Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rus üsul-idarəsi dövrü - vergi

XIX əsrin ortalarında dövlət riyyətləri xəzinəyə çoxlu vergi ödəyir və mükəlləfiyyətlər daşıyırdılar. Bu vergilər içərisində ən geniş yayılanı natura ilə ödənilən vergi idi. Vergi sistemi bir qədər qaydaya salınmışdı: saysız-hesabsız xırda vergilər bir və ya bir-iki vergidə birləşdirilmişdi. Əyalətlərin əksəriyyətində dövlət vergiləri kəndlər və ya kəndli həyətləri üzrə deyil, sahələr (nahiyyələr) üzrə müəyyənləşdirirdi. Vergi sistemində ən mühüm dəyişiklik 1819-cu ildə Şəki əyalətində həyata keçirilmişdi. Natural vergilərin yerinə pul vergiləri qoyulmuşdu. Ərzaqla toplanan vergi çoxluq təşkil edirdi. Vergilərin bölünməsi sistemi və yığılması üsulu bir-birindən fərqlənirdi. Məsələn, Şirvan əyalətində vergilər hər kənd, Qarabağ əyalətində hər kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə təyin olunurdu. Çar hökuməti əvvəlki vergi sistemində də dəyişikliklər və əlavələr etdi. Natural vergiləri pul vergiləri əvəz etməyə başladı. Qarabağ və Talış əyalətlərində pul rentasının xüsusi çəkisi artdı. Quba əyalətində ərzaq vergisi üstünlük təşkil edirdi. Bakı əyalətində də kəndlilərin vergiləri xeyli artmışdı. Dövlət rəncbərləri xəzinə tərəfindən istismara məruz qalırdılar. Talış qəzasında bütün əkərlər ildə hər ailədən gümüş pulla 2 manat zemstvo vergisi ödəməli idilər. Zemstvo mülkiyyətindən əlavə, xəzinə hər həyətdən əlavə, hər əkər həyətindən gümüş pulla daha 17 manat 40 qəpik qoparırdı. XIX əsrin 40-cı illərində feodal vergisi rəiyyətlərdən hər üç formada – işləyib ödəmə, natural və pul formalarında alınır, özü də natural forma üstün mövqe tuturdu. XIX əsrin əvvəllərində Şimali Azərbaycanda bəy rəiyyətlərinin vergi və mükəlləfiyyətlərinin sayı 35-ə çatırdı. Bu mükəlləfiyyətlərin içərisində ən ağır və zəhmətlisi işləyib ödəmə idi.

Sahibkar rəiyyətlərinin ən geniş yayılmış vergi forması malcəhət, salyana, darğalıq, at arpası və s. idi. Bütün bu mükəlləfiyyətlər natural xarakter daşıyırdı. Malcəhət kənd təsərrüfatı bitkisi məhsulundan torpaq sahibkarının xeyrinə ayrılan hissədən ibarət idi. O, adətən dənli bitkilər məhsulunun 1/10, pambıq və ipək məhsulunun isə 1/5 hissəsi həcmində toplanırdı. Darğalığın həcmi çox vaxt məhsulun 20%-dək artırdı. Sahibkar kəndliləri bəy atlarının yemlənməsi üçün feodallara at arpası deyilən daha bir natural mükəlləfiyyət icra etməyə borclu idi. Rəiyyətlərin məhsulunun 20%-ə qədəri at arpasının ödənilməsinə gedirdi. Rəiyyətlərin pul mükəlləfiyyətləri də (cütbaşı, bağbaşı, toy pulu və bayramlın) rəngarəng idi. Cütbaşı – cütə qoşulan öküzlər üçün alınırdı: bağbaşı – meyvə, üzüm və tut bağları üçün yığılan vergi idi; toy pulu – hər toya görə müxtəlif məbləğlərdə alınırdı (məsələn, Şirvan əyalətində hər toydan gümüş pulla 3 manat), bayramlıq – novruz və qurban bayramları günü yığılırdı. XIX əsrin 40-cı illərində hər sahibkar rəiyyəti həyətinin sahibkarın xeyrinə ödədiyi vergi və mükəlləfiyyətlər pul hesabı ilə ildə Qarabağ qəzasında 25 manata, Nuxa qəzasında 5 manat 31 qəpiyə çatırdı. 1901-ci ildən qüvvəyə minən yeni torpaq qanunu ilə bütün kateqoriyalar üzrə kəndlilərin dövlət qarşısında mükəlləfiyyətləri müəyyənləşdirildi. Həmin qanuna əsasən, dövlət kəndliləri özlərinin həmişəlik istifadəsində olan torpaqlarına görə xəzinəyə həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin 10-12 %-ni təşkil edən dövlət töycüsü, istifadə etdiyi başqa torpaqlara görə torpaq vergisi, bütün torpaqlara şamil edilən zemski rüsumu ödəməli idi. Zemski rüsumu əhalinin təhsil, səhiyyə, baytarlıq və s, xərclərini ödəmək məqsədilə alınırdı. Lakin o, əsasən, polisin saxlanmasına sərf edilirdi. Həmin dövrdə, əvvəllər olduğu kimi, sahibkar kəndliləri öz ağalarının xeyrinə bir sıra mükəlləfiyyətlər, o cümlədən, torpaqdan istifadəyə görə məhsulun 1/10 hissəsindən yarısına qədərini təşkil edən malcəhət, yaxud bəhrə, qışlaqda saxlanan heyvana görə ot pulu, alaçıq tikməyə görə tüstü pulu, bağ və tərəvəz yetişdirməyə görə bağ pulu və s. ödəyirdilər. Onlar dövlətə də bir sıra vergilər verirdilər. Yeni qanuna əsasən, vergilər iki qrupda cəmləşdirildi:

Sahibkar kəndlilərin, həmçinin bəy və mülkədarların bilavasitə istifadəsində olan torpaqlara görə torpaq vergisi.
Bütün torpaqlara şamil edilən zemski rüsumu (vergisi).
Azərbaycanlı kişilər əsgərliyə çağırılmadıqlarına görə dövlətə hərbi vergi də verirdilər. XX əsrin əvvəllərində vergilər üç istiqamətdə müəyyənləşdirilmişdir: birbaşa vergilər, dolayı vergilər və rüsumlar. Bunların arasında mədən vergisi, torpaq vergisi, əmlak vergisi xüsusilə fərqlənirdi və büdcə gəlirlərinin çox hissəsini təşkil edirdi. Dolayı vergilərin demək olar ki, yarısını gömrük rüsumları və aksizlər təşkil edirdi.


Tarix: 07.01.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi
loading...