Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tısbağalar da uçar | Turtles can fly

Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi “Tısbağalar da uçar” real insanların yaşadığı gerçək əhvalatı əks etdirən filmdir. Filmə baxanda donub qalmışdım. Eyni anda o qədər çox şey hiss edirdim ki, hissiyatsız olmuşdum. O hisslər günlər ötdükcə aydınlanmağa başladı. Amma yenə də bəzi hisslər o qədər dərindir ki, onları yazıya almaq çox çətindir...

Filmdəki hadisələr İraq-Türkiyə sərhəddində yerləşən kiçik bir kənddə cərəyan edir. Böyükdən-kiçiyə hər kəs ABŞ-İraq müharibəsinin sonunu gözləyir. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən bu kimsəsiz uşaqlar minalanmış sahələri təmizləyib pul qazanmaqla dolanırlar. Çoxu iş əsnasında şikəst olub. Hərənin də bir hekayəsi var, amma Agrinin hekayəsi tam başqadı. Ata-anasını elə gözləri önündəcə öldürənlər bu 14 yaşlı qızcığaza təcavüz ediblər. Bəli,14 yaşlı bir ana obrazı… O, kiçik kor balasından utanır, onu qəbul edə bilmir, hər dəfə qardaşına ”onsuz da mənim deyil, o bic uşaq nəyimə lazımdı?!” deyir. 14 yaşında zorlanan, məcburən uşaqlıqdan analığa addım atan bu qızın taleyini yəqin ki, dünyada nə qədər uşaq yaşayıb.

Amerika-İran müharibəsi yaxın keçmişdə baş verib. Təbii ki, KİV bizi müəyyən qədər məlumatlandırırdı. Nə qədər özümü müharibə qurbanlarının, televiziyada gördüyüm əl-ayağını itirən, yaxınlarının, doğmalarının cəsədlərinini görən, ağrıdan qıvrılan insanların yerinə qoysam da müharibəni bütün dəhşətləri, ağırlığı ilə duya bilməmişdim. Amma film müharibə adını dəhşətləri ilə insanın damarına yeridir.

Rejissor kimisə ağlatmaq üçün sentimentallıq da etməyib. Hər şey olduğu və göründüyü kimidir.

Hekayəsi danışılan başqa bir uşaq kiçik çiyinlərdə böyük yük daşıyan Uydudu. Kənddəki qocalara azdan-çoxdan bildiyi ingilis dilində xəbərləri tərcümə edir, minalı əraziləri təmizləyir, pul qazanır, silah bazarlığı edir və s. Kənddəki uşaqlar arasında lider sayılır. Agriyə aşiq olur. Amma, Agrinin övladını onun qardaşı zənn edir. Təbii, Agri yaşadığı psixoloji sarsıntıya görə hər kəsdən qaçır. Qolsuz qardaşına tez-tez yalvarır ki, bu kənddən getsinlər. O, gedərkən adını “bic” qoyduğu körpəsini atmaq, ondan qurtulmaq istəyir.

Minalanmış sahədə Uydu da yaralanır. Bu əsnada artıq Səddam devrilib. Uydunun sadiq dostu Səddamın devrilən heykəlindən ona bir parça gətirir...

filmdən kadr

Film uşaqlıqdan çıxıb belindəki yükü daşıya bilmədiyi üçün azadlığına qovuşmayan, amma ruhunu azadlığa qovuşduran Agrinin hekayəsinin “sonu” ilə bitir.

Qobadi filmin adını “Tısbağalar da uçar” adlı qədim bir kürd əfsanəsindən götürüb. ”Göl kənarında yaşayan quşlarla dostlaşan bir tısbağa onlar kimi qanad çalmaq, uçmaq arzusuna düşür. Bir gün gölün digər sahilinə keçməyi quşlardan daha yaxşı bacarır. Amma özü də bilir ki, göyə qalxınca arzusu daha da şiddətlənər və ömrü boyunca davam edə bilər. Beləliklə, quşlar bir budaq tapıb tısbağaya ondan yapışmasını deyirlər. Göyə qalxınca yüksəklikdən qorxan tısbağa həyəcanla bağırmaq istəyəndə aşağı-aid olduğu yerə düşür. Və beləcə yüksəklik üçün yaradılmadığını, quşlar kimi ola bilməyəcəyini anlayır”..

Rejissor özü film haqqında belə deyir: “ Səddam devriləndən sonra “Songs Of My Motherland” filminin çəkilişləri üçün Bağdada getmişdim. Məqsədim “super güc” dövlətin ağır silahlarını İraqa göndərməsini simvolik olaraq sənət yönündən anlatmaq idi. Kiçik kamera ilə bir neçə həftə Bağdad və digər şəhərlərdə gördüklərimi lentə aldım. İrana dönəndən sonra İraqda gördüyüm və sarsıldığım reallıq haqqında film çəkməyə qərar verdim. Minalanmış sahələr, şikəst uşaqlar, yaxınlarını itirmiş insanlar, getdikcə artan narahatlıq… sanki müharibə yenidən başlamışdı..

İraqda film çəkilişləri üçün aldığım icazə sənədinin müddəti 3 aydan sonra tamam oldu. Kiçik bir komandayla işə başladıq. Bütün dünya müharibənin bitdiyini xəbər verirdi. Mənsə baş rolda Buş, Səddam ya da başqa bir diktatorun olmadığı bir film çəkməyə başlamışdım. Müharibənin sonunda bu diktatorlar dünya ulduzuna çevrilmişdilər. Amma heç kim İraq xalqından bəhs etmirdi, onlara aid bir şəkil belə yox idi. Təkcə çoxlu mənasız görüntüdən başqa...”


Tarix: 28.11.2014 / 12:19 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Filimler
loading...