Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azər Zeynalov

Zeynalov Azər Zeynalabdin oğlu – Azərbaycan opera müğənnisi, Azərbaycanın və Dağıstanın xalq artisti, ADMİU-nun professoru.

Həyatı

Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-ci ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olmuş, arada 2 il hərbi xidmətə çağırılmış və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurmuşdur. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərmiş və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilmişdir. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur. 1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olmuş, orada dahi italiyan müğənnisi Mario Del Monakonun vaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış, 1996-cı ildə "opera ifaçısı" ixtisası ilə oranı bitirib Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşasında Əsgər (premyera-1997), C.Verdinin "Traviata" operasında Alfred (premyera-1998), F.Əmirovun "Sevil" operasında Balaş (premyera-1998), R.Leonkavallonun "Paliaççi" ("Məzhəkəçilər") operasında Kanio (premyera-2000), Vasif Adıgözəlovun "Natəvan" operasında Xasay bəy (2004), Ü.Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad (premyera-2006), C. Puççininin "Toska" operasında Kavaradossi (2009) partiyalarının ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldu", "Azərbaycan" ("Bəxtiyar" filmindəki "Rusiya". Bu əsərin Azərbaycana həsr edilməsi ideyası və onun ilk ifası Azər Zeynalova məxsusdur), Rauf Hacıyevin "Leyla" (sözləri öncədən rus dilində olan bu mahnıya ana dilində mətnin yazılması A.Zeynalovun təşəbbüsüdür), Ramiz Mirişlinin "Vətən harayı, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. "Şükriyyə" adlanan ilk CD-albomu 1997-ci ildə Türkiyənin RAQS şirkəti tərəfindən işıq üzü görmüşdür. Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən İtaliya, Avstriya, İngiltərə, Fransa, İsveç, Almaniya, Hollandiya, Çin, Türkiyə, ŞKTR, Rusiya, Belarus, Moldova, Qaqauz, Ukrayna, Dağıstan, Gürcüstan, Tacikistan, Başqırdıstan, Tatarstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Hindistan, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada və s. ölkələrdə dəfələrlə çıxış etmişdir. 2007-ci ildə Azərbaycan zəvvarları ilə Həcc ziyarətində olmuşdur. Azər Zeynalov bir çox mükafatlara layiq görülmüşdür. 1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən qızıl medalla təltif olunmuşdur. Opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlar almışdır. 1998-ci ildə birbaşa olaraq Azərbaycan Respublikasının xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdədir. 2009-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən ona vokal kafedrası üzrə dosent elmi adı verilmişdir. Həmin ildən ADMİU-nin professoru vəzifəsini daşıyır. Vokal ifaçılığının tədrisi üzrə 2008-ci ildə maqistr, 2012-ci ildə isə bakalavr təhsil pilləsi üçün proqram tərtib etmişdir. Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı Ali musiqi məktəblərinin opera-vokal sinfində təhsil alan tələbələr üçün ana dilində ilk dərslikdir.

Azərbaycanın dahi mütəfəkkiri Nəsrəddin Tusinin nəslindəndir. Ailəlidir. Dörd övladı var.
Şair, publisist Zeynal Vəfanın oğludur.

Filmoqrafiya
Bircəciyim (film, 1986)
Haray (film, 1993)
Qız qalası (film, 2000) (filmin bəstəkarı-A.Z.)
Yuxu (film, 2001)
Balaş və Mədinə (film, 2003)
Tərsinə çevrilən dünya (film, 2011)
Üç görüş (film, 2012)


Tarix: 21.01.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 804 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...