Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən maraqlı filmləri

86 yaşını qeyd edən “Oskar” kinematoqraf üçün ən arzulanan və prestijli mükafatlardan hesab edilir. Mükafatın təsis edilməsi ideyası Luis Meyerə məxsusdur. 1927-ci ildə MGM (Metro Goldwyn Meyer) şirkətinin prezidenti Luis Meyerin inadkarlığı sayəsində mükafat nəhayət ki, təsis edildi. İlk “Oskar” təqdimetmə mərasimi isə Los-Ancelesin ən böyük hotellərinin birində “Hollivud Ruzvelt”də keçirildi. Həmin il 15 mükafat öz sahibini tapdı. 84 illik tarixi dövründə “Ən yaxşı film” nominasiyasına çoxlu sayda filmlər layiq görülüb. Onlardan bəziləri tez unudulub, bəziləri kimlər üçünsə sadəcə sevimli film kateqoriyasında qalıb, bəziləri isə dünya kino tarixində silinməz iz buraxıb.

Bəs görəsən ən çox “Oskar” alan filmlər hansılardır? Hər il 24 nominasiyada (müxtəlif illərdə nominasiyaların sayı da müxtəlif olub) təqdim olunan bu mükafat hansı filmin arxivində sayına görə rekorddur? Həmin filmlərdən bir neçə nominasiya üzrə “Oskar” a layiq görülənləri sizə təqdim edirik. Bu filmlər həm tamaşaçı, həm də professional rəğbəti qazananlar sırasındadırlar. Beləliklə, dünya kinematoqrafına ən çox “Oskar”la daxil olan 10 film:

1. “Ben-Qur” (Ben-Hur) – 11 Oskar – rejissor Uilyam Uaylerin 1959-cu ildə çəkdiyi tarixi filmdir. Dünya kino tarixində ilk dəfə olaraq 11 oskara layiq görülmüş tarixi dramdır.Film MGM şirkətini bankrotdan xilas etməli idi. 15 milyon dollarlıq film 70 milyon dollar qazanaraq şirkətin ümidlərini tam doğrultdu.


2. “Titanik” (Titanic) – 11 Oskar – rejissor Ceyms Kameronun 1997-ci ildə çəkdiyi və “Titanik” adlı gəminin batması hadisəsindən bəhs edən filmdir. Öncəki filmin rekordunu qıra bilməsə də “Oskar” mükafatı tarixində ona çatan ikinci film oldu. Bu günə qədər 87 mükafat və qələbəsiz qalan 48 nominasiyalı filmdir. Qeyd edək ki, “Titanik” 14 nominasiyada “Oskar”a iddialı idi.


3. “Üzüklər hökmdarı: Kralın qayıdışı” (The Lord of the Rings: The Return of the King ) – trilogiyada sonuncu filmdir. 2004-cü il Oskar nominasiyasında 11 Oskar alan 3-cü filmdir. Filmin rejissoru Piter Ceksondur. Həmçinin dünya kinosunda fantastika janrında “İlin ən yaxşı filmi” nominasiyasında qalib olmuş yeganə filmdir.


4. “Küləklə sovrulanlar” (Gone With the Wind) – 10 Oskar (1939). 1938-ci ildən bəri kinematoqrafda ən maraqlı və ən yaxşı film sayılır. İlk rəngli filmlərdən biridir. Marqaret Mitçelin eyniadlı əsəri əsasında rejissor Viktor Fleminq tərəfindən çəkilib. Məşhur ingilis aktrisası Vivyen Li və Klark Qeyblin ifasında mükəmməl çəkilmiş filmdir.


5. “Vestsayd əfsanəsi” (West Side Story) – 10 Oskar (1961). Məşhur Brodvey müziklinin kino variantı rejissorlar Cerom Robbinson və Robert Uayz tərəfindən 1961-ci ildə çəkilib. Bu günə qədər də film ən yaxşı kinomyuzkllərdən biri sayılır.


6. “Jiji” (Gigi) – 9 Oskar. Bu musiqili film 1958-ci ildə rejissor Vinsent Minnelli (Layza Minnellinin atası) tərəfindən çəkilib. Nənə və xala krutizankaya çevirməyə çalışdıqları qızı varlı şəkər zavodu varisinin məşuqəsi etmək istəyirlər.


7. “Sonuncu imperator” (The Last Emperor) – 9 Oskar. Son Çin imperatorunun taleyindən bəhs edən filmdir. 1987-ci ildə məşhur rejissor Bernardo Bertoluççi tərəfindən çəkilmiş tarixi-bioqrafik filmdir. Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən tarixi faktlara əsaslanır.


8. “İngilis pasiyent” ( The English Patient )– 9 Oskar. Maykl Ondatjenin eyniadlı əsəri əsasında 1996-ci ildə rejissor Entoni Minqella tərəfindən çəkilib. 1997-ci ildə “Oskar” mükafatında 12 nominasiya üzrə iştirak edirdi və 9-nu qazana bildi.


9. “Xarabalıqdan çıxmış milyoner” (Slumdog millionaire) – 8 Oskar (2009). Rejissorlar Denni Boyl və Lavlin Tandan tərəfindən çəkilib. Kasıb, savadsız bir hindli oğlanın “Milyonçu” oyununda necə qalib gəlməsindən bəhs edən dramdır.


10. “Kabare” (Cabaret) – 8 Oskar. 1972-ci ildə rejissor Bob Fossa tərəfindən çəkilmiş film onluqda sonuncu yeri tutur. Film brodvey myuzklnın kinoversiyasıdır.Hadisələr Hitler hakimiyyətə gəlməmişdən öncə, 1931-ci il Veymar respublikasında cərəyan edir.

Oskar – kinosənətində hər kəsin almaq istədiyi ən əsas mükafatlardandır. Amerika kinoakademiyasının 6000-dən artıq üzvünün səsverməsi yolu ilə seçilən filmlər “Oskar”a layiq görülürlər. Ümid edirik, günlərin birində mərasim keçirilən səhnədən “Azərbaycan” kəlməsi də səslənəcək. Oskar qazanmaq ümidilə….


Tarix: 28.11.2014 / 12:25 Müəllif: Aziza Baxılıb: 136 Bölmə: Filimler
loading...