beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevimli dostum (s.a.v) mənə üç şeyi vəsiyyət etdi: "Hər ayın üç gününü oruc tutmaq..."

Əbu Hureyrə (s.a.v) demişdir: “Sevimli dostum (s.a.v) mənə üç şeyi vəsiyyət etdi: Hər ayın üç gününü oruc tutmaq, Duha namazının iki rükətini və yatmazdan öncə vitir namazını qılmaq.” Buxari və Müslim rəvayət etmişdir.
(Buxari: Oruc ? 1880. Muslim: Müsafirlərin namazı və onun qısaldılması ? 721. Tirmizi: Oruc ? 760. Nəsai: Gecə namazı və gündüz nafilələri ? 1678. Əbu Davud: Namaz ? 1432. Əhməd: 2/505. Darimi: Oruc ? 1745.)

ŞƏRH

Peyğəmbərin (s.a.v) ümmətindən bir nəfərə etdiyi bu tövsiyəsini xüsusiləşdirən amil olmadığı üçün o, hamıya aiddir.
Tövsiyə olunan bu üç əməl, namazın və orucun nafilə (yəni, vacib olmayan) növləri arasında ən çox təkid edilən əməllərdir.
Hər ayın üç gününü oruc tutmağa gəlincə, bu bir illik oruca bərabərdir. Çünki savablar on misli qədər verilir. Hər ayın üç gününü oruc tutmaq, bütün ayı oruc tutmağa (3x10=30) bərabərdir. Şəriət asanlıq və rahatlıq üzərində qurulmuşdur. Allah kimə müyəssər edərsə, onun üçün bu əməl çox asan olar, heç bir çətinlik gətirməz və mühüm işlərini yerinə yetirməyə əngəl olmaz. Bütün bu sadalananlarla yanaşı o, özündə böyük savab daşıyır. Çünki əməl Allah üçün nə qədər könüllü şəkildə edilərsə və qul üçün nə qədər çox faydası olarsa, başqalarından daha fəzilətli sayılar. Şəvval ayının altı günü, Ərafa günü, Məhərrəm ayının doqquzuncu və onuncu günü və eləcə də birinci və dördüncü günləri oruc tutmaq barədə həvəsləndirici səhih hədislər varid olmuşdur.

Duha namazına gəlincə, onun fəziləti barədə çoxsaylı hədislər nəql edilmişdir. Alimlər onun davamiyyətli şəkildə qılınmasının və ya bəzən tərk olunmasının müstəhəbliyi haqqında ixtilaf etmişdirlər. Doğru rəyə əsasən, bu və digər hədislər onun davamiyyətli şəkildə qılınmasının müstəhəbliyini bildirir. Burada gecə namazını həmişə qılmağa adət edən şəxs müstəsnadır. Onun bəzi hallarda duhanı tərk etməsində heç bir problem yoxdur. Peyğəmbər (s.a.v) belə xəbər vermişdir: “Hər gün səhərə çıxan Adəm övladının ödəməli olduğu üç yüz altmış sədəqə var. Hər bir “sübhənallah” kəlməsi sədəqədir. Hər bir “əl-həmdulilləh” kəlməsi sədəqədir. Hər bir “Allahu əkbər” kəlməsi sədəqədir. Yaxşı işləri əmr etmək sədəqədir. Pis işlərdən çəkindirmək sədəqədir. Duha namazının iki rükəti isə, bütün bunları əvəz edir.” (Müslim: Müsafirin namazı və onun qısaldılması ? 720. Əbu Davud: Namaz ? 1286.)

Alimlər duha namazının rükətlərinin sayının ən azı iki, ən çoxu isə, səkkiz rükət olduğunu söyləmişlər. Onun qılınma vaxtı, günəşin üfüqdən bir ox hündürlüyündə yüksəlməsindən zenitdə dayanmasına qədərdir.
Amma vitrə yəni, onun hökmünə və rükətlərinin sayına gəlincə, o, təkidli sünnədir. Peyğəmbər (s.a.v) onun qılınmasına həvəsləndirmiş, özü də səfərdə və qeyri-səfərdə bu namazı daim qılmışdır.
Vitrin rükətlərinin ən az sayı bir rükətdir. İstəsə üç, beş, yeddi, doqquz və ya on bir rükət qıla bilər. Onları bir salamla və ya hər iki rükətdən bir salam verməklə qıla bilər.
Vitrin vaxtı İşa namazından sübh çağına qədərdir. Ən yaxşı vaxtı gecənin sonunda durub qılmaqdır. Əgər həmin vaxtda dura bilməyəcəksə, gecənin əvvəlində qılmağı daha yaxşıdır. Necə ki, bu hədisdə qeyd olunur.


Tarix: 22.04.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Hedisler