Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XV-XX yüzillərdə memarlığın inkişafı

XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.

Feodal Şərqinin başqa ölkələrindəki şəhərlərdə olduğu kimi, Azərbaycan şəhərlərində də hamam binaları geniş yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiya daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycan hamalarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV yüzil, Hacı Qayıb hamamı, (XV yüzil), Basqalda (XVII yüzil), Gəncədə ("Çökək hamam", XVII yüzil), Şuşada ("Merdinli" məhəlləsinin hamamı), Qubada ("Çuxur hamam"), Şəkidə ("Ağvanlar hamamı" – hər üçü XIX yüzil), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.

XVIII yüzildə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi.

XVIII yüzildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdi) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.

XVIII-XIX yüzillər xalq yaşayış evlərinin maraqlı örnəkləri Zakatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə və Abşeronda qalmışdır.


Tarix: 13.01.2015 / 02:01 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycan xanlıqları
loading...