Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəridə Məmmədova (müğənni)

Məmmədova Fəridə Kamal qızı – azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı

Fəridə Məmmədova 29 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994-2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır.

Bir sıra vokal müsabiqələrində iştirak etmiş və mükafatlar qazanmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: R.Mustafayevin "Vaqif" operasında Xuraman, M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, J.Bizenin "Karmen" operasında Mikaela, V.Motsartın "Hamı belə edir" operasında Fiordilici, C.Verdinin "Trubadur" operasında Leonora, R.Leonkavallonın "Payatsı" operasında Nedda, C.Puççini "Canni Skikki" operasında La Ciesca və s.

F.Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Azərbaycan Dövlət Filarmoniyası, Kamera və Orqan Musiqisi zalı və b. səhnələrdə klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə çıxış edir. F. Məmmədova dəfərlə Almaniya, Fransa, İsveçrə, Avstriya, Hollandiya, Belçika, Çexiya, Türkiyə, Rusiya, Litva, Ukrayna, Monqolustan və s. ölkələrdə konsert proqramları ilə müvəffəqiyyətlə çıxış etmiş, orada keçirilən Young-euro-classic, Beethovenfest, Culturescapes, Vilnius mama jazz və s. beynəlxalq musiqi festivallarının iştirakçısı olmuşdur. Azərbaycanda keçirilən Qəbələ festivalında, Qara Qarayev müasir musiqi, Üzeyir Hacıbəyli adına, "İpək yolu" və s. Beynəlxalq festivallarında dəfələrlə uğurla çıxış edib.

1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır.

2012-ci ildən Azərbaycan Respublikasının əməkdar artistidir.


Tarix: 21.01.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...