Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2ci hissə
2ci hissə

Ağrıları da başlamışdı. Dörd saat əvvəl vurduğu iynənin gücü qəfildən itmişdi. "Stadol" ampulası doldurulmuş, hazır iynələrdən birini çıxarıb, şalvarın üstündən buduna vurdu və yoluna davam elədi.
O, yolunun üstündəki kəndlərə yaxşı bələd idi. Uşaq vaxtı burada çoxlu pambıq yığmışdı. Hər il dərslər başlayanda onları qonşu kəndlərə pambıq yığmağa aparırdılar. Qızlar yığımla evdar qadınlar kimi davranar, işin ağırlığını öz boyunlarına, daha doğrusu, bellərinə çəkərdilər, çünki pambıq yığanda güc belə düşür, oğlanlar isə avaralanardılar, çayda çimərdilər, balıq tutardılar, könüllərinə düşəndə isə qonşu həyətlərdən meyvə oğurlayar və belləri sızıldayan qızların könüllərini almaq üçün onları da meyvəyə qonaq edərdilər, əvəzində hər axşam oğlanların da adına 2-3 kilo pambıq yazılardı. Bu hər üç tərəfi: qızları-müəllimləri-oğlanları qane edərdi. Müəllimlər ona görə razıydılar ki, şagirdləri ictimai əməklə səhlənkar davransalar da, işin öhdəsindən yaxşı-pis gəlirdilər. Onlar da bir zamanlar şagird olmuşdular, bu yolları keçmişdilər, yetirmələri kimi hərəkət etmişdilər.
Qızlar isə yorğunluqlarını oğlanların oğurluq meyvələrilə çıxırdılar.
İki kəndi geridə qoydu. Qarşıdakı kəndlə arxada qalanların arasında uzun bir məsafə vardı və həmin aranı tut bağları, ilğın və söyüd meşəsi doldururdu. Qəribəydi, bu qaranlıqda o, hər tərəfi aydınca görürdü. Sanki ay çıxmışdı, amma aydan əsər-əlamət yoxuydu. O düşündü ki, yəqin, bu aydınlığa səbəb yer qatının həddən artıq basırıq və qaranlıq olmasıdır.
Kəndlər yox idi, onların kölgələri qalmışdı. Evin çardaxları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, qamışdan olan çovustanların, kümlərin, toyuq hinlərinin divarları qalırdı. O, bunları aydınca görməsə də, duyurdu. Evlərin bir qismini sərhəddin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini isə ermənilər aparmışdılar.
Yorulmuşdu. Kol-kos qırmaqdan dizlərində təpər, qollarında güc azalmışdı. Çayın sahilindən aşağı endi və böyük bir tut ağacının dibinə söykənib oturdu. Bir müddət dinməzcə sakitliyi dinlədi. Sonra onun oturduğu yerdən bir az aralı xışıltı gəldi. Ya çaqqal, ya da dovşan ola bilərdi. Buralarda canavarın olmasını ağlına da gətirmirdi. Birdən yadına düşdü ki, uzun müddət boş-kimsəsiz qalan yerlərdə vəhşi itlər dolaşır. Sahibini itirmiş itlər qəzəblərindən vəhşiləşirlər. Sahiblərinin onları atıb getməsini bağışlamırlar və öz sədaqətlərini belə ucuz tutanlarla barışmırılar. Ona görə də güc-bəla ayağa durub, təzədən çayın qırağına gəldi. Çayı buraxıb gedə bilməzdi, yolu itirərdi. Amma çay yolun itməsinə imkan verməzdi, çünki düz evlərinin yanına aparıb çıxarırdı. Bir müddət dayanıb dincini aldıqdan sonra yoluna davam elədi.
Böyük bir məsafə arxada qalmışdı. Növbəti iki kənddən sonra onların doğma yerləri gəlirdi. Öz kəndlərini tanımağa nə vardı ki. Gecənin istənilən vədəsində onu yuxudan durquzub, gözü bağlı kəndlərinə aparsaydılar, oranı iyindən tanıyardı. Vətən də anadır, deməli, ondan da ananın iyi kimi doğma bir qoxu gəlir.
Qarşıdakı kəndləri də keçdi. Burada sahilin kənarı nisbətən hamar idi. Kol-kos o qədər də böyüməmişdi. Çayın o biri tərəfindən keçən dəmiryolu daha görünmürdü. Relsləri söküb aparmışdılar, yerində nəhəng bir cığır qalmışdı.
Qədim körpüyə çatdı. Körpü uçulmuşdu. Bir zamanlar həmin körpünün altında mini elektrik stansiyası vardı, işıqlar sönəndə o, işə düşürdü, əsasən çörək sexlərini və hökümət idarələrini işıqlandırırdı.
Sevindi, kəndlərinə çatmağa az qalırdı. Bir az irəlidə "Maralyan bağı", sonra "dukker" olmalıydı. Su o tərəfdən batıb, bu tərəfdən çıxırdı. Uzunluğu azı ikiyüz metr vardı. Həmişə ordan qorxardı. "Dukker"ə düşən ordan sağ çıxmazdı. Su azalanda özündən deyən uşaqlar bu qorxunc tuneldən keçərdilər və orada çiləkənlərdən başqa özgə bir şey olmadığını deyərdilər, gopbazlar isə əjdahaya rast gəldiklərini uydurardılar.
"Çayağzı" bağı cəngəlliyə bənzəyirdi. Birdən ona elə gəldi ki, Amazoniyanın sahillərində gəzir və bir azdan ceyran, vəhşi at sürülərinə rast gələcək. Qəribəydi, heç nə yox idi. Bəs çöl donuzları hara yoxa çıxıb?! Onlar burda sürüynən olardı. Gecələr ova çıxan kişilər, əliboş qayıtmazdılar.
"Qurdağzı dərəsi"ndə dayandı. Burdan o tərəfə çayı əlindən buraxa bilərdi. Azmazdı, çünki doğma yerləriydi. Bura onun uşaqlıq vətəniydi. Sahildən aşağı yola tərəf təpəlik uzanırdı. Təpəlik bom-boş idi. Dazlaşmışdı. Bunun səbəbini bir azdan bildi. Buralar yayda yanmışdı. Yanmış küləş iyi gəlirdi.
"Küdrü deyilən yerin üstünə çıxıb, uzaqlara göz gəzdirdi. Ulduzların və ağ-mavi səmanın fonunda Qarağacı sezdi. Adamlar ilğınlığın arasında bitmiş bu ağacın kölgəsində dincələrdilər. Kölgəsi o qədər böyük idi ki, günorta vaxtı az qala bütöv bir kənd orada dincələ bilərdi. Qarağac dururdusa, deməli, kəndləri də dururdu və yaşamağa dəyərdi. Uşaq kimi sevindi. Sağ dizinin ağrılarının şiddətlənməsinə baxmayaraq, Küdrüdən düşüb, ona tərəf qaçdı, amma kol-kosa ilişib yıxıldı. Əvvəllər burda torpaq yol vardı, indi yoxuydu. Birtəhər özünə yol aça-aça qarağacın yanına çatdı. Onun gövdəsini qucaqladı. Əvvəlcə kövrəldi, özünü sındırmamaq üçün ağlamadı, için-için göynədi. Sanki axşamın onu eşidəcəyindən, ağlamağına şahid duracağından qorxdu, axırda içindəki hisslər bu qorxuya üstün gəldi və hönkürdü.
Qarağac göyərmişdi, yarpaqlamışdı. Yarpağının tumturş və nəm qoxusu ona ağrılarını unutdurmuşdu. O, indi heç kimdən və heç nədən qorxmurdu. Eləcə qarağacın dibinə söykənib, hönkür-hönkür ağlayırdı. Kimsə qarağacın dibində ocaq qalamışdı. Yəqin erməni əsgərləriydi. Birdən ağlına qəribə bir fikir gəldi. Bəlkə, kəndçilərindən kimsə buralarda yaşayır və indi onu görür. Ocaq yeri təzəydi. Bir-iki gün öncə qalamışdılar. Ürəkləndi. Ayağa durub, ətrafa boylandı və:
-Ey, burda kimsə var?!-deyə çağırdı, sonra qışqırdı, mən gəlmişəm! Eşidirsiniz!?
Hay verən olmadı. Yalnız səssizlik. Və birdən it hürdü. Sonra it uladı. Axırda bu səs yox oldu və bir daha gəlmədi. Bəlkə onu qara basır. İt hürməyib, ona elə gəlib.
"Yaloba"ya çıxdı. Yol,iz itmişdi. Mahmudlu bağı keçilməz meşəyə çevrilmişdi. Kələsərlik yox olmuşdu, ilğın kollarının içində itmişdi.
Bu da öz bağları. Gecə böcəklərinin, ilbizlərin və çöl qurbağalarının səsindən duydu ki, açıqlığı yenə də su basıb. Yoxsa ki, bu ayazda nə ibliz, nə böcək. Ürəyindən gizilti keçdi, kövrəldi. Açıqlığın ortasındakı qonur tut ağacı yerində yox idi. Yəqin quruyub, sonra da çürüyüb. Bəlkə də kəsib aparıblar.
Qonşu bağdakı şəllər eləcə yerində dururdu. Kapyuşonlu (papaqlı) katolik keşişləri kimi başlarını aşağı əyib, sanki ölümə məhkum olunmuş cəngavərin o biri dünyada həyatının günahsız keçməsi üçün Tanrıya dua edirdilər.
Havadakı ayaz getdikcə güclənirdi. Bu, səhərin tezliklə açılacağına işarəydi. Ona görə də ləngimədi və kəndin ortasındakı yenişi enib, yenidən çayın kənarına çıxdı və evlərinə tərəf addımladı. Ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixini xatırladırdı, əski sevincini, kədərini yadına salırdı. Həyəcanlanmışdı. Köhnə həyət-bacalar, evlər xarabalığı xatırladırdı, amma burada qorxudan çox, sevgi hökm sürürdü. Onun ürəyi sevincindən partlaya bilərdi.
Həyətlərinə girdi. Tövlə iyi burnuna vurdu. Tövlənin çardağı yanmışdı. Ona ot qarışıq od vurmuşdular. Divarları qara daşla hörüldüyündən sökməmişdilər. Tövləni Lal Baloğlan hörmüşdü. Hava açılırdı. Çovustanları yanıb külə dönmüşdü. Evlərinin bir divarı bütöv qalmışdı. Sanki onu muzey üçün saxlamışdılar. Evin ağ daşlarını vaxtı ilə dağlardan, qayalardan çapıb gətirmişdilər. Bağçalarındakı ağacların bəziləri kəsilmişdi, bəziləri qurumuşdu, amma nar və tut ağaclarının əksəriyyəti dururdu. Həyəti hasarlayan beton pilitələr sökülüb aparılmışdı. Yurd yağmalanmışdı.
Qəlbindəki həyacanı, gözlərindəki yazıqlığı, əllərindəki, dizindəki qəzəbi soyutmaq üçün ağladı...
Evi sökənlər, güman ki, zirzəmiyə də girmişdilər. Çantasını yerə qoydu. Xarabalığa dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutduğu oynadığı evin döşəməsi də sökülmüşdü. Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi. Evin zirzəmisində olan ləvazimatların heç biri yerində yoxuydu. Ağac üçün çalanı nə ilə qazacağını fikirləşdi. Qonşuya adladı. Onların da həyəti xarabazarlığı xatırladırdı. Qonşularının da evləri gözünün qabağında tikilmişdi. Üz-gözündən tər axan xarratlar, bənnalar, elə bil, dünən tut ağacının dibində oturub, ağızları yana-yana çay içirdilər.
Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi. O düşündü ki, bir azdan buralar tamam itəcək. İllər keçəndən, bu kəndin onunla yaşıd adamları dünyasını dəyişəndən sonra hər şey yaddan çıxacaq. Kəndlilərindən heç kim, hətta onun nəvə-nəticələri də öz yurd- yuvasını, qonşusunu tanımayacaq. Xatirələr də qalmayacaq. Deməli, keçmiş olmayacaq.
Gün artıq çıxmışdı və bu cansıxıcı mənzərəni amansız cəllad kimi çılpaqlığı ilə göstərirdi. Təbiət, sanki adamlardan hayıf çıxırdı və öz ilkinliyinə can atırdı.
Nəhayət, çöl darvazanın yanından dəmir parçası tapdı. Bu, mərmi qırığıydı. Həmin dəmirlə bağçanın ortasında, köhnə evlərinin yerində çala qazmağa başladı. Çalayla bir xeyli əlləşdi. Dizi ağrıdığından çömbəltmə otura bilmirdi, ikiqat əyildiyinə görə beli sızıldayırdı və tez-tez dikəlirdi ki, ağrıları çəkilsin.


Tarix: 09.06.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 352 Bölmə: Elçin Hüseynbəyli - "Gözünə gün düşür"
loading...