Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmət Qayıbov

İsmət Qayıbov — Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri; 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə bigə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.
Həyatı

İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almış, 1967-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirmişdir.

1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilmişdir.

1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.

1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilmişdir. Daha sonra isə müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru olmuşdur.

1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimi ilə birlikdə içərisində olduğu "Mi-8" vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. Rəsmi dəfn mərasimi Bakıda keçirilib və mərhum Fəxri Xiyabanda dəfn olunmuşdur.
Xatirəsinin əbədiləşdirilməsi

Gəncə şəhərində təhsil aldığı 1 saylı orta məktəb hazırda onun adını daşıyır.
Bakıdakı Bakıxanov qəsəbə stadionu onun adını daşıyır.
Neft tankeri onun adını daşıyır.
Ölkədə bir çox məktəb və küçə İsmət Qayıbovun adını daşıyır.


Tarix: 06.07.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 133 Bölmə: Azərbaycan coğrafiyası
loading...