin yaranmasına şərait yaradır.

Qeyd edək ki, vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar müşahidə olunur. Müalicə olunmayan raxit süd və daimi dişlərin zədələnməsinə, məktəb yaşlarında isə yaxınıgörməyə (göz dibi əzələləri zəiflədiyi üçün) də səbəb olur. Qızlarda vaxtında müalicə olunmayan raxit xəstəliyi onlarda çanaq sümüklərinin də deformasıyasına səbəb olur. Gələcəkdə belə qızlar hamiləlik və doğuş zamanı əziyyət çəkirlər. Bundan başqa, raxitli uşaqlar soyuqdəymə, angina, bronxit və digər infeksiyalara daha tez-tez hallarda yoluxurlar.

Pediatr Mahirə Quliyevanın sözlərinə görə, uşaqlarda raxit xəstəliyinin yaranmasına təmiz havada az olmaları, hamiləlik zamanı ananın düzgün qidalanmaması, uşağın az hərəkətdə olması təsir edir: "Raxit xəstəliyi zamanı körpələrdə D vitamini və kalsium çatışmadığına görə sümüklər düzgün formalaşmır. Lakin bu hal müvəqqətidir. Düzgün müalicə və qidalanma nəticəsində bir neçə aydan sonra uşaq sağalır".

M.Quliyeva bildirib ki, payızda dünyaya gələn uşaqlarda raxit xəstəliyinə tutulma riski daha çox olur. Ona görə ki, payızda günəşli günlər azalır. Üzü açıq vəziyyətdə təmiz havada az olmaq, hamiləlik və laktasiya dövründə ananın düzgün qidalanmaması, ana südünün verilməməsi, erkən qarışıq və süni qidalanma, uşağın kip bələndiyi üçün hərəkət edə bilməməsi, mədə-bağırsaq xəstəlikləri, infeksiyalı xəstəliklər, kəskin çəkinin artması (çəki artdıqda bədənin kalsiuma olan tələbatı artır) raxitin yaranmasına səbəb ola bilər. Vaxtından tez doğulan uşalarda da raxit xəstəliyinə tutulma riski yüksəkdir.

Ana bu xəstəliyin əlamətlərini bilsə, uşaqda raxitin olub-olmadığını özü də başa düşə bilər. Həkim deyir ki, körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir. Raxit xəstəliyi zamanı uşaqda qəbizlik də yaranır. Bu, uşaqda bağırsaq əzələlərinin tonusunun azalmasına görə baş verir. Uşağın dərisinə əl vuranda bir neçə dəqiqədən sonra keçən qırmızı iz qalır.

Raxit xəstəliyi olan uşaqların ağlağan olduğunu deyən pediatrın sözlərinə görə, belə uşaqlar pis yeyir və pis yatırlar: "Daim başını o tərəfə-bu tərəfə çevirir. Raxit xəstəliyinin sonrakı mərhələlərində, başının arxası yastılaşır, qarın yekəlir və ayaqlar əyilir".

Raxitin digər əlaməti alnın böyüməsidir. Raxitin ağır formalarında döş qəfəsi də deformasiyaya uğrayaraq qabarır.

Xəstəlik vaxtında müalicə olunmasa, daxili orqanlarda da mənfiyə doğru dəyişikliklər gedir. Bu, baş verdikdə uşaq tez-tez qaytarır, qarnı ağrıyır, qəbizlik və ya ishal müşahidə olunur, ciyərin həcmi artır. Raxit zamanı anemiyanın təsirindən dəri də ağarır.

Raxit xəstəliyi körpələrin inkişafını ləngidir. Körpələr çox gec başını saxlaya bilir, sərbəst dayana, gəzə və iməkləyə bilmirlər. Bir yaşından sonra raxit inkişaf etməyə davam edirsə, uşaq ümumiyyətlə, gəzməyə bilər.

Həkimin dediyinə görə, raxit xəstəliyindən uşağı qorumaq üçün ən əsası onu düzgün yedizdirməkdir: "Körpə üçün ana südü əvəzolunmazdır. Bir xörək qaşığı miqdarda belə ana südünün körpəyə xeyri var. Ana südü vitamin, kalsium, xüsusi zülallarla zəngindir. Lakin ana südünün vitaminli olması üçün öz qidalanmasına da fikir verməlidir. Ana hər gün heç olmasa 100 qram kəsmik yeməli, 750 ml süd içməli və süd məhsulları illə qidalanmalıdır. Ehtiyac olduqda vitamin də içməlidir. Amma D vitamini tərkibində olan süni qidalarla qidalalan uşaqlarda da raxit nadir hallarda olur".

Sadalananlarla yanaşı, körpəni raxit xəstəliyindən qorumaq üçün onun sərbəst hərəkət etməsinə şərait yaratmaq lazımdır. Körpə əllərini hərəkətə gətirməli və ayaqları ilə vurmalıdır. Ona masaj da etmək lazımdır. Əgər həkim təyin etsə, D vitamini də içməlidir. Vitamin D digər vitaminlərdən fərqli olaraq orqanizmdə yalnız qida vasitəsilə yaranmır. Dərinin altında gün şüalarının və ya süni ultrabənövşəyi şüalanmanın təsiri altında da yaranır. D vitamini sümüklərin normal formalaşması üçün lazım olan kalsium və fosforun orqanizm tərəfindən sovrulmasına xidmət edir.

Müsahibimizin bildirdiyinə görə, raxiti müalicə etmədikdə yalnız ayaqlar deyil, onurğa sütunu da əyilir: "Yastıdabanlıq, bronxit, oynaqlarda boşluq da inkişaf edə bilər. Müalicə olunmayan raxit süd və daimi dişləri də korlayır. Raxitin müalicəsi zamanı uşağa vitamin D, müalicəvi gimnastika, gündüz vaxtı təmiz havada olmaq məsləhət olunur. Kalsiumun daha yaxşı qəbul olunması üçün müxtəlif dərman vasitələri də təyin oluna bilər".


Tarix: 05.01.2015 / 16:46 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Körpəyə qulluq
loading...