Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülüstan qalası (Şamaxı) Memarlıq xüsusiyyətləri

Şiddətli dağııntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalmışdır. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Planda düzbucaqlı biçimdə olan bu bürc dağın qərb yamacındadır.

Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.

Ötən yüzildə səyyah Hacı Çələbinin təsvirinə görə Şamaxı Gülüstan qalasında "saray və köşklər tikilmiş və onlar çox möhtəşəm divarlar və möhtəşəm bürclərlə üzlənmişdir. Şahın yonulmuş daşdan tikilən birinci sarayı şərq tərəfdə, qalanın qırağında dayanır. Olduqca gözəl sarayın önündə keçilməz dərələri, mağaraları, sıldırımları və qayaları olan dərin uçurumlar var...Birinci saraydan yuxarıda yaşayış evlərinin uçuqlarını görürük ki, çox möhkəm ikiqat divarla dövrələnmişdir. Bundan bir az da yuxarıda kiçik təpədə, yaxşı yonulan daşdan tikilmiş və artıq uçuq olan, eləcə də divar və bürclərlə dövrələnib möhkəmləndirilən köşk görünür. Otaqlar altında hamısı tağbəndlə örtülü yüzlərlə zirzəmi izləri indi də görünməkdədir. İşqaladan qərbdə geniş və dərin hovuz tikilib ki, onun da yaxınlığında gəzint yeri var. Müxtəlif tikililər qalanın daxilini üç yerə bölür: alt, orta, üst (içqala)..." Bu dolğun təsviri qala ərazisində aparılmış arxeoloji qazıntılar da təsdiq edib.

Qala içində olan tikinti qalıqlarından ən dəyərlisi indi içqalanın cənub-şərq bucağında olan saray kompleksidir. Bu kompleksdən indi ancaq alt qatının çılpaq divarları və arxeoloqların yer altından qazıb çıxardıqları otaqlardan, dəhlizlərdən ibarətdir böyük bir xarabalıq qalmışdır. Alimlərin müşahidəsinə görə saray kompleksini dövrələyən içqalanın yeddi bürcü varmış və saray iki mərtəbəli imiş.

Qala divarları və bürclər kimi saray otaqlar da yarı yonulmuş daşlardan tikilmişdir. Ancaq saray kompleksinin üst qatında yaxşı yonulmuş üzlük daşları işlədilmişdir. Otaqların örtükləri qalmasa da, onların əvvəllər Şirvan-Abşeron memarlığı üçün səciyyəvi olan daş günbəz və tağlarla (Şirvanşahlar sarayında olduğu kimi) örtüldüyü güman edilir.

Gülüstan qalasının maraqlı tikililərindən biri yeraltı yoldur. Araşdırmaçıların fikrincə bu yeraltı yol gizli ehtiyyat yoludur. Mühasirə zamanı isə əsas su kəməri kəsiləndə qala qoruqçuları onun pilləli yuneli ilə dərəyə enib Zoğalavay çayından su gətirə bilərdilər. Qalanın su kəməri onun qərbində ucalan Meysəri dağından saxsı tünglərlə çəkilmişdir. XIV yüzildə şair Arif Ərdəbilinin "qalaya saxsı tünglərlə su aparılmışdır" məlumatını arxeoloji qazıntılar da sübut etmişdir. Bundan başqa qalanın şərq terrasında böyük su tutarı – hovuz quraşdırılmışdır.


Tarix: 08.01.2015 / 01:21 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Gülüstan qalası (Şamaxı)
loading...