Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zakir Məmmədov (filosof)

Həyatı
Zakir Məmmədov 16 avqust 1936-cı ildə Ağdamda anadan olmuşdur[1].

Anası Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyova, atası Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovdur. Cabbar bəy Vəlibəyov Baharlı tayfasına mənsub, dövrünün görkəmli ziyalılarından idi. Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuş, yeni tipli məktəbin əsasını qoymuşdur[2].

Cabbar bəy repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. Həbs edilərkən Cabbar bəyin evindəki bütün sənədlər və kitablar götürülmüşdür. Buna görə də Zakir Məmmədovun doğum haqqındakı şəhadətnaməsi itmişdir. Sonralar ona kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmişdir[3].

Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş, bunun üçün dayısı Məmməd Məmmədovun məsləhəti ilə anasının soyadına keçirilmişdir. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi. Buna görə də alimin soyadı Məmmədbəyov deyil, Məmmədov olmuşdur.

Zakir Məmmədov orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş, şeirlər yazmış, rəsmlər çəkmişdir. Onun şeirləri rayon qəzetində dərc edilmiş, çəkdiyi rəsmlər məktəb sərgisində, sulu boya ilə çəkdiyi "Gənc miçurinçilər" tablosu isə 1955-ci ildə Respublika sərgisində nümayiş etdirilmişdir. "Yoldaşlıq köməyi" adlı bir mənzum pyesi 1955-ci ildə Ağdam pionerlər evinin özfəaliyyət kollektivi, 1956-cı ildə isə Bərdə pionerlər evinin özfəaliyyət kollektivi tərəfindən tamaşaya qoyulmuşdur.

Orta məktəbdə oxuduğu illərdə Zakir Məmmədovun bədii yaradıcılığı haqqında Ağdamda çap edilən "Lenin yolu" (indiki "Ağdam") qəzetində məqalələr dərc edilmişdir.

Zakir Məmmədov 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirmişdir.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olmuşdur.

Zakir Məmmədov universitetdə birinci kursda təhsil alarkən, 29 noyabr 1957-ci ildə atası Cabbar bəy Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.

Zakir Məmmədov universitetdə təhsil aldığı illərdə əla təhsilə və ictimai işə görə Az.LKGİ-nin fəxri fərmanı ilə təltif edilmişdir. Çox tirajlı Universitet qəzetində şeirlər, ərəbcədən tərcümələr dərc etdirmişdir. O, elmi fəaliyyətlə məşğul olduğu dövrdə də, şeirlər yazmışdır.

Zakir Məmmədov Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovdan ərəb dilini mükəmməl öyrənərək 1962-ci ildə universiteti bitirmişdir. Elə həmin il AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir.

1962-1963 illərdə Misirdə Asuan SES-in inşasında ilk azərbaycanlı ərəbşünas tərcüməçi kimi çalışmışdır. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) işə başlamışdır.

"Siracəddin Urməvinin məntiqi görüşləri" adlı namizədlik dissertasiyasını 1967-ci ildə tamamlasa da, 1969-cu ildə müdafiə etmişdir. "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" adlı doktorluq dissertasiyasını 1974-cü ildə tamamlamış, monoqrafiya kimi 1978-cü ildə çap etdirmiş, doktorluq dissertasiyası kimi 1990-cı ildə müdafiə etmişdir.Zakir Məmmədov 1969-cu ildən 1970-ci ilə qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində (yarımştat) işləmiş, milli fəlsəfəmizə dair materialların Azərbaycan Sovet Ensiklopediyasında geniş yer tutmasına çalışmışdır. Azərbaycanın peşəkar filosofları məhz onun tədqiqatı sayəsində bu on cildlik əsərə düşmüşdür (42 məqalə)[3][2].

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 30-dan çox elmi kitabın (çap edilmiş və edilməmiş), 250 elmi məqalənin, o cümlədən xaricdə çıxmış 6 elmi məqalənin müəllifidir. Uzun müddət fəlsəfə, Azərbaycan fəlsəfəsi tarixi, Şərq fəlsəfəsi tarixi fənlərini dövlət ali məktəblərində, əsasən də Bakı Dövlət Universitetində tədris etmişdir.

AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) 1997-ci ildən həyatının sonuna qədər təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləmişdir[4].

2 mart 2003-cü ildə Bakıda vəfat etmişdir.


Tarix: 23.01.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Azərbaycanın müharibələri‎
loading...