Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamaxı Tarix

S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir. Son onilliklərdə Şamaxının həndəvərində, müasir Şamaxı şəhərindən 2 km qərbdəki Xınıslı deyilən yerdə 2000 m 2 sahədə aparılan arxeoloji qazıntılar nəticəsində qədim Şamaxı olduğu ehtimal edilən çoxtəbəqəli qədim yaşayış məskəni aşkara çıxarılmışdır. Bu məskən, demək olar ki, minillik bir dövr ərzində bir neçə dəfə dağılmış və yenidən bərpa olunmuşdur. Dağılmış yerdə qəbiristanlıq əmələ gəlmiş və o, yenidən abadlaşdırılmışdır.

XI əsrin son rübünün əvvəlində nəmalum müəllif tərəfindən yazılan "Tarix-i əl-Bab" əsərinə görə şəhər Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən salınmış və onun şərəfinə adlandırılmışdır.

Şamaxıda kəsilmiş ilk sikkə VIII əsrə aiddir. Bu, h. 140 (757/8)- ci ildə xəlifə əl-Mənsurun (754-755-ci illər) hakimiyyəti dövründə əl- Yəzidiyyədə zərb olunmuş ərəb mis sikkəsi fəlsdir. Sikkənin üzərindəki yazıda deyilir: "Bu fəls Allahın şərəfinə yüz qırxıncı ildə əl- Yəzidiyyədə vurulmuşdur". Əl-Yəzidiyyədə h.149 (766)-cu və h.150 (767)-ci illərdə zərb olunmuş fəlslər də vardır.

Yaqutun verdiyi məlumata görə Əl-mansuriyye Şirvan vilayətində şəhər adıdır. Qədim zamanlarda o, Şamaxı kimi də tanınmışdı. "Dərbəndnamə"də Ərməniyyənin ərəb canişini Yəzid ibn Usaydın saldırdığı göstərilir. Yəzid ibn Usaydın hakimiyyət illəri əl-Yəzidiyyədə kəsilmiş sikkələrin tarixinə uyğun gəlir. Y.A.Paxomov və H.Ə.Ciddinin fərziyyəsinə görə, bu şəhər Gülüstan qalasının xarabalıqlarının həndəvərində, indiki Şamaxının 15 kilometrliyində olmuşdur. Əl-Bəlazuri yazır ki, qocaların söylədiklərinə əsaslanan Bərdə sakini Məhəmməd ibn İsmayılın dediyinə görə, guya Şirvan vilayətindəki Şəmaxiyyə şəhərinin adı Ərminiyyə valisi Səid ibn Səlim (Səlma) əl-Bəhalinin (h.180 (796) yaxud h 182 (798)-ci il) vaxtında Şirvanın məliki olmuş əş-Şəmmax ibn Şücanın adından götürülmüşdür.

V əsr müəllifi Favstos Buzand IV əsrin birinci yarısında baş vermiş hadisələrdən bəhs edərkən Maskut hökmdarının "müxtəlif köçəri tayfalardan" ibarət qoşunları arasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasiçilərin və başqalarının adını çəkir. Bu tayfalar Cənubi Dağıstanda və Şirvan ərazisində yaşayırdılar. Onlardan biri – ijmaxlar daha sonrakı digər bir müəllif tərəfindən xatırlanır. "VII əsr erməni coğrafiyası"nda (610-cu il) Şirvan ərazisində ijmaxlar – ijmachi , yəni şamaxlar etnotoponiminin adı çəkilir ki, bu da həmin adın qədimdən – Şəmmax ibn Şücanın Şirvanda hakimiyyətindən çox-çox qabaqlar, demək olar ki, beş yüz il əvvəl mövcud olduğunu göstərir. Yunan dilində fışıltılı "ş" səsi olmadığına görə Şamaxı Samexiya, yaxud Kamexiya (Ptolomey) şəklində tələffüz edilə bildiyi kimi, ermənicə də həmin sözdəki eyni "ş" səsi "ij" kimi səslənə bilərdi. IX əsrdə Bərdə əhalisi Şamaxının adını VIII əsrin lap sonlarında yaşamış Şəmmax ibn Şücanın tanış olan adı ilə bağlayırdılar.

Q.Qapançyan belə güman edir ki, Şamaxı adı erməni, gürcü və Akkad dillərində mövcud olmuş yerli "şam" (qamış) sözünə "ha" suffiksi artırılmaqla yaranmış düzəltmə sözdür, beləliklə, Şamaxı "Qamışlı" deməkdir. A.Q Həsənov Şamaxı adını dağ yaxınlığındakı Çayqırağı zolağın relyefi ilə əlaqələndirir. Şamaxının adı, ehtimal ki, Favstos Buzandın və "VII əsr erməni coğrafiyası"nın IV əsrdə adların çəkdikləri əvvəllərdən Cənubi Dağıstanda yaşayan ijmaxlar – şamaxlar tayfasına gedib çıxır. "Tarix əl-Babl"da göstərilir ki, Yəzidiyyə şəhərini h.306 (918)-cı ildə Şirvanşah Əbu Tahir Yəzid saldırmışdır. Lakin h. 140 (757/8), 149 (766/7) və 150 (767/8)-ci illərdə kəsilmiş "əl-Yəzidiyyə" möhürlü sikkələr Ərminiyyənin ərəb valisi Yəzid ibn Üseydin hakimiyyət vaxtına aid olub, hələ o zaman ərəb əmirinin oturduğu Yəzidiyyə şəhərinin mövcudluğuna dəlalət edir. Ehtimal ki, qədim Şəmaxiyyə şəhəri Yəzidin hakimiyyəti dövründə onun adı ilə adlandırılmışdır; ola bilər ki, o, şəhərin tikintisini başa çatdırmışdır. "Tarix-i əl-Bab" xəbər verir ki, h.437 (1045)-cı ildə "Şirvanşah Qubad türk-quzların qorxusundan Yəzidiyyə şəhərinin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və qapısını dəmirdən düzəltdirdi", "Tarix-i əl- Bab"da Yəzidiyyənin adına Şirvanın paytaxtı kimi h.464 (1072)-ci ilə qədər rast gəlinir. Y.A.Paxomovun ehtimalına görə, şəhər Gülüstan qalasının xarabalıqları yaxınlığında, müasir Şamaxının 1,5 kilometrliyində olmuşdur. Ancaq "Tarix-i əl-Bab"da deyilir ki, h.416 (1025)-cı ildə Şirvanşahın Yəzidiyyədə canişini olan oğlu Ənuşirəvan ibn Yəzid atasına qarşı baş tutmayan qiyamdan sonra sığınacaq üçün Gülüstan qalasına qaçmış, lakin vəzir onu təqib edərək ələ keçirmiş və atasına vermişdi. Bu məlumat ehtimal etməyə imkan verir ki, Yəzidiyyə Gülüstandan bir qədər aralı olmuşdur. Həmin mənbədə, həmçinin, 1067-ci ildə Şirvanşah Fəribürzün bibisi, Yəzidin qızı Şəmkuyyənin öldüyü xəbər verilir. O, Culistanda (Gülüstanda) ölmüş, cənazəsi isə Şəbərana aparılmışdı. Göründüyü kimi, həmin vaxt Şirvanşahın ailəsi Gülüstan qalasında yaşayırdı. Bu mətn də göstərir ki, Yəzidiyyə Gülüstanın ərazisində deyil, ehtimal ki, indiki Şamaxının yerində olmuşdur. "Tarix-i əl-Bab"dan başqa bütün IX, X və XI əsr ərəb mənbələrində Şəmaxiyyə şəhərinin adı çəkilir. Göründüyü kimi, bu şəhər həm Yəzidiyyə, həm də qədim adı ilə Şəmaxiyyə adlanırdı. Bunu Yaqut da təsdiq edir. Şəmaxiyyə adı XI əsrdən sonra Yəzidiyyə adını sıxışdırıb aradan çıxarmışdır. Sonralar bu ada rast gəlinmir. Numizmatik dəlillər göstərir ki, Şamaxı – Yəzidiyyə ərəblərin zamanında, VIII əsrin əvvəlindən gec olmayaraq mövcud olmuşdur. Şamaxıdakı Cümə məscidinin həyətində aparılan arxeoloji qazıntılar zamanı iki mədəni təbəqə aşkara çıxarılmışdır. Onlardan alt təbəqə IX-X əsrlər üçün səciyyəvidir. Həmin məscid bir neçə dəfə bərpa edilsə də, qədim plan quruluşunu saxlamışdır. Məscid plan quruluşu etibarilə ölçüsü 38x12,8 m olan və üç kvadrata ayrılan düzbucaqlıdan ibarətdir. Yerli rəvayətlərə görə, məscid VIII əsrdə tikilmişdir. Arxeoloji materiallar VIII-IX əsrlərdə Cümə məscidinin mövcudluğunu təsdiq edir, lakin ehtimal ki, o, X əsrdə zəlzələdən dağılmışdır.

Müasir Şamaxının ərazisindəki şəhristanda aparılan arxeoloji qazıntılar VIII-XI əsrlərdə Şəmaxiyyə şəhərinin mövcudluğunu təsdiq etmişdir. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75 m qalınlığında olan alt təbəqə VIII-IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan üz çəkilmiş müdafiə divarlarının qalıqları aşkara çıxarılmışdır. Divarların qalınlığı 2,5 metrdir. Divar qalıqlarının aşkar olunmasi onun h.437 (1045)-ci ildə Şirvanşah Qubad tərəfindən çəkildiyinə dair mənbənin məlumatını təsdiq edir. Onun ətrafında qrafık rəsmlərlə bəzədilmiş müxtəlif monoxrom və polixrom keramik qablar tapılmışdır. Bir sıra qabların dibində Şamaxı şəhəri üçün səciyyəvi olan möhürlər vurulmuşdur. Şirli keramika parçaları arasında IX-XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılmışdır. Qazıntılar təsdiq edir ki, Şəmaxiyyə VIII-XI əsrlərdə müasir şəhərin ərazisində mövcud olmuşdur. Ehtimal ki, X əsrin birinci yarısında Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Şirvanın mühüm şəhərlərindən birinə çevrilmişdir.

Orta əsrlər Şamaxısında aparılan arxeoloji qazıntılar nəticəsində bürc və ona bitişik qala divarları ilə birlikdə şəhər içqalasının qalıqları aşkar edilmişdir. Yaxşı yonulmuş iri daşlardan üzlük çəkilmiş qala divarlarının qalınlığı 2,5 metrə çatır. Şamaxı şəhəristanının mədəniyyət qahqları ilə ən zəngin təbəqəsi XII-XIII əsrlərə aiddir. Onun qalığı 2 metrdir. Burada yaşayış evlərinin qalıqları, otaq və həyət döşəmələrinin hissələri aşkar edilmiş, çoxlu miqdarda şirli və şirsiz saxsı və şüşə qab qırıqları tapılmışdır. Şirli keramikanın əksəriyyəti bir və çox rəngli, qrafik və həndəsi naxışlardır.

Qabların bəzilərində orta əsrlər Şirvan və Arran şəhərlərinin keramika məmulatlarında rast gəlinən dulusçuluq emalatxanasının möhürü vardır. Onların bir qismi isə Şamaxı keramika emalatxanaları üçün səciyyəvidir. Şamaxı şəhəristanında yaxşı yonulmuş daşdan tikilmiş XII əsrə aid böyük ictimai bina aşkar edilmişdir. O, beş otaqdan və böyük zaldan ibarətdir. Həmin böyük ictimai bina monqol hücumu zamanı dağıdılmış, XIV əsrin ortalarında bərpa edilmişdir. XII əsr təbəqəsində şirsiz və şirli keramika, habelə, Rey, Kaşan tipli zərnaxışlı saxsı və şüşə qab qırıqları tapılmışdır. Şamaxının Şimal ucqarındakı sahədə aparılan qazıntılar zamanı beş bina qalığı üzə çıxarılmışdır. Onlarda böyük təsərrüfat küpləri, səhənglər sferokonus qırıqları və digər məişət əşyaları, habelə XII-XIII əsrlərə aid çoxlu sikkə tapılmışdır.

Şamaxı şəhərindən şimal-qərbdə sıldırım dağın zirvəsində Gülüstan qalası ucalırdı. O, XII- XIII əsrlərdə Şirvanın Şamaxını müdafiə edən ən əlçatmaz və əzəmətli qalalarından olmuşdur. Şamaxıda aşkara çıxarılmış XIXIII əsrlərə aid arxeoloji və numizmatik materiallar, burada zərb edilmiş çoxlu miqdarda sikkələr, bir sıra memarlıq abidələri, keramika qalıqları – bütün bunlar inkişaf etmiş orta əsr feodal şəhərində, Şirvanın ipəkçilik sənayesinin mərkəzində intensiv həyat getdiyini, müxtəlif sənət sahələrinin inkişaf etdiyini, həmin dövrdə Şamaxının iqtisadi və mədəni yüksəliş keçirdiyini göstərir.

İbn əl-Əsir 1221-ci ildə Şamaxının zəbt edilib dağıdılmasını, şəhər əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir. Şamaxı şəhristanında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxının dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.


Tarix: 08.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 173 Bölmə: Azərbaycan paytaxtları
loading...