Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əməllərin Qəbul Olunmasında Mühim Şərtlər

Ömər ibn əl-Xəttabdan (r.a) rəvayət olunur ki, o demişdir: "Mən Peyğəmbərin (s.av) belə buyurduğunu eşitdim: “Həqiqətən də əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər. Kimin hicrəti Allaha və Onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allaha və Onun Peyğəmbərinə tərəf olar. Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr.” Buxari və Müslim.
(Buxari: Bədul vəhy ? 1. Müslim: əl-İmarə ? 1907. Tirmizi: Fədailul cihad ? 1647. Nəsai: ət-Tahara ? 75. Əbu Davud: ət-Talaq ? 2201. İbn Macə: əz-Zühd ? 4227. Əhməd: 1/43.)

Aişə (r.anha) Peyğəmbərin belə buyurduğunu rəvayət edir: “Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar.”

(Buxari: Sülh ? 2550; Müslim: əl-Əqdiyə ? 1718; Əbu Davud: əs-Sünnə ? 4606; İbn Macə: əl-Müqəddimə ? 14; Əhməd: 6/270.)

Digər rəvayətdə isə buyurulur: “Kim bizim əmrimiz olmayan bir əməli edərsə, o rədd olunar.” Buxari və Müslim.
(Müslim: əl-Əqdiyə ?1718; Əhməd: 6/146.

Hədislərin Şərhi:

Bu iki əzəmətli hədis bütün dini, onun əqidə və fiqh, aşkar və gizli məsələlərini əhatə edir. Ömərin (r.a) nəql etdiyi hədis gizli, Aişənin (r.anha) hədisi isə aşkar edilən əməllər üçün tərəzidir.

Bu iki hədisdə, ibadət olunan Allaha ixlas (yəni, ibadəti səmimi qəlbdən yalnız Ona məxsus etmək) və Peyğəmbərə (s.a.v) itaət etmək göstərilir. Onlar hər bir aşkar və gizli sözün və əməlin qəbul olunması üçün şərt hesab edilir. Kim Peyğəmbərə (s.a.v) itaət göstərərək əməllərini Allah üçün
ixlasla edərsə, onun əməli məqbul sayılar. Kim də bu iki məsələyə və ya onlardan birinə xələl gətirərsə, onun əməli rədd olunar və uca Allahın bu ayəsi ona şamil edilər: “Onların etdikləri hər hansı bir əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik!” (əl-Furqan, 23).

Deyilən iki şərtə əməl edən şəxs isə uca Allahın bu ayələri əhatəsinə daxildir: “Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən... şəxsdən din etibarilə daha gözəl kim ola bilər?...” (ən-Nisa, 125).
Digər ayədə buyurulur: “(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər” (əl-Bəqərə, 112).
Niyyətə gəlincə o, Allaha yaxınlaşmaq, Onun razılığını və savabını qazanmaq üçün əməlin qəsd olunmasıdır. Burada əməlin özü və onun icrasına səbəbkar olan da niyyətə daxildir.

Əməlin özü üçün edilən niyyətə gəlincə, təharət və bütün növləri, namaz, zəkat, oruc, həcc və başqa ibadətlər yalnız qəsd və niyyətlə düzgün sayılırlar. Belə ki, insan icra edəcəyi müəyyən bir ibadətə niyyət etməlidir. İbadətin isə müxtəlif kateqoriyaları və növləri vardır. Məsələn, namazın vacib, müəyyən nafilə və ümumi nafilə formaları var. Ümumi nafilə namazlarda ancaq namaza niyyət etmək kifayətdir. Amma müəyyən vacib – gündəlik beş vaxt namaz kimi, yaxud müəyyən nafilə – vitr, ratibə sünnələr kimi namazlarda, namaz niyyəti ilə yanaşı həmin müəyyən edilmiş ibadət üçün də niyyət edilməlidir. Bu qayda bütün ibadətlərə aiddir.
Həmçinin ibadətin adətdən fərqləndirilməsi labüddür. Məsələn, çimmək təmizlənməyə və ya sərinləməyə, eləcə də cənabətdən pak olmağa, meyit yumağa, cümə namazı qılmağa və s. görə ola bilər. Belə hallarda cənabətdən təmizlənməyi, yaxud yuxarıda deyilən müstəhəb qüslü niyyət etmək insan üçün zəruri sayılır. Həmçinin bir adam zəkat verir, təzminat (kəffarə) ödəyir, nəzir, könüllü sədəqə və ya hədiyyə üçün müəyyən bir məbləğ xərcləyir. Bütün bu sadalananlar niyyətdən asılıdır.

Alış-veriş işlərində hiylə işlətmək də bu qəbildəndir. Ola bilər ki, zahiri görünüşdən və ilk baxışdan düzgün alış-veriş apardığı güman edilən insanın məqsədi sələm müamiləyə yetişmək və ya kiminsə haqqını yemək, yaxud da haram işə müdaxilə etmək olsun. Şübhəsiz ki, meyar, üzdə deyilən sözlər yox, həmin adamın niyyəti və qəsdidir. Çünki əməllər niyyətlərə görədir. Danışılmış işə nəzərdə tutulmayan, yaxud sövdələşməyə ona aid olmayan şərti əlavə etmək də belə hallardan sayılır. Bu sözlər Şeyxülislam İbn Teymiyyə tərəfindən söylənilmişdir.
Həmçinin uca Allah “rici” (qaytarılması mümkün olan) talaqda və vəsiyyətdə insanın başqasına məqsədli şəkildə zərər vurmamağını şərt qoymuşdur.

Bura məqsədə çatmaq üçün istifadə edilən bütün vasitələr daxildir. Çünki yaxşı və ya pis məqsədə aid olan hökmlər, vasitələrə də aiddir. Allah yaxşı əməl sahibini də, pis əməl sahibini də tanıyır.
Əməlin icrasına səbəbkar olan üçün niyyətlənməyə gəlincə, bu, insanın yerinə yetirdiyi və ya çəkindiyi bütün işləri, hər bir sözü və hərəkəti Allah üçün ixlasla etməsidir. Uca Allah buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək ibadət etsinlər...” (əl-Bəyyinə, 5). Başqa ayədə buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...” (əz-Zumər, 3).
Demək bəndə bütün işlərini əhatə edən ümumi bir niyyət etməlidir. Məqsədi isə, Allahın razılığını qazanmaq, Ona yaxınlaşmaq, savabını ummaq, mükafatını əldə etmək və əzabından qurtulmaq olmalıdır. Daha sonra onun bu niyyəti hər bir əməlində, sözündə və bütün işlərində özünü büruzə verməlidir. O, həmin işlərdə ixlası gerçəkləşdirməyə, onu daha da kamilləşdirməyə və ziddinə olan hər bir amildən: riyadan, şöhrətdən, tərifdən, alqışdan – qorumağa səy göstərməlidir. Belə hal baş verdikdə bəndə bunu özünə məqsəd və arzuladığı hədəf etməməlidir. Əksinə, həmin işi görməkdə bəndənin əsas amalı Allahın rizasını qazanmaq, yaradılanlara fikir vermədən Onun savabını əldə etmək, insanların verəcəyi xeyri və tərifləri istəməmək olmalıdır. Əgər deyilən hallar bəndədən asılı olmayaraq baş verərsə, ona heç bir zərər gətirməz. Əksinə, bu, möminə vaxtından əvvəl verilən müjdə ola bilər.


Peyğəmbərin (s.a.v) “Həqiqətən də əməllər niyyətlərə görədir...” kəlamı, əməllərin yalnız niyyətlə mümkün olması və baş verməsi mənasındadır. Onlar niyyətə bağlıdırlar. Sonra Peyğəmbər (s.a.v) buyurur: “Hər bir insana onun niyyət etdiyidir...” Yəni, əməllərin məqbul və ya puç, kamil və ya naqis olması bəndənin niyyətindən asılıdır. Kim xeyir bir iş görməyə niyyət edərək, onu Allaha yaxınlaşdıracaq yüksək məqsədlərə nail olmaq istəyərsə, ona kamil savab və mükafat verilər. Kimin niyyəti və qəsdi naqis olarsa, onun savabı da az olar. Kimin də niyyəti bu möhtəşəm məqsədə deyil, digər bir tərəfə yönələrsə, o, xeyirdən məhrum olub aşağı və naqis hədəfləri əldə edər.


Buna görə Peyğəmbər (s.a.v) bütün işləri müqayisə etmək üçün məsəl çəkmişdir. O buyurmuşdur: “Kimin hicrəti Allaha və Onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allaha və Onun Peyğəmbərinə tərəf olar.” Yəni, niyyət etdiyini əldə edər və mükafatı da Allah tərəfindən verilər.
Peyğəmbər buyurur: “Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr.” O , dünyanın bütün mənfəətlərini ümumi şəkildə qeyd etdikdən sonra, evlənəsi qadını xüsusi olaraq vurğulamışdır. Buna səbəb onların hamısının (yüksək amal qarşısında) naqis hədəflər və faydasız məqsədlər olduğunu bəyan etməkdir.

Həmçinin Peyğəmbərdən (s.a.v) şücaətini göstərmək, ad-san qazanmaq və ya döyüş meydanında özünü göstərmək üçün döyüşənlərdən hansının Allah yolunda olduğunu soruşduqda buyurmuşdur: “Kim Allahın adını uca tutmaq üçün döyüşərsə, məhz o, Allah yolunda olar.”
(Buxari: Elm ? 123. Müslim: İmarə ? 1904. Tirmizi: Fadailul cihad ? 1647. Nəsai: Cihad ? 3136. Əbu Davud: Cihad ? 2517. İbn Macə: Cihad ? 2783. Əhməd: 4/417.)


Uca Allah verilən sədəqənin niyyətlərə görə fərqlənməsi barədə belə buyurur: “Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər...” (əl-Bəqərə, 265)
Başqa bir ayədə buyurulur: “Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz)...” (Ən-Nisa, 38).
Bütün əməllər belədir.
Əməllər onu icra edən insanın qəlbindəki iman və ixlasa görə bir-birindən üstün sayılır və savab cəhətdən daha artıq olur. Hətta niyyəti düz olan kimsə əməli etməsə, xüsusən də onun niyyəti bacardığı qədər etdiyi əməllə birgə olsa, onu yerinə yetirmiş kimi savab qazanır. Uca Allah buyurur: “...Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər!...” (Ən-Nisa, 100).


Buxarinin “Səhih”ində Peyğəmbərdən (s.a.v) nəql edilən hədisdə belə buyurulur: “Bəndə xəstələndikdə və ya səfərə çıxdıqda, ona sağlam olduğu və evində qaldığı halda etdiyi əməllərin savabı yazılar.”
(Buxari: Cihad və sira ? 2834. Əbu Davud: Cənaiz ? 3091. Əhməd: 4/410.)

Digər rəvayətdə buyurulur: “Mədinə şəhərində elə adamlar var ki, sizin qət etdiyiniz hər bir məsafədə və keçdiyiniz hər bir vadidə onlar da (niyyətləri, qəlbləri və savab qazanmaqları cəhətdən) sizinlədirlər. Lakin üzrlü səbəblər onları saxlamışdır.”
(Buxari: Məğazi ? 4161. İbn Macə: Cihad ? 2764.)



Bəndə xeyirli iş görməyə niyyət edib, sonra həmin işi görə bilmədikdə niyyəti və əzminə görə ona tam savab yazılır.
Yaradılanlara mal-dövlət, söz və əməl ilə yaxşılıq etmək Allah qatında xeyirxahlıq və savab sayılır. Lakin niyyət ilə bu əməlin savabı daha da çoxalır. Uca Allah buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir...” (Nisa, 114).
Yəni, onun gördüyü bu iş xeyir sayılır. Daha sonra uca Allah buyurur: “...Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!” (Nisa, 114). Ayədə bu işi Allah rizası üçün görənə daha böyük savab vəd edilir. Buxarinin "Səhih"ində Peyğəmbərə (s.a.v) istinadən deyilir: “Kim insanların malını alıb qaytarmaq istəyərsə, Allah onun əvəzinə onu qaytarar. İnsanların malını alıb tələf etmək istəyəni, Allah (ya bu dünyada, ya da axirətdə əzabla) tələf edər.”
(Buxari: əl-İstiqrad və ədəu əd-duyun ? 2257. İbn Macə: əl-Əhkam ? 2411. Əhməd: 2/417. )

Görün yaxşı niyyət ruzinin bolluğuna və Allahın həmin insanın borcunu ödəməsinə necə də güclü səbəbdir. Pis niyyət isə ruzinin və borc sahibinin tələf olması ilə nəticələnir.
Niyyət həmçinin icazəli və dünyəvi işlərdə olur. Kimin qazancında, dünyəvi və adi işlərində məqsədi onların vasitəsilə Allahın haqqını ödəmək, boynuna düşən vacib və müstəhəb əməlləri yerinə yetirmək olarsa, sonra bu gözəl niyyəti onun yeməyində, içməyində, yatmağında, istirahətində və gəlirlərində təcəlli edərsə, adət olaraq etdiyi bu işləri ibadətlərə çevrilər. Allah belə bəndənin işlərinə bərəkət verər və ona ağlına gətirmədiyi yerdən xeyir və ruzi qapıları açar. Kim də nadanlığı və ya səhlənkarlığı ucbatından bu gözəl niyyəti əldən verərsə, yalnız özünü təqsirkar bilsin. Buxarinin "Səhih"ində Peyğəmbərin (s.a.v) belə buyurduğu rəvayət olunur: “Sən Allah üçün etdiyin hər bir işə, hətta arvadına yedizdirdiyin bir tikəyə görə savab qazanarsan.”
(Buxari: Cənaiz ? 1234. Müslim: Vəsiyyət ? 1628. Tirmizi: Vəsiyyətlər ? 2116. Əbu Davud: Vəsiyyətlər ? 2864. Əhməd: 1/176. Məlik: əl-Əqdiyə ? 1495. Darimi: Vəsiyyətlər ? 3196.)

Bununla da bu hədisin bütün xeyirli işləri əhatə etdiyi bəlli olur. Nəfsinin nicat tapmasını və faydalanmasını istəyən hər bir mömin bu hədisin mənasını başa düşməlidir. Bu hədisə uyğun əməl etmək istəyi isə, hər bir vəziyyətində və anında onun gözü önündə olmalıdır.


Aişənin (r.anha) nəql etdiyi hədisə gəlincə, Peyğəmbərin (s.a.v) : “Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, o rədd olunar.” və ya: “Kim bizim əmrimiz olmayan bir əməli edərsə, o rədd olunar.” – kəlamı həm ifadəsinə, həm də məfhumuna görə müəyyən məna kəsb edir.

Hədisin ifadə baxımından kəsb etdiyi mənaya görə, dinə əlavə edilmiş hər bir bidətin Quran və Sünnədə heç bir əsası yoxdur. İstər bu, cəhmiyələrdə, rafizilərdə, mötəzilələrdə və başqalarında olduğu kimi sözlərdəki bidətlər olsun, istərsə də Allahın və Peyğəmbərinin əmr etmədiyi şəkildə Ona edilən ibadətlər kimi əməli bidətlər olsun. Bütün bunların hamısı onların icraçılarına qayıdar.


Belə əməl sahibləri bidətlərinə və dindən nə qədər uzaq düşmələrinə rəğmən məzəmmət olunarlar. Kim Allah və Rəsulunun demədiyi bir xəbəri deyərsə, yaxud Allah və Rəsulunun icazə vermədiyi və qanuniləşdirmədiyi bir tərzdə ibadət edərsə, o, bidətçi sayılar. Kim mübah (icazəli) olanları haram edərsə, yaxud şəriətdən olmayan işlərlə ibadət edərsə, o, bidətçidir.
Hədisin məfhumuna gəlincə, kim Allahın və Rəsulunun əmr etdiyi bir işi görərsə, yəni doğru etiqadla və saleh olan vacib və müstəhəb əməllərlə Allaha ibadət edərsə, onun əməli məqbul sayılar və göstərdiyi səy təşəkkürlə qarşılanar.
Həmçinin bu hədis, qadağan olunmuş şəkildə icra edilən hər bir ibadətin düzgün sayılmadığına dəlalət edir. Çünki bu iş şəriət tərəfindən əmr olunmamışdır. Qadağa isə işin düzgün olmadığını bildirir. Şəriətin qadağan etdiyi bütün növ müamilə formaları da pozulmuş və əsassız sayılır.


Tarix: 22.04.2013 / 22:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Hedisler
loading...