Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixi (ümumi)

Azərbaycan hərb sənətinin tarixi çox qədimdir. Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837-ci illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olmuşdu.

Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətləri, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə Azərbaycan dəfələrlə yadelli qəsbkarların hərbi təcavüzünə məruz qalmışdır. Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirmış, onu həyatın ən vacib məqsədinə çevirmişdir. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilmişdir. XIX-XX əsrlərdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqlənmişlər. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.


Tarix: 06.01.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan tarixi
loading...