Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elvis Presli

Elvis Aaron Presli (ing. Elvis Aaron Presley 8 yanvar 1935 – 16 avqust 1977) — amerikalı müğənni və aktyor. Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir.Mündəricat
1 Erkən dövr (1935-1953)
1.1 Uşaqlıq illəri
1.2 Memfisdə
2 Sun Recordsda yazdırdığı vallar (1954-1955)
2.1 "That’s All Right"
2.2 İlk sinqllar və çıxışlar
3 Rok-n-rollun kralı (1956)
3.1 Televiziya çıxışları və yeni mahnılar
3.2 Polkovnik Tom Parker
4 Kinodebüt və ordu (1956-1959)
4.1 İlk filmlər
4.2 Ordu və "Memfis mafiyası"
5 Kino sənayesinin girovu (1960-1968)
5.1 Hərbi xidmətdən sonra
5.2 Prissilla
5.3 "Bitlz" ilə görüş
5.4 Kino karyerasının sonu
6 Qayıdış (1968-1969)
6.1 NBC-dəki teleşou
6.2 Yenə Memfisdə
7 Konsert fəaliyyətinin başlanması (1969-1973)
7.1 Las-Veqas
7.2 Yeni layihələr
8 Ömrünün son illəri (1973-1977)
8.1 Sağlamlığı ilə bağlı yaranan problemlər
8.2 Şəxsi həyatı
8.3 Konsertləri
8.4 Yeni albomlar
8.5 Sonuncu qastrolları
8.6 Ölümü
8.6.1 Ölümdən sonra gələn şöhrət
8.6.2 Elvis sağdır?
9 Musiqi nailiyyətləri
10 Maraqlı faktlar
11 Presli pop-mədəniyyətdə
12 Haqqında olan əsərlər
13 Filmoqrafiya
14 Xarici keçidlər


Erkən dövr (1935-1953)

Uşaqlıq illəri

Mississippi, Tupeloda Elvis Preslinin doğulduğu ev

Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-ın Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib. Elvis 42 illik həyatında bu qanunu heç vaxt pozmayıb.

11 yaşı tamam olan gün gələcək "rok-n-roll kralı" gitara "hədiyyə" alıb. Dırnaqarası hədiyyə ona görə ki, bu gitaraya görə o öz velosipedi ilə vidalaşmalı olub. Yəqin elə həmin gün dünyada velosipedini itirən bir uşaq "ölüb", əvəzində isə bəşər tarixinin ən dahi müğənnilərindən biri – Elvis Presli dünyaya gəlib. Bu hədiyyəni alandan cəmi bir neçə ay sonra Elvis hər il keçirilən əyalət musiqi yarışmasında "Old Shep" (Qoca çoban) xalq mahnısının ifasına görə mükafata layiq görülüb.

Memfisdə

1948-ci ilin sentyabrında Preslilər ailəsi ailə başçısının – Elvisin atasının tezliklə özünə iş tapacağı ümidilə Memfisə (Tennessi ştatı) köçür. Məhz Memfisdə Elvis müasir musiqi ilə daha dərindən maraqlanmağa başlayır, radioda kantrini, ənənəvi estradanı, eləcə də zənci musiqisini (blüz, buqi-vuqi, ritm ənd blüz) dinləyir. O, həm də Memfisin Bil-strit məhəllələrinə tez-tez baş çəkir, burada qaradərili blüzmenlərin ifasına qulaq asır (təsadüfi deyil ki, Bi Bi Kinq Preslini hələ yeniyetməlik dövründən tanıyırdı), zəncilərin mağazalarından geyimlər alır. Hətta sonralar da onun geyimində zənci geyim üslubu açıq-aydın nəzərə çarpırdı.

1953-cü ildə məktəbi bitirən 18 yaşlı Elvis işə düzəlir və yük maşını sürücüsü işləməyə başlayır. Məhz bu dövrdə o, Sem Fillipsə məxsus səsyazma studiyasına baş çəkmək və gitarasının müşayiəti ilə cəmi səkkiz dollara bir neçə mahnı yazdırmaq qərarına gəlir. Bir nüsxədə, valın iki üzünə yazılmış "My Happiness" və "Thats When My Heartache Begins" mahnıları Elvisin anasına ad günü hədiyyəsi olur. Bu vaxt o, artıq musiqiçi olacağına qəti əmin idi. Sadəcə hansı janrda oxuyacağını – qospel və ya kilsə himnləri, yoxsa kantri ifa edəcəyini özü üçün hələ müəyyənləşdirməmişdi. Elvis buna qədər hətta klubda və bir neçə konsertdə də çıxış etmişdi. Fillipsin studiyasının katibi Preslinin ona maraqlı görünən göstəricilərini özü üçün qeyd edir ("İfanız hansı müğənninin ifasına daha yaxındır" sualına Presli o vaxt "Elə bir müğənni yoxdur!" cavabını verir). Elvis Fillips firmasına (firmanın o dövrdə əsasən zənci musiqisi yazan öz Sun Records studiyası vardı) müğənni lazım olduqda ona zəng etmələrini xahiş edir. Bundan sonra o iş alacağı ümidilə dəfələrlə studiyanın qapısının önündə durur (1954-cü ildə Elvis özü üçün daha bir val yazdırır).

Sun Recordsda yazdırdığı vallar (1954-1955)

"That’s All Right"

Presli canlı ifa zamanı

1954-cü ilin iyununda Sem Fillips Sun Records üçün bir neçə mahnı yazmaq fikrinə düşür. Bu məqsədlə o, tanıdığı gitaraçı Skotti Muru və kontrabasçı Bill Bleyki studiyaya dəvət edir. Vokalçı axtararkən Sem öz katibinin məsləhəti ilə Elvis Preslini sınaqdan keçirmək qərarına gəlir. Əvvəlcə ürəkaçan heç bir şey alınmır. Bununla belə studiyada beş həftə ərzində məşqlər davam edir. İyulun 5-də musiqiçilər "I Love You Because" balladısının yazılışından sonrakı fasilə zamanı "Thats All Right (Mama)" mahnısını ifa etməyə başlayırlar. Bu, Artur Krudapın blüz stilində kompozisiyası idi. Amma Presli, Mur və Blek onu tamamilə fərqli bir ritmdə ifa edirlər. Studiyada olan Fillips mahnını eşidər-eşitməz musiqiçilərdən ifa etdikləri bu mahnının nə mahnı olduğunu soruşur. Musiqiçilər heç özləri də nə ifa etdiklərini bilmədiklərini boyunlarına alırlar. Fillips onların mahnını yenidən ifa etmələrini istəyir və onu vala yazır. Bunun ardınca eynilə bu cür ifada Bill Monronun "Blue Moon Of Kentucky" hiti vala köçürülür. Bununla da Sem Fillipsin və Preslinin özünün dayanmadan axtardıqları həmin musiqi yaranır.

İlk sinqllar və çıxışlar"I Forgot To Remember To Forgot"
Menu
0:00

"I Forgot To Remember To Forgot" mahnısı (1955)
"Mystery Train"
Menu
0:00

"Mystery Train" mahnısı (1955)
"Thats All Right Mama"
Menu
0:00

"Thats All Right Mama" mahnısı
Bu faylların oxunmasında problem var? Bax media kömək.


"Thats All Right" (arxa tərəfində "Blue Moon Of Kentucky") sinqlı 1954-cü il iyulun 19-da işıq üzü gördü və Memfis radiolarında ardıcıl səsləndirilməsi sayəsində iyirmi min nüsxəylə satıldı. İlk sinqlın formulasına uyğun (bir üzündə blüz, digər üzündə kantri) bir il ərzində "Good Rockin Tonight / I Dont Care If The Sun Dont Shine" (sentyabr, 1954), "Milkcow Blues Boogie / You Are A Heartbreaker" (yanvar, 1955), "Baby, Lets Play House / I Am Left, You Are Right, She Is Gone" (aprel, 1955), "I Forgot To Remember To Forgot / Mystery Train" (avqust, 1955) sinqlları işıq üzü gördü. Bütün bu mahnılar müğənninin istedadını birmənalı şəkildə təsdiq etməklə yanaşı, öz inkişafına görə Elvis Preslinin məhz Sun Recordsdakı işlərinə borclu olan rok-n-rollun klassik nümunələrinə çevrildilər. Qeyd etmək lazımdır ki, müğənninin ilk vallarındakı mahnılar rok-n-roll adlandırılmırdı (bu termin o dövrdə nadir hallarda işlədilirdi). Onlar kantrinin yeni növü kimi qiymətləndirilirdi. Bu səbəbdən Elvis Presliyə o illərdə "Hillbilli Kət" ("Hillbilly Cat". "Hillbilli" – kantrinin köhnəlmiş adlarından biri) ləqəbi verilmişdi. Preslinin ilk dövrlərdə oxuduğu mahnılar o dövrün radio dinləyicilərində çaşqınlıq yaratmışdı. Onlar mahnını ağ dərili müğənninin və ya zəncinin oxuduğunu müəyyən edə bilmirdilər (o zamanlar irqi ayrıseçkilik Amerikanın Cənub ştatlarında adi həyat norması idi). Mahnının janrı da anlaşılmaz idi (kütləvi mahnılar əsrin əvvəlindən aydın tərzdə kateqoriyalara bölünmüşdü). Məhz Amerika mədəniyyətinin bütün elementlərinin bu cür sintezi Elvis Preslinin böyük xidmətlərindən sayılır.

1954-cü ildən Presli, Mur və Bləkin (afişalarda onlar birlikdə "Blue Moon Boys" adlanırdılar) ilk birgə çıxışları başlayır. Həmin ilin sentyabrında Neşvill şəhərində məşhur "Grand Ole Opry" radio konsertindəki uğursuzluğa baxmayaraq "Blue Moon Boys"un çıxışları uğurla, yüksələn xətt üzrə davam edirdi. Onlar Cənuba, xüsusilə də Texas ştatına tez-tez qastrol səfərlərinə yollanırdılar. Hərdən Sun Recordsun parlamaqda olan ulduzları Conni Keş və Karl Perkins də onlara qoşulurdular. 1954-cü ilin oktyabrından musiqiçilər "Louisiana Hayride" şənbə radio konsertlərinin daimi iştirakçısına çevrilirlər. Məhz bu zaman Preslinin dayanmadan ombasını yırğalayıb emosional tərzdə əl-qol atması və bədən hərəkətləri etməsindən ibarət səciyyəvi xoreoqrafik səhnə davranışı yaranır. Bu davranış kütləni hədsiz dərəcədə coşdururdu.

İlk albomu olan "Elvis Presley"

İkinci albomu olan "Elvis"

Bu çıxışlar, eləcə də yeni sinqllar müğənninin şöhrətinin əvvəlcə bu bölgədə, 1955-ci ildə isə bütün ölkədə artmasına səbəb olur ("I Forgot To Remember To Forget" sinqlı "Billbord" jurnalının kantri kateqoriyası üzrə keçirilən hit-paradında 1-ci yeri tutur). Preslinin uğuru o vaxt kantri ulduzu Henk Snounu himayə edən işbaz cənublu polkovnik Tom Parkerin diqqətini cəlb edir. Parker işlərini idarə etmək üçün 1955-ci ilin avqustunda müğənni ilə müqavilə imzalamamışdan əvvəl, təxminən bir il ərzində Preslinin fəaliyyətini diqqətlə izləyir (düzdür, müqavilə imzalanandan sonra da Preslinin əvvəlki impresariosu Bob Nil bir il formal olaraq onun meneceri sayılır). Parker Sun Recordsun imkanlarının məhdud olduğunu yaxşı anlayırdı və bu səbəbdən daha iri şirkətlərə çıxış axtarırdı. Nəhayət, "RCA Records" müğənni ilə maraqlanmağa başlayır və 1955-ci il noyabrın 20-də Presli ilə müqavilə imzalayır ("RCA" cəld tərpənib Preslinin buna qədər yazdırdığı bütün mahnıların kataloqunu Sun Recordsdan 40 000 dollara alır. Bu pulun 5 000 dolları şəxsən Presliyə çatır).

Rok-n-rollun kralı (1956)

Televiziya çıxışları və yeni mahnılar"I Want You, I Need You, I Love You"
Menu
0:00

"I Want You, I Need You, I Love You" mahnısı
"Mystery Train"
Menu
0:00

"Mystery Train" mahnısı
Bu faylların oxunmasında problem var? Bax media kömək.


1956-cı il Elvis Presliyə təkcə Amerikada deyil, həm də bütün dünyada şöhrət qazandırmaqla onun taleyində dönüş ilinə çevrildi. Preslinin "RCA"-da yazdırdığı ilk sinqlı duyğusal blüz kompozisiyası "Heartbreak Hotel" oldu. Mahnının buna qədər Sun Recordsda yazılan mahnılarla heç bir oxşarlığı yox idi. Bu, əvvəlcə "RCA" rəhbərliyini narahat edirdi. Amma onların əndişələri əbəs idi: sinql hit-paradda 1-ci yeri tutdu və milyon nüsxədən çox satıldı. Bunun ardınca "Blue Suede Shoes" və "I Want You, I Need You, I Love You" sinqlları və səsyazma tarixində ilk dəfə olaraq satışda milyon nüsxə həddini aşan "Elvis Presley" albomu işıq üzü gördü. Elə Amerikanı şoka salan və müğənniyə minlərlə amerikalı yeniyetmənin sevgisini qazandıran televiziya çıxışları da bu dövrə təsadüf edir. Gənc Elvisin musiqisi, geyim tərzi, səhnə hərəkətləri və özünü aparması – bütün bunlar adi kantri ifaçılarının, eləcə də Sinatra kimi estrada müğənnilərinin musiqisinə, davranışlarına bənzəmirdi. Bu vaxt Preslidə vulqarlıq, istedadsızlıq görən yaşlı nəsil böyük hay-küy qopardı (xüsusilə, Milton Berlin Elvisin 1956-cı ilin iyununda ilk dəfə "Hound Dog" mahnısını oxuduğu teleşousu neqativ reaksiya doğurdu). Bu, Elvisin üsyançı imicini formalaşdırdı. Halbuki müğənni özünü heç vaxt üsyançı saymırdı və onun bütün hərəkətləri təbii idi. O, necə varsa eləydi. Buna görə də o sevilirdi. Buna misal kimi əvvəlcə Presliyə onun şousunda yer olmadığını, sonralar isə müğənnini bir neçə veriliş dalbadal dəvət edib canlı efirdə Elvis Preslinin "doğrudan da alicənab birisi olduğunu" söyləyən televiziya aparıcısı Ed Sallivanı göstərmək olar.

1956-cı ilin yayında "Hound Dog / Dont Be Cruel" sinqlı, payızında isə müğənninin ikinci albomu – "Elvis" işıq üzü görür və onların hər ikisi hit-paradda 1-ci yeri tutur. Bu dövrdə artıq xaricdə vallar buraxan Presli dünya şöhrəti qazanmışdı (Presli həmişə ən stabil uğurları Böyük Britaniyada və Almaniyada qazanıb). Oktyabrda Amerikanın "Varyete" jurnalı Preslini "rok-n-rollun kralı" elan edir. Bu vaxtdan etibarən polkovnik Tom Parker Elvis Preslinin yeganə impresariosu olur.

Polkovnik Tom Parker

"His Hand In Mine"

Parker şou-biznesdə kifayət qədər hörmətli və ciddi adamlardan idi. Özünün əvvəlcə ən əsas, sonralar isə yeganə müştərisi – Elvis Presli üçün o bütün danışıqlardan maksimum xeyir əldə etməyə çalışırdı və çox vaxt razılaşmalardan əldə olunan qazancın həcminə görə rekordlara imza atırdı. Presli ilə polkovnik arasında imzalanan müqaviləyə əsasən qazancın 50%-i şəxsən Elvisə çatır, 50%-i isə Parkerin kontorunun hesabına köçürülürdü. Polkovnik Preslinin musiqilərinə və şəxsi həyatına qarışmırdı. Onun təsərrüfat fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamışdı. Bəzi iddialara görə Presli Parkerin maliyyə işlərinə nəzarət etmədiyinə görə milyonlar itirirmiş. Bundan başqa gəlirin böyük hissəsindən vergi verilmirmiş. Müğənninin vəfatından sonra onun varislərinin bununla bağlı xeyli problemləri yaranmışdı. Tom Parker tarixdə ilk dəfə üzərinə Elvis Preslinin portretləri həkk olunan və ya sadəcə adı yazılan qələmləri, gitaraları, saatları, təqvimləri, geyimləri lisenziyalaşdırmaqla populyar musiqi ifaçısı atributikasının kütləvi istehsalına başlamışdır.

Çox illər sonra məlum olmuşdur ki, Tom Parker 1920-ci illərin sonlarında Hollandiyadan ABŞ-a qeyri-qanuni yollarla gəlmiş, əsl adı Andreas Kornelius van Kuyk olan mühacir imiş, polkovnik rütbəsini isə o, 1948-ci ildə "almışdır". Elvisin sağlığında bu faktlar heç vaxt açıqlanmamışdı.

Kinodebüt və ordu (1956-1959)

İlk filmlər

Elvis Preslinin musiqidəki uğurları onun qarşısında Hollivudun yollarını açırdı. Tom Parker yubanmadan bu fürsətdən istifadə edib 20th Century Fox və Paramount studiyaları ilə müqavilələr imzalayır. Preslinin iştirakı ilə çəkilən ilk film, premyerası 1956-cı ilin 15 noyabrında baş tutan "Məni Nəvazişlə Sev" olur. Bu filmdə Presli ikinci dərəcəli rol oynayırdı və yalnız dörd qısa mahnı ifa edirdi. Amma film nümayiş olunan həftə milyonlarla tamaşaçı məhz ona tamaşa etmək üçün kinoteatrlara axışırdı. Elvisin çoxdankı aktyor olmaq arzusu axır ki, gerçəkləşir. 1957-ci ildə nümayiş olunan kimi kommersiya uğuru qazanan daha iki film – "Səni Sevmək" və "Həbsxana Taleyi" ekranlara çıxır.

Daxilən Presli öz bütləri – Ceyms Din və Marlon Brandonun dramatik rollarına bənzər rollarda çəkilməyə can atırdı. Amma bir musiqiçi kimi onun uğurları kinostudiyalara ona qəhrəmanın mahnı oxuduğu, bununla da pərəstişkarlarının arzularını gerçəkləşdirdiyi filmlərdə daha "yüngül" rollar verməyə vadar edirdi. Preslinin dördüncü – "Kinq Kreol" (1958) filmi onun öz artistlik qabiliyyətini nümayiş etdirə bildiyi ən uğurlu filmlərindən sayılır. Əvvəlcə onun bu filmdəki rolu Ceyms Din üçün nəzərdə tutulmuşdu. Preslinin ilk filmlərinin mahnıları yüksək keyfiyyətə malik idi və onun səsyazma studiyalarında yazdırdığı mahnılardan heç nəylə geri qalmırdı. 1957-1959-cu illərdə paralel olaraq müğənninin hit-paradlarda 1-ci yerləri tutan sinqlları: "Too Much", "All Shook Up", "Dont", "A Big Hunk O Love" və s. işıq üzü görürdü.

Ordu və "Memfis mafiyası"

Presli ABŞ ordusunun hərbi formasında

1958-ci il mart ayının 24-də Elvis Presli 1956-cı ildən müğənnini öz sıralarına cəlb etməyə çalışan ABŞ ordusunda hərbi xidmətə çağrılır. Preslinin hərbi xidmətə yollanması xəbəri ölkə gəncləri arasında etirazlar doğurur: ordunun və prezidentin ünvanına müğənninin hərbi xidmətdən azad olunması tələbləri olan məktublar göndərilir. Amma bu qarşılıqlı xeyir gətirən bir iş idi: Presli bununla ölkənin daha geniş təbəqələri arasında öz şöhrətini artıra (halbuki o daxilən karyerasının tamamlanacağına görə narahatlıq keçirirdi), ordu isə hərbi xidmətin nüfuzunu yüksəltməklə öz sıralarına yeni-yeni gənclər cəlb edə bilərdi. 1958-ci ilin sonlarında Preslini Qərbi Almaniyaya, Frankfurt yaxınlığındakı Fridberq şəhərinə yollayırlar. Ancaq bundan əvvəl müğənninin şəxsi həyatında faciə baş verir: avqust ayının 14-də Memfisdə onun anası vəfat edir.

Orduda Presli digər sıravi əsgərlərlə birlikdə adi vəzifələri yerinə yetirirdi. Bununla belə özünün boş vaxtlarını o, başqa əsgərlərdən fərqli olaraq daha "maraqlı" keçirirdi: Parisin kabarelərinə baş çəkir, İtaliyaya səfər edir, avtomobillər alırdı (bu dövrdə o, yalnız bir dəfə 1958-ci ilin iyununda səsyazma studiyasında mahnı yazdırır). Presli Amerikadan bura gətirdiyi dostları ilə ayrı otaqda qalırdı. Sonralar dostlardan və qohumlardan ibarət bu ayrılmaz kampaniya mətbuatda "Memfis mafiyası" adlandırılır. "Mafiyanın" bəzi üzvləri Elvisi hələ məktəb illərindən, bəziləri isə orduda xidmət keçdiyi dövrlərdən tanıyırdılar. Get-gedə "Memfis mafiyası"nın özəyi formalaşırdı və bu "mafiya"ya vaxtaşırı yeni-yeni üzvlər qəbul olunurdu. Onlar sonrakı həyatı boyu gecə və gündüz Preslinin yanında olmuş, müxtəlif funksiyalar – cangüdən, lakey, konsert promouteri, musiqiçi və ən nəhayət sadəcə, müğənninin onlarsız keçinə bilmədiyi dostları vəzifələrini yerinə yetirmişlər. Məhz bu dostları Almaniyadakı məclislərdən birində Elvisi sonralar onun həyatında vacib yerlərdən birini tutacaq 14 yaşlı Prissilla Bulye ilə tanış etmişlər.

Kino sənayesinin girovu (1960-1968)

Hərbi xidmətdən sonra

Preslinin hərbi xidmətdən qayıtdıqdan sonra çıxardığı ilk albomu "Elvis Is Back"

1960-cı il mart ayının 3-də Elvis Presli Amerikaya qayıdır və ordudan təlxis edilir. Bunun ardınca dərhal studiyada mahnılar yazdırmağa başlayır – 1958-ci ilin iyunundan o heç bir mahnı yazdırmamışdı. Bu fəaliyyətinin nəticəsi onun bir ay sonra işıq üzü görən, hit-paradda 2-ci yer tutan və ən yaxşı albomlarından biri sayılan "Elvis Is Back" albomu olur. Avropadan Elvis özü ilə birgə ingilis dilində oxuduğu neopolitan mahnıları gətirir ("O Sole Mio", "Sorrento", "La Paloma"). 1960-cı il ərzində hit-paradlarda birinci yerə yüksələn "Stuck On You", "İts Now Or Never" ("O Sole Mio") və "Are You Lonesome Tonight" sinqlları dinləyicilərin ixtiyarına verilir. Bu rok-n-roll deyildi; Frenk Sinatranın televiziya verilişində çıxış etməklə öz pərəstişkarlarını şoka salan Preslinin təkcə musiqisinin deyil, imicinin də dəyişdiyi hamıya aydın olur. Indi onun mahnıları rok-n-roll sevənlərdən daha çox adi estrada dinləyicilərinə ünvanlanmışdı. Bundan başqa Tom Parkerin planına görə Presli sonrakı fəaliyyətini daha gəlirli sahə olan kinoya istiqamətləndirməli idi. Parkerin bu planı həyata keçirilir. Presli konsertlərdə çıxışlarına ara verir. Amma kino sayəsində onu ildə bir neçə dəfə bütün dünyada milyonlarla insan görə bilərdi.

Hərbi xidmətdən geri döndükdən sonra Preslinin çəkildiyi ilk film amerikalı çağırışçı-tankçının Almaniyada hərbi xidmət keçməsindən bəhs edən "Əsgər Blüzü" filmi olur. Mənfi rəylərə baxmayaraq bu film 1960-cı ildə ən çox gəlir gətirən filmlərdən birinə çevrilir. Filmin 12 mahnıdan ibarət musiqi müşayəti də böyük uğur qazanır. Filmin qazandığı uğur Parkerdə və Preslinin özündə seçilən yolun düzgün olduğuna əminlik yaradır. Bunun ardınca kinostudiyanın Preslini adi bədii kino formatına sığışdırmaq cəhdləri olan "Şölələnən Ulduz" və "Wild In The Country" filmləri ekranlara çıxır (bu səbəbdən filmlərin heç birində demək olar ki, mahnı səslənmir). Amma bu filmləri kommersiya iflası gözləyirdi. Bundan sonra yenidən musiqili-komediya janrına qayıtmaq qərara alınır. Bunun nəticəsi keçən əsrin 60-cı illərində ABŞ-da ən çox gəlir gətirən və Preslinin sonrakı kino fəaliyyətini birdəfəlik müəyyənləşdirən "Mavi Havay" (1961) filmi olur.

Elvis Presli və Cudi Tayler ("Həbsxana roku" filmindən kadr)

"Mavi Havay"ın uğuru Preslinin müğənnilik fəaliyyətinə də təsir edir: o hollivud musiqisi olmayan mahnılar yazdırmağa demək olar ki, son qoyur: 1960-1968-ci illər ərzində onun adi mahnılardan ibarət cəmi 5 albomu işıq üzü görür (onlardan ikisi qospel mahnıları idi). Əksinə, kinolarda ifa etdiyi mahnılardan ibarət albomların sayı isə 20-yə çatır.

Filmlərdəki müəyyən səhnələrə uyğunlaşdırıldıqlarına görə Elvis Preslinin keçən əsrin 60-cı illərdə ifa etdiyi kino mahnılarının əksəriyyəti stilistik baxımdan məhdudlaşdırılıb. Filmlərin süjeti Preslinin 10-12 mahnı oxuya bilməsi üçün müvafiq qaydada qurulurdu; bununla bərabər müğənniyə ekzotik rollar verilirdi: o gah idmançı-avtosürücü, gah hindu, gah girov götürülmüş ərəb, gah dəbdə olan fotoqraf, gah tankçı, gah boksçu, gah kovboy və s. rollarını oynayırdı. Peşəkar kino aktyorlar və kino aktrisalar bir qayda olaraq məşhurluqda Preslidən geri qalırdılar. Filmlərin ssenariləri xüsusi olaraq müğənni üçün yazılırdı. Bunula belə bəzi filmlərdə Presliylə yanaşı Hollivudun tanınmış ulduzları – Çarlz Bronson, Ann-Marqaret, Nensi Sinatra, Ursula Andress, Ancela Lansberi, Meri Tayler-Mur rol alırdılar. Hətta Kurt Rassel də hələ uşaq olarkən Preslinin filmlərindən birində kiçik epizodda gözə dəyir. Preslinin filmlərində adətən qəhrəmanı qızlar əhatə edirdi, eyni zamanda uşaqların çəkildiyi səhnələr filmlərə daxil edilirdi. Bu kinolar bütün ailənin tamaşa etməsi üçün nəzərdə tutulan filmlər kateqoriyasından idi.

Prissilla

1963-cü ilin martında Preslinin malikanəsinə – Qreyslendə Prissilla Bulyeni gətirirlər. Prissilla ilə Presli Almaniyanı tərk etdiyi vaxtdan müntəzəm olaraq əlaqə saxlayırdı. Onların hər ikisinin valideynlərinin razılaşmasına əsasən gündəlik olaraq şəxsi katolik məktəbinə gedəcəyinə maneəçilik törədilməməsi şərtiylə 17 yaşlı Prissillanın Qreyslenddə qalmasına razılıq verilir. Bu vaxt müxtəlif filmlərdə çəkilən Presli bütün vaxtını Hollivudda və "Memfis mafiyası" ilə birgə təşkil etdiyi eyş-işrət məclislərində keçirir. 1966-cı ilin sonlarında Presli valideynlərinin və polkovnikin təzyiqi nəticəsində axır ki, Prissillaya evlənmək təklif edir. Toy 1967-ci il may ayının 1-də olur. İlk dövrlər Presli ailə həyatından böyük zövq alır. Amma bu, çox çəkmir. 1968-ci ilin fevralında qızı Liza-Mari dünyaya gələndən sonra o, Prissilladan uzaqlaşmağa başlayır və çox keçmir ki, öz əvvəlki həyat tərzinə qayıdır.

"Bitlz" ilə görüş

"Elvis meets The Beatles"

Keçən əsrin 60-cı illərinin sonunda "bitlomaniya" da Amerika yaşam tərzinin bir hissəsinə çevrilir. 1964-cü ilin əvvəllərində Amerikaya ilk gəlişləri zamanı Presli canlı yayıma teleqram göndərməklə "Bitlz"ı salamlayır. Həmin vaxtdan "liverpullu dördlüyü" və onların gəncliyinin bütünü görüşdürmək üçün çoxlu cəhdlər edilir. Nəhayət, 1965-ci il avqust ayının 27-də Preslinin Kaliforniyadakı evində onların görüşü baş tutur. Tədbir məxfi şəraitdə keçirilir: nə bir şəkil çəkməyə, nə hər hansısa məlumat yaymağa icazə verilir. Musiqiçilər bir-birlərinə hədiyyələr bağışlayandan sonra başları gitara çalmağa qarışır (o dövrdə Preslinin bas-gitaradan əməlli-başlı baş çıxara bilməsi "Bitlz" qrupunun üzvlərinin təəccübünə səbəb olur).

Presli ilə görüş "Bitlz"da dərin təəssürat oyadır. Səmimi marağına və qonaqpərvərliyinə baxmayaraq Presli bu görüşlə bağlı qarışıq hisslər keçirir: bununla belə məhz "Bitlz" Presli musiqisinin öz əvvəlki şöhrətini itirməsinin qeyri-ixtiyari səbəbkarı olur. Sonralar Presli Amerika əleyhinə olan hər şeyin mənbəyi kimi baxdığı hippi mədəniyyətinə və onun musiqisinə olan nifrətini "Bitlz"ın üzərinə yönəldir (ancaq bu ona öz konsertlərində "Bitlz"ın mahnılarını ifa etməyə mane olmur).

Kino karyerasının sonu

Çəkilməyə davam etdiyi yekrəng filmlər (o, ildə üç filmdə oynayırdı) artıq 1967-ci ildə Elvis Preslini boğaza yığır. Ancaq bağlanan müqavilələri pozmaq o qədər də asan iş deyildi. Bununla belə o, bu müqavilələri pozmağı əsas problem saymırdı. Məsələ burasındaydı ki, o vaxt rok-musiqi dəyişib tanınmaz hala düşmüşdü, Britaniyanın onlarla "işğalçı" qrupu özləri mahnılar bəstələyir, özləri bu mahnıları ifa edir və oxuyurdular. İndi musiqi sanayesində onlar söz sahibi idilər. Presli demək olar ki, meydandan tamamilə sıxışdırılıb çıxarılmışdı (onun sinqlları axırıncı dəfə 1962-ci ildə hit-paradlarda 1-ci yer tutmuşdu). Belə olan halda kino mahnıları standartından fərqli yeni səslənmə tapmaq lazım idi. 1967-ci ilin sonu-1968-ci ilin əvvəlindən başlayaraq Presli kantri stilində sinqllar yazdırır ("Guitar Man" (1967), "U.S.Male" (1968)). Bununla da o artıq köhnəlmiş musiqi üslubu ilə vidalaşır. Amma onun karyerasında əsl çevriliş 1968-ci ilin yayında baş verir.

Qayıdış (1968-1969)

NBC-dəki teleşou

Elvis NBSdəki şouda, iyun, 1968(şounun DVD versiyasının üz qabığı)

1968-ci ilin əvvəllərində Tom Parkerin ağlına Preslinin televiziyada çıxışlarını təşkil etmək ideyası gəldi; layihə bir neçə ənənəvi mahnı ifa edəcək müğənni ilə birlikdə keçirilən bayram axşamı kimi nəzərdə tutulurdu. Amma Parkerin bu ssenarisi gerçəkləşdirilməmiş qaldı. NBC prodüsseri Stiv Binder Preslidə "White Christmas" ifa etməkdən daha çox nə isə daha radikal və maraqlı bir şey nümayiş etdirmək istəyinin olduğunu dərhal sezdi. Nəticədə bir neçə fraqmentdən – cem-seyşndan, səhnə çıxışlarından və teatr quruluşlarından ibarət rəngarəng şou düzənləndi. Skotti Mur da daxil olmaqla köhnə dostları ilə birlikdə verdiyi cem-seyşn Preslidə kütlə qarşısında "canlı" çıxış etmək həvəsi oyatdı və onu öz musiqisinin başlanğıc nöqtəsinə – blüzlara və rok-n-rolla qaytardı. Çəkilişlər 1968-ci ilin 27-30 iyununda aparılırdı. "Rok-n-roll parşahı"nın imicinə tamamilə uyğun gələn qara dəridən paltar geyinmiş müğənni özünün köhnə hitlərini ("Heartbreak Hotel", "Blue Suede Shoes", "All Shook Up", yeni kompozisiyalarını ("Guitar Man", "Big Boss Man", "Memories") və s. ifa etdi. Şounun kuliminasiya nöqtəsi sosial çağırış pafosuyla zəngin "If I Can Dream" adlı sonuncu mahnı oldu (mahnının elə həmin il işıq üzü görən sinqlı milyon nüsxəylə satıldı). Bu üslub Presli üçün səciyyəvi deyildi. Şou 1968-ci il dekabrın 3-də NBC kanalı ilə nümayiş etdirildi, tənqidçilər tərəfindən xeyli tərifə layiq görüldü və o dövrdə "rok-n-roll padşahı"nın üstündən artıq xətt çəkmiş geniş kütlənin diqqətini yenidən ona yönəltdi. Müğənni 1966-cı ilin sonundan get-gedə ona daha az gəlir gətirən filmlərdə çəkilməyə də davam edirdi. Amma bu filmlərdə o, mahnı oxumağa demək olar ki, tamamilə son qoymuşdu. Preslinin kino karyerası boyu çəkildiyi 31-ci və sonuncu bədii filmi "Xarakterin Dəyişməsi" (1969) filmi oldu. Bu filmdə o, şəhərin kasıb məhlələrində işləyən həkim rolunu oynayırdı. Rol heç də komedik rol deyildi. 1969-cu ildə Presli birdəfəlik Hollivuddan Memfisdəki malikanəsinə – Qreyslendə geri dönür.

Yenə Memfisdə

NBC-dəki teleşou Presliyə yeni musiqi formatı axtarışlarındakı inamını özünə qaytarır. 1969-cu ilin bütün qışını o prodüsser Çips Moman ilə birlikdə Memfisdəki "American Studios"da mahnılar yazdırır. Bunun nəticəsi kimi elə həmin il onun iki albomu – "From Elvis In Memphis" və "Back In Memphis" işıq üzü görür. Bu albomlar müğənninin ömrü boyu yazdırdığı albomların ən yaxşılarından sayılır. Musiqidə inqilaba səbəb olmasalar da, tənqidçilər bu iki albomu ifa yeniliyinə görə Preslinin Sun Recordsda yazdırdığı vallarla müqayisə edirlər. Bunu yeni sinqlların 1969-cu ilin hit-paradlarında yüksək yerlər tutması bir daha sübut edir ("In The Ghetto", "Suspicious Minds" və "Dont Cry").

Konsert fəaliyyətinin başlanması (1969-1973)

Las-Veqas"Cant Help Falling In Love"
Menu
0:00

"Cant Help Falling In Love" mahnısı (1955)
"Hound Dog"
Menu
0:00

"Hound Dog" mahnısı
"If I Can Dream"
Menu
0:00

"If I Can Dream" mahnısı
Bu faylların oxunmasında problem var? Bax media kömək.


NBC-də nümayiş etdirilən şoudan sonra Preslinin yenidən kütlə qarşısında çıxışlara başlaması qərara alındı. Müğənni hətta dünya turnesinə çıxacağını da elan etdi. Konsert poliqonu kimi keçən əsrin 60-cı illərində təkcə qumarxanaları ilə deyil, həm də musiqi biznesinin mərkəzi olaraq tanınan Las-Veqas seçilir. Burada müğənnilər bir qayda olaraq mehmanxanalarla bir aylıq cıxış müqavilələri imzalayırdılar.

Las-Veqasda Preslinin tez-tez baş çəkdiyi əyləncə gecələri təşkil olunurdu. "Yaşasın Las-Veqas" (1964) filminin çəkilişləri də burada aparılırdı. Tom Parker Las-Veqasın bütün iri iş adamlarını tanıyırdı. Bir sözlə ilk konsertlərin keçirilməsi üçün Las-Veqasdan yaxşı yer ola bilməzdi. Üstəlik, Preslinin qarşısında 1960-cı illərdə Las-Veqasın mehmanxanalarında çıxış edən və çox uğurlu bir şəkildə səslənmələri estrada orkestrinin iştirakı ilə daha da zənginləşdirilən rok-n-roll ilə ənənəvi pop-balladaların sintezini yaratmış britaniyalı Tom Cons kimi nümunə vardı. Presli də özü üçün məhz bu formatı seçmişdi.

1969-cu il iyul ayının 31-də müğənni Las-Veqasın "İnternasional" mehmanxanasında geniş kütlə qarşısında 8 il davam edəcək konsertlər silsiləsindən olan ilk konsertinin açılışını edir. Mövsümi müqavilənin şərtlərinə əsasən Presli bu mehmanxanada hər ilin avqust və fevral aylarında gündə iki konsert verməklə 5 il ərzində çıxış etməliydi (müqavilə müddəti sanralar uzadılmışdı). Onun bu çıxışı haqda mətbuatda çoxlu sayda müsbət fikirlər söylənilir və bunun ardınca konsertin musiqi albomları işıq üzü görür ("Elvis In Person At The International Hotel" (1969), "On Stage" (1970)).

Çox keçmir ki, Presli öz səhnə obrazını tapır. 1970-ci il fevral ayının yeni mövsümündə o şəxsi modelyerinin tikdiyi gözqamaşdıran ağ kostyum-kombinezonda səhnəyə çıxır. Hər mövsümdə və konsertdə Elvis üçün bəzən strazlarla bəzədilən və ya qızılı iplərlə ilmələnən müxtəlif rəngli, biçimli çoxlu sayda yeni kostyum hazırlanırdı. Bununla belə Elvisin məhz 1970-ci ilin fevral ayındakı imici indinin özündə də onun ən çox tanınan və təqlid edilən obrazıdır. Dördüncü mövsümdən etibarən (1971-ci ilin fevralından) Preslinin bütün konsertləri Rixard Ştrausun özünün "Zərdüşt belə demişdir" musiqili poemasına yazdığı üverturası ilə açılır "Mavi Havay" filmindən olan "Cant Help Falling In Love" mahnısı ilə tamamlanırdı (hələ 1969-cu ildən). Sonuncu misraları oxuyan kimi müğənni barabanın və trubaların qulaqbatırıcı sədaları altında tələm-tələsik səhnəni tərk edir və dərhal çıxıb gedirdi. Yarım dəqiqədən sonra konferansye elan edirdi: "Elvis elə indicə binanı tərk etdi". Bu formula Presli tərəfindən demək olar ki, ayinə çevrilmişdi. Və o, özünün 1969-1977-ci illər arasındakı konsert fəaliyyəti dövründə həmişə bu ayinə əməl etmişdir.

Yeni layihələr


* "Elvis Back in Memphis"
* "From Elvis in Memphis"

1970-ci ilin yayında Presli haqqında ilk sənədli filmin ("Məsələ Bu Cür İdi" – "Thats The Way It Is") çəkilişləri gedir. Film elə həmin ilin noyabrında kinoteatrlarda nümayiş etdirilir. Tamaşaçılar Preslinin necə yeni mahnılar yazdığının, məşq etdiyinin, Las-Veqas səhnəsində oxuduğunun şahidi olurlar. Həmin ilin yayında yazılan və filmdə yazılma prosesinin müəyyən hissələri nümayiş etdirilən mahnılar müğənninin sonrakı albomlarına ("Thats The Way It Is" (1970), "Elvis Country" (1971)) daxil edilir. Bunlar əsasən pop-balladalar və kantri-hitlər idi. 1971-ci ilin mart-iyun aylarında yazılan və 1971-1973-cü illərdə işıq üzü görən albomlarda ("Wonderful World Of Christmas", "He Touched Me", "Elvis Now", "Elvis") yer alan mahnıları yazdırdıqdan sonra Preslinin səsyazma studiyalarında fasiləsiz fəaliyyətinə demək olar ki, tamamilə son qoyulur. Həmin dövrdən etibarən o, dubllardan minimum istifadə etməklə yalnız xırda-para musiqi parçaları yazdırır. Müğənni artıq konsertlərində yazılan mahnılarını birbaşa albomlarına daxil etməyə başlayır. Bu Presli yaradıcılığının aparıcı istiqamətinə çevrilir. "Burning Love" (1972) Preslinin sağlığında Amerika hit-paradının yüksək yerlərindən birini (2-ci yer) tutan sonuncu sinqlı olur. Presli Böyük Britaniyada Amerikadakından daha stabil uğurlar qazanır. Onun sinqlları burda çox vaxt ABŞ-da tutduqları yerdən daya yüksək pillələrə qalxırlar.

1972-ci ilin noyabrında həmin ilin yazında Amerika turnesi zamanı çəkilən "Elvis qastrollarda" adlı yeni sənədli film ekranlara çıxdı. Film prokata buraxıldığı ilk həftədə yarım milyon dollar gəlir gətirdi və "Qızıl qlobus" mükafatına təqdim edildi. Bundan sonra Presli dəfələrlə bəyan etdiyi kimi yenə də dünya turnesinə çıxmaq fikrinin olduğunu açıqladı. Amma bu plan gerçəkləşdirilməmiş qaldı (bəzi iddialara görə bu planın baş tutmamasına Preslinin impresariosunun dolaşıq mühacir statusuna görə xarici pasport ala bilməməsi səbəb olub.).

Bununla belə Havayda misli görünməmiş bir şou – "Aloha From Hawaii" hazırlandı. 1973-cü ilin 14 yanvarında Honoluludakı konsertin peyk vasitəsilə yayımı təxmini hesablamalara görə bütün dünyada bir milyarddan çox tamaşaçını ekran qarşısına topladı. Texniki məsələlər ucbatından müğənninin Honoluludakı çıxışı ABŞ-ın özündə yalnız aprel ayında nümayiş etdirildi. Mayda isə konsertin iki alboma köçürülmüş video yazısı amerika hit-paradında 1-ci yeri tutdu (bu, müğənninin sağlığında amerika hit-paradında tutduğu sonuncu birinci yer idi).

Havaydakı hazırlıq konsertinin və əsas konsertin biletlərində qiymət göstərilməmişdi – hər bir tamaşaçı bileti özü istədiyi qiymətə ala bilərdi; Presli konsertdən qazandığı pulu Honoluludakı Kui Linin Xərçənglə Mübarizə Fondunun hesabına köçürdü. Sağlığında Preslinin xeyriyyəçilik fəaliyyəti demək olar ki, işıqlandırılmırdı. Bununla belə o hər il Memfisin 50 xeyriyyə çəmiyyətinə min dollar həcmində çek göndərirdi; xeyriyyə konsertləri təşkil edirdi, dostlarının, qohumlarının, bəzən isə heç tanımadığı adamların borclarını ödəyirdi. Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaqla yanaşı Presli hədiyyələr bağışlamağı da sevirdi: onun dostlarının demək olar ki, hamısı ondan avtomobil hədiyyə almışdılar (hətta bir dəfə o 14 limuzin alıb onları dərhal paylamışdı; bir neçə dəfə o heç tanımadığı adamlara avtomobil hədiyyə etmişdi). Elvis eləcə də mənzillər alıb hədiyyə edir, dostlarının toy məclislərinin xərclərini boynuna götürür, kommunal və s. borclarını ödəyirdi. Konsertlərinin birində o barmağından dəyəri təxminən yeddi min dollar olan üzüyünü çıxarıb onu tamaşaçılar arasından tanımadığı bir nəfərə bağışlamışdı. Dostları ilə birgə o dəfələrlə gecə yarısı avtosalonlarda, zərgərlik mağazalarında peyda olurdu; bəzən hansısa kinoteatrı və ya attraksion parkını bütün gecəlik özü və "Memfis mafiyası" üçün bağlatdırırdı.

Ömrünün son illəri (1973-1977)

Sağlamlığı ilə bağlı yaranan problemlər

Havaydakı konsertindən bir neçə həftə sonra Presli Las-Veqasda 8 il dalbadal verdiyi konsertlər silsiləsini davam etdirir. Amma bu vaxt ilk dəfə müğənni bir sıra konsertlərini təxirə salmalı olur. Sağlamlığı ilə bağlı illərlə üst-üstə yığılan problemlər özünü büruzə verməyə başlayır. Neçə il idi ki, Presli həkimlərin ona yazdığı dərmanlardan asılı vəziyyətə düşmüşdü. Bu dərmanlar onun üçün artıq narkotikə çevrilmişdi. Hər şey orduda olduğu dövrlərdən başlamışdı. Musiqiçi və onun ətrafındakılar gecələr yuxularını dağıtmaqdan ötrü dərman qəbul edirdilər. Sonra əksinə, o, yuxuya getmək üçün dərman qəbul etməyə başlayır. Asılılıq Presli ordudan eyş-işrət məclisləri, gecə həyatı ilə məşhur olan Hollivuda qayıdandan sonra daha da güclənir. Hollivudda Elvis həm də filmlərdə çəkilmək, konsertlərdə çıxış etmək üçün formasını qoruyub saxlamaqdan ötrü çəki azaldan dərmanlar qəbul edir. Las-Veqasdakı çıxışlarının sıx qrafiki də ona (günorta və gecəyarısı olmaqla 4 həftə ərzində gündə iki konsert) təbii şəkildə yorğunluğunu çıxarmağa imkan vermir: o, çıxışlardakı coşğudan sonra özünə gəlmək, bunun ardınca yenidən gümrahlaşmaq üçün dərman qəbul etməli olur.

Bütün bunların nəticəsi olaraq Presli 70-ci illərin əvvəllərində artıq tamamilə dərmanlardan asılı vəziyyətə düşmüşdü. Müğənninin orqanizmi get-gedə bu "dərman hücumu" qarşısında aciz qalırdı. Üstəlik, 1970-ci ilin martında Elvisin sol gözündə qlaukoma da aşkar edilmişdi (ona görə o, qara şüşəli eynək taxırdı). Onun bu dövrdə mədəsi ilə də bağlı problemləri vardı. Xəstəlikləri üzündən Preslinin konsertləri tez-tez təxirə salınır (xüsusilə də Las-Veqasdakı üzücü mövsümdən sonrakı konsertlər); 1973-cü ilin oktyabrında Presli ilk dəfə xəstəxanaya düşür və burada orqanizminin təmizlənməsi üçün üzün müddətli kurs keçir; 1975-1977-ci iilərdə müğənni daha bir neçə dəfə xəstəxanada müalicə almalı olur. Onu qeyd etmək lazımdır ki, müğənni özü bu dərmanları narkotik saymırdı. Belə ki, onlar onu müalicə edən həkimlərin reseptləri əsasında ona verilirdi. Bu səbəbdən Presli problemin müşküllüyünü anlaya və onu həll etməyə çalışa bilməzdi. Bunun əvəzində o, qəbul etdiyi dərmanları qarışdırıb və ya dozasını çox edib özünə ziyan vurmamaq üçün onların tibbi xarakteristikasını diqqətlə öyrənməyə üstünlük verirdi.

Dərmanlarla bu cür yüklənmə Preslinin gündəlik həyatına öz təsirini göstərir: onda hər şeydən şübhələnmə hissi güclənir: malikanəsinin otaqlarında ona hər an mühafizəçilərlə əlaqə yaratmaq imkanı verən "Intercom" telekommunikasiya sistemi, eləcə də bütün mülk boyu izləmə kameraları quraşdırılır. Bundan başqa müğənninin rejimi tamamilə dəyişir. Qreyslenddəki və qaldığı mehmanxanalardakı otaqlar həmişə alaqaranlıq olur, kondisionerlər vasitəsilə yataq otağında daim hava onun dözə bildiyi ən son həddə qədər soyudulur (mehmanxana nömrələrinin otaqlarının pəncərələrinə də günəş işiği və isti hava keçməsin deyə folqa yapışdırılır). Presli səhərlər yuxuya gedir, günün ikinci yarısında oyanırdı. Onun yaxın ətrafının – "Memfis mafiyası"nın da gündəlik rejimi eynən bu cür idi (2006-cı ildə Qreyslenddə Preslinin gecə həyatına həsr olunan "Elvis After Dark" sərgisi keçirilmişdir).

Şəxsi həyatı

Keçən əsrin 70-ci illərində Presli asudə vaxtlarını özünün "Qreyslend" malikanəsində keçirirdi

Qızı anadan olandan sonra Presli Prissilladan ayrılıb öz əvvəlki həyat tərzinə qayıdır. 1970-ci ilin noyabrında müğənni ilk dəfə jurnalistlərə ailəsindəki çətinliklərdən bəhs edir. Bundan bir il sonra isə Prissilla öz karate müəllimi ilə birgə yaşamağı tərciyə etdiyini bildirir. Onların boşanması rəsmən 1972-ci ilin iyulunda qanuniləşdirilir və 1973-cü ilin oktyabrında yekun həllini tapır. Liza-Mari anası ilə birgə qalır, amma tez-tez bir neçə həftəlik Qreyslendə gəlir. Keçmiş ərinin soyadını özündə saxlayan Prissilla moda dünyasına baş vurur, sonralar isə aktrisa olur (onun ən məşhur rolları "Dallas" serialında və "Lüt Tapança" filmində oynadığı rollardır). Prissillaya marağını itirməsinə baxmayaraq boşanma faktının özü Preslini əzir və o özünü xəyanət qurbanı kimi hiss etməyə başlayır. Onun bu depressiyası o dövrdə ayrılıq mövzusunda yazdırdığı balladalarda ("Always On Mind", "Separate Ways", "Take Good Care Of Her" və s.) hiss olunur.

1972-ci ilin iyulundan Preslinin həyatında yeni rəfiqəsi – Linda Tompson peyda olur. Linda elə həmin ilin sentyabrında Qreyslendə köçür və Preslinin saysız-hesabsız xəyanətlərinə baxmayaraq 1976-cı ilə qədər ondan ayrılmır. 1976-cı ildən ömrünün sonuna qədər müğənninin rəfiqəsi Cincer Olden olur.

Konsertləri

Bütün bu problemlərə baxmayaraq Elvis yorulmadan səhnədə çıxışlarını davam etdirirdi: 1969-1977-ci illər ərzində o, ABŞ-da təxminən 1100 konsert vermişdir. Onun Las-Veqasdakı mövsümi şouları əvvəlki tempini itirməmişdi. Amma görünür, bu şoular ilk iki-üç ildən sonra müğənninin özü üçün maraqsızlaşmışdı. Bu, özünü onun Las-Veqasdakı sonrakı çıxışları zamanı aydın büruzə verirdi. Presli tez-tələsik bir-iki yeni mahnı əlavə etdiyi və əsasən köhnə hitlərindən ibarət repertuarını oxuyurdu. Bununla belə o get-gedə böyük həvəslə bu konsertlərində müxtəlif səciyyəli monoloqlar (brilliant almasıyla bağlı hekayətdən tutmuş İncil haqqındakı mühakimələrinə qədər) söyləyirdi. Konsertlərin keyfiyyəti bütünlüklə müğənninin əhval-ruhiyyəsindən asılı olurdu. 1976-cı ildə Las-Veqasda bağlanan mövsümi müqavilə pozulur (bundan sonra Presli burada təkcə bir dəfə – 1976-cı ilin dekabrında könüllü əsaslarla çıxış edir). Preslinin mahnıları get-gedə hit-paradlarda daha az-az yer almasına baxmayaraq, onun konsertlərində həmişə anşlaq olurdu. Bu səbəbdən mətbuatda tez-tez onun çıxışları haqda mənfi rəylər yazılsa da, onun istənilən turnesi uğurla başa çatırdı. Bunun nəticəsində Presli maddi və psixoloji baxımdan bir-birini əvəz edən qastrol səfərlərindən tamamilə asılı vəziyyətə düşmüşdü. Bu qastrollar isə çox vaxt onun dincəlmək imkanlarını əlindən alırdı.

Yeni albomlar

Keçən əsrin 70-ci illərinin ortalarında "RCA"da Preslinin studiya səsyazmalarından "soyuduğu" aydın oldu. 1969-1971-ci illərdəki davamlı studiya səsyazmalarından sonra müğənni yeni mahnıların yazılması ardıcıllığını kəskin azaltdı. Onun səsyazma studiyalarındakı sessiyalarının vaxtı da minimuma endirildi: Elvis yalnız kiçik bir qrupun müşayəti ilə oxuyurdu (orkestrin çalğısı sonradan mahnının üzərinə yazılırdı), dublların sayı minimum idi, müğənni mahnı yazılışını yarıda kəsmək üçün əlinə düşən ən kiçik bəhanədən istifadə edirdi.

Bütün bunlar "RCA"nı müğənnini marketləşdirmək üçün yeni yollar axtarmağa vadar etdi. Məcmuələrin, konsertlərin, val kolleksiyalarının buna qədər səciyyəvi olmayan çoxsaylı istehsalına başlanıldı. Yeni studiya mahnı yazıları ard-arda taxçalara düzülmüş qalırdı və onlar yalnız Preslinin yeni nəsə yazdırmaq istədiyi məlum olanda və ya yeni valların qıtlığı açıq-aydın hiss ediləndə yada düşürdü. 1973-1975-ci illərdə əsasən pop-balladalardan və kantri üslubunda mahnılardan ibarət olan "Raised On Rock" (1973), "Good Times" (1974), "Promised Land" (1975), "Today" (1975) albomları işıq üzü görür.

Nəhayət, 1976-cı ilin fevralında "RCA" Preslinin evdən çıxmadan mahnı yazdıra bilməsi üçün öz daşınan studiyasını Qreyslendə gətirir (bu vaxtacan artıq onun albomlarından biri "Raised On Rock" anoloji şəkildə müğənninin Kaliforniyadakı evində yazılmışdı). Bunun nəticəsi olaraq yeni sinqllara çevrilən və gurultulu adla adlandırılan "From Elvis Presley Boulevard, Memphis, Tennessee (Recorded Live)" (1976-cı ildə Qreyslendin üstündə yerləşdiyi şossenin bir hissəsinin adı dəyişdirilib Elvis Preslinin Bulvarı qoyulmuşdu) albomuna daxil edilən 12 mahnı araya-ərsəyə gəldi. Amma bu uğurlu təcrübəni müntəzəm hala çevirmək mümkün olmadı: Qreyslenddə oktyabr ayında yenə bu cür mahnı yazılışına cəmi dörd mahnı yazılandan sonra son qoyuldu.

1977-ci ilin fevralında Elvisi "RCA" studiyasında yeni albomun yazılmasına razı salmaq mümkün olur. Müğənni təyyarə ilə Nəşvillə uçur, amma boğazının ağrıdığını bəhanə edib studiyaya gəlmir; bir yerə yığışan musiqiçilər əlacsızlıqdan dağılışırlar. Bundan sonra Preslinin prodüsseri Felton Carvis 1976-cı ildə evdəki səsyazmalardan qalan bütün materialı (6 mahnı) bir yerə toplayıb, axırıncı konsertlərdən olan mahnı yazılarını onlara əlavə edib albom buraxmaq qərarına gəlir. Beləliklə də 1977-ci ilin iyununda Elvis Preslinin sonuncu – "Moody Blue" albomu işıq üzü görür.

Sonuncu qastrolları

1977-ci ilin qışında Elvis Presli bütün Amerika boyu silsilə qastrollarda olur. Apreldə xəstəxanaya düşdüyünə görə onun qastrollarına gözlənilmədən ara verilir. Memfis xəstəxanasını tərk edəndən sonra Presli yenidən bir-birinin ardınca mini-turnelərə çıxır. Məhz bu dövrdə Tom Parker "Si-Bi-Es" ilə müğənninin konsert proqramlarından hazırlanan yeni teleşounun çəkilişlərilə bağlı danışıqlar aparır. İlk sınaq çəkilişlərini edən rejissorları Preslinin çıxışları heyrətləndirir: onlar öz qarşılarında ləng hərəkət edən, əsasən laqeyid-laqeyid oxuyan, üzündən xəstə olduğu dərhal duyulan bir müğənni görürlər. Bununla belə çəkilişlərin 1977-ci il iyun ayının 19-da Omahada aparılması qərara alınır. Çıxış çox sönük olur və kütləvi teleşoya az uyğun gəlir. Amma bunu iyunun 21-də Rapid-Sitidə olan ikinci konsert az-çox kompensasiya edir. Bu konsertdə Preslinin yaxşı-əhval ruhiyyədə olduğu, enerjisinin aşıb-daşdığı dərhal nəzərə çarpırdı. Bəlkə də, Presli bu konsertlərdən bir müddət sonra vəfat etməsəydi, onun bu çıxışları heç vaxt nümayiş etdirilməyəcəkdi: "Elvis konsertdə" teleşousu 1977-ci ilin oktyabrında televiziyada yayımlanandan sonra Preslinin şirkəti "rok-n-roll padşahı"nın imicinə KİV tərəfindən zərbə vurula biləcəyini əsas gətirərək bu çəkilişlərin videoya köçürülməsinə qarşı olduğunu dəfələrlə bəyan edib.

Presli iyunun 26-da İndianapolisdəki çıxışını bitirib Qreyslendə qayıdır. Burada o həmişəki kimi boş-bekar vaxt keçirib avqustun 17-nə təyin olunan yeni qastrol səfəri ərəfəsində dincini alır. Ömrünün son aylarında mühafizəçiləri Red və Sonni Vestlərin və Devid Qeblerin birgə yazdıqları, 1977-ci ili iyulunda işıq üzü görən "Nə olub, Elvis?" kitabının nəşrindən sonra Preslinin əhval-ruhiyyəsi həmişə pis olub. Presli onları kitab nəşr olunmamışdan bir il qabaq işdən qovubmuş (Red və Sonni Vestlər Preslinin onu hələ məktəb illərindən tanıyan ən köhnə və yaxın dostları idilər; onların işdən çıxarılmasına səbəb müğənninin oğlunun hesabına həddən artıq çox adamın çörək yediyini düşünən atası olub). Kitabda "rok-n-roll padşahı"nın onun bütün dünyada milyonlarla pərəstişkarını şoka salan gündəlik həyatının təfərrüatları yer almışdı (burada indiyə qədər camaatdan gizli saxlanılan – Preslinin mehmanxanalarda təşkil etdiyi aqressiv eyş-işrət məclislərindən, narkotik maddələrdən asılılığından, xəstəcəsinə hər şeydən şübhələnməyindən və s. söz açılırdı). Elvis bunu özünə qarşı xəyanət hesab edib depressiyaya düşür.

Ölümü

Müğənninin "Graceland" də yerləşən məzarı

1977-ci il avqustun 15-i Presli həmişəki kimi malikanəsinə gecə yarıdan xeyli keçmiş qayıtdı. Bu dəfə o, diş həkiminin yanından evə geri dönürdü. Gecəni iki gündən sonra nəzərdə tutulan qastrol səfəri, mühafizəçilərinin yazdıqları kitab, yeni rəfiqəsi – Cincer Olden ilə nişan mərasiminin təşkiliylə bağlı müzakirələr aparmaqla keçirdi. Səhərə yaxın Elvis yuxuya getmək üçün sakitləşdirici dərmanlar içdi. Amma görünür, bu ona bəs etməmişdi. Bir neçə saat sonra hələ də yata bilmədiyini görən müğənni yenə yuxu dərmanı qəbul edir. Ömründə sonuncu dəfə... Bundan sonra o təmtəraqlı vanna otağında əlinə kitab alıb oxumağa başlayır. Avqustun 16-sı günorta saat 2-yə yaxın yuxudan ayılan Olden Elvisi yanında tapmır. Vanna otağına yollanan Cincer Preslinin döşəməyə sərilib nəfəs almadığını görür. Dərhal "təcili yardım" çağırılır. Elvisi reanimasiyaya çatdırırlar. Amma bütün bunların əbəs olduğunu hamı əvvəlcədən bilir. Günorta saat dörddə müğənninin vəfat etdiyi rəsmən elan olunur. Səbəb kimi ürək çatışmamazlığı göstərilir. Amma sonrakı müayinələr onun vəfatına məhz müxtəlif dərman preparatlarını qarışdırıb içməsinin səbəb olduğunu üzə çıxarır. Bununla belə müayinə yarıgizli surətdə aparıldığından sonralar Elvisin ölümünün müxtəlif versiyaları meydana gəlir. Bu versiyalardan biri Preslinin ölümünün "oyun" olduğu, onun heç də vəfat etmədiyi ilə bağlıydı. Elvis Preslinin ölüm xəbəri yayılandan sonra Qreyslendin hasarları qarşısına onun minlərlə pərəstişkarı toplaşmağa başlayır.

"Rok-n-roll padşahı" avqustun 18-i qəbiristanlıqda dəfn olunur. Amma dəfndən bir neçə ay keçmiş müğənninin bir dəstə pərəstişkarı öz kumirlərinin həqiqətən öldüyünə əmin olmaq üçün onun qəbrini "açmağa" cəhd göstərirlər. Bu hadisədən sonra Elvisin qəbri Qreyslendə köçürülür.

Ölümdən sonra gələn şöhrət

Elvis Presli artıq 30 ildən çoxdur ki, dünya musiqisinin ən məşhur şəxsiyyətlərindən biri olaraq qalır. Amerikada onun şöhrəti bu gün də prezidentlərin və idmançıların şöhrətinə bərabər tutulur. Onunla bağlı zarafatlar, assosiasiyalar, eyhamlar, açıq parodiyalar və s. Amerika əyləncə sənayesinin ayrılmaz hissəsinə çevrilib. Preslinin həyatıyla birbaşa və ya dolayısıyla əlaqəli olan çoxlu sayda bədii filmlər və televiziya filmləri çəkilib, saysız-hesabsız kitab çap edilib (ensiklopediyalar və kulinariya kitabları da daxil olmaqla). Bütün dünyada Preslinin təqlidçilərinin sayı günü-gündən çoxalır (özü də onlar, əsasən Preslinin daha çox tanınan obrazını – keçən əsrin 70-ci illərinin Preslisini təqlid edirlər). Onun malikanəsi – Qreyslend ABŞ-da Ağ Evdən sonra insanların ən çox görməyə can atdıqları yerdir (ildə 600 min adam burada olur).

Elvis Preslinin kassetlərinin və disklərinin istehsalı və satışı illər keçsə də azalmaq bilmir. Vaxtaşırı Preslini hit-paradların zirvəsinə yüksəldən iri miqyaslı marketinq kampaniyaları keçirilir (DVD-ləri və ya yeni sinqlları işıq üzü görür). 2002-ci ildən Preslinin mahnılarının rəqs remiksləri ("A Little Less Conversation" (2002; remiks Junkie XL), "Rubberneckin" (2004; remiks Pol Okenfold)) "rəsmi" şəkildə buraxılır. 1999-cu ildə BMG yalnız Preslinin musiqi məhsullarının istehsalı üzrə ixtisaslaşan yeni leybl – Follow That Dream təsis edib.

Presliylə bağlı bütün məsələlərə Elvis Presley Enterprises şirkəti rəhbərlik edir. "Elvis" və "Elvis Presli" adlarının kommersiya məqsədi ilə istifadə etmə hüquqları bu şirkətə məxsusdur. Şirkət qismən Prissillanın və Liza-Mari Preslinin nəzarəti altındadır. Liza-Mari Presli də müğənnidir və onun iki albomu işıq üzü görüb.

Elvis sağdır?

Preslinin ölümündən dərhal sonra onun sağ olması ilə bağlı şaiələr yayılır. Onun dəfnindən bir ay keçmiş qəbrinin üstünün açılmasına cəhd göstərilir. Bir neçə pərəstişkarı müğənninin həqiqətən də öldüyünə əmin olmaq üçün qəbri açmaq istəyir. Keçən əsrin 80-ci illərinin sonunda mətbuatda Preslinin ölümündən sonrakı "həyatı" ilə bağlı məqalələr dərc olunur: bu məqalələrdə müğənninin onun canını boğazına yığan şou-biznes aləmindən ayrılmaq və ruhi həyat yaşamaq (Presli doğrudan da ömrünün son illərində ruhi rahatlıq axtarışında olub) üçün qəsdən özünü "öldürdüyü" qeyd edilir; digər bir versiyaya görə Presli narkotik asılılıqdan yaxa qurtarmaqdan, uzun müddətli müalicə almaqdan ötrü səhnədən uzaqlaşıb, amma vaxtı əlindən buraxıb və bu səbəbdən səhnəyə qayıda bilməyib. 1977-ci ildəki yalançı ölümlə bağlı bu fikir aşağıdakı bir neçə fakta əsaslanır: ölümün səbəblərinin tibbi tədqiqinin gizli saxlanılması; müğənninin meyitinin şəklinin olmaması; baş daşına onun ikinci adının dəyişilmiş şəkildə həkk olunması (iddiaya görə Presli bununla ölmədiyinə işarə vurub); və əlbəttə ki, milyonlarla pərəstişkarın kumirlərinin belə vaxtından əvvəl gözlənilməz ölümünü psixoloji cəhətdən qəbul etməməsi istəyi. Bu fikrin möhkəmlənməsinə Preslini müxtəlif dövrlərdə planetin müxtəlif yerlərində gördüklərini iddia edən insanların dedikləri də səbəb olub. Zaman keçdikcə müğənninin "ölümdən sonrakı həyatı" ilə bağlı belə fikirlər, çox vaxt ironik çalar daşısa belə, Presli mifologiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. 1991-ci ildə Los-Anceles qəzetlərindən biri "sağ" Presli ilə görüş haqqında qalmaqala səbəb olan yazı dərc edib. 2006-cı ildə Amerika KİV-lərində guya 1977-ci yox, keçən əsrin 90-cı illərində vəfat edən Preslinin "gizli həyatı"ndan bəhs edən hekayət çap olunub.

Musiqi nailiyyətləri
Dünya boyu Preslinin milliyard nüsxədən çox valları (kasset və diskləri) satılıb (alışın 60%-dən çoxu Amerikanın payına düşür). Onu bu baxımdan yalnız "Bitlz" arxada qoya bilib.
ABŞ-da Preslinin qızıl, platin və ya multiplatin statusu qazanan 150 albomu var. Onlardan 10-u hit-paradlarda 1-ci yerə yüksəlib.
Mahnıları "Billbord" hit-paradının ən çox "qızıl yüzlüyünə" düşən müğənni (149 mahnı) Preslidi. Onlardan 40-ı birinci onluqda olub, 18-i isə 1-ci yeri tutub.
Presli ruhi müsiqi nominasiyası üzrə üç "Qremmi" mükafatı alıb (1967-ci ildə "How Great Thou Art", 1971-ci ildə "He Touched Me" albomlarına və 1974-cü ildə "How Great Thou Art" mahnısının konsert versiyasına görə).

Maraqlı faktlar
Anadan olarkən Elvisə ölü doğulmuş qardaşı Qaronun adına uyğun ikinci ad – Aron adı verilir. Amma onun baş daşında bu ad atasının təkidi ilə "Aaron" kimi qeyd olunur. Çünki Elvis ömrü boyu adının İncildəki yazılışına üstünlük vermiş və ömrünün sonlarında adını rəsmən dəyişmək fikrində olmuşdur. Onun şirkətinin hazırda istifadə etdiyi ad – Elvis Aaron Preslidir. Bununla belə Elvis həmişə öz adını bir "a" hərfi ilə yazarmış. Onun bütün rəsmi sənədlərində – məsələn, doğum haqqında şəhadətnaməsində adı bir "a" ilə yazılıb. Ancaq bu şəhadətnamədə də sonralar valideynlərinin təkidi ilə düzəliş aparılmış və müğənninin adı iki "a" hərfi ilə qeyd olunmuşdur.
Preslinin anası "Səni Sevmək" (1957) filmində kütləvi səhnədə çəkilmişdir. Onun ölümündən sonra Presli bir dəfə də olsun bu filmə baxmamışdır.
Presli bütün ömrü boyu yalnız bir dəfə "Southern Maid Doughnuts"un reklam rolikində çəkilmişdir. Rolik 1954-cü ildə nümayiş etdirilmişdir.
Presli ömrü boyu ciddi dramatik kinofilmlərdə çəkilmək istəyində olmuşdur. O, belə filmlərdə çəkilməyə təkliflər də almışdır. Amma bu təkliflər həmişə onun "başbilənləri" tərəfindən rədd edilmişdir – "Vestsayd hekayəti" (1961; Toni rolunda Riçard Beymeroynamışdır); "Gecikmiş blüz" (1962; Bobbi Darrin rol almışdır), "Gəncliyin Şirin Səsli Quşu" (1962; rol Pol Nyumana qismət olmuşdur), "Ulduzun Doğulması" (1975; rolu Kris Kristoferson almışdır).
O, anadangəlmə sarışın idi. Amma "Məni Nəvazişlə Sev" (1956) filmindən sonra saçlarını qara rəngə boyadır (bəzi məlumatlara görə o bununla özünü sevimli müğənniləri Mario Lants və Din Martinə bənzətmək istəyirmiş).

Elvis Presli və ABŞ prezidenti Riçard Nikson "Ağ Ev"də (dekabr 1970)
Presli dəfələrlə ABŞ rəhbərləri ilə görüşmüşdür: 1966-cı ilin fevral ayında "Spinout" filminin çəkilişləri zamanı Lindon Conson Presliyə baş çəkir; 1970-ci ilin dekabrında Presli vitse-prezident Aqnyu, sonra isə Ağ Evdə Riçard Nikson ilə görüşür. Elvis həm də, FTB-nin eləcə də müxtəlif polis departamentlərinin fəxri üzvü olmuşdur. Elə Niksonla görüşün təşəbbüsü də müğənninin narkotiklərlə mübarizə üzrə FTH zabiti rütbəsi alması üçün onun özü və FTH tərəfindən irəli sürülmüşdür. Bu görüşə "Elvis Niksonu Qarşılayır" filmi həsr olunub. 1976-1977-ci illərdə Presli prezident Cimmi Karterin ailəsi ilə ünsiyyətdə olmuş, şəxsən onun özü ilə telefonla danışmışdır. Bundan başqa bu yaxınlara qədər ABŞ-ın dövlət katibi vəzifəsini tutan general Kolin Pauell Qərbi Almaniyada xidmətdə olarkən Presli ilə görüşmüşdür.
Çoxları Preslinin şərəfinə Elvis adlandırılmışlar. Məsələn, fiqurlu konkisürmə üzrə dünya çempionatlarının üçqat qalibi Elvis Stoykaya Elvis adını onun müğənninin pərəstişkarı olan anası qoymuşdur. Britaniyalı Elvis Kostello karyerasının başlanğıcında tanınmaq üçün özünə Presli adını götürmüşdür.
Forbes jurnalının yazdığına görə Elvis bu gün dünyanın vəfat etmiş məşhur insanları arasında ən varlılarındandır.
2004-cü ilin dekabrında eBay internet auksionunda Ueyd Cons adlı bir nəfər Preslinin özünün 1977-ci ildəki son konsertlərindən biri zamanı stəkandan içdiyi sudan üç çay qaşığı qədər satıb. Su 455 dollara alınıb. Bir həftədən sonra Cons elə həmin internet-auksiona stəkanın şəklini çıxarıb. Şəkil 3000 dollara satılıb. Hazırda o, "Elvis Cup" adlı turnelər təşkil edir. Turnenin Preslinin fillipinli təqlidçisi tərəfindən ifa olunan eyniadlı mahnısı da var.
Presli karate üzrə qara kəmər sahibi olub. O, çoxlu məşqlər edir və yaxşı karateçi sayılırmış. "Körpə Qallahed" filmində Presli dublyorsuz əliylə kərpicləri ikiyə bölürmüş. Amma bu vaxt barmağını sındırdığına görə təəssüflər olsun ki, bu epizodlar filmə düşməyib.
Preslinin 1973-cü il yanvar ayının 14-də Honoluluda verdiyi konsert peyk rabitəsi vasitəsilə dünyanın 40 ölkəsinə yayımlanıb. Bu, dünya tarixində ilk belə konsert idi.

Presli pop-mədəniyyətdə

Elvis Preslinin İsrailin Yerusəlim şəhərindəki heykəli
Kurt Rassel Preslinin 1963-cü ildə ekranlaşdırdığı "Bu, Ümumdünya Sərgisində Baş Verib" filmində epizodda çəkilib. Müğənninin ölümündən sonra Rassel Presli haqqında çəkilən ilk bioqrafik filmdə – "Elvis"də (1978) onun rolunu oynayıb. 2001-ci ildə "Qreyslendə Qədər 3000 Mil" trilleri ekranlara çıxıb. Bu filmdə Preslinin cildinə girmiş quldurlar rolunu Kevin Kostner və elə həmin Kurt Rassel oynayıblar.
Nikolas Keyc də Preslinin pərəstişkarlarındandır. O, Devid Linçin Preslinin filmlərinin bir növ pəstişi (təqlidi) olan "Ürəkləri Vəhşi" (1990) filmində çəkilib. "Las-Veqasda Bal Ayı" (1992) filminin final səhnəsində Keyc Las-Veqasa Preslinin kostyumunda, onun təqlidçilərinin əhatəsində gəlir. Bundan başqa Keyc 2002-2004-cü illərdə "rok-n-roll padşahı"nın qızı – Liza Mari Presli ilə evli olub.
Cim Carmuş 1989-cu ildə Memfis və Presli mövzusunu əks etdirən, bir neçə sürrealist hekayətdən ibarət olan "Sirli Qatar" filmini çəkib.
Disney studiyasının "Lilo və Stiç" (2002) adlı cizgi filmində müğənninin özünün iştirak etdiyi bir neçə filmi götürdükdə onun daha çox mahnıları səslənir.
Amerikada özlərini qrimləyib Presliyə oxşadan və sörf-rok ifa edən Red Elvises adlı rus rok qrupu var.
Preslinin ilk albomunun üz qabığını Clash Pank qrupu özünün "London Calling" (1979) və kanadalı müğənni Key Di Lanq özünün "Reintarnation" (2006) albomlarını buraxarkən "oğurlayıblar". Eynən bu cür Elvisin 1959-cu il albomunun (50 000 000 Fans Cant Be Wrong) üz qabığı Bon Jovi, The Fall və s. qrupların antologiya albomunun "üzünü bəzəyib".
1989-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) "Sekret" qrupunun musiqiçiləri tərəfindən "Rok-n-roll padşahı" rok-tamaşası nümayiş etdirilib.
Aktyor Tommi Li Consun "Qara Geyimli Adamlar" (1997) filmində Elvislə bağlı dedikləri aforizmə çevrilib. Uill Smitin "Elvis çoxdan ölüb" deməsinə o, "Elvis ölməyib, o sadəcə evinə uçub-gedib" cavabını verir və bununla da Elvisin yad planetli olduğuna işarə edir.
2007-ci ildə Scooter qrupu Bloodhound Gang ilə birlikdə "The Shit that Killed Elvis" mahnısını yazdırıb. Mahnı Scooter qrupunun The Ultimate Aural Orgasm albomunda yer alıb.

Haqqında olan əsərlər

Rusca
Гуральник, П. Последний поезд в Мемфис. М.: Эксмо, 2002
Уитмер, П. Элвис Пресли. Психобиография певца. Ростов н/Д.: "Феникс", 1999. — 512 с.

İngiliscə
Guralnick, P., Jorgensen, E. Elvis Day by Day. NY: Ballantine Books, 1999
Presley, P. Elvis by the Presleys. NY: Crown, 2005

Filmoqrafiya
Yaşasın Las-Veqas (film, 1964) / Viva Las Vegas


Tarix: 22.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2163 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...