Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anar - Vahime

V A H İ M Ə

İlk qışqırıq
Gələcək günlərin
vahiməsidir bəlkə,
Son sükut -
ömrün yorğunluğuna məlhəm -
Sakit, sərin bir kölgə.

Rəsul Rza.

Həkim Oruc həyatından razı idi. Səhhətindən şikayəti yoxdu. Qırx beş yaşın içindəydi, indiyəcən heç zökəm də olmamışdı. Ailəsi sarıdan da arxayındı. Özündən altı yaş böyük arvadı Pakizə evdar qadın idi. Ev-eşiyi həmişə səliqə-səhmanlı, bişirib-düşürdüyü xörəklər ləzzətli, özü iddiasız, təmannasız, dilsiz-ağızsız. Heç vaxt ərini: hara getdin, hardan gəldin, tez gəldin, gec gəldin - deyə dığ eləməzdi.

Oruc hər səhər yuxudan durub mətbəxdə təzə dəmlənmiş pürrəng çayını, soyutma yumurtasını ya qayqanağını (bir gün soyutma yumurta, bir gün qayqanaq), yağ-çörəyinri, pendir-çörəyini hazır görərdi. Köynəyi, kostyumu, qalstuku təzəcə ütülənmiş, çəkmələri silinmiş, paltarının ya plaşının düymələri dünən bir balaca boşalmışdısa səhər yenidən bərkidilmiş olardı.

Oğlundan da razı idi - orta məktəbi qızıl medalla bitirmişdi. Ali məktəbə də əsasən öz gücünə girmişdi (əlbəttə Oruc da bir balaca saqqal tərpətmişdi). İkinci kursdan, yenə də Orucun bir balaca səyiləMoskvaya İkinci tibb institutuna keçirilmişdi. Hər həftə ata-anasıyla telefonla danışır, hər bayramda təbrik məktubları göndərirdi. Oruc da hər ayın başında oğluna əvvəlcədən sözləşib müəyyənləşdirdiyi məbləğdə pul keçirərdi.

İşini sevirdi. Şəhərin tanınmış psixiatrlarından idi. Xəstələrin qəribəliklərinə, bəzən hətta əcaib hallar alan sapıntılarına çoxdan alışmışdı, bundan darılmırdı, kiməsə yardım edə biləndə məmnun olur, ümidsiz, sağalmaz xəstəliklərin aqibətini isə ürəyinə salmırdı - axı belə dərdlərin çarəsi ondan, həkim Orucdan asılı deyildi… Əlbəttə, məsələnin maddi tərəfi də vardı və həkim Oruc rifahını özgələrin bədbəxtçiliyi üzərində qurduğundan vicdan əzabı çəkəsi deyildi - bu onun sənəti idi. Sənətinə, peşəsinə yaxşı yiyələnmiş mütəxəssis idi. Kiminsə vəziyyətini yüngülləşdirə bilmişdisə, kimisə sağaltmışdısa, ya müalicə etmişdisə, ya ancaq elə müayinə edib çarəsizliyini təsdiq etmişdisə bunun müqabilində halal haqqını alması təbii idi. Halal saydığı haqq rəsmi maaşından ölçüyəgəlməz dərəcədə artıq olurdusa bunu da ədalətli hesab edirdi. Axı çıxardığı ad, təcrübəsi, biliyi onun qədər maaş alan bir çox başqa kolleqalarından, işdaşlarından dəfə-dəfə üstün idi. Xəstələrin, daha doğrusu xəstə yiyələrinin başqasını yox, məhz həkim Orucu axtarması, onun qəbuluna düşmək cəhdləri, bunun üçün istənilən məbləği verməyə hazır olduqları da danılmaz həqiqətdi. O da vardı ki, xəstəxanadakı iş saatlarından əlavə həftənin iki günü, axşamlar həkim Oruc patsientləri öz evində də qəbul edirdi. Bir sözlə, son on-on beş ildə həkim Orucun heç bir maddi sıxıntısı yox idi. Pəncərələri dənizə baxan kooperativ evdə dördotaqlı mənzil almışdı, onu tamamilə yenidən təmir etdirmişdi, yeri bahalı, naxışlı parketlə döşətmiş, qapı, pəncərələrini palıd ağacından düzəltdirmiş (həm də otaqların arasındakı qapıları yarımdairəvi tağ şəklinə salmışdı), tavana və divarlara qabartma-bəzəklər vurdurmuş, hər otaqçün, mətbəx və eyvançün xarici mebel dəstləri almışdı. Otaqları, dəhlizi xrustal vazlar, bərq vuran çilçıraq işıqlandırırdı. Üç televizoru, iki müxtəlif sistemli videosu (biri də bağda idi), lazır diskləri çaldıran cihazları vardı. Xarici səfərlərə videokamerayla çıxardı. Özünün sürdüyü içi maqnitofonlu, stereodinamikli «Volqa»sı və Mərdəkanda bağı vardı.

Elə bütün rahatsızlıqlar da bu bağdan başladı. Daha doğrusu əvvəl hər şey son dərəcə uğurlu və xoş idi. Bağı beş il bundan qabaq almışdı. Orucdan əvvəl bu bağ 88-ci ilin məlum hadisələrindən sonra Bakıdan Moskvaya köçmüş bir erməni həkimin imiş. Ermənidən qalma birmərtəbəli evin ikinci mərtəbəsini və geniş eyvanını Oruc tikdirdi. Hamamı genişləndirib sauna qurdurdu, yeni mebel aldı. İyul, avqust aylarını bağda Pakizəylə qalardı. Yay tətillərində Moskvadan gələn oğlu da bir-iki həftəni bağda keçirərdi. İlin qalan aylarında isə hər həftənin sonunda Oruc bağa tək gələrdi. «Tək» deyəndə, yəni ki…

Cümə günü axşam tərəfi axırıncı patsientlərini qəbul edib evinə gedər, paltarını dəyişər, - «Volqa»sına minib bağa yollanardı. Son üç ildə - Ofelyayla əlaqələri başlanandan bəri - iki həftədən bir - əvvəlcədən sözləşdiklərti kimi - şənbə günü Ofelya bağa, Orucun yanına gələrdi. Bütün günü bir yerdə olardılar. Ofelya bərabər yaşadıqları ata-anasına: növbətçiyəm - deyib gecəni də Orucun yanında qalardı. İlk vaxtlar Oruc bir az vicdan əzabı çəkirdi ki, Pakizənin belə səliqə-səhmanlı hazırladığı yeməkləri - qızardılmış əti, kartofu, dolmanı ya toyuğu, göyərtisi, turşusu, pamidor-xiyarı, meyvəsinəcən ayrı bükdüyü təamları Ofelyayla birlikdə həzmi-rabedən keçirir. Bala-bala şərabdan, konyakdan vura-vura. Sonralar bu vərdiş halını aldıqca daha heç bir vicdan sızıltılarını da vecinə almırdı. Bazar günrü səhər Ofelya ondan qabaq oyanar, çay dəmləyərdi, bərabər qəlyanaltı edərdilər. Sonra Ofelya çıxıb gedərdi. Oruc beli götürüb meynələrin dibini belləyirdi, şlanqı götürüb bostana su verərdi.

Saat 12-də - 1-də dostları gələrdi. Mehdinin sürücüsü axşamdan basdırma edilmiş tikələri şişə çəkəndə, ocaq qalayanda Oruc dostlarıyla saunada pivələyər, çıxıb nərd atardı. Sonra qabırğa kababını dişlərinə çəkib bir-birləri haqqında bəlağətli tostlar deyərdilər. Axşama yaxın tostlar tükənər, dostlar yorular və Mehdinin maşınına minib Bakıya yollanardılar. Oruc isə bağdakı videosunu qurub Amerika dedektivlərinə baxardı. Parno filmləri (onların kolleksiyasını burda, bağda saxlayırdı, bir o çatmırdı ki, Pakizə belə filmlərə baxsın) isə şənbə günü axşam Ofelyayla birgə seyr edərdi. Ekranda gördükləri onların yataq davranışlarını daha da coşdururdu.

Bazar ertəsi tezdən Oruc şəhərə gələrkən hiss edərdi ki, bu iki gün yarımda əməlli-başlı dincəlib, bütün stresslərdən uzaqlaşıb və yeni bir həftənin gərginliklərini yaşamağa hazırdır. Evdə paltarını dəyişib işə gedər və yeni bir həftə dəyişməz cədvəl üzrə gündən-günə keçirdi: gündüzlər iş, bazar ertəsi və xas günü axşamlar evdə xəstələrin qəbulu, çərşənbə günü axşam Mehdigildə preferans. Udduğu da olurdu, uduzduğu da. Çox da böyük məbləğə oynamırdılar, elə-belə məşğuliyyət üçün. Cümə axşamları - demək olar ki, hər həftə pəs-məzara gedərdi. Bəzən hətta iki-üç yerə. Tanışları çoxdu və xeyir-şər, necə deyərlər - borcdu.

Tanışı çox, dostu azdı. iki-üç dostuyla nadir hallarda siyasətdən danışardılar. Maraqları - peşələri və peşələrinin yaratdığı maddi imkanlar, ailələrinin rifahı idi. Bir də qadınlar. Hamısı hələ cavan erkəklər idi və hamısının həyatın zövq-əsfasına aludəliyi, həyatdan kam almaq istəyi təbii idi.

Bir-birini sürətlə təqib edən gərgin ictimai-siyasi hadisələrdən uzaq olmağa çalışırdılar. Tez-tez dəyişən iqtidar-müxalifət xadimlərinin heç birinə inamları yoxdu. Nə onların səmimiyyətinə inanırdılar, nə davalarının doğrudan-doğruya xalq yolunda olduğuna… Əmindilər ki, hamısının məqsədi yalnız iş başına gəlmək, qapışdırmalını qapışdırmaq, qamarlanmalını qamarlamaq, ələ keçirilməni ələ keçirmək idi. Orucun indiyəcən əldə etdikləri bəsi idi, artığını istəmirdi, bilirdi ki, artıq tamah baş yarar.

Həyatın şövqünü, ləzzətini dadmaq üçün də su pərisinə oxşayan iyirmi beş yaşlı Ofelyası vardı.

Ofelya Orucgilin xəstəxanasında şəfqət bacısıydı. Beş il qabaq ərə getmiş, ayrılmışdı. Xasiyyətləri tutmamışdı, bir ildən də az sürən nikahları uğursuz olmuşdu.

Orucun gözü Ofelyanı çoxdan tutmuşdu, amma Ofelyadan da gözəl, gənc qızları əlinə almaq üçün hər imkanı vardı - boy-buxunu, yaraşığı, geyinib-geçinməsi, təcrübəsi, dillə tovlamaq məharəti, pulu, bağı, maşını. Məhz Ofelyanı seçməsi bəlkə də gənc qadının Şüvəlanda - Orucun bağına nisbətən yaxın yerdə yaşaması səbəbindən oldu. Bir dəfə bağdan şəhərə qayıdarkən Ofelyanı elektrik qatarı stansiyasına tərəf addımlayan gördü, maşını saxladı və yalnız onda bildi ki, Ofelya burda yaşayır. Orucun bağı Ofelyanın ata-anasıyla yaşadıqları evlə elektrik qatarlar dayanacağı, bazar, dükanların arasında idi, odur ki, gənc qadının məhz bu yolla gedib-gəlməsi heç kəsdə heç bir şübhə oyatmazdı. Bağ qapısına gedən yol isə kor dalanın dibində idi, bura burulandan sonra da, ya burdan çıxanda da kimsə görüb duyuq düşə bilməzdi. Oruc boynuna almaq istəməsə də Ofelyayla münasibətlərinin yaranmasında bu mülahizələrin də rolu vardı. Hər halda əlaqələri üç ilə yaxın davam edirdi və işdə görüşsələr də sevgi gecələri ayda iki ya üç dəfə olduğu üçün bir-birindən doyub usanmamışdılar, bir-birinin pisin vurmamışdılar. Əlbəttə, Oruc bir az ondan narahat idi ki, onun özüyçün yalnız xoş bir macəra olan bu əlaqə Ofelyayçün daha böyük bir hissə, duyğuya çevrilə bilər… Amma deyəsən Ofelya da yetərincə ağlı başında bir qadın idi və çılğın, xoş keçən bu şənbə görüşləri, Orucun vaxtaşırı bahalı hdədiyyələri onu tamamilə təmin edirdi, bəs iydi. Ayrı bir şey istəmirdi, ayrı bir şey gözləmirdi və ayrı bir umacağı yoxdu. 3

Müayinə və müalicə, maddi imkanlar, ailə sakitliyi və sabitliyi, oğlunun gələcək yüksəlişi, bağın açıq havası, bellə ağacların dibini işləməsi, Ofelyalı şənbələr, dost məclisləri, preferans, nərd, videofilmlər - dəqiq ömür cədvəli. Oruc ucu çəpər içinə salıb qoruyurdu və bu çəpərin, bu divarın dalında qaynaşan, çalxalanan, kükrəyən, qan axıdılan, göz yaşı tökülən dünyanın ona elə bil heç dəxli yoxdu. Bəlkə bu elə özü də dünyadan mühafizə olunmaq, qortunmaq və xilas olmaq yolu idi, dünyanın onsuz da heç vaxt, heç kim tərəfindən düzəlməyəcək dərdlərini Orucun öz içinə salmamaq üçün bir üsul, vasitə idi. Öz xoşumuzla gəlmədiyimiz bu beş günlük dünyanın beş gününü də qara görməmək, dərd-bəla içində yaşamamaq cəhdi idi.

Səhhətindən şikayətçi olmadığı kimi, yuxusundan da şikayətçi deyildi. Adətən 11-də, 12-nin yarısında yuxlayar, səhər 7-də, ən geci səkkizin yarısında durar, idman edər, yay-qış duşun altına girərdi. Amma son vaxtlar hərdənbir yuxusu qaçardı. Ələlxüsus da axşamdan yatıb gecə yarısı qəflətən oyananda, səhərəcən yata bilməyib yataqda qurcuxa-qurcuxa qalanda halı yaman olurdu. İlan-qurbağa girərdi beyninə. Yaşının xofu basırdı onu - əlliyə nə qalıb ki… Əllidən sonra isə nə həyatdı yaşayasan? Xəstəliklər, qarşıdan gələn qocalığın soyuq nəfəsi, ölümün həniri… Nə qalıb, lap az. Sonra nə olacaq? Heç nə… Oruc ateist tərbiyə almışdı, nə o dünyaya inanırdı, nə cənnətə, nə cəhənnəmə. Həkim kimi insanın hansı maddələrdən ibarət olduğunu və beyni sönəndən sonra bu maddələrin hansı sürətlə, hansı ardıcıllıqla çürüyüb dağılmasını təsəvvür edirdi. Köhnə təbirlə deyilsə ruh həkimi idi, ruhun da məhz müəyyən maddi funksiyalarla, beynin sağ və sol yarımdairələrinin fəaliyyətilə bağlandığını bilirdi. Beyin sönən kimi heç bir ruh-filan da qalmır, heç hara da uçub getmir, qayıtmır. Bu barədəki bütün söhbətlər, son zamanlar hətta elmi don geyindirilən söhbətlər də ancaq nağıldır. Əfsanədir, xam xəyallardır, xurafatdır, vəssalam. Bircə bu yaşadığımız həyat var. Bircə bu gördüyümüz, eşitdiyimiz, duyduğumuz dünya var. O da beş gündür və beşi də qara. Hünər bu qara günləri istədiyin rəngə boyamaq və o rəngdə yaşamaqdır. Son vaxtlara qədər Oruca elə gəlirdi ki, bunu bacarıb. Amma indi, onun çəpər çəkib dünyanın qeylü-qalından ayrıldığı həyat müxtəlif həmlələrə məruz qalırdı və çəpərin, divarın dalındakı sel bu sədləri laxladıb yıxa ya qabarıb aşa bilərdi. Qəflətən səviyyəsi qalxmağa başlayan Xəzər qabarıb dambaları, körpüləri, bulvar məhəccərlərini aşan kimi.

İctimai həyatın təlatümləri - mitinqlər, tətillər, Qarabağ davası, hakimiyyət çəkişmələri və hakimiyyət dəyişmələri hətta Orucun peşəsinə də təsir göstərirdi. Ruhi xəstəliklər artimış, beyin sapıntıları çoxalmış, yeni maniyalər və fobiyalar meydana çıxmışdı. Qohumlarının, ailə üzvlərinin müxtəlif bəhanələrlə tovlayıb Orucun qəbuluna gətirdiyi adamların azı əlli faizi Qarabağ problemiylə xəstə idi. Çoxu «mənə imkan verin, iki saata Qarabağ məsələsini həll edim » - deyirdi. 20 dəqiqə deyən, ya iyirmi gün möhlət istəyənlər də olurdu, amma məsələnin mahiyyəti dəyişmirdi. Yeni bir psixoz əmələ gəlmişdi, hər baxımdan tamam normal olan adamlar yanlış bir xəyala qapılmışdılar: Qarabağ probleminin həllinə, daha doğrusu bu həllin tək bir yeganə sirrinə vaqif olduqlarını sanırdılar. Bununla da bağlı maniyalar vardı. Bəzilərinə elə gəlirdi ki, məhz bu sirdən agah olduqlarına görə təqib edilirlər - ermənilər tərəfindən, özümüzünkülər tərəfindən, Moskva tərəfindən, KQB tərəfindən. Hətta biri iddia edirdi ki, Staravoytovanın kosmik qüvvələrlə əlaqəsi var, onları ermənilərin tərəfinə keçirib və onun özünü də bu sirri bildiyinə görə kosmosdan izləyir, güdür, təqib edirlər. Fobiyalara, qorxulara qapılanlar da az deyildi. Birisi iddia edirdi ki, yaxın zamanlarda Mingəçevir bəndi partladılacaq: su Azərbaycanın yarısını basacaq, Bakıda əlyazmaları fondu yandırılacaq - odur ki, bu xalqın nə özü qalacaq, nə keçmiş … Başqa birisi hardansa öyrənmişdi ki, Orucun bağı əvvəllər erməninin olub və məxsusi olaraq qəbulə gəlmişdi (qohumları gətirməmişdi, özü gəlmişdi). Orucu xəbərdar edirdi ki, erməni bağ evinin divarlarına, ağacların budaqlarına, meynələrə xüsusi kimyəvi maddələr aşılayıb. Bu maddələri nə görmək olur, nə duymaq - amma onlar bağda yaşayanlar və qonaq gələnlərin hamısını yavaş-yavaş zəhərləyir, iki-üç aya ölümcül xəstəliyə salır. Oruc o bağda artıq beş il yaşadığını xatırladanda qəbula gələn: nə olsun - dedi - bəzən orqanizmin xüsusiyyətlərindən asılı olaraq xəstəliyin aşkar edilməsi dörd- beş il də çəkə bilər. Amma gec-tez bu xəstəlik sizi yaxalayacaq, nə qədər gec deyil yandırın o bağı, evi, ağacları, meynələri, hər şeyi. Özünüz də heç vədə o tərəflərə ayaq basmayın.

Baləmini ilk dəfə görəndə, daha doğrusu nə üçün gəldiyini biləndə Oruc düşündü ki, bu da ağlı çaşmış patsientlərdən biridir. Orucun qəbul saatlarında xəstəxanaya gəlmişdi. Qəbula yazılmışdı. Növbəsi çatanda otağa qısa boylu, enli kürək, qapqara bir kişi girdi. Orta yaşlarında idi, həddindən ziyadə dar alnı vardı. Pırpız qaşları qan dammış gözlərinin üstündən ağır tağ kimi asılmışdı. Baxışı da ağır idi. Professional səriştəylə Oruc «oliqofreniya» deyə düşündü və onu da düşündü ki, belə dar alınlı və ağır baxışlı adam ideal qatil tipidir. Oruc:

-Buyurun, nədən şikayətiniz var? - deyə həmişəki sözlərini dedi.

-Süzdən…

-Nə?

-Süzdən şikayətim var.

Belə sözlərlə Orucu çaşdırmaq mümkün deyildi, çünki tez-tez şəxsən onun özünə qarşı yönəlmiş maniyalarla da rastlaşırdı.

Söhbəti ayrı səmtdən başlamaq üçün:

-Adınız nədir?- dedi, halbuki qarşısındakı kağızda adı yazılmışdı.

-Adım Baləmi, familim Dadaşov. Süzün də yanıvuza gəlmişəm onunçün yox ki, xəstəyəm. Xəstə-flan deyiləm. Süzdən şikayətçiyəm. Süz mənim bağımı tutmusuz.

Oruc sifətini yaxşı xatırladığı erməni həkimi yadına saldı və:

-Yanılırsız, - dedi - o bağ bir erməninin idi, həkim idi, beş il qabaq Moskvaya köçdü, o bağı da mənə verdilər.

-Mən yox, süz səhv edirsiz. Ermənidən qabaq o bağ mənim atamın olub, ondan qabaq da bobamın. O yer bizim dədə-baba yermizdü. Gavar eşitmiş olarsız: Məşədi Dadaş mənim bobamdır. Gəlmişəm halal haqqımı istəməyə süzdən. İndi, allaha çox şükür, elə vaxtdır ki, hərə öz köhnə mülkünü, malını qaytarır, süz də halal xoşluqla qaytarın bizim bağımızı ki, arada artıq-əskik söz-söhbət olmasun. Burda alayı məsələ ola bilməz. Nöşün ki, təmiz söhbətdir.

Oruc bir müddət karıxıb qaldı. Qarşısındakı adam, xəstəliyin müəyyən əlamətlərini büruzə versə də hər halda xəstə deyildi və dedikləri də bəlkə həqiqətə uyğun idi; ola bilsin ki, ermənidən əvvəl haçansa bu bağ onun dədə-babasının olub. Amma indi məsələnin bu sayaq qoyuluşu nə dərəcədə ağlabatan söhbət idi.

-Bilmirəm əvvəl kimin olub. - dedi - amma mənə oranı Bağlar idarəsi verib. Siz də ora müraciət edin.

-Mən ora müraciət-flan etməyəcəm. Birmincisi ona görəm ki, əlimdə heç bir kağız-flan, kupçu-flan yoxdu. İkimincisi də süz izvestni adamsuz, sizdən alıb bağı mənə verməyəcəklər ki…

-Bəs onda məndən nə istəyirsiz?

-Elə onu istəyirəm də… İstəyirəm ki, özüvüz könül xoşluğuyla o bağı mənə qaytarasız.

Orucun dilinin ucuna gəldi ki, desin «başın xarab olub?», amma vaxtında yadına düşdü: bu ifadəni kim işlətsə də psixiatrın işlətməyə haqqı yoxdur.

-Yaxşı, - dedi - mən beş ildir ki, o bağdayam. İkinci mərtəbəsin tikdirmişəm, başqa abadlıq işləri görmüşəm. Bu beş ili hardaydın? Bütün bunları mən eləyib qurtarandan sonra niyə ayılmısan?

Baləmi:

-Bunun səbəbi ayrudu, - dedi. - Amma dəxli yoxdu. Xərc çəkmisən, onu danışarıq, xərcivi qaytararıq. Amma sən də o bağı mənə qaytarmalısan. Atamın böyük oğlu mənəm, o bağ mənə düşür. Nə deyirsən, mən ölüm, təmiz söhbətdir?

-Yox, təmiz söhbət deyil, - saatına baxdı - mənim də burda sizinlə boş yerə çənə döyməyə vaxtım yoxdur. Xəstələr gözləyir. Sizi də xəstə bilib qəbul elədim. Xoş gəldin.

-Deməli bağı mənrə qaytarmırsuz?

-Yox.

-Nöşün?

-Bu barədə danışmağın mənası yoxdur. Bağı mənə veriblər, mənimdir, mən də yaşayacağam orda.

-Yox, mən qoymayacağam siz orda yaşayasız. Bundan sonra bir gün də orda qala bilməyəcəksüz.

-Niyə?

-Onu mən özüm bilərəm.

-Yandıracaqsan bağı, ya qapısına tank qoyacaqsan?

-O mənim öz işimdi.

-Yaxşı, sənin bu şantacını milisə xəbər versəm necə?

-Elə mən də onu istəyirəm də… İstəyirəm ki, məni tutsunlar, özü də süz tutdurasuz. Süzü hamı tanıyır. İndi də o əvvəlki vaxt deyil, qəzetdə, mitinqdə, hər yerdə səni yaş yuyub quru sərəcəklər ki, pəs flankəs, böyük alim, həkim, adi bir kəndçi balasının bağını məngirləyib, özünü də tutdurub, basdırıb qazamata, balalarını yetim qoyub.

Orucun artıq hövsələsi çatmırdı.

-Bilirsən nə var? - dedi - Əlim-ayağım sənə dəyməmiş, dur bu saat çıx bayıra, yoxsa özüm qulağından tutub ataram. Əlindən gələni də beş qaba çək. Amma bir də bura ayaq basma, gözüm səni görməsin

Baləmi aramla ayağa durdu, sifəti əvvəlki kimi tutqun, baxışları ağırdı.

-Neynək, - dedi. - İki oğlum var, böyüyü Hüseynağadır, iyirmi bir yaşında, kiçiyi Həsənağa - on doqquz yaşında. Mən də ala bilməsəm o bağı, oğlanlarım alacaq. Amma özgənin malına sahib çıxmaq allaha da xoş getməz. Adamlardan qorxmursan, allahdan qorx.

Yavaş-yavaş qapıya tərəf addımladı, çıxdı.

Cümə günü idi, sabah bağda Ofelyayla görüşməli idi Oruc Ofelyanı çağırdı.

-Sabah təcili işim çıxdı, - dedi. - Bağa gedə bilməyəcəm. Qalsın gələn həftəyə.

Ofelya dinmədi.

* * *

Gələn həftə də bir bəhanə tapıb Ofelyanı xəbərdar etdi. Bağa getməyəcəyini dedi. Getmədi də. Nəinki şənbənin məhəbbət gecəsindən, bazarın dost məclisindən də imtina etmişdi. Bundan təəccüblənən dostlarına: - bağın işığını, qazını kəsiblər, - demişdi - bu soyuqda işıqsız, qazsız orda neyləyəcəyik?

Mehdi: - Əşşi bu saat Seyidağaya telefon edim - deyirdi - qazını da açdırsın, adam göndərib işığı da düzəltsin…

Oruc:

-Yox, lazım deyil, - dedi, - bir ustayla danışmışam, gələn həftə gəlib düzəldəcək. O biri həftə də inşallah görüşərik.

Mehdi:

-Yeri gəlmişkən o yüksək cərəyanlı xətti də danış, - dedi - bağdan kənara çıxarsınlar.

Orucun bağının üstündən keçən yüksək cərəyanlı məftilləri deyirdi. «Bir gün, allah eləməmiş, küləkdə qırılıb düşər, xəta çıxardar».

Orucun özünün də fikri vardı ki, mantyor çağırıb bu xəttləri bağdan kənara çıxartdırsın, amma heç macal tapıb bu işi gördürə bilmirdi.

Bağa getməməyinin səbəbi qorxu deyildi. Baləmidən qorxub eləmirdi. Qorxduğu o idi ki, Baləmi gəlib bağda Ofelyayla onu pusa bilər, qızın valideynlərinə xəbər verər, bir söz, həngamə, dava-mərəkə qalxar, hər ikisi - Oruc da, Ofelya da biabır olar. Yox, işdi-şayət, şənbəni ixtisar edib bazarlar dostları bağa yığsaydı, bundan da Ofelya xəbər tuta, pərtləşə bilərdi. Elə düşünərdi ki, Oruc ondan soyuyub, bezib əlaqələrinə son vermək istəyir.

Hər nəysə iki həftə bağın yolunu tanımadı. Amma bir bəhanə tapıb Ofelyadan soruşdu ki, bəlkə sən tanıyasan, kənddən Baləmi Dadaşov adlı bir xəstə gəlmişdi yanıma. Müalicəyə ehtiyacı var, amma bir dəfə gəlib sonra ilim-ilim itdi. Ofelya: - Əlbəttə tanıyaram - dedi - Beş ildi qazamatda yatırdı, təzə çıxıb.

-Nə üstə?

-Deyəsən ölüm hadisəsiydi, bufetçiki öldürmüşdülər. Amma sübut eləyə bilmədilər. Baləmigil bufetdə içib dalaşıblar, bufetçiki xub döyüblər. İş ondadır ki, bufetçik orda ölməyib, evinə gəlib, həmin gecə ürəkdən ölüb. Həm də bufetçiki əsasən beş barmaqla Ağagül vurubmuş. Baləmi cəmisi iki-üç dəfə kəllə atıb. Hər nəysə beş il verdilər, dörd il yatdı, çıxdı. O vaxt bütün kənd danışırdı bu əhvalatı.

İki həftə sonra Oruca elə gəlirdi ki, qarmaqarışıq bir yuxu görüb - Baləmi-filan adda adam da heç yerli-dibli yoxdur, yuxusuna girib. Odur ki, nahaq yerə bağdakı xoş günlərdən, saatlardan əl çəkib. Sabah, cümə günü hökmən Ofelyayla sözləşəcək, şənbə onunla bağda görüşəcək, bazar günü isə dostlarını kababa dəvət eləyəcək.

Bu xoş niyyətlərlə yatağına təzəcə girmişdi ki, telefon zəng çaldı. Əlini uzadıb çarpayısının yanındakı telefon dəstəyini qaldırdı.

-Allo.

-Salam-əleyküm. Baləmidir.

-Kim?

-Baləmi. Keçən ay yanıva gəlmişdim, yadunda? Atamın bağı məsələsiyçün. Bir fikrə gəldün?

Oruc əvvəl dərhal dəstəyi asmaq istədi, sonra nədənsə asmadı.

-Mənim ev telefonumu hardan bilmisən? - deyə soruşdu.

-Çətin iş imiş bəgəm? Adresivü də bilirəm. Yaxçı nə oldu, sözün nədi.

-Sözüm əvvəlki sözdü. Get özünə iş tap. Bir də mənə zəng eləmə.

-Çox əcəb. Amma bircə xahişim var səndən. v-Nə xahiş? v-Bir qələm-kağız götürüb yaz.

-Nə yazım ?v-Hindi deyəcəm. Yazırsan.

Altı nömrə dedi və Oruc da öz-özünə təəccüb qalaraq yazdı.

-Yazdun?

-Bu nə rəqəmlərdir belə?

-Mənim telefonumdu. Haçan ki, bir fikrə gəldün, yəni haçan ki, bağı mənə qaytarmaq istədün, bu telefonla zəng elə, bir saata qulluğunda hazıram.

Oruc hirslə dəstəyi yerinə qoydu, indicə telefon nömrəsi yazdığı kağızı cırmaq istədi, amma hər ehtimala qarşı cırmadı, qatlayıb cibinə qoydu.

Səhər Ofelya özü ona yanaşdı. Dəhlizdə o yan-bu yana boylanıb heç kəsin görünmədiyini müəyyənləşdirəndən sonra yenə də pıçıltıyla:

-Darıxmamısan? - dedi. - Sabah görüşək?

-Sabah yox. Gələn həftə mütləq.

* * *

Gələn şənbə də bir bəhanə tapdı. Yenə bağa getmədi.

Sonrakı həftə cümə axşamı isə Ofelya izn istədi ki, işdən iki saat tez çıxsın.v-Anamla hüzür yerinə gedəcəm, - dedi.

Oruc izn verdi:

-Rəhmətə gedən kimdir?

-Arvadı anamla tanışdı, mən də qızını tanıyıram, - birdən Ofelyanın ağlına nə isə gəldi - Vaxsey - dedi - tamam yadımdan çıxıb. Axı onu sən də… siz də tanıyırdınız?

-Kimi?

-Rəhmətə gedəni. Sizin yanıvıza da gəlibmiş bir dəfə. Hələ məndən də soruşdunuz.

Oruc hiss elədi ki, ürəyi bərkdən döyünməyə başladı.

-Baləmi? - dedi.

-Hə də… Baləmi… Obşirni infarkt olub, ölüb.

* * *

Heç kəsin ölümünə sevinmək olmaz, günahdı. Amma o gün işdən çıxıb evə qayıdanda Oruc elə bil bir yüngüllük hiss edirdi, bir arxayınlıq, sakitlik duyurdu. Səhər işdə isə Ofelyaya:

-Bağa gedirəm, - dedi. - Sabah gözləyəcəm.

* * *

Pakizəyə:

-Çoxdan bağa dəyməmişəm, - dedi. - Sabah getmək istəyirəm.

Pakizə işini bilirdi. Şənbə günü Oruc bağ paltarını - mavi cins kostyumunu, «Adidas» ayaqqabılarını geyinəndə Pakizə də dağlı çörəyinin arasına səliqəylə düzülmüş kotletləri, ayrıca sellofan paketlərə yığılmış qızardılmış kartofu, vəzərini, reyhanı, tərxunu, qırmızı turpu, şorabanı, soyutma yumurtaları, pendiri, yağı, almanı, armudu, şaftalını iri zənbilə qablayırdı. Mineral və şirəli suları, alkoqollu içkiləri götürəsi deyildi, bağda bunların hamısının bollu ehtiyatları vardı.

Pakizəylə vidalaşıb, zənbili götürüb həyətə düşdü, qaracının qapısını açıb «Volqa»sını küçəyə sürdü və yola düzəldi. Maşının maqnitofonundan Acda Pekkanın, İbrahim Tatlısəsin, Sezen Aksunun zəhin mahnıları səsləndikcə Orucun xəyalında iki-üç saatdan sonra bağ evində cərəyan edəcək hadisələr canlanır, bütün bədənindən xoş bir gizilti keçir, gərginləşmiş əzalarının ləzzət səbirsizliyini duyurdu.

Bir saatdan, saat yarımdan sonra ala qapıya yaxınlaşacaq, qapını azacıq aralayıb dalana boylanacaqdı, görüş qabağı son dəqiqələrin hövsələsizliyini yaşayacaqdı. Dalanın başında Ofelyanın yaşıl plaşı görünəcəkdi, tələsik addımları qapının ağzında avazıyacaqdı, bir addım da atıb qapıdan içəri girəcək və Orucun boynuna atılacaqdı. Oruc bir əliylə qapısının cəftəsini tələsik bağlayacaq, o biri əliylə Ofelyanın saçlarını, boynunu tumarlayacaqdı, sonra onu qucağına alıb içəri, otağa aparacaqdı. Sonra öpüşəcəkdilər, sonra soyunub birlikdə saunaya girəcəkdilər, sonra soyunub birlikdə saunaya girəcəkdilər. Saunanın buğlanan istisindən sonra soyuq duşun altında qucaqlaşacaqdılar. Sauna hərarətinin tərləri, duşun soyuq damcıları, ətirli şampun - hamısı bir-birinə qarışacaqdı və iki bədən birləşib bir bütün olacaqdı.

Sonra konyak içəcəkdilər, musiqi dinləyəcəkdilər, ayıq vaxtı porno filmlərə baxmaqdan utanan Ofelya içkinin təsiriylə abrına-həyasına qısılmayacaqdı və ekranda birlikdə seyr etdikləri şəhvət səhnələrini sonra özləri yataqda canlandıracaqdılar.

Bir aylıq Ofelyasızlığın və dəli şeytanın Orucun beyninə qaladığı bu fikirlər, istəklər, səhnələr, xatirələrp və az sonra baş verəcəklər onu elə həyəcanlandırır, hallandırır, tələsdirirdi ki, cins şalvarının darlığını hiss edir və bir neçə kilometrlik məsafəni daha tez qət etməyə, vaxtın özünü yeyinləşdirməyə çalışırdı - guya ki, vaxtı yeyinləşdirmək olardı, guya ki, bir-iki saat sonra cərəyan edəcək hadisələrə daha tez çatmaq mümkün idi.

Maşının içində Ofelyanın ətrini duyur, toxunuşlarını, nəvazişlərini hiss edir, xısın pıçıltılarını, iniltilərini eşidir və tələsir, tələsirdi.

Qəsəbənin içində maşınını Ofelyagilin evlərinin qabağından keçirəndə elə bil bu birmərtəbəli evdə bu qoşa pəncərənin arxasında Ofelyanın görüşə necə hazırlaşdığını, alt paltarını, corablarını dəyişdiyini, ətirləndiyini görürdü. Maşını dalana döndərdi, düşüb alaqapının iri qıfılını açdı, darvaza laylarını araladı və maşını içəri saldı.

Darvazanı içəridən bağladı, evin birinci mərtəbəsindəki otağın qapısını açdı. Zənbili gətirdi, içindəkiləri soyuducuya düzdü, sobanı qaladı, işıqları yandırdı, televizoru qurdu. Sonra ikinci mərtəbəyə qalxdı; yataq otağı, bar, video orda idi.

İlıq bir aprel günüydü və Oruc plaşını soyunub aşığada qoymuşdu. Eyvanda bir müddət gəzişdi, ətraf bağlara, çox uzaqlarda görünən dənizə baxdı, sonra yataq otağına tərəf addımladı və qapının qarşısında quruyub qaldı: qapının üstündə açar vardı.

Oruc gözlərinə inanmırdı. Bağ evinin - darvazanın da, aşağıdakı və yuxarıdakı otaqların da cəmisi iki açarı vardı, ikisi də onda, Orucda idi. Biri şəhərdə, seyfində, biri cibində. İndi burda, qapının üstündə yuvasına kip girmiş açar hardan çıxmışdı? Amma hələ bu harasıymış. Oruc bir də gördü ki, açar yavaş-yavaş dönməyə başladı, yəni içəridən kimsə qapının qıfılını bururdu. Hiss elədi ki, alnını soyuq tər basır. Bu nə olan şeydi belə?

Açar sona qədər burulub dayandı. Oruc əlini uzadıb qapını açdı və içəri girdi. Girən kimi də diksindi; içəridə adam vardı. Qəribə məxluq idi içəridəki. Sapsarı. Saçı, qaşı, üzünün tükü - hamısı sapsarı. Gözlərinin bəbəkləridə də sarımtıl rəngdə idi. Albinos idi bu adam.

Oruc özünü ələ alıb:

-Kimsən? - dedi - Burda neynirsən?

Albinos:

-Hüseynağayam, - dedi. - Baləminin böyük oğlu. Babamın, atamın evinə gəlmişəm. Sənin burda nə işin var?

Cin vurdu Orucun başına. Hüseynağanın özünü belə yekəxana, saymazyana, həyasız aparmağından daha çox Orucu cin atına mindirən oydu ki, bir an bundan öncə bu eybəcər məxluq onun çarpayısında, Ofelyayla səadət anları yaşadıqları və yaşayacaqları yataqda yayxanıb uzanıbmış - çəkməsini belə çıxarmadan sərələnibmiş - əzik balışlar, adyalın qırış-qırış olması buna dəlalət edirdi.

-İtil burdan, çıx get, - dedi Oruc. Özü də narazı qaldı ki, əsəblərini cilovlaya bilmir, uşaq kimi hirslənir, qışqırır.

Hüseynağa yerindən tərpənmirdi.

-Atovun, babovun evi hardan oldu bura? Buranı mən tikdirmişəm e. Mən özüm, öz puluma.

Hüseynağa durduğu yerdə durmuşdu.

Oruc fikirləşdi ki, güc işlətməli olsa hər halda bu arıq, çəlimsiz cavanı üstələyə bilər. Yaşca iki dəfə böyük olsa da, köhnə güləşçi idi, hələ də formasını saxlamışdı. Amma bir o qalmışdı ki, o, Oruc, şəhərin mötəbər adamlarından biri, tanınmış həkim, yoldan keçənin biriylə yumruq-təpik davasına başlasın.

Vaxt da gedirdi - bir azdan Ofelya gələsiydi. Hüseynağanı burda görməsi, illah da ki, Hüseynağanın Ofelyanı burda görməsi mümkün olan iş deyildi. Ofelya gələnəcən bu çağrılmamış qonağı burdan rədd eləməlidir. Mümkün qədər yumşaq danışmağa çalışaraq:

-Bala, - dedi - bu məsələlər belə həll olunmur. Atan da yanıma gəlmişdi. Fikrimi ona da dedim. Buranı mənə Bağlar idarəsi verib, ora gedin, məhkəməyə, nə bilim hara müraciət edin, həll olunsun. Yoxsa dərəbəylik deyil ki, hərə istədiyi yerə girib otursun. Mən bu saat milis çağırsam səni tutub dama basarlar. Nə hədlə özgənin evinə soxulmusan. Hələ de görüm açarı hardan tapıb düzəltmisən?

Hüseynağa dinib-danışmırdı, yerindəcə hərəkətsiz dayanmış, sarımtıl gözlərini Orucun gözlərinin içinə zilləmişdi. Oruc da danışdıqca bu iynə kimi, biz kimi adamı deşən baxışların təsiri altında sözünü çaşdırır, dili topuq çalırdı.

-Di yaxşı, həvəsdi bəsdi. Çıx get bu otaqdan, açarı da götürürəm. Bax məbadə bir də buralara yaxın düşəsən, - və son güzəşt kimi - şəhərdə yanıma gələrsən, danışarıq, - dedi.

Amma əlini uzadıb açarı çıxartmaq istəyəndə Hüseynağanın birdən sifəti dəyişdi. Soyuq gözlərində elə bil qığılcım parladı, ağzı əyildi və əlini çarpayının altına uzatdı.

Oruc yalnız indi gördü ki, meynələrin dibini işlədiyi bel burda, çarpayının altında imiş. Kim gətirib onu bura, kim gizlədib çarpayının altında? Kim? Kim gətirəcək, əlbəttə Hüseynağa. Nə məqsədlə?

Məqsədi indi aydınlaşırdı. Beli çarpayının altından çıxarıb qulpundan yapışdı, kənarları bülövlənmiş iti ağızlı dəmirini isə Orucun başına tuşlayıb irəli gəldi.

Sonrakı hadisələr Oruca yuxu kimi, ya kadrları həddən ziyadə yeyin dəyişən, göz qırpımında bir-birini əvəz film kimi gəldi. Reaksiyası cəld idi. Hüseynağanın zərbəsini gözləmədən irəli atıldı, rəqibinin biləyindən yapışdı, o biri əliylə belin sapını tutdu. Sağ diziylə albinosun paçalarının arasınına möhkəm ilişdirdi. Ağrıdan Hüseynağa qışqırdı, əli boşaldı. Oruc beli ondan aldı. Amma elə bu vaxt Hüseynağa özünü toplayıb var gücüylə Oruca bir yumruq ilişdirdi. Dünya-aləm Orucun gözündə qaraldı və bütün bu hadisələrin tam mənasızlığından, məntiqsizliyindən, absurdluğundan təngə gələrək, illah da tamamilə haqsız, yersiz yediyi yumruğun acığından Oruc lap dəli oldu. Artıq hərəkətlərinə nəzarəti itirərək əlindəki beli hirslə Hüseynağanın təpəsinə endirdi…

…və bu an sanki filmdəymiş kimi yeyin dəyişən kadrlar, indi əksinə aramla, ağır-ağır, yavaş-yavaş axmağa başladı. Hüseynağa yerə çökdü, yarılmış başından qan axmağa başladı, göz bəbəkləri hərəkətsizləşdi, bir nöqtəyə zillənib qaldı, baxışı dondu. Oruc həkim olduğu üçün bunun mənasını dərhal dərk etdi. Hüseynağa ölmüşdü. Onu Oruc öldürmüşdü. Həm də öz evində. Öz evində, yəni Orucun evində, Orucun bağ evində, hər halda bu bağ, ya ən azı ikinci mərtəbədəki bu otaq Hüseynağagilin deyil. Orucundu, Oruc özü tikdirmişdi. Və indi burda, bu otaqda meyit vardı. Gərək ki, vur-tut iyirmi bir yaşı olan bir gəncin meyiti. Qanı da döşəməni ləkələmiş, yatağa sıçramışdı. Belin dəmirində qan ləkələri, sapında Orucun barmaq izləri vardı. Son illər Orucun mütailəsi yalnız dedektiv romanlardan ibarət idi. Videoda da xeyli dedektiv film görmüşdü. Odur ki, bu dəhşətli və gözlənilməz hadisə baş verəndən sonra ilk işi cib dəsmalını çıxarıb belin sapını dönə-dönə möhkəm silməsi oldu. Dedektiv əsərlərdə məhz belə edirlər. Belin dəmirindəki qanı da silmək istədi, amma silmədi; bel sapının üstündə barmaq izləri yoxdursa, üstündəki qanın nə əhəmiyyəti var? Onsuz da biləcəklər ki, Hüseynağa bu bellə öldürülüb. Amma kim öldürüb? Qoy bunu tapsınlar. Əvvəlcə başqa bir suala cavab tapsınlar. Hüseynağanın burda nə işi varmış? Özgənin bağına nə yolla keçib, bura, otağa necə girib, otağın açarını necə əldə edib? Oğurlayıb? Bu mümkün deyil, hər iki açar Orucdadır. Qəlibin çıxardıb, düzəltdirib? Ola bilsin. Amma nə məqsədlə? Özgənin evinə soxulmaqla, yayxanıb yatağında uzanmaqla bu evə sahib olmaq mümkündürmü? Dünya dərəbəylik deyil axı, qanun var, qayda var.

Məsələ də bunda idi. Bu ana qədər qayda-qanun Orucun tərəfində idi, amma bu andan etibarən, yəni hər hansı səbəbdən, hər hansı şəkildə, şəraitdə olur-olsun, adam öldürəndən sonra qanunun, ədalətin, cəzanın hədəfi o, Oruc idi. Cinayət törətmişdi. Müttəhim, müqəssir, günahkar o idi. Əlbəttə əgər cinayəti aça bilsələr, sübut edə bilsələr.

Qaçıb xilas olmalıydı. İşin üstü açılanda hər şeyi danmalıydı. «Heç bağda olmamışam. O gün (xəyalı müstəntiqin sualı: nə bilirsiz hansı gün?), yox, o gün demək olmaz. Bir aydır bağda olmamışam - demək lazımdır. Əslində də belədir də. Bir aydır bağa gəməyib. Bu günü saymayasan. Bu gün də olmamışam. Kim bilir mənim bağda olduğumu? Pakizə? İndicə evə qayıdıb: fikrimi dəyişdim - deyərəm - bağa getmədim. Yadıma düşdü ki, axşam şəhərdə işim var.

Daha kim bilir? Ofelya. Aman allah, yarım saatdan sonra Ofelya gələcək. Tez çıxıb getmək lazımdır burdan. Gələr, bir az qapını döyüb çıxıb gedər. Bazar ertəsi bir bəhanə tapıb üzrxahlıq edərəm. Gələn həftə görüşərik - deyərəm. Amma gələn həftə görüşə biləcəklərmi? Gəlməsə bu iş necə açılacaq? Meyitin məhz onun bağında, evin ikinci mərtəbəsində olduğu kimin ağlına gələcək? Hər halda bir şey aydındı; bu saatca burdan getmək lazımdır. Belin sapından barmaq izlərini sildi - yetər, qapıdan, başqa yerlərdən silmək lazım deyil - bura onun evidir, öz evində Orucun barmaq izləri olmalıdır da, burda nə var ki? Bu izlərin isə köhnə ya təzə olduğunu təyin etmək mümkün deyil. Ayrı bir izi yoxdur ki, burda - bəlkə dava eləyəndə düyməsi qopub düşüb, ya cibindən bir şey düşüb. Ya başının tükü… Diqqətlə otağa nəzər saldı. Hüseynağa çarpayının yanında yerə sərələnib qalmışdı. Alın yarısından sızan qan döşəmənin üstündə göllənir, lehmələnir, meyitin gicgahında, sapsarı birçəklərində laxtalanıb quruyurdu. Qan çarpayının üstündəki çəhrayı adyalı da lopa-lopa ləkələmişdi. Meyitin yanında qanlı bel atılıb qalmışdı. Otaqda dava-dalaşın və cinayətin ayrı izi-sorağı yoxdu. Hər halda Orucun gözünə dəymirdi.

Otağa son dəfə göz atıb eyvana çıxdı. Otağın qapısını çırpdı, pilləkənlə tələsik aşağı düşdü, televizorun düyməsini basdı, şnurunu dartıb şəbəkədən çıxartdı, işıqları keçirdi, sobanı söndürdü, qapını açarla bağlayıb darvazaya tərəf getdi, darvazanı açdı, maşını dalana çıxardı, qayıdıb darvazanı bağladı. «Əsas odur ki, başını itirməyəsən. Hələ ki, məni burda görən olmayıb. Tez aradan çıxmaq lazımdır».

Vərdiş halını almış mexaniki hərəkətlə maşını işə saldı, dar dalandan geniş yola çıxardı, yol boyu kilometr irəlilədikcə beynində fikirlər bir-birinin üstünə qalanır, bir-birini itələyir, bir-birinə ilişib düyün düşürdülər. Bu fikirlər tünlüyündə, fərziyyələr, gümanlar basa-basında düyünü çözmək, açmaq mümkün deyildi. Görən bir səhv buraxmayıb ki, cinayətin açılması üçün bir ip ucu, bir iz-soraq qoymayıb ki? Bu barədə düşünərkən ağlına gəldi ki, yuxarıdakı otağın qapısı üstündəki açarı nahaq götürmədi. Kimə sübut elə bilərdi ki, bu açar onunki deyil… İki açarı varsa, üçüncüsü də ola bilməzdimi? Bəlkə qayıdıb götürsün? Yox, risqdir, ilişə bilər. Lap elə Ofelyanın özünə rast gələ bilər və onda hər şey qat-qat çətinləşər.

Amma Binə hava limanının yanından keçəndə ağlına gəldi ki, bağda başqa bir ipucu da qoyub - buz dolabındakı yeməklər, meyvələr. Ekspertiza həmin yeməklərin, meyvə-tərəvəzin məhz bu gün gətirildiyini və deməli Orucun da bağda olduğunu təyin edə bilər. Tərs kimi göyərtini bükdüyü qəzetlər də bugünkü qəzetlər idi. Odur ki, Orucun məhz aprelin bağda olduğunu tamamilə dəqiq müəyyənləşdirmək mümkündü.

Bu fikrə gələn kimi maşını geri döndərdi. Bağa qayıtmağın risqi böyük idisə, qayıtmayıb əşyayi-dəlilləri orda qoymasının təhlükəsi daha artıqdı. Bircə Ofelyaya gəlməyəydi.

Səkkiz dəqiqədən sonra maşını dalana salırdı. Darvazanı taybatay açmadı, maşını çöldə qoyub özü içəri girdi, soyuducuya qoyduğu bütün yeməkləri, meyvə-tərəvəzi təzədən zənbilə yığdı. Qazandakı çörəyi də çıxarıb zənbilə qoydu və hətta zibil torbasından yaş qəzetləri - bugunkü qəzetləri də bircə-bircə çıxarıb tualetdən axıtdı.

Yubanmasının ən təhlükəli dəqiqələri idi. Ofelya gəlib maşını çöldə görəcəkdi. Orucun içəridə olduğunu bilib darvazanı tıqqıldadacaqdı. Onda ya darvazanı açıb hər şeyə Ofelyaya izah etməliydi. (İzah etmək mümkündümü?) Ya da darvazanı açmayıb Ofelyanı nigaran qoymaq olardı. Nigarançılığın sonu necə olacaqdı? Nə qədər gözləyəcəkdi Ofelya qapı qabağında? Bəlkə Oruc sarıdan nigarançılığı, təşvişi, bəd gümanları - sirr saxlamaq ehtiyacını üstələyəcəkdi, qonşulara, ya milisə xəbər eləyəcəkdi…

Bircə Ofelya gəlməyəydi. Həmişə məşuqəsinin gəlişini səbirsizliklə gözləyən Oruc indi nəyi varsa verərdi: təki Ofelya gəlməsin. Amma bəlkə Oruc yolda olanda gəlib gedib. Orucun bağdan ayrılıb Binə hava limanının yanından geri qayıtması, yenidən bağa çatması on beş-iyirmi dəqiqə çəkmişdi. Bu müddət ərzində Ofelya gəlib-qayıda bilərdimi? Bəlkə də. Kaş elə olaydı, yə rəbbim!

Oruc zənbili çölə çıxarıb aşağı otağın qapısını bağladı, yüyürə-yüyürə ikinci mərtəbəyə qalxdı, az qala ayağı büdrəyib pilləkəndən kəllə-mayallaq aşacaqdı. «Bircə yıxılıb qıçımı sındırmağım çatmırdı» deyə düşündü. Yuxarıdakı otağın qapısına yanaşıb üstündəki açarı çıxardı. Ayaqqabısının ucuyla qapını aralayıb otağın içinə baxdı. Hər şey eynən bayaqkı kimi idi; meyit, bel, çarpayı… yalnız qan gölməçəsi bir az böyümüşdü…

Oruc tələsik qapını çırpdı, yenə də ayağıyla çırpdı, amma bu çırpmanın səsi bağın və ətrafların s akitliyində çox bərk s əsləndi və Orucu hürkütdü. Yuxarı otağın açarını - «üçüncü» açarı quyuya atdı.

«Hüseynağanın ailəsi hələ faciədən bixəbərdi» - deyə düşündü. - Biləndə gör nə vay-şivən qopacaq. Baləminin yeddisi çıxmayıb, böyük oğlu da belə getdi. Doğrudan müsibətdi. Bu müsibətin, hər halda ən azı Hüseynağanın ölümüylə bağlı tərəfinə baiskar özü olduğunu ağlına gətirmək istəmirdi, fikrindən qovurdu. Axı onun, Orucun nə təqsiri vardı? Bu mənasız haqq-hesab çürütməyi omu başlamışdı? Omu getmişdi Baləminin evinə, ya Hüseynağa idi gəlib Orucgilin evinə soxulan? Davanı kim başladı, kim hücum elədi? Oruc lapatkanın qulpundan yapışmasaydı həmin bu lapatkanı Orucun təpəsinə endirəcəkdi Hüseynağa və indi yuxarı otaqda, çarpayının yanında Hüseynağanın yox, Orucun meyiti sərələnib qalacaqdı. Orucun cinayət əməli yoxdu, etdiyi hərəkət yalnız qanuni özünümüdafiə idi.

Yaxşı, indiki belədir, bəs nədən elə indicə maşını milisin qabağına sürmürsən, hər şeyi olduğu kimi danışmırsan onlara? Hadisələrin məhz belə cərəyan etdiyinə çətin inanardılar. Bütün hörmətimə, izzətimə baxmayaraq heç cür inanmayacaqdılar. Ya tutalım lap inandılar, hər şeyin məhz mənim söylədiyim kimi olduğunu qəbul etdilər. İş məhkəməyə çıxsa orda da bəraət qazandım. Belə halda belə qatillik damğası ömürlük alnıma yapışacaqdı. Bu isə bütün çalışmalarımın, işimin, karyeramın sonu deməkdir.

Darvazanı bağlayıb maşını işə salanda, dalandan çıxıb düz yolla sürəndə başında dolaşan min bir fikrin məntiqi nəticəsi birdi: hər halda düz iş görür ki, milisə getmir. Cinayət, cinayət niyə deyirəm, hadisə, bəli hadisə yerində heç bir izi-sorağı qalmayıb. İp ucu yoxdur. Əgər özünü düzgün apara bilsə, heç kəs onun, Orucun boynuna heç bir şey qoya bilməz. Özünü düz aparsa, yəni heç vədə heç vəchlə, heç bir şərtaitdə, dindirmədə təmkinini pozmasa, özünü heç bir şeydən xəbəri yoxmuş kimi sakit tutsa… apara biləcəkdi özünü, necə ki, lazımdır tuta biləcəkdi… Hər halda peşəkar psixiatr idi: əsəblərini, davranışını, kefini, ovqatını idarə etməyi, özünü ələ almağı və gərək olduğu kimi aparmağı bacarardı. Heç bir təcrübəli, mahir müstəntiq onu halından çıxara bilməzdi. Gec-tez müstəntiqlə üzləşəcəyinə isə şübhəsi yoxdu, Axı cinayət (HADİSƏ!) onun bağında baş vermişdi, axır-əvvəl onun üstünə gələcəkdilər. Heç olmasa izahat almaq üçün. O gün bağda kim olub, açar daha kimdə ola bilərdi, bu adamı (meyiti) tanıyırsınızmı, görmüsünüzmü, ailələriylə bir münasibətiniz olubmu? Bütün bu suallara dəqoiq cavablar hazırlamalıydı. Bir yerdə də çaşmadan, karıxmadan dürüst izahlar verməliydi.

Yenə gördüyü dedektivləri xatırladı - özünə alibi düzəltməli idi. Xəstəxanaya sürdü. Təəccüblənmiş qapıçıya: - kağızlarım qalıb, - dedi - götürməliyəm. Səhərdən oturub işləyirdim, bir də gördüm ki, kağızlarımın bəziləri işdə qalıb.

Qapıçının saatı soruşması lap ürəyindən oldu. Həqiqi vaxtı yox, bir saat əvvəli dedi. O vaxtı dedi ki, o vaxt buradan 42 kilometr aralı lopatkayla Hüseynağanın başını yarırdı.

Xəstəxanadan çıxıb dükana dəydi. Diş pastası alıb satıcıyla hal-əhval da tutdu. Aptekə girdi, valokardin istədi, «yoxumuzdur» cavabını alanda haray-həşir qaldırdı. «Haçan sizdən bir lazım olan dərman almaq mümkündür ki, bir saat bundan qabaq da gəlmişdim, divardakı saatı göstərdi - aspirin istəmişdim, allahın aspirini də yoxunuzdu».

Orucu sifətdən tanıyan satıcı: - doktor, - dedi - aspirinimiz var, sizə kim dedi ki, yoxdur?

-Nə bilim cavan bir qızdı, bir saat bundan qabaq gəlmişdim. Dedi yoxumuzdu.

* * *

Evə gəldi. Qapını öz açarıyla açıb zənbillə içəri girəndə Pakizə mat qaldı.

-Bəs sən bağda deyildin?

-Getmədim, - dedi - yolda yadıma düşdü ki, birisi gün məruzəm var, materialların da hamısı evdə və xəstəxanadadır. Bu gecə oturub sabaha qədər işləməliyəm. Bu zənbildəkiləri də qoy xolodilnikə, xarab olmasın.

Bu səhnəni inandırıcı oynamışdı. Özü də razı qaldı. Amma canında bir vicvicə vardı, bütün bədəni xırda-xırda titrəyirdi. Heç cür özünü ələ ala, sakitləşə bilmirdi. İki saat öncə baş vermiş hadisələr fikrindən çıxmır ki, çıxmır, dağılmır ki, dağılmırdı.

Hamama girdi, əvvəl isti, sonra soyuq duş qəbul etdi. Vannanı suyla doldurub bir müddət orda uzandı. Yadına saldı ki, isti suyun içində uzanıb damarlarını kəsəndə bu ən rahat intihar üsuludur. «Hansı şeytan belə fikirləri başıma salır» - deyə özünü məzəmmət elədi. Otuz-otuz beş dəqiqədən sonra hamamdan çıxdı. Fenlə saçlarını qurutmağa başladı. Elə bil bir azacıq toxtamışdı. Pakizə gətirib qabağına pürrəng çay qoydu, limonuyla, mürəbbəsiylə.

-Sənə telefon eləmişdilər, - dedi - dedim ki, çimir, bir azdan zəng eləyin.

Oruc qulaqlarını şəklədi.

-Kim idi zəng eləyən?

-Tanımadım, dedi ki, adım Baləmidir.

-Kim:

-Baləmi.

Oruc hiss elədi ki, ürəyi qopub düşür. Baləmi! Neçə gün bundan əvvəl rəhmətə getmiş Baləmi. Üç saat bundan qabaq öldürülmüş Hüseynağanın atası.

Heç şübhə yoxdur ki, bu zəng iki-üç saat bundan qabaqkı hadisəylə bağlıdır. Bəlkə «Baləmi» yox, «baləmigildəndir» deyiblər. Ya bəlkə Baləmi adlı başqa bir qohumları da var. Hər halda bu gün, bu saat Baləmi adının telefonda səslənməsi quru bir təsadüf ola bilməz, şəksiz ki, bayaqkı hadisəylə bağlıdır.

Pakizə Orucun soyumuş çayını təzələdi.

-Ac deyilsən? - dedi.

«Pakizənin bu diqqətcilliyi, qayğısı, ümumiyyətlə onun davranışı, rəftarı, mülayimliyi və dilsiz-ağızsızlığı nə qədər vacib imiş, onunçün, Orucçün nə qədər qiymətliymiş - bu barədə düşündü və onu da qəti bilirdi ki, hadisənin (cinayətin!) məğzi bir gün açılsa və hətta Oruc müttəhim olunsa, məhkum olunsa (bu da mümkündü) Pakizə onun yeganə pənahı, güvən yeri, arxalandığı son dayaq nöqtəsi olacaq. Belə etibarı və fədakarlığı heç oğlundan da gözləmirdi, o ki, qalsın başqa qohumlara və dostlara. Bu an Ofelya heç yadına da düşmürdü. Yaxşı ki, bu gün bağda rastlaşmadıq - Ofelya haqqında yalnız bu baxımdan fikirləşə bilərdi indi.

-Aclığın yoxdu? Səhərdən bir şey dilinə dəyməyib axı. - Pakizə sualını təkrar etdi.

Doğrudan da səhərdən bəri heç nə yeməmişdi. Amma iştahı da yoxdu. Heç nə yemək istəmirdi. Heç nə haqqında düşünmək istəmirdi. Kürül-kürül bəd xəbərlər gətirən televizora baxmaq istəmirdi. Səhifələri nifrət, hiddət, ölüm, qan saçan qəzetləri vərəqləmək istəmirdi. Heç nə istəmirdi. Gözlərini yummaq, heç nə duymamaq, heç nə eşitməmək, kimsəni görməmək istəyirdi. Dünyadan tamamilə ayrılmaq, sakit, sərin bir kölgədə tək-tənha dincəlmək istəyirdi. Səslərdən, sifətlərdən, sözlərdən, cürbəcür fikirlərdən yorulmuşdu. İnsanlardan yorulmuşdu. Normal adam kimi davranan xəstələrdən və xəstə kimi danışan normal insanlardan yorulmuşdu. Özü özündən yorulmuşdu. Uzun, sonsuz bir sükutun, səssizliyin tamarzısı idi. Son sükutun. İntihar-filan yox. Buna iradəsi, gücü çatmazdı. Hətta isti vannada damarlarını kəsib rahatca ölməyi də bacarmazdı. Amma yuxuda ani bir ölüm - əziyyətsiz, ağrısız, qorxusuz, vahiməsiz… nə yaxşı olardı. Sadəcə yatmaq, yuxulamaq, bir də ayılmamaq. Heç vaxt, heç vaxt…

Çaydan bir qurtum alıb gözlərini yumdu. Beyninə dolan fikirləri, xəyalında canlanan o məşum səhnəni silib atmaq istədi, başqa şeylər haqqında düşünməyə cəhd etdi. Hətta Ofelyayla oynadıqları cinsəl oyunları xəyalında canlandırmaq istədi, içi bulandı. Uşaqlığını, çayqovuşanda, sıx meşə içindəki bulağı yadına saldı, bir an ayaqlarında o suyun sərinliyini duydu, qulaqlarına şırıltısı doldu və yumşaq kresloda yavaş-yavaş xumarlanaraq yüngülcə mürgüləməyə başladı.

Qapı zəngi çalındı. Qapı zəngi həmişə ahəngdar həzin bir melodiya çalardı (Türkiyədən gətirmişdi bu zəngi), amma indi Oruc yuxuda olduğundanmı, tarım çəkilmiş əsəblərinin gərginliyindənmi, ona elə gəldi lap qulağının dibindən bir sürət qatarı ötüb keçir, həm də zil fit səsiylə.

Sıçrayıb ayağa durdu, qapıya getdi. Adətən qapını soruşub ya balaca gözcükdən baxıb açardılar. Oruc nə soruşdu, nə gözcüyə baxdı. Eləcə açdı qapını.

Qapı qabağında dayanan adam Baləmi idi.

* * *

Sonralar Oruc özü də təəccüblənirdi: necə oldu ürəyi getmədi, bayılıb yıxılmadı. Axı qarşısında ölü bildiyi bir adam dayanmışdı. Həm də üç saat bundan qabaq oğlunu öldürdüyü adam. O dünyadanmı gəlmişdi? Oğlunun qisasını almağamı gəlmişdi?

Amma Baləmi qisas, intiqam alan adama oxşamırdı. Üzündə xoş, arxayın, dinc bir ifadə vardı. Hətta gülümsüyürdü. İlk və yeganə görüşləri zamanı Oruc bu qənaətə gəlmişdi ki, bu ağır baxışlı adam ömründə gülümsəməyib. İndi qarşısındakı adamın sifəti həmin sifət idi: iki qabaq dişi qızıl. Əvvəlki görkəmindən ikicə şeylə fərqlənirdi - saqqal saxlamışdı, bir də üzünün ifadəsi dəyişmişdi - mülayim, mehribandı. Təbəssümlüydü.

-Bayaq telefon etdim, bocı dedü çimirsən, dedim, hə, çimirsə evdə olacaq, bir yerə getməyəcək. Hava birdən soyuqlaşdı, Xəzri əsir yaman, belə havada çimib çıxsan sətəlcəm olarsan. Bir söz həmişə təmizlikdə, səhhəti-vücud. Dedim həkimə bir baş çəkim, qapıdan qovmayacaq ki… İçəri girmək olar?

-Buyur.

Baləmi dəhlizdə gödəkcəsini, sonra da çəkmələrini çıxartdı. Orucun başında fikirlər ildırım sürətiylə bir-birini təqib edirdi. «Bu nə olan işdir belə? Axı bu ölmüşdü. Amma kim demişdi ki, ölüb? Ofelya. Bəlkə Ofelya tamam başqa adamı deyirmiş. Dünyada Baləmi tək bir budur məyər? Yaxşı, tutalım məsələnin bu tərəfi məlum. Ölməyib, ölən başqasıdır, bu da dipdiri durub gəlib bura. Deməli oğlunun müsibətindən də hələ xəbəri yoxdur. Xəbəri olsaydı, hətta Orucdan şübhələnməsəydi belə bu sayaq gülümsəməzdi ki… üçcə saat qabaq o boyda oğlun itirib… Bəlkə başına hava gəlib. Oruc professional Baləminin gözlərinin içinə baxdı, əllərinin hərəkətini izlədi. Yox havalı adama oxşamırdı. Hər halda lap yəqin, oğlunun faciəsindən hələ ki, bixəbərdi. O zaman Orucgilə niyə təşrif gətirmişdi? Məqsədi nəydi?

Otağa keçdilər. Baləmi əvvəlki xoş təbəssümlə otağa göz gəzdirir, susurdu. Oruc: «bəlkə indi də bu mənzilimə şərik çıxmaq istəyir» - deyə düşündü - bəlkə bu psixi sapıntının yeni bir şəklidir, özgənin bağına, evinə ortaq çıxmaq.

Pakizə çay gətirdi, Baləminin qabağına qoydu. Baləmi başını qaldırıb Pakizəyə baxmadan:

-Sağ ol bocı, - dedi - balalaruvun toyunda içək. - Çayından qurtum aldı, otağı bir də əməlli-başlı gözdən keçirəndən sonra.

-Bəli ya, Oruc qədeş, - dedi - canım sənə söyləsin, bu dünya çox interesni dünyadı. Osobı dünyadı Ətağa cəddi. Canım sənə desin, iki həftədi burda yoxdum, İrana getmişdim. Allah-taala sənə də qismət eləsin, Məşhədə, imamın ziyarətinə getdim. Bu gün qayıtmışam. Piraxodnan. Orda əhd elədim ki, evə, uşaqların yanına getməkdən qabaq bir sənə baş çəkim. Niyyətim vardı da, niyyət eləmişdim orda, qurban olduğumun qəbri üstündə, hindü niyyətimi deyim sənə. Qədeş, gəldim deyim sənə ki, halal elədim o bağı sənə, day səndən heç bir xahişim, iltimasım yoxdu, iddəam-flan da yoxdu day. Elə bil ziyarətinə getdiyim o qurban olduğum mənə məsləhət elədi ki, Baləmi əl çək bu işdən, qoy halal xoşları olsun, neçə il erməni yaşadı, bir şey demədün ki, indi öz musurmanımız yaşayanda nöş mərəkə salırsan? Qoy kişi can sağlığıyla, rahatlıqla dolansın, sənin də ki, maşallah öz evin-eşiyin, oğul-uşağın var. Day olan olub, keçən keçib. Bir söz, qədeş, gəldim sənə deyim ki, halal xoşun olsun. Yaşa o bağda, kef-damağ içində. Vahid rəhmətlik demişkən:

Vahid! Cahanda baqi qalan eşqi mülküdür,

Ondan qalan nə varsa da, viranrədir mənə.

Oruc düşünürdü ki, Baləmi indi kəndə gedəcək, hər halda ən yaxın zamanda oğlunun itdiyindən duyuq düşəcək, axtarıb gec-tez meyiti tapacaqlar. Müsibət onda başlanacaq.

Baləmi çayını içib ayağa durdu. Oruc özünə də qəribə gələn bir arsızlıqla:

-Otur, - dedi - hara tələsirsən? Bir stəkan da çay iç. Bəlkə aclığın var?

-Yox, sağ ol, allah artıq eləsin. Getməliyəm. Uşaqlar gözləyir.

-Neçə uşağın var? - bəlkə bu sualları boşuna vermirdi. Hüseynağanın qətlinə dəxli olmadığını belə təbii suallarla bir daha təsdiq edirdi.

-Demişdim ki sənə - iki oğlum var, bir qızım. Böyüyü Hüseynağadır, kiçiyi Həsənağa.

Oruc öz-özünə «Hüseynağa idi» - deyə düşündü - daha yoxdur böyüyü, ancaq kiçiyi qalıb.

Baləmi hələ bunu bilmirdi. Gülümsünürdü. Oruc bilirdi, amma Baləminin təbəssümünün qarşılığında o da gülümsəməyə çalışırdı.

Baləmi vidalaşıb getdi. O gecə Oruc səhərə qədər yata bilmədi. Səhərisi gün - bazar günü də elə bil iynə üstə oturmuşdu. Hər telefon zəngindən hürküb diksinirdi. Hey gözləyirdi ki, qapı döyüləcək, gəlib onu aparacaqlar. Amma bütün günü qapını döyən olmadı. İki-üç əhəmiyyətsiz telefon zənginin də heç bir təhlükəsi yoxdu. Qonşuydu suyun gəlib-gəlməməsini soruşurdu, tanışlarıydı, həl-əhval tuturdu, kənar bir şəxsdi, nömrəni səhv salmışdı. Axşama yaxın Oruc tamam üzülüb əldən düşmüşdü, yatağına uzanıb bir-iki saat mürgülədi, sonra oyanıb yenə səhərəcən yata bilmədi.

Səhər altıda durub duş qəbul elədi, «Filips» dəzgahıyla üzünü qırxdı, bir loxma çörək qoydu ağzına, boğazından getmədi, bir stəkan çay içib pay-piyadə işə getdi.

Xəstəxanaya çatanda qapının ağzında tanış fiquru gördü. Ofelyaydı, Ouca tərəf gəlib: professor, sizə məktub var - dedi - əlindəki zərfi uzatdı. Zərf açıq idi və içində heç nə yoxdu. Oruc Ofelyanın belə sadəlövh konspirasiya fəndlərinə bələd idi. Ofelya səsini qısaraq:

-Bağışla, sən allah, - dedi - o gün gələ bilmədim. Anamın təzyiqi qalxmışdı, neçə iynə vurdum, qoyub gəlməyə ürək eləmədim. Hirslənmirsən ki?

-Əlbəttə yox, - dedi Oruc və ürəyində sevindi ki, nə yaxşı belə olub, təzə bir problem çıxmayıb ortaya. Sonra yadına düşdü ki, alibisini Ofelyaya da təlqin etməlidir - bəs mən səndən üz istəmək istəyirdim - dedi. - Təcili işim çıxdı, bağa gedə bilmədim. Nə şənbə, nə bazar. Ürəyimə salmışdım, deyirdim indi Ofelya gəlib qapını bağlı görəcək. Yaxşı ki, gəlməmisənmiş - yenə də sözünə düzəliş verməli oldu - əlbəttə ananın təzyiqinin qalxması yaxşı deyil. İndi necədir?

-Səhər ölçdüm, normal idi - Ofelya pərt kimi görünürdü - Deməli sən də gəlməyibsənmiş. Mən dəli də özümə yer tapmırdım ki, nigaran qalacaqsan…

Onların söhbətləri uzanrırdı və gəlib keçənlər mənalı baxışlarla hər ikisini süzürdü. Əlaqələri güm an ki, çoxlarına bəlli idi.

Oruc iki-üç patsient qəbul edib çaşqınlığının fərqinə varırdı, heç cür fikrini cəmləyə-toplaya bilmirdi. Assistentinə:

-Nədənsə yaman başım ağrıyır, - dedi - gərək evə gedəm.

Evə gələn kimi burda halının daha da pis olacağını dərhal anladı. Xəstaxananın adam çoxluğunda, patsientlərin min bir dərdi yenə bir az başını qatırdı, burda evin təkliyində - dilsiz-ağızsız Pakizənin varlığı təkliyini, yalqızlığını aradan qaldırmırdı. Oruc daha çox sıxılır, darılırdı. Ürəyi darıxırdı. Səksəkəliydi. Hər an nə isə dəhşətli bir şey gözləyirmiş kimi bədəni narın-narın gizildəyirdi.

Hadisədən üç gün keçirdi. Niyə bəs Baləmi hay-küy qaldırmamışdı. Ən azı ona görə ki, oğlu ilim-ilim itmişdi. Əgər hay-küy qaldırıbsa, milisə xəbər vertibsə milis gec-tez izə düşüb gəlib Orucun bağına çaxıcaqdı. Axı şübhəsiz Hüseynağa atasının bağ iddəasından xəbərdar idi, elə Orucun üstünə də bu iddəalarla gəlmişdi. Məşhədə ziyarətdən sonra Baləminin fikrini dəyişdiyini də bilə bilməzdi. Baləmi qayıdandan sonra oğluyla görüşməmişdi. Evdə də bu söhbətlər yəqin ki, çox olub. Baləmi Hüseynağanın məhz Orucun yanına gedə bilməsi ehtimalını nəzərdən qaçırmazdı və milisə də bu barədə məlumat verərdi. Və bu zaman iz şübhəsiz gətirib Oruca çıxaracaqdı və Orucu heç olmasa dindirəcəkdilər. Amma bütün bunlar bu gün də, sabah da, bir həftə, bir ay sonra da ola bilərdi. Həm də bir aydan sonra həftəlik adəti üzrə bağa baş çəkməsəydi bunun özü də şübhəli görünə bilərdi. Gec-tez Oruc axır-əlbət bu bağa getməli və o zaman meyiti özü aşkar etməliydi. Çürüməyə başlamış, üfunəti bütün bağa yayılmış meyiti. Aşkar edib özü xəbər verməliydi. O vaxtacan cinayətin izinə düşməsəydilər, bir ay, ən uzağı iki aydan sonra bu cinayəti özü xəbər verməliydi. Əlbəttə canini açmadan. Amma bu bir ayı, ay yarımı, iki ayı hər gün ürəyinin içini yeyə-yeyə yaşamalıydı. Buna dözə biləcəkdimi? Qeyri-müəyyənlikdən ağır şey yoxdur dünyada. Necə deyərlər «dəhşətli son, sonsuz dəhşətdən yaxşıdır».

Birdən ağlına gəldi ki, telefonu götürüb Baləmiyə zəng eləyə bilər. Telefon nömrəsini yazdığı kağızı nə yaxşı ki, atmamışdı, saxlamışdı. Axtarıb tapdı. Yaxşı, zəng elədim, sonra? Nə deyəcəm, nə soruşacam? Nə qədər fikirləşsə də bir bəhanə tapa bilmirdi. Baləmiylə nə alveri vardı, nə söhbəti ola bilərdi? Ağlına gəldi ki, zəng eləyib asa bilər. Eşitdiyi səsdən də çox şeyi müəyyənləşdirmək olar. Zəng eləyib assa, görən bundan da bir iş çıxmaz ki… Bəlkə Orucun telefonu artıq nəzarət altındadır. «Sən də lap vas-vasının birisən vallah».

Dəstəyi qaldırıb nömrəni çevirdi. Az sonra kişi səsi eşidildi. Baləminin səsiydi, tanıdı. Səs sakit və gümrahdı.

-Bəli. Bəli, eşidirəm. Kimdir?

Oruc susurdu. Baləmi bir də:

-Bəli, alo - deyib telefonu asdı.

Yaslı, dərdli adam səsi deyildi səs. Bəs onda Hüseynağanın yoxluğundan niyə təlaşlanmır, narahat qalmır görəsən?

Axşama fikirləşib bəhanə tapdı. Baləmiyə telefon edib İran səfəri haqqında soruşacaq, deyəcək ki, bir dostum İrana getmək istəyir, səndən bəzi məsləhətlər almaq istəyir. Məsələn, o baş bu baş gedib-gəlməyin xərci nə qədər çıxır? Boş bəhanə idi, amma indi düşünüb daha tutarlısını tapmaq halında deyildi.

Axşam 9-da zəng elədi. Yenə Baləminin özü çıxdı. Oruc həyəcanını boğub:

-Salam, Baləmi, - dedi - həkim Orucdu.

-A… Oruc müəllim, xoş gördük səni, nə var, nə yox? Səndən nə əcəb belə? - səs gümrahdı, hətta şəndi. Heç bir nigarançılığa yer qalmırdı.

Oruc dostunun İrana səfər etmək niyyəti haqqında uydurmasını danışdı, suallar verdi, cavablar eşitdi və yalnız söhbətin axırına yaxın qərara gəlib:

-Uşaqların necədir? - deyə xəbər aldı.

Baləmi:

-Sağ ol, duaçıdırlar, - dedi - Həsənağa bağda-bostanda əlləşib vuruşur, Hüseynağa da Moskvaya bazara gül aparıb.

Oruc düşündü ki, yəqin Baləmi də başqa kəndçilər kimi parnikdə qərənfil yetişdirir və Moskva bazarlarına göndərir. İndi yəqin Hüseynağanı da Moskvada bilirlər, ona görə arxayındırlar, itirib axtarmırlar. Oruc dərk edirdi ki, verəcəyi sual sonralar ona baha başa gələ bilər, şübhələr oyadar, amma özünü saxlaya bilmədi, bu təhlükəli sualı da verdi:

-Hüseynağa haçan gedib ki, Moskvaya?

Baləmi:

-Dünən getdi, - deyəndə telefon dəstəyi az qala Orucun əlindən düşdü. Tələsik sağollaşıb dəstəyi yerinə qoydu.

Qəribə hisslər keçirirdi. Bilmirdi sevinsin, sevinməsin? Sevinməyə əsası vardı. Baləminin bütün ailəsi sağ-salamat idi, onların ailəsinə Orucun heç bir pisliyi dəyməmişdi. Bellə öldürdüyü albinos (heç ağlına gəlməyib ki, Baləmi kimi qarabuğdayı adamın oğlu niyə sapsarı olsun) Hüseynağa deyilmiş. Əgər o adam Hüseynağa olsaydı, ölməmiş (öldüyünə Orucun həkim kimi heç bir şəkk-şübhəsi yox idi) yaralınmışdısa, sonra özünə gəlib durub evinə getmişdisə, hər halda ölümcül zərbənin ona Oruc tərəfindən vurulduğunu unutmamışdı ki… Deməli o bağdakı meyit Hüseynağanın meyiti deyilmiş. Min şükür .. amma bəs onda kimin meyiti imiş? Niyə özünü Baləminin oğlu Hüseynağa kimi qələmə vermişdi? Bu bağ məsələsini hardan bilirdi? Məqsədi nəydi?

Hüseynağanın sağ olmasına nə qədər sevinirdisə, bu müəmmanın sirri onu bir o qədər həyəcanlandırırdı. Kimi öldürüb? Nə səbəbə, nə məqsədlə soxulub o adam Orucun evinə? Hər nə səbəb olursa-olsun, hər halda Oruc adam öldürmüşdü. Ömründə ilk və yeganə dəfə adam öldürməyin sarsıntısı bir yana, bu cinayətin açılma qorxusu, ümumən bu qəribə, izahsız olayın vahiməsi Orucu əsim-əsim əsdirirdi. Həyəcanını, xofunu, qorxunc fərziyyələrini kimləsə paylaşa, kimləsə bölüşə bilərdimi? Heç kəslə.

O gecə də gözünə yuxu getmədi və səhər üzünü qırxarkən güzgüdən ona baxan qıpqırmızı qızarmış batıq gözləri, gözlərin altındakı qara halələri, sapsarı saralmış sifəti görəndə bildi ki, daha belə bir gecəni yaşamağa tabı-taqəti qalmayıb. Bu halda işə də gedə bilməzdi. Pakizə də gec-tez onun halını başa düşəcəkdi, hələ başa düşməyibsə. (Hələ ki, «yaman başım ağrıyır» - deyə canını qurtarırdı, həkim çağırmaqdan imtina edirdi və yalandan baş ağrısı həblər atırdı).

Üç gecənin yuxusuzluğu Orucu halsızlaşdırmış, beynini yormuş, əsəblərini pozmuşdusa da hər halda düşüncələrini, atmaq istədiyi addımları müəyyən bir məntiq əsasında düzməyə çalışırdı. Aydındır ki, öldürdüyü adam Baləminin oğlu deyildi və ümumiyyətlə o ailəyə dəxli yoxdu. Deməli şəxsi-qərəzlik, düşmənçilik motivləri aradan qalxır. Hüseynağa öldürülsəydi şübhəsiz Baləmi Orucu günahlandıra bilərdi, hər vəchlə ondan qisas almağa çalışardı. Öldürülən isə naməlum bir şəxsdi. Əlbəttə bu cinayəti də Oruc boynuna almalıydı. Amma onun açılmasını aylarla gözləyə də bilməzdi. Bəlkə albinos sərsərinin biridir, heç kəs, heç bir vaxt onu itirib axtarmayacaq…

Amma axı ya mövsümü gəlirdi, istilər düşəcəkdi, tut dəyəcəkdi, onsuz da gec-tez bağa getməli olacaqdılar və o zaman bu cinayət daha murdar, iyrənc şəkildə üzə çıxacaq. Meyiti yarıb öldürülmə tarixini də təqribi təyin edə bilərlər və o zaman bir şübhəyə də düşərlər ki, necə olub Oruc iki-üç aydır bağa getmir. Axı onun hər həftə, ya iki həftədən bir bağa getdiyini çox adam bilirdi… elə Pakizə də bilirdi, dostları da bilirdi… Hələ Ofelya bir yana dursun. Ofelyayla uzun müddət görüşdən imtina etsəydi bu da təzə problemlər çıxaracaqdı.

Yox, ha tərəfdən baxırsan bax, məsələni uzatmaq olmaz. Elə günü bu gün bağa getməlidir, meyiti «aşkar etməlidir», dərhal milisə xəbər verməlidir. İşin içindən quru çıxmaq üçün bircə şey lazımdır: özünü itirməmək, özünü ələ almaq, bütün iradəni toplayıb özünü sakit və şax tutmaq. Yəni tamamilə günahsız, təqsirsiz kimi. Sarsıntıdan həyəcanlandığı, özünü bir az itirdiyi isə təbii görünəcək - gəlib öz evində kiminsə meyitini görəsən - əlbəttə həyəcanlanacaq, sarsılacaqsan, özünü itirəcəksən.

Yox, mütləq elə bu gün getməlidir. Bu qeyri-müəyyənliyə bir son qoymaq lazımdır. Pakizəyə də bir şey demək lazım deyil. Gedib qayıdandan sonra hər şeyi ona danışar. Əlbəttə milisə danışacağı şəkildə. O versiyanı. Niyə məhz bu gün bağa getdiyinə bir bəhanə tapar. «Maşına təzə təkər alıb bağda qoymuşdum. - deyər, doğrudan da belə idi - onun dalınca getmişdim». Yuxarı otağa çıxdım ki, ordan kaset götürüm. Onda gördüm…» və s. i.a.

Soyuq, küləkli bir gündü. Bağa yaxınlaşdıqca yağış da çisələməyə başladı. Maşını içəri salmadı, dalında saxladı. Həyətə keçdi. Ətrafa göz gəzdirdi. Heç bir dəyişiklik yoxdu. Hər şey həmişəki kimi idi. Tut ağacı, incir ağacları, bağın üstündən keçən yüksək cərəyanlı elektrik xətləri, quyu, hovuz, meynələr, qarac, sauna, ikimərtəbəli ev. Birinci mərtəbənin qapısını açmadı. İkinci mərtəbəyə qalxdı, eyvana çıxdı, otaq qapısına yanaşdı.

Otaq qapısının üstündə yenə açar vardı. Orucun gözləri bərəldi, axı bu üçüncü açarı quyuya atmışdı, ya bəlkə bu üçüncü yox, dördüncü açarmış. Açar öz-özünə dönməyə başladı, axıracan döndü, dayandı. İndi qapı açıqdı.

Onsuz da şiddətlə döyünən ürəyi az qala sıçrayıb köksündən çıxacaqdı. Qapını aralayıb içəri girəndə isə ürəyi elə bil birdən-birə dayandı. Sanki qopub düşəcəkdi.

Orucun gözləri qaraldı, başı gicəlləndi, az qala qəşş edəcəkdi. Bütün iradəsini toplamağa, başını itirməməyə çalışdı.

Otağın döşəməsində nə qan izləri vardı, nə qanlı bel, nə də albinosun meyiti. Albinos - təbii ki, meyiti yox, özü, həm də sapbasağ çarpayının üstündə uzanmışdı. Alnında, başında, gicgahında yara, çapıq, qan izləri-filan yoxdu. Orucu görüb tələsmədən tənbəl-tənbəl ayağa durdu.

Oruc:

-Sənsən? - dedi - yenə burdasan?

Albinos:

-Mənəm, - dedi - Hüseynağa. Baləminin böyük oğlu. Babamın, atamın evinə gəlmişəm.

Oruc bu sözləri artıq bir dəfə eşitmişdi, yenidən eynən təkrarını eşidirdi. Hüseynağanın - əgər bu doğrudan da Hüseynağa idisə - baxışı, hərəkətləri də eynən o günkülərin təkrarı idi. Ən dəhşətlisi o idi ki, Oruc hadisələrin necə cərəyan edəcəyini də bilirdi. Fəhmlə duymuşdu bunu və hadisələrin bu sayaq gedişinin heç cür qarşısını almaq mümkün deyildi - bunu da bilirdi.

Danışan elə bil Oruc deyildi, elə bil kimsə onun səsiylə dörd gün bundan qabaqkı sözləri eynən təkrar edirdi:

-İtil burdan, çıx get. - Oruc özü, öz xoşuyla yalnız bir yeni cümlə əlavə etdi - məni qana salma.

Hüseynağa - əgər bu oydusa - lal-dinməz durub dayanmışdı. Hərəkətsizdi, gözlərini Orucun üzünə zilləmişdi və Oruc da qurulu maşın kimi o günkü sözlərini bircə-bircə təkrar edirdi: «buranı mən tikdirmişəm… bağlar idarəsi… atan da yanıma gəlmişdi…»

Albinos susurdu. Hey susurdu. Dəhşətli dəqiqə, dəhşətli hadisə sürət qatarı kimi yaxınlaşır, anbaaan yaxınlaşır, hardansa axıb onların üstünə gəlirdi.

Oruc çarpayının altına baxmaqçün gözlərini qaçırırdı, çünki çarpayının altında nə olduğunu bilirdi və çarpayının altındakı belin bir neçə saniyədən sonra cərəyan edəcək dalaşda nə rol oynayacağını da bilirdi. Dəhşətli sonluğa bir neçə an qalırdı və vaxt yetəndə Hüseynağa çarpayının altından beli çıxarıb Oruca hücum etdi. Oruc bu hücumdan qorxmurdu, çünki nəticəsini bilirdi, bilirdi ki, ona, Oruca bir şey olmayacaq. Amma bu nəticəni bildiyi üçün qorxurdu həm də. Bilirdi ki, istəsə də, istəməsə də qarşısındakı gənci - o kim olur-olsun, fərqi yoxdur - öldürməli olacaq.

Bir az süpürüşdülər, belin sapından yapışıb hərəsi bir tərəfə çəkdi, amma məqam gələndə bel Orucun əlində idi və albinos Oruca yumruq ilişdirəndə Oruc da beli onun təpəsinə endirdi. Albinos yerə sərildi. Qan da eynən o günkü kimi adyalın üstünə sıçradı, yerə axdı.

Oruc otaqdan çıxdı. dəsmal çıxarıb barmaq izlərini silmədi bu dəfə. Bunun heç bir mənası yoxdu. Artıq heç bir şey haqqında düşünə, heç bir məntiqi nəticəyə gələ bilmirdi. Peşə təcrübəsiylə bağlı ən qəribə, ən izahsız psixi sapıntıları yada saldı. Dəqiq bilirik ki, dəli olmayıb, beyni pozulmayıb. Amma bu izahsız olayların məntiqi ardıcıllığından da baş aça bilmirdi. Haçansa hardasa oxuduğu yarıfantastik bir fərziyyəni xatırladı: bəzən insan fəhmlə gələcəkdə baş verəcək hadisəni öncədən ən əyani şəkildə duya, görə, yaşaya bilir. Bəlkə bu elə həmin qəribə hadisələrdən biridir. Bu gün, indicə baş vermiş hadisəni dörd gün bundan qabaq belə aydınca, əyani şəkildə görüb, yaşayıb. Deməli o gün baş verən cinayət xəyali imiş, təsəvvür imiş… Eləysə, bəlkə bugünkü cinayət də eyni cür xəyalidir, təsəvvürdür…

O da yadına düşdü ki, xəstələrdən - patsientlərindən biri onu xəbərdar etmişdi: erməni o bağı tilsimləyib, yəni evin divarlarına zəhərli maddələr hopdurub. Bəlkə bu dəli sayıqlamalarında bir həqiqət varmış - qalyutsinogen maddələr mövcuddur axı… Onların beynə təsiri də elmə məlumdur. Ümumən bu son illərin hadisələri hamımızın beyinlərini az ya çox dərəcədə çaşdırmayıbmı, sapdırmayıbmı, məhvərindən çıxarmayıbmı? Bir də axı kim deyib ki, insan təbiətin bütün sirlərindən, əfsunlarından agahdır. Dünyanın o qədər açılmamış sirri, tilsimləri var ki… otağa tərəf boylandı - bu da onlardan biri.

Pilləkənlə aşağı endi. Külək güclənmiş, yağış şiddətlənmişdi. Bir an Oruca elə gəldi ki, bağda nə isə başqa bir iş də olub və bu iş son dərəcə vacibdir, onun həyati əhəmiyyəti var - bu Orucun həyat və ölüm məsələsidir.

Amma bunun nə olduğunu, nədən ibarət olduğunu heç cür təyin edə bilmirdi. Nə qədər səy edirdisə, heç cür təyin edə bilmirdi, başa düşə bilmirdi.

Başa düşə biləcəyi an gələndə isə artıq gec idi - beləcə sonacan nə baş verdiyini dərk etmədi…

* * *

Küləyin gücündən yüksək cərəyanlı elektrik xətti qırılıb həyətə düşmüşdü. Həyət yağışdan yamyaş idi. Çardaq altındakı eyvan qupquruydu.

Oruc birinci mərtəbənin eyvanından yamyaş torpağa ayaq basan an yanıb kösövə döndü.

* * *

Orucun meyitini ölümündən iki gün sonra aşkar elədilər. Mühüm müşavirə vardı. Oruc evdə, işdə olmadığından təbii ki, dalınca bağa adam göndərdilər. Dalınca gələn Mehdinin sürücüsü idi.

Mehdinin sürücüsü qapının ağzında Orucun maşınını gördü, darvazanı xeyli döydü, açılmayanda barını aşıb həyətə düşdü. Həyət indi qupquruydu və Mehdi yerə sərilmiş qapqara cəsədin Oruc olduğunu əvvəl-əvvəl heç başa düşmədi. Sonra başa düşdü, amma ölümünün, illah da belə qapqara qaralmasının səbəbini yenə də anlaya bilmirdi. Hər nəysə xəbər elədi, gəlib Orucun meyitini şəhərə apardılar.

Qəzetlərdə nekroloq çıxdı, matəm mərasimi xəstəxanalarında keçirildi. İkinci fəxri xiyabanda dəfn edilər. Dəfndə ailə üzvləri (oğlu da uçub gəlmişdi), dostları, iş yoldaşları, qohumları, qonşuları, tanışları iştirak edirdi. Ofelya bir bucağa çəkilib xısın-xısın ağlayırdı. Baləmi də iki oğluyla - Hüseynağa və Həsənağayla - qəbr üstünəcən getdilər.

4 yanvar 1993. Bakı.


Tarix: 19.11.2013 / 03:58 Müəllif: Akhundoff Baxılıb: 1762 Bölmə: Azeərbaycan Əsərləri
loading...