Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüceyrə

Hüceyrə haqqında elm sitologiya adlanır. Bu elm hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, çoxalma və inkişafını, ətraf mühit şəraitinə uyğunlaşmasını öyrənir.
XVII əsrin ortalarında ilk dəfə ingilis alimi Robert Huk «hüceyrə» terminini işlətmişdir. Sonra 1680-ci ildə Anton Levenhuk mikroskopdan istifadə edərək, birhüceyrəli orqanizmləri kəşf etdi.
XIX əsrin ortalarında alman fizioloqu Teodor Şvann (1839) hüceyrə nəzəriyyəsinin əsasını qoymuşdur.
Hüceyrə bütün canlı orqanizmlərin struktur və funksional vahididir.
Bütün birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinin əsas təzahürünə və maddələr mübadiləsinə görə oxşardır (homoloqdur).
Hüceyrələr bölünmə yolu ilə çoxalır, yeni hüceyrə tam yetişmiş hüceyrənin bölünməsindən əmələ gəlir.
Mürəkkəb çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalar üzrə ixtisaslaşmış və müvafiq toxumalar əmələ gətirmişdir.
Orqanlar toxumalardan ibarət olub, bunların fəaliyyətini sinir və humoral sistemlər tənzim edir.
Hər bir canlı hüceyrə sitoplazmadan və nüvədən ibarət, özünü tənzim edən və özünə oxşar strukturlar yarada bilən mürəkkəb quruluşlu mikroskopik canlı sistemdir. Çoxhüceyrəli orqanizmlərdə hüceyrələr öz fəaliyyətini bu və ya digər toxuma, yaxud orqan daxilində həyata keçirir. Hüceyrənin əsas xüsusiyyətlərindən biri xarici mühitlə fasiləsiz olaraq maddələr mübadiləsini həyata keçirmək və özünü bərpa etməkdir. Orqanizmdə hüceyrələr hüceyrəarası maye və ya bərk maddə mühiti ilə əhatə olunmuşdur.
İnsan bədəninin hüceyrələri öz formasına, ölçülərinə və quruluşlarına görə olduqca müxtəlifdir. Burada 200-ə yaxın müxtəlif növ hüceyrələrə rast gəlinir. Onlar kubabənzər, silindrik, yastı, iyəbənzər, çıxıntılı, oval, dairəvi və digər formalarda olur. Hüceyrələrin forması daşıdıqları funksiyadan, protoplazmanın xassələrindən, əhatə olunduğu mikromühitdən, onların bir-birinə olan mexaniki təsirindən və s. asılıdır.
Hüceyrələrin əksəriyyəti mikroskopik ölçüdədir.
Hüceyrələr müxtəlif formaya, ölçüyə və funksiyaya malik olmalarına baxmayaraq, onların ümumi quruluş planı prinsip etibarilə eynidir, yəni hər bir hüceyrə bir-biri ilə sıx əlaqədə olan iki əsas hissədən - nüvədən və sitoplazmadan təşkil olunmuşdur. Sitoplazma ətraf mühitdən hüceyrə qişası (membranı) vasitəsilə ayrılır. Nüvə xromatin strukturlardan, nüvəcikdən və nüvə qişasından ibarətdir.
Sitoplazma hüceyrənin ən zəruri komponentidir. Ona hüceyrə membranı, orqanellər, əlavələr və hialoplazma aiddir.
Hüceyrə qişası və ya membranı hüceyrəni xaricdən örtərək, onu ətraf mühitdən ayırır. Membran yarımkeçirici zar olub, xarici mühitlə hüceyrə arasındakı mübadilə proseslərini tənzim edir və hüceyrənin daxili mühitini sabit saxlayır. Maddələr xarici mühitdən hüceyrəyə və hüceyrədən xarici mühitə osmos və diffuziya qanunları əsasında keçir. Bu proses habelə faqositoz, pinositoz yolu ilə də icra olunur.

Orqanellər
Hüceyrə orqanelləri və ya orqanoidləri xüsusi quruluşa malik, müəyyən funksiya icra edən sitoplazmatik strukturlardır. Bunlar hüceyrənin həyat fəaliyyətində bilavasitə iştirak edir. Orqanellər ümumi və xüsusi əhəmiyyətli olmaqla iki qrupa ayrılır. Ümumi əhəmiyyətli orqanellər bütün hüceyrə növlərinə məxsusdur. Bunlara sitoplazmatik tor, ribosomlar, mitoxondrilər, lövhəcikli kompleks, sentrosom və lizosomlar aiddir. Xüsusi əhəmiyyətli orqanellər yalnız müəyyən növ hüceyrələr üçün səciyyəvidir. Bunlara tonofibrillər, miofibrillər, neyrofibrillər, mikroqovuqcuqlar, qamçılar və s. aiddir.
Sitoplazmatik tor bir-birindən xeyli fərqlənən iki tipə bölünür: hamar, dənəsiz və dənəli, qranulyar sitoplazmatik tor.
Sitoplazmatik torun əsas vəzifəsi zülal maddələrinin, yağların və polisaxaridlərin sintezindən ibarətdir. Belə ki, zülallar dənəli sitoplazmatik torda, polisaxarid və yağlar dənəsiz sitoplazmatik torda sintez olunur.
Ribosomlar ribonukleotidlərdən təşkil olunub, hüceyrədə tək-tək və ya qrup halında (polisom) yerləşir. Onlar zülalların sintez mərkəzidir. Ribosomlardan olan spesifik RNT vasitəsilə sitoplazmadakı amin turşularından polipeptid zəncirləri əmələ gəlir.
Mitoxondrilər hüceyrənin energetik sistemi hesab olunur. Yeni mitoxondrilər hüceyrədə mövcud olan mitoxondrilərin bölünməsi hesabına yaranır. Mitoxondrinin əsas funksiyası adenozintrifosfat turşusunu (ATF) sintez etməklə hüceyrə üçün lazım olan enerjini ayırmasıdır.
Lövhəli kompleks və ya Holci kompleksi hüceyrənin sintetik fəaliyyəti məhsullarının-zülal, karbohidrat və yağların daşınmasında iştirak edir. Holci aparatının fəaliyyəti sayəsində plazmatik membran təzələnir və böyüyür.
Sentrosom, yaxud hüceyrə mərkəzi, bir qayda olaraq, nüvənin yanında yerləşir, hüceyrənin mitoz bölünməsində bilavasitə iştirak edir.
Lizosomların daxilində üzvi maddələri parçalayan hidrolitik fermentlər vardır. Hüceyrənin qidalanmasında və ifrazatında iştirak edir. Bu da faqositoz və avtoliz prosesləri ilə gedir.

Xüsusi orqanellər. Kirpiklər və qamçılar həm sərbəst hüceyrələrdə, həm də toxumaların tərkibindəki hüceyrələrdə olur. Adətən hüceyrənin tək, hərəkətli və uzun çıxıntısını qamçı, nisbətən qısa və çoxlu çıxıntılarını kirpiklər adlandırırlar. Bunlar hüceyrədə hərəkət funksiyasını yerinə yetirir.
Tonofibrillər keratin zülalından təşkil olunmaqla hüceyrədə mexaniki və ya istinad vəzifəsini həyata keçirərək, epitel hüceyrəsinə möhkəmlik verir.
Mikroqovuqcuqlar mühafizə funksiyasını daşıyır, su və mineral maddələrin sorulma prosesində iştirak edir. Çoxhüceyrəli heyvan və ya insan orqanizmi əzələ yığılmalarının köməyilə hərəkət edir. Əzələ lifinin yığılmasını təmin edən struktur miofibrillərdir.
Neyrofibrillər sinir hüceyrəsinin sitoplazmasındakı spesifik orqanellər olub, oyanmanın nəql olunmasında bilavasitə iştirak edir.

Əlavələr. Sitoplazmada müxtəlif maddələrin ayrı-ayrı toplantıları hüceyrə əlavələri adlanır. Bunlar qeyri-sabit törəmələr olub, hüceyrənin bütün həyatı boyu əmələ gəlir və ya itir. Əlavələrə hüceyrənin özünün hasil etdiyi və ya faqositoz, pinositoz yolu ilə ətraf mühitdən udduğu maddələr aiddir.
Hialoplazma sitoplazmanın struktur komponentləri arasında qalan homogen şəffaf hissəsinə, başqa sözlə, orqanellərdən azad olan sitoplazmatik maddəyə deyilir. O, hüceyrənin maddələr mübadiləsində mühüm rol oynayır. Belə ki, suda həll olmuş müxtəlif maddələrin diffuz yolla hüceyrəyə daxil olmasında və ondan xaricə çıxmasında bilavasitə iştirak edir.

Hüceyrə nüvəsi
Hüceyrənin əsas tərkib hissəsidir. Onun iki müxtəlif halı ayırd edilir: interfaza nüvəsi və bölünməkdə olan nüvə. İnterfaza nüvəsi hüceyrə bölünmələri arasındakı dövrdə olan nüvəyə deyilir. Bu zaman nüvə hüceyrənin bütün funksiyalarında iştirak edir və adətən bölünməyən hüceyrə nüvəsi adlanır. Nüvə, adətən hüceyrənin mərkəzində yerləşir, sitoplazma ilə əhatə olunur. Nüvənin forması hüceyrənin forma və vəziyyətindən, yaş xüsusiyyətindən, yerləşdiyi yerdən və s. asılıdır. Hüceyrələr birnüvəli və çoxnüvəli olur.
Nüvə - nüvə pərdəsi, nüvə şirəsi, nüvəcik və xromosomdan ibarətdir. Nüvə pərdəsi ilə nüvə sitoplazmadan ayrılır. Burada sitoplazma ilə nüvə arasında fasiləsiz maddələr mübadiləsi gedir. Nüvə şirəsi onun daxili mühitini təmsil edir və orada nüvəciklər, xromosomlar yerləşir. Nüvəciyin tərkibinə RNT və zülal daxildir. Nüvəciklər xromosomlarla əlaqədar olub, onlarda RNT sintez olunur. Xromosomlar nüvənin əsas tərkib hissəsi olub, irsi əlamətləri nəslə ötürür.
Nüvə hüceyrədə aşağıdakı funksiyaları yerinə yetirir:
1. Nüvə hüceyrənin normal həyat fəaliyyətini təmin edir.
2. RNT-nin sintezi və ribosomların yaranması yalnız nüvənin iştirakı ilə gedir.
3. Zülal maddələrinin əmələ gəlməsi bilavasitə nüvənin funksiyası ilə bağlıdır.
4. Nüvədəki xromosomlarda irsi məlumatın ardıcıllığının saxlanılması, həmin məlumatın eyni şəkildə gələcək nəsillərdə yenidən təkrar edilməsi nüvənin ən mühüm funksiyalarından biri sayılır.
5. Nüvə hüceyrə strukturlarının formalaşması prosesinin tənzimində mühüm rol oynayır.

Protoplazma termini altında hüceyrənin bütün canlı maddəsi, yəni sitoplazma, nüvə və onları təşkil edən strukturlar düşünülür. Protoplazmanın həyat xassələri onun kimyəvi tərkibindən, xüsusilə zülal maddələrindən asılıdır.

Hüceyrənin kimyəvi tərkibi
Müəyyən edilmişdir ki, təbiətdə olan kimyəvi maddələrin, demək olar ki, hamısı (Mendeleyev cədvəlinə daxil olan elementlərin 60-a qədəri) hüceyrə daxilində vardır. Lakin onlar miqdarca müxtəlif olub, protoplazmadakı miqdarına görə dörd qrupa bölünür: birinci qrupa karbon, oksigen, hidrogen və azot daxildir. İkinci qrupa kalsium, fosfor, kalium, kükürd aid edilir. Üçüncü qrupu natrium, xlor, yod, dəmir, maqnezium təşkil edir. Dördüncü qrupa isə mis, manqan, kobalt, sink və bəzi digər elementlər daxildir. Bunlar cüzi miqdarda (bədən kütləsinin 0,001%-dən az) olduqlarına görə mikroelementlər adlandırılır. Bu elementlərin çoxu hüceyrə tərkibində sərbəst deyil, üzvi və qeyri-üzvi maddələrin tərkibində onlarla birləşmiş şəkildə olur. Üzvi birləşmələrə zülallar, nuklein turşuları, karbohidratlar, yağlar, qeyri-üzvi birləşmələrə isə mineral duzlar və su aiddir. Beləliklə, hüceyrələrin kimyəvi tərkibi sudan, mineral duzlardan və üzvi birləşmələrdən ibarətdir.

Üzvi maddələr. Zülallar protoplazmanın ən vacib və əhəmiyyətli komponenti olub, həyati proseslərin əsasını təşkil edir. Zülal tərkibcə 53% karbondan, 7% hidrogendən, 22% oksigendən və 16% azotdan ibarətdir. Bunlardan əlavə, zülalların tərkibində fosfor, kükürd, dəmir və s. elementlər də vardır. Zülallar azotlu birləşmələr olub, quruluş əsasını aminturşular təşkil edir. Aminturşular amfoter xassəyə malik olub, onların zəncir kimi müəyyən ardıcıllıqla yerləşməsi və bir-biri ilə çoxlu miqdarda müxtəlif kombinasiyalara girməsi nəticəsində müxtəlif zülal molekulları əmələ gəlir.

Fermentlər. Hüceyrənin zülal xarakterli komponentlərindəndir. Fermentlər bioloji katalizator vəzifəsini görməklə, protoplazmada gedən kimyəvi reaksiyaların sürətini tənzim edir. Fermentlər spesifik təsirə malikdir. Belə ki, hər bir ferment yalnız bir və ya bir neçə kimyəvi reaksiyanın katalizində iştirak edə bilər.

Lipidlər. Bunlara qliserin və yağ turşularından ibarət neytral yağlar və həmçinin yağabənzər maddələr-lipoidlər aiddir. Neytral yağlar protoplazmanın tərkibində müxtəlif ölçülü dənələr və damlalar şəklində toplanaraq ehtiyat qida mənbəyi vəzifəsini görür.

Karbohidratlar. Karbon, oksigen və hidrogendən təşkil olunmuşdur ki, bunların oksidləşməsi nəticəsində hüceyrədə həyat prosesləri üçün lazım olan zəngin enerji hasil olur. Karbohidratlar sadə və mürəkkəb olur. Sadə karbohidratlara monosaxaridlər deyilir. Monosaxaridlərə nuklein turşularının tərkibində olan riboza, dezoksiriboza və sərbəst halda olan qlükoza aiddir. Qlükozanın oksidləşməsi protoplazmanın tənəffüsünü təmin edir.
Mürəkkəb karbohidratlar monosaxaridlərin bir-biri ilə birləşməsindən əmələ gələn polisaxaridlərdir. Heyvan və insan orqanizmlərində ən geniş yayılmış polisaxarid qlikogendir. O, protoplazmanın ehtiyat enerji mənbəyidir. Çoxlu miqdarda qlikogen əzələdə və qaraciyərdə toplanmışdır.
Karbohidratlar zülal və yağlarla reaksiyaya girib müvafiq olaraq qlükoproteidləri və qlükolipidləri əmələ gətirir.

Su və mineral duzlar. Hüceyrənin həyat fəaliyyəti müəyyən maye mühitində keçir ki, bunun vacib hissələrini su və suda həll olmuş qeyri-üzvi duzlar təşkil edir. Su və mineral duzlar protoplazmanın mütləq komponentləri olub, hüceyrənin fiziki-kimyəvi xassələrini müəyyənləşdirir.

Hüceyrənin həyat fəaliyyəti. Hər bir hüceyrə çoxhüceyrəli orqanizmin elementar hissəsi olmaqla bərabər, özünün müstəqil fəaliyyətini-maddələr mübadiləsi, qıcıqlanma, hərəkət, öz-özünü yaratma, böyümə, diferensiasiya, qocalma, ölüm kimi prosesləri daşıyır.

Maddələr mübadiləsi
Hüceyrə onu əhatə edən ətraf mühitdən həyat fəaliyyəti üçün zəruri olan maddələri onların potensial enerjiləri ilə birlikdə mənimsəyir, özünün kimyəvi tərkibini yeniləşdirir, həyat fəaliyyətini davam etdirir. Maddələr mübadiləsi sintez və dağılma proseslərindən ibarətdir. Hüceyrənin xarici mühitdən alınan qida maddələrini mənimsəyib, protoplazma maddəsinə çevirməsinə assimilyasiya, protoplazmanın üzvi maddələrinin parçalanıb, həyat prosesləri üçün vacib enerjinin ayrılmasına isə dissimilyasiya deyilir. Əsas iki növ mübadilə ­plastik və energetik mübadilə həyata keçir. Plastik mübadilə zamanı hüceyrə ətraf mühitdən aldığı maddələrin hesabına böyüyür və öz pozulmuş hissələrini bərpa edir. Energetik mübadilə zamanı isə hüceyrə mənimsədiyi maddələrin parçalanması nəticəsində həyat proseslərini təmin edən enerji hasil edir. Hüceyrədə enerjinin yaranması iki yolla baş verir: aerob və anaerob. Aerob yolla maddələr mitoxondrilərdə oksigenin iştirakı ilə parçalanır, anaerob yolla isə enerji mənbəyi olan karbohidratlar oksigenin iştirakı olmadan mitoxondrilərdən kənarda hidrolitik yolla parçalanır ki, bu da qlikoliz adlanır.
Maddələrin ətraf mühitdən hüceyrəyə keçməsində və ya əksinə, hüceyrədən ətraf mühitə verilməsində hüceyrə membranı mühüm rol oynayır. Eyni zamanda bu prosesdə ətraf mühitin kimyəvi tərkibi və orada maddələrin qatılığı, konsistensiyası da mühüm əhəmiyyət kəsb edir. Belə ki, ətraf mühitdə duzluluğun artması hüceyrədən suyun xaricə çıxmasına, əksinə ətraf mühitdə duzluluğun azalması suyun hüceyrəyə keçməsinə səbəb olur. Beləliklə, hüceyrənin daxilində olan duzlarla ətraf mühitdə olan suyun miqdarı arasında lazımi nisbət yaranır. Bir çox irimolekullu üzvi maddələr və yaxud iri hissəciklər hüceyrəyə faqositoz və rofeositoz yolla keçir.
Faqositoz - müxtəlif iri maddələrin hüceyrələr tərəfindən udulub, litik fermentlərin təsiri ilə həzm olunması prosesidir. Belə hüceyrələrə faqositlər (yunanca faqos udan; sitoz - hüceyrə) deyilir. Onlar yad cisimcikləri, mikroorqanizmləri, toxuma parçalanması məhsullarını, bəzi zəhərləyici maddələri öz daxilində zərərsizləşdirir. Əvvəlcə bu hüceyrələrdə yalançı ayaqlar udulacaq maddəni əhatə edir. Sonra onu hüceyrə daxilinə keçirir və lizosomlarda olan əridici fermentlərin təsiri ilə həzm olunur.
Pinositoz (yunanca pino - içmək) prosesində hüceyrə ətraf mühitdən mayeni özünə keçirir. Hüceyrə qişası ətraf mühitə doğru mikroskopik çıxıntılar verir, onlar arasında hüceyrə daxilinə doğru girintilər əmələ gəlir. Əmələ gəlmiş çuxurlara ətraf mühitdən maye dolur və ağız qapanaraq hüceyrə daxilində qovuqcuq (vakuol) yaradır.
Rofeositoz zamanı ətraf mühitdə submikroskopik hissəciklər və makromolekullar cəzb olunma yolu ilə hüceyrə daxilinə keçir və vakuol əmələ gətirir. Hər iki prosesdə pinositoz və rofeositozda vakuolda maddələr neytrallaşdırılır.
Hüceyrədaxili məhsulların xaricə çıxması sekresiya ilə əlaqədardır. Hüceyrələrin ifraz etdiyi seliyəbənzər maddələr toxumaların mexaniki zədələrdən qorunması, habelə hüceyrəarası əsas maddənin əmələ gəlməsi üçün çox əhəmiyyətlidir. Maddələr mübadiləsinin son məhsullarının, habelə orqanizmə daxil olmuş yad maddələrin toxumalardan xaricə çıxarılmasında faqositoz qabiliyyətinə malik makrofaqlar sistemi iştirak edir.

Hüceyrənin bioloji reaksiyaları. Hüceyrənin xarici mühitin təsirinə qarşı hər hansı cavab verə bilmək qabiliyyətinə qıcıqlanma qabiliyyəti, təsir edən amilə qıcıq və ya qıcıqlandırıcı, qıcığın təsir etməsi prosesinə qıcıqlanma, hər hansı təsirə qarşı hüceyrənin verdiyi cavaba isə bioloji reaksiya deyilir.
Hüceyrənin qıcığa qarşı verdiyi spesifik cavaba oyanma, oyanma ilə cavab vermək qabiliyyətinə oyanma qabiliyyəti və ya oyanıcılıq, oyanma qabiliyyətinə malik toxumalara (sinir, əzələ və vəzi toxumaları) isə oyanıcı toxumalar deyilir. Refleks - qıcığa qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verilən cavabdır.
Orqanizmin qıcıqlara qarşı hər bir konkret şəraitə müvafiq şəkildə cavab verə bilmək qabiliyyəti reaktivlik adlanır. Reaktivlik daha geniş anlayış olub, bütün əvvəlkiləri əhatə edir.

Hüceyrənin hərəkəti. Xarici qıcıqlanmaya qarşı protoplazmanın ən elementar cavab reaksiyası onun hissəciklərinin daxili yerdəyişməsi ilə əlaqədardır. Bunun nəticəsində həyatın ən xarakterik funksiyalarından biri olan hərəkət baş verir. Fəaliyyətdə olan hüceyrələrdə nüvə, sitoplazma, orqanellər və digər struktur hissəcikləri daim hərəkətdədir. Hüceyrənin hərəkəti bir neçə növdür: amöbəbənzər, sürüşmə tipli, vintəbənzər və s. Amöbəbənzər hərəkət yalançı ayaqların köməyilə baş verir. Sürüşmə tipli hərəkətdə hüceyrə müəyyən substrat üzərində sanki sürüşərək hərəkət edir. Bu hərəkət formaları çox zəif olur. Daha sürətli hərəkət xüsusi çıxıntıların-qamçı və kirpiklərin köməyilə baş verir. İnsanlarda daha yüksək hərəkət forması əzələ hərəkəti ilə əldə edilir. Həmin hərəkət əzələ hüceyrələrinin köməyilə həyata keçir. Bu hüceyrələrdə yığılma qabiliyyətinə malik spesifik zülallar (aktinomiozin kompleksi) və yığılma qabiliyyətinə malik miofibrillər vardır. Hüceyrənin hərəkəti də həmin miofibrillərlə əlaqədardır.

Hüceyrənin böyüməsi. Canlı orqanizmin, onun orqanlarının müəyyən ölçüsü onu təşkil edən hüceyrələrin böyüməsi, bölünməsi və s. proseslərdən asılı olur. Hüceyrənin böyüməsi dedikdə, onun kütləsinin çoxalması və morfometrik göstəricilərin artması nəzərdə tutulur. Hər bir canlı hüceyrə böyümə qabiliyyətinə malikdir. Lakin hüceyrənin böyüməsi hədsiz deyildir; onun müəyyən hüdudu vardır.
Hüceyrənin böyüməsi onun daxilində gedən assimilyasiya proseslərinin dissimilyasiya proseslərinə üstün gəlməsi kimi qiymətləndirilməlidir. Buna müvafiq olaraq, sintez prosesləri gücləndikdə, hüceyrənin ölçüləri arta, zəiflədikdə isə azala bilər. Hüceyrənin ölçüsü bir çox amillərdən - orqanizmin ümumi ölçülərindən, yaşından, cinsiyyətindən, fiziki inkişaf dərəcəsindən, bir çox xarici mühit amillərinin təsirindən asılı olur.

Hüceyrənin bölünməsi
Canlı hüceyrənin bioloji xüsusiyyətlərindən biri də onun öz-özünü törətmə, yəni çoxalma qabiliyyətinə malik olmasıdır. Bu xüsusiyyət canlı aləmin daimiliyini təmin edir. Hüceyrənin bölünməsinin bir neçə forması vardır. Somatik hüceyrələr mitoz və amitoz yolla, cinsiyyət hüceyrələri isə meyoz və ya reduksion formada bölünür. Somatik hüceyrələrin mitoz yolla bölünməsi çoxalmasının əsas formasıdır.
Mitoz bölünmənin bioloji mahiyyəti irsi xassələrin hüceyrə nəsillərinə, yəni bölünən hüceyrədən bölünmüş yeni hüceyrələrə qanunauyğun şəkildə verilməsini təmin etməkdən ibarətdir. Bu bölünmənin əsasında başlıca olaraq «ana» hüceyrədə xromosomların ikiqat artması - reduplikasiya və həmin xromosomların düzgün olaraq eyni miqdarda iki «qız» hüceyrələr arasında paylanması durur. İnterfaza dövründə xromosomlarda olan DNT molekulları avtoreduplikasiyaya uğrayır. Xromosomların sayı iki dəfə artmış olur. Bu dövrdə eyni zamanda hüceyrə mərkəzi (sentriollar) da ikiləşir. Mitoz bölünmə dörd mərhələdə həyata keçir: profaza, metafaza, anafaza, telofaza.
Profaza mərhələsində ikiləşmiş sentriollar sentrosferlə əhatə olunaraq bir cüt dənələr şəklində hüceyrənin iki qütbünə çəkilir və qütblər arasında mərkəzi axromatin saplar əmələ gətirir. Nüvəciyin ölçüləri kiçilərək tamamilə itməsinə səbəb olur. Nüvə membranı dağılır, sitoplazma ilə qarışır, xromosomlar əvvəl yumaq şəklində yerləşir, sonra bir-birindən ayrılaraq, sentromerlər vasitəsilə axromatin iyin saplarına bağlanır.
Metafaza mərhələsində xromosomlar ayrılaraq, qız xromosomları əmələ gətirir.
Anafaza mərhələsində xromosomlar bərabər sayda hüceyrənin qütblərinə çəkilir. Hər qütbə ana hüceyrədə olan qədər xromosom yığılır və bir-birinə sıxlaşır. Eyni zamanda mitoxondrilər, endoplazmatik tor və hüceyrədaxili tor aparatda qütblər yaxınlığında paylanır.
Telofaza son mərhələ olub, bu vaxt qız nüvələr yaranır və ana hüceyrənin sitoplazması iki yerə bölünür. Nəhayət, iki yeni hüceyrə əmələ gəlir. Hələ nüvə membranı əmələ gəlməmiş nüvənin daxilində bir və ya bir neçə nüvəcik çıxır. Telofazanın sonunda axromatin iy dağılır və sorulur, hüceyrə cismi bölünür.
Mitoz prosesinin davametmə müddəti orqanizmdən və hüceyrənin nüvəsindən asılı olaraq müxtəlifdir. Heyvan və insan hüceyrələrində bu əsasən 2-5 saata bərabər olur. Həmin müddət mitozun mərhələləri arasında da bərabər paylanmır. Mitoz bölünmənin hər bir toxumanın artması və fizioloji regenerasiya prosesləri, yəni toxumanın özünü təzələməsi üçün böyük əhəmiyyəti vardır.
Hüceyrələrin az qismi amitoz yolla bölünür. Bölünmə zamanı hüceyrə nüvəsi ortadan aralanaraq, iki «qız» nüvəyə ayrılır. Sitoplazma da iki hissəyə bölünür və iki «qız» hüceyrə yaranır. Yeni hüceyrələr öz funksiyalarını fəal surətdə davam etdirə bilir.

Hüceyrənin qocalması
Qocalma elə hüceyrələrə aid edilir ki, bu hüceyrələrin ömrü orqanizmin öz ömrünə bərabər olsun. Belə ki, həmin hüceyrələrdə orqanizmin qocalması ilə əlaqədar dəyişikliklər baş verir. Belə hüceyrələrə sinir və eninəzolaqlı əzələ lifləri aiddir. Bu hüceyrələr hələ embrional dövrün axırlarında bölünmə qabiliyyətini itirərək, orqanizmin həyatının sonuna qədər yaşayır. Yaşlı adamlarda həmin hüceyrələr cavan orqanizmlə müqayisədə, doğrudan da, elə dəyişikliklər kəsb edir ki, onları qocalıq əlamətləri hesab etmək olar. Qocalmış hüceyrələrdə morfoloji, funksional, fiziki-kimyəvi və biokimyəvi xarakterli dəyişikliklər müşahidə edilir.
Morfoloji dəyişikliklər hüceyrənin kiçilməsi, sitoplazmanın vakuollaşması ilə gedir. Amitozun miqdarı artır. İkinüvəli hüceyrələr meydana çıxır. Bu, qocalığa uyğunlaşma reaksiyası kimi baş verir. Çünki ikinüvəlik hüceyrənin funksional fəallığını artırır.
Qocalan hüceyrələrdə sitoplazmada və karioplazmada özlülük artır, zülallar asanlıqla koaqulyasiyaya uğrayır və s.
Biokimyəvi dəyişikliklərə aşağıdakılar aiddir: hüceyrədə suyun miqdarı azalır, fermentlərin fəallığı zəifləyir, xolesterin artır, lesitin azalır, sitoplazmada narıncı-sarı rəngdə lipofussin (lipofussinə «qocalıq» piqmenti də deyilir) toplanır, tənəffüs və zülal sintezi zəifləyir.
Müəyyən səbəblərdən hüceyrədə baş verən dərin degenerativ dəyişikliklər onun ölümünə səbəb ola bilər. Hüceyrənin ölümü onun təbii həyat fəaliyyətinin bitməsinin nəticəsi ola bilər. Bu, fizioloji ölüm hesab olunur. Bəzən orqanizm öz həyat fəaliyyətini saxlamaq üçün hüceyrələrini qurban verir. Orqanizmin bir çox hüceyrələrinin ömrü gün və aylarla ölçülür.
Bəzi orqanlarda ölmüş hüceyrələr əvəzinə yeniləri əmələ gəlir.


Tarix: 08.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 272 Bölmə: Biologiya
loading...