Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeyx Cüneyd

Şeyx Cüneyd - Səfəvi təriqətini rəhbəri (1447-1460), Şeyx Heydərin atası, Şah İsmayıl Xətainin babası.

Səfəvilər təriqətinin başçısı İbrahim vəfat etdikdə yerinə 1447-ci ildə oğlu Cüneyd keçdi. Şeyx Cüneydə qədər Ərdəbil şeyxlərin siyasətlə maraqlanmazlar, yalnız dini işlərlə məşğul olardılar. Lakin dövlət qurmağı qarşısına məqsəd qoyan Şeyx Cüneyd ətrafında toplanan müridləri müharibə etmək üçün silahlanmaya başladı. Özü də bir şiə olan Qaraqoyunlu hökmdarı Cahanşah təriqət üzvlərinin çoxalmasından çəkinərək Şeyx Cüneydin əmisi Şeyx Cafərə müraciət edərək Cüneydin Azərbaycandan çıxmasını təmin etdi. Bundan sonra Şeyx Cüneyd, Anadoluya gələrək oradakı Türkmanlar arasında təbliğata başladı, Anadoluda özünə xeyli müridləri qazandı və Qaraman Bəyliyinə keçdi, Qaraman bəyinin onun tutulması haqda əmr verdiyindən Məmlük dövlətinə sığındı. Şiə təbliğatı yaydığından Memlük sultanı üzərinə qoşun göndərdi, döyüşdə məğlub olan Şeyx Cüneyd Anadoluya qaçdı.

1456-cı ildən 1459-cu ilədək Cüneyd, o vaxt hələ az tanınan Diyarbəkir hakimi Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısı Xəticə Bəyimi Şeyx Cüneydə ərə verdi. Tarixçilərin göstərdiyi kimi, bu nigahın sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və "əvvəlki şeyxlərin" xəlifələri Cüneydin görüşünə gəldilər.

Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı zəbt etmək fikrinə düşdü. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10000 tərəfdarları ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqını üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Xəlilüllah Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi.

Bir versiyaya görə Cüneyd əsir alınaraq Şirvanşahın əmri ilə edam olunmuş, başqa mənbələrə görə isə döyüş meydanında oxla vurulub, öldürülmüşdür.

Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Cüneydin müridləri onun meyitini Samurun sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.

Atasının ölümündən sonra dünyaya gələn oğlu Heydər dayısı Uzun Həsənin sarayında böyüdü və Uzun Həsənin qızını ilə də evlənərək onun kürəkəni oldu.


Tarix: 01.03.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 358 Bölmə: Dunya ve tarixi
loading...