Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikayıl Hüseynov

Hüseynov (Üseynov, Useynov) Mikayıl Ələsgər oğlu — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950-1956; müxbir üzv 1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954-1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış - 1951-1954, 6-11-ci çağırışlar - 1963-1990).
Həyatı

Mikayıl Hüseynov 1905-ci il aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. Gənclik illərindən memarlığa həvəs göstərmiş və bu məhəbbətə ömrü boyu sadiq qalmışdır. O, 200-dən çox layihə yaratmış və bunların, demək olar, hamısı həyata keçirilmişdir. Dünya şöhrətli görkəmli memar M.Ə. Hüseynov 1992-ci il 7 oktyabrda Bakıda vəfat etmişdir. M.Hüseynov I Fəxri Xiyabanda dəfn edilmişdir.
Elmi və Memarlıq fəaliyyəti
1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və mühəndis-memar ixtisası üzrə mühəndis-inşaat fakültəsini bitirmişdir. 1930-1959 illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuşdur. 1960-1990 illərdə "Azərdövlətlayihə"də məsləhətçi (konsultant) işləmişdir. 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika - texniki elmlər və neft bölməsi üzrə həqiqi üzv (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946 ilədək S.Dadaşovla birgə yaratmışdır. 1948-1988-ci illərdə Azərb. SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı oldu.

Az vaxtda onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü.Hacıbəyov adına "Azərbaycan Dövlət Konservatoriyası" (1937-1939), "Nizami adına Ədəbiyyat Muzeyi"nin (1946), “Nizami” kino mərkəzi (1937-1939), Azərb. Politexnik İnstitutu (1931-1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin (indiki Azadlıq) meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilmişdir. Hüseynovun 60-80-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı (indiki Azadlıq meydanı) ansamblının tikintisi əhəmiyyətli yer tutur.

1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilmişdir. Sovet Azərbaycanı memarlığının yadda qalan nailiyyətləri və xüsusən onun paytaxtı Bakının nailiyyətləri Londonda keçirilən sərgidə nümayiş etdirilmişdir. Bu sərgi "Bakının memarlığı" adı altında, 1985 ilin yazında Britaniya memarları Kral institutunun qalereyasında "İngiltərə - SSRİ" dostluq cəmiyyəti tərəfindən təşkil olunmuşdur. "İncəsənət və dizayn" jurnalında (mart, 1985) qeyd olunurdu ki, Bakı memarlığı "memarlıq formalarının valehedici mədəniyyətini açdı ki, onun varlığını Qərbdə heç güman etmirdilər".

İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində böyük memar-ictimaiyyətçi akademik M. Hüseynovun əsəsrləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Hüseynovu B. Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər. Elə buradaca onun yeni Azərbaycan memarlığı məktəbini yaratdığı da qeyd edildi.

1946-cı ildən sonrakı memarlıq işləri: M.F. Axundov adına Azərbaycan Dövlət kütləvi kitabxanası (1960), Azərb. SSR EA şəhərciyi kompleksi (1951-1966), Bakı Metropoliteni "Nərimanov" (1967), "Nizami" (1976) və "Elmlər Akademiyası" (1985) stansiyaları; "Moskva" mehmanxanası (1978). Dünya şöhrətli memar, alim, pedaqoq, akademik Mikayıl Hüseynov Azərbaycan memarlığının inkişaf tapmasında böyük xidmətləri olub. 1992 ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskvadakı şöbəsinə fəxri üzv seçilmişdir. 1992-ci ildə M.Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu.


Tarix: 06.07.2015 / 17:38 Müəllif: Feriska Baxılıb: 194 Bölmə: Azərbaycan coğrafiyası
loading...